Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə21/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

  

 

43



Bu minvalla limandakı karvansaraların, bazarların, anbarların sayı artır və  bu balaca 

qəsəbə dönür eyni zamanda yarmarka tipli bir yerə. Cənubdan və Şimaldan  üzüb gələn tacirlər 

elə buradaca mallarını  dəyiş-düyüş edib qayıdırdılar ev-eşiklərinə, beləliklə  əziyyətləri xeyli 

azalmış olurdu. O vaxtkı Bakı indiki Dubay kimi bir ticarət mərkəzi idi.           

Bəli, Bakının və bakılıların yaranmasında dənizin rolu barədə danışdıq, indi keçirik 

nöyütün roluna. Qeyd etmişdik ki, o vaxtkı Bakı ərazisi bir növ cəhənnəmi xatırladırdı, torpağın 

hər addımında nöyüt fəvvarə vururdu, qaz fışqırırdı, sonra da ordan-burdan düşən qığılcımlar 

vasitəsiylə öz-özünə alışırdı, yanırdı. Bibiheybətdən tutmuş Suraxanıyacan bütün ərazilərin  İcra 

hakimi cənab OD-ALOV idi və cənubdan – İrandan, Hindistandan üzüb gələn atəşpərəst tacirlər  

torpaqdan çıxan bu qədər od-alovu görüb heyrət içində qalırdılar, elə fikirləşirdilər ki, taleyin 

rəhm-mərhəməti sayəsində  xeyir tanrısı Hörmüzün «səri-kuyi»nə yetişiblər.  

Bunu başa düşən kimi, sevincdən açarlarını itirirdilər. Hətta ən mömin atəşpərəstlərin ilahi 

eşqi elə dombalırdı ki, yubanmadan vəhdəti-vücuda yetişmək, yəni öz müqəddəs hesab etdikləri 

odun vasitəsiylə    Hörmüzə qovuşmaq fikrinə düşürdülər və Radj Kapurun mahnılarını oxuya-

oxuya kəllə vururdular bakıətrafı od-alovun içinə, yanıb külə dönən vücudları da uçurdu 

cənnətə. ( Əlbəttə ki, bizim müsəlman cənnətinə  yox,  öz  cənnətlərinə, çünki özünü könüllü 

sürətdə öldürüb günahi-kəbirəyə batan adama bizim cənnətdə yer yoxdur, Allah belənçiyini 

cəhənnəmə göndərir. Ancaq o da var ki, bizim odlu-alovlu cəhənnəmimiz mömin bir 

atəşpərəstçün elə  əslində, cənnət kimi bir yerdi; nə  qədər istəsə  qır qazanı, gecə-gündüz 

sönməyən tonqallar - alovu müqəddəs bilən adama daha nə lazımdı ki. Qoy ürəyi istəyən qədər 

yanıb doyunca «kayfavat» eləsin. 

 

Beləliklə, Bakı  ətrafındakı bu sonsuz od-alovun səsi-sorağı tacirlərin vasitəsiylə bütün 



atəşpərəst məmləkətlərinə yayıldı (nöyüt dünyanın bir çox yerlərində olsa da, ən üzdə olan yeri 

bizim Bakı torpağı idi və əminliklə deyə bilərik ki, o vaxtlar heç bir yerdə bizim ərazidəki qədər 

təbii od-alov yox idi) və dünyanın hər yerindən , ən çox da cənub-şərqi Asiyadan mömin 

atəşpərəstlər Hörmüzün məskəni hesab edilən Bakıya axışmağa başladılar. Gələnlərin bir hissəsi 

ziyarətini başa vurub geri dönürdü, bir hissəsi isə elə  həmişəlik qalırdı burda, atəşgahlar, 

ziyarətgahlar tikirdilər, müqəddəs alovun qulluğunda dayanırdılar,  ətrafını silib süpürürdülər, 

səliqəyə salırdılar, məqamı yetişəndə  də tullanırdılar içinə, çırtaçırtnan yanırdılar.  Ən  əsas da, 

bakılıların sayını artırmış olurdular.   

Bakı o vaxtlar Dubay kimi bir ticarət mərkəzi olmaqla bərabər, yavaş-yavaş atəşpərəstlərin 

Məkkəsinə də çevrilirdi. Bir şəhərdə həm Dubay, həm də Məkkə birləşirdi. Burdan da çox maraqlı 

bir nəticə  çıxır: Bakı o vaxtlar Yaxın  Şərqin həm maddi, həm də  mənəvi-ruhani mərkəzinə 

çevrilmişdi və bakılıların mənşəyində maddi maraqlarla mənəvi meyllərin üzvi surətdə 

birləşməsini müşahidə etmək çətin deyil.  

Bəli, Bakının yaranmasına yüngülvari bir ekskurs eləsək də, yaddan çıxartmayaq ki, Bakı o 

vaxtlar hələ Bakı deyildi, yəni şəhər artıq salınsa da, adı hələ yox idi. Yox, əstəğfürullah, adı var 

idi ( adsız dəyirmanda xoruz oler, Moşu demişkən) sadəcə indiki kimi deyildi, bir az ayrı tövr idi, 

həm də bir yox, bir neçə adı var idi. 

Bakının lap birinci adı «Baqavan» olub. Qədimi əlyazmalarda bu tərəflərdən keçən bir çox 

səyyahların dilindən «Ətşi-Baqavan», yaxud «Baquan» sözü daha çox verilir. Şəksiz ki, 

atəşpərəstləri buralara cəlb edən haman atəş  də, nöyütün və qazın təsirindən yaranırdı  və 




  

 

44



əminliklə deyə bilərik ki, nöyüt bizim şəhərin məişətinə yeriməmişdən  əvvəl ilk olaraq onun 

adına yeriyib, adını  işğal edib. Baqavan sözünün də tarixi maraqlıdır.  İlk olaraq qeyd edək ki, 

Baqavanın barabana heç bir dəxli yoxdur, çünki «baraban» kəlməsin rusların leksikonunun 

nümunəsidir. Bakı    və bakılılar yarananda isə ruslar hələ  yox  idi,  daha  dəqiq desək var idilər, 

amma hələ indiki şəklə düşməmişdilər, eləcə meşəliklərə  səpələnmiş qarışıq slavyan tayfaları 

halındaydılar, şəhərləri filanı da yox idi. Qısası, bakılılar yarananda ruslar hələ öz sarı saqqallarını 

bədənlərinin başqa hissəsindəki tüklərdən ayırd edə bilmirdilər.    

«Baqavan» toponisi iki hissədən ibarətdir: Baq, yaxud Baqa kökündən və Van 

şəkilçisindən. «Baq» sözü qədim pəhləvi dilində tanrı anlamı verir, (bilməmiş deyilik ki, elə adını 

çəkdiyimiz slavyanlar da tanrıya «boq» deyir) , qədim hind sanskritlərində isə  «bhaqa»  günəş, 

yaxud, ümumiyyətlə od mənasında işlənir ( Son vaxtlar Bakıda yayılan «Bhaqa-vat-Gita» kitabını 

xatırlamaq kifayətdir.  «Bhaqavat» sözündəki son hərfin yerinə  «n» hərfini qoysaq qədim Bakının 

adı alınır, beləliklə, bakılıların «Zita və Gita» adlı  məşhur hind filminə  hədsiz rəğbət 

bəsləmələrinin də tarixi-genetik səbəbi aşkara çıxmış olur). 

Van  şəkilçisi də  məkan anlamı verir, yəni Tanrının, yaxud müqəddəs alovun 

 

məskunlaşdığı yer. Adıçəkilən  şəkilçi bizə çox tanışdır, çünki məmləkətimizin bir çox yer 



adlarında ona rast gəlmək olar. Məsəlçün, Şirvan, Naxçıvan, İrəvan, Mincivan, Divan və s. Divan 

sözünə  də  yəqin bu aspektdən yaxınlaşmaq lazımdır. Di-van, yəni «di»-nin məskunlaşdığı yer. 

Bəllidir ki, divanda adətən insan bədəninin arxa oturacaq hissəsi məskunlaşır, onda belə  nəticə 

çıxır ki, qədim dillərdə insan bədəninin bu hissəsi elə «di» adlanırmış.    

Nəzərə alsaq ki, Bakının ilk sakinlərinin bir hissəsi Asiyanın müxtəlif bölgələrindən,  ən 

əsas da Hindistandan gələn atəşpərəstlər idi və onların nəzərində bu odlu-alovlu yer tanrılarının 

məkanıydı,  onda  bu  yeri  də tanrı adıyla «Baqavan» adlandırılmasında qeyri-adi bir şey  nəzərə 

çarpmaz. 

Lakin bu, heç də o demək deyil ki, bakılılar bütünlüklə hindlilərdən  əmələ  gəlib  və 

Hindistanın yoqları da bizim babalarımız olub. Əgər belə olsaydı biz də, yoqlar kimi suyun 

üstündə  gəzərdik, torpağın altında beş-altı gün nəfəs almadan uzanardıq və  ən  əsas da uçmağı 

bacarardıq. Yox, bakılılar bütün bunları bacarmır,  əlbəttə ki, uçmağı  çıxmaq  şərtiylə. Uçmağın 

həvəskarı olmuşuq, bunu kişi kimi boynumuza almalıyıq. Bu qədər odun, alovun, nöyüt iyinin 

içində başqa neyləməliydik ki? Meşə, çəmən, yaylaq da yox ki, gedib havanı dəyişəsən, ova çıxıb 

bir-iki ceyran-cüyür vurasan, elə meşədəcə ətini şişə çəkib kabablıyasan və bu yolla ciyərlərini bu 

nöyüt iyindən təmizləyəsən. Bakı  ətrafında ova çıxsaydın da bir-iki qotur tülküdən başqa 

qabağına bir şey çıxmayacaqdı, onlar da nöyütün təsirindən elə rəngə düşmüşdülər ki, tülküdən 

çox, köhnə kommunist arvadlarının paltolarının sürtülmüş, solmuş varatniklərinə oxşayırdılar. 

Onunçün də biz bakılılar azca da olsa təmizlənməyin,  ətrafımızdakı bu qara-qura rəngləri 

şüurumuzdan çıxartmağın yeganə yolunu uçmaqda görürdük. Elə  mən cavan olanda da, bizdə 

uçmaq hələ  dəbdən düşməmişdi. Gecələr  yuxarı    məhəllələrin qaranlıq tin-dalanında uçmaq 

xiridarı olan dost-tanışla yığışırdıq, kazbekin tütününü boşaldıb  adını çəkmək istəmədiyim  şeylə 

içini doldururduq, yandırardıq,  kruqa buraxıb bala-bala dartırdıq, sonra da gözlərimizi yumub 

yellənə yellənə uçardıq,  ağ dumana dönüb sevdiyimiz qızların yuxularına girərdik, ulduza 

dönüb onların başı üstə parlayardıq… 

 

 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə