Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

  

 

37



əmisinin qanlı  bıçağına baxardım, türmədə kiçik əmimlə bir yerdə tasovkalıyardım. Beləcə, 

saatlarla oturardım bu boş quşxananın dibində. Elə bil ki, hansısa sövq- təbii ilə hiss edirdim ki, 

bir azdan - beş ildən, on ildən, iyirmi ildən sonra indi gördüyüm Bakıdan əsər qalmayacaq. Ona 

görə  də, daha çox şeyi yadda saxlamağa çalışırdım. Buna nə  qədər nail olmuşam - allah bilir. 

Deyim ki, ailəmiz barədə söhbətim hələ qurtarmayıb, çünki mən ailəmizdən danışanda  əslində 

Bakı tarixindən danışıram, Bakı tarixini yadıma salanda isə istər istəməz ailəmizin keçmişini 

xatırlayıram. Keçmişdə isə maraqlı şeylər çox olub….  

Öz ailəmizin keçmişini gözümün qabağına gətirəndə, məndə belə bir təəssürat yaranır ki, 

50-60 il əvvəlin köhnə Bakı ailələri eyni ağacdan dərilmiş əncirlər kimi biri birinə oxşayıb - nənə 

ağır təbiətli, dindar; baba bir az müdrik, bir az əhlikef;  oğlanlardan biri oxumuş, komsomol, biri 

avara, cüvəllağı ; qız da sakit, başıaşağı ev qızı.  

Bu xüsusda düşünəndə, indi haqqında çox söz-söhbət gedən  ədəbi cərəyanlar gəlir 

gözümün önünə və öz ailə üzvlərimizi bu ədəbi qruplaşmalar arasında bölüşdürməyə çalışıram. 

Qabaqcadan onu da deyim ki, nəticə çox gözəl alınır – əli təsbehli, saçı xınalı nənəm mühafizəkar  

klassik; buxara papaqlı, qızıldişli babam mütərəqqi romantik; qalstuklu, kostyumlu, partbiletli 

atam modernist; hörükləri az qala topuğunacan uzanan, əlindən  Əlibala Hacızadənin kitabları 

düşməyən bibim neorealist; avara cüvəllağı kiçik əmimsə postmodernist. 

 O ki qaldı anama, o, bu ailədə, müəyyən mənada, yad qızı olduğuyçün qeyri-rəsmi şəkildə 

əbədi bitərəfliyini bəyan etdirsə  də, onun bu bitərəfliyində qayınanasının və baldızının 

mövqeyinə yüngülvari bir meyl hiss olunurdu.  

Bu cür köhnə Bakı ailələri keçmişlə  gələcəyin, mühafizəkarlıqla novatorluğun, yüksək 

əxlaqla avaraçılığın və nəhayət, imanla imansızlığın bir ocaqda çox normal, ideal şəkildə mövcud 

olmasının mümkünlüyünün bir sübutu kimi görünür. Kimlərsə  məni yenə  də bakılıları 

ideallaşdırmaqda günahlandıra bilər. Lakin burda mən «ideal ailə», « ideal icma»  məfhumlarının 

mahiyyəti barədə bir-iki kəlmə danışmaq istərdim. Nədənsə insanların ideal birgəyaşayışı bizim 

gözümüzdə həmişə belə təsəvvür edilib – hamı biri-birini dəhşətli dərəcədə sevir, can deyib can 

eşidir, arada heç bir konflikt-filan yoxdur, bütün maddi nemətlər bərabər bölünür, heç kim 

başqasının xətrinə  dəymir, hamı eyni cür düşünür, eyni cür danışır və s. və i. Bir sözlə, 

ilahiyyatçılar demişkən: aləmi-mələkut (mələklər Aləmi). Və belə bir ideyanı bizə soxuşdurmaq 

istəyən ideoloqlar, filosoflar həmişə insanları inandırmağa çalışıblar ki, bizim ardımızca gəlsəniz, 

gələcəkdə sizinçün məhz belə bir cəmiyyət, icma quracağıq.  Şəxsən mən belə düşünürəm ki, 

təsvir edilən yaşayış  tərzi «ideal cəmiyyət» yox, sarsaqlıqdı. Buna inanan adamlar da, öz 

sarsaqlıqlarını  əyani sübut etmiş olurlar. «İdeal icma», «ideal birgəyaşayış forması»  əslində 

insanların daxili xüsusiyyətləri ilə çox üzvi surətdə uzlaşmalıdır. Əgər insanların hansısa mənəvi-

ruhani keyfiyyətləri bu formadan kənarda qalırsa, deməli, bu çərçivə  də o birilər kimi məhvə 

məhkumdur. Heyif ki, çoxları bunu başa düşmür, səbəb də budur ki, hamı özünü ağıllı, tərbiyəli, 

istedadlı, bir sözlə, ideal hesab edir və düşünür ki, bəşəriyyətin bu cür bədbəxt günə düşməsinin 

səbəbi  başqa insanların düz yolundan azması,  əxlaqi cəhətdən korlanmasıdır. Bir sözlə, «hamı 

günahkardır, bircə məndən başqa» prinsipi  belə ideoloqlarda elə fikir formalaşdırıb ki, başqaları 

da bizim kimi olsalar, bizim dediyimizi eləsələr dünya düzələcək. Neyliyəsən ki, başqalarının 

başına ağıl qoyan bu cırtqozların heç biri özünə kənardan baxa bilməyib. Əgər baxa bilsəydilər, 

görərdilər ki, adamların içində ən zayı, ən zibili elə özləridir və ilk növbədə elə onların özlərinin 

düzəlməyə, təmizlənməyə, bir sözlə, adam olmağa ehtiyacı var. Bu səbəbdən də, «ideal cəmiyyət» 



  

 

38



qurmağa yönələn bütün cəhdlər iflasa uğrayırdı, çünki əvvəlcə  hər  şeyə inanan camaat baxıb 

görürdü ki, onları təmizliyə, düzlüyə, saflığa çağıran adamların özləri bu xislətlərdən tamam əks 

qütblərdə  qərar tutublar və beləcə, adamların gözü açılmağa başlayırdı – «ideal cəmiyyət» 

ideyalarına tüpürüb girişirdilər ciblərini və qarınlarını doldurmağa….. Deyəsən, yenə fikrimin 

ucunu itirdim, Bakı ailələrindən danışdığım yerdə getdim çıxdım Allah bilir hara. Zərər yoxdu. 

Fikrin ucunun itməyində elə də böyük qəbahət deyil, təki itən elə fikrin ucu olsun, namus-qeyrət, 

abır-həya olmasın. Çünki fikrin ucu itəndə, onu çətinliklə  də olsa, axtarıb tapmaq olur, ancaq 

namus-qeyrət itəndə, birdəfəlik itir, daha özünü cırsan da onları  təzədən tapıb çıxartmaq, öz 

köhnə yerinə qoymaq mümkün olmur… 

 

 



Qayıdaq öz ailəmizin keçmişinə. Zəmanənin təsiri altında müxtəlif düşüncə  tərzlərinin 

cazibəsinə düşən insanların bir dam altında «ideal birgəyaşayışı» deyəndə, mən heç də onu 

nəzərdə tutmurdum ki, bizim ailədə heç bir konflikt olmurdu, heç bir fikir ayrılığı yoxuydu, 

parlaq bir İdilliya hökm sürürdü. Yox, əlbəttə ki, belə deyil. Əgər mən desəydim ki, o vaxtın Bakı 

ailələrində heç bir mənfi xüsusiyyət yox idi, adamlar da mələk kimi bir məxluqlar idi, yəqin ki,  

ilk olaraq, elə bakılıların özləri mənə gülər. Hamının gözünün qabağında olan bir şey barədə nəsə 

uydurmaq mümkün deyil, o saat adamın yalanı çıxır.  

Bizim ailədə  də kifayət qədər söz-söhbət, yüngülvari konfliktlər olsa da, bunlar heç vaxt 

müəyyən çərçivədən kənara çıxmırdı, çünki ailə üzvlərimizin heç biri özünü ideal hesab eləmirdi 

və hamı anlayırdı ki, insan naqis məxluqdu, hər kəsin yaxşı  və pis xüsusiyyətləri var. Buna 

baxmayaraq hamı biri-birini olduğu kimi qəbul etdiyindən, bu xüsusiyyətlər biri-birinə məhəbbət 

bəsləməyə mane olmurdu.  Səbəb də bayaq dediyim kimi, o idi ki, heç kim özünü ideal hesab 

etmirdi və heç kim elə düşünmürdü ki, mən yaxşıyam, qalanları isə pisdir.  

Ailəmiz o dövrün əksər Bakı ailələrinə oxşadığından, ailədəki konfliktlər də demək olar ki, 

eyni mövzular ətrafında olurdu. Keçmişlə  gələcək,  idealizmlə materializm, optimizmlə 

pessimizmin kontaktı hər yerdə olduğu kimi, bizim ailəmizdə də, müəyyən qığılcımlar yaradırdı. 

Mənim yadıma gələn  ən çox söz-söhbət, yenə  də, nənəmlə bibimin özlərini dünyanın naz-

nemətlərindən məhrum eləməklərinin üstündə olurdu. 

- Elə bil ki, ana-bala on beşinci əsrdən qaçıblar. – Kommunist atam həmişə deyinərdi, – bir 

gözüvüzü açın, baxın görün harda yaşayırsız, hərdən o zəhrimara qalmış radionu, televizoru 

yandırın. Camaat kosmosa uçur, ayın üstündə imarət tikdirir, sizsə gözüvüzü yumub babavızdan 

qalma adətləri gətirib soxuşdurursuz bizə... 

Atam qızışıb özündən çıxdıqca nənəm ona baxıb azca gülümsünərdi, yüngülcə başını 

yellədərdi, bu da təbii ki, atamı daha da əsəbiləşdirərdi.  

-Düz demirəm bəgəm? Sənin burda ac oturmağının türmədə o avaraya nə isti-soyuğu 

olacaq ki? Qarnı doyacaq? Yoxsa cibi pulnan dolacaq? Yox e, o avara bu saat türmədə bizdən 

yaxşı dolanır, ayda yüz manat mən aparıram ona, bir o qədər də  məhəllə  uşaqları göndərirlər, 

həm də oğlun stremlyayuşidi, türmədə özünə görə  hörməti də var, daha nə istəyirsiz.  

– Sənin bizimlə nə işin var, nə yeyirik, nə yemirik, – nənəm ah çəkərdi. 

– Necə yəni nə dəxli var? Sabah qızınla bir yerdə mədə bağırsaq-xəstəliyinə tutulsaz, kim 

sizi müalicə edəcək? Yoxsa türmədəki əziz xələfin gəlib səninçün həkim tapacaq?.. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə