94
Ümumiyyətlə, 60-cı illərdə respublikada sənaye məhsulu istehsalı 94 faiz
artdı.
135
Yeni sənaye müəssisələrinin üçdə birindən çoxunun Bakı şəhərindən
kənarda - Sumqayıtda, Əli Bayramlıda, Qubada, Naxçıvanda yaradılması,
regionlarda sənayenin ayrı-ayrı sahələrinin təşkili Azərbaycanın sosial-iqtisadi,
müasir tipli şəhərlərin mədəniyyətinin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb
edirdi.
Azərbaycan sənayesi özünün çoxsahəliliyi ilə fərqlənirdi. 1970-ci illərdə
Azərbaycan neft və neft avadanlığı istehsalında Sovet İttifaqında ilk yerlərdən
birini, avtomaşın şinləri və polad boru istehsalında üçüncü yeri, adambaşına düşən
elektrik istehsalı üzrə dördüncü yeri və poladəritmədə beşinci yeri tuturdu.
Azərbaycan sənayesinin istehsal etdiyi məhsullar dünyanın 58 ölkəsinə ixrac
olunurdu.
136
Lakin sənayedə nominal göstəricilər artsa da, inkişaf sürəti ləngiməyə
başlamışdı. Belə ki, əgər 1951-1960-cı illərdə məhsul istehsalı 104 faiz artmışdısa,
1961-1970-ci illərdə bu göstərici cəmi 94 faiz olmuşdu. 60-cı illərin sonlarında
sənayenin yüksəlişi, həmçinin ictimai əməyin məhsuldarlığının artım sürətinə görə
Azərbaycan SSR müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu.
Xalq təsərrüfatında dinamikliyin aşağı düşməsinin başlıca səbəblərindən biri dövlət
intizamının pozulması, köhnə sahələrin yenidən qurulması və modernləşdirilməsi
proseslərinin həyata keçirilməməsi idi. Planı yerinə yetirməkdə inzibati-amirlik
hökmünün təzyiqi altında bir çox müəssisələrin rəhbərləri məhsulların keyfiyyətinə
əhəmiyyət vermirdi, bu isə iqtisadiyyata böyük ziyan vurur və istehlakçıların
narazılığına səbəb olurdu.
Sənaye istehsalında artım sürətinin aşağı düşməsi neft və qaz hasilatının
azalması, maşınqayırma sahəsində inkişafın ləng getməsi, yeni istehsal
obyektlərinin yaradılmasına lazımi əhəmiyyət verilməməsi ilə bağlı idi.
Respublikada olan müxtəlif zəngin xammal bazaları ilə bu xammaldan son məhsul
alınmasını başa çatdıran istehsal arasında uyğunsuzluq çox böyük idi. Respublika
iqtisadiyyatına rəhbərlikdəki ciddi nöqsanlar, ölkə miqyasında planlaşdırmada
hökm sürən volyuntarizm və Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrinin
inkişafına qarşı yaradılmış süni maneələr də sənayenin inkişafını ləngidirdi.
Sənayedə və sosial sahədə potensialın gücləndirilməsi işində əldən verilmiş
imkanlar respublikanın 60-cı illərdə sosial-iqtisadi cəhətdən geri qalmasının başlıca
səbəbləri idi.
Bu gerilik müddət etibarilə çox uzun çəkdiyindən bütün əsas sosial-iqtisadi
göstəricilərə görə, Azərbaycan getdikcə başqa müttəfiq respublikalardan geri qalır,
onun böyük təbii-istehsal imkanları aşağı səviyyədə istifadə olunur, iqtisadiyyatın
ümumi səmərəliliyi aşağı düşürdü. 60-cı illərdə respublika iqtisadiyyatı dərin
böhran keçirmək ərəfəsində idi. Yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı,
95
iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları
hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı,
təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində yeni metodlar tətbiq edilməli idi.
İqtisadiyyatın aqrar sektorunda da ciddi problemlər mövcud idi. Sahə
rəhbərləri çox vaxt təşkilati tədbirlərin işlənməsinə formal yanaşır, qeyri-iqtisadi
idarəçilik metodlarına əl atır, subyektivizmə yol verirdilər. Kolxoz, MTS və
sovxozlara rəhbərlikdə istehsalın planlaşdırılmasında bürokratik üsullar tətbiq
olunurdu. Maddi maraq prinsipinə, kadrların təşəbbüslərinə və zəhmət adamlarının
yaradıcılıq fəaliyyətinə laqeyd münasibət bəslənilirdi. Kənd təsərrüfatının
maliyyələşdirilməsi və kreditləşdirilməsində ciddi səhvlərə yol verilirdi. Bir çox
kənd təsərrüfatı məhsullarının, xüsusən heyvandarlıq məhsullarının, taxıl və
kartofun tədarük və satınalma qiymətləri çox aşağı idi.
Kənd təsərrüfatında kadrların seçilməsi və yerləşdirilməsində ciddi səhvlərə
yol verilirdi. Çox vaxt kadrlar iş keyfiyyətlərinə görə yox, şəxsi sədaqət, dostluq və
qohumluq prinsiplərinə görə seçilirdilər. Kənd təsərrüfatı texnikasından kifayət
qədər istifadə olunmurdu. Bütün ölkənin, o cümlədən Azərbaycanın kənd
təsərrüfatında olan nöqsanların mahiyyəti Sov.İKP MK-nın Sentyabr (1953-cü il)
plenumunda təhlil olundu. Kənd təsərrüfatının daha da inkişafı haqqında qərar
qəbul edildi.
Kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri artırıldı, kolxozçuların
əməyinə görə avans verilməsi tətbiq edildi. Kəndlilərin quş, xırdabuynuzlu mal-
qara saxlaması üçün bir qədər həvəsləndirilmə prinsipi tətbiq edildi. Taxılçılığı
dirçəltmək üçün xam və dincə qoyulmuş torpaqların mənimsənilməsinə başlandı.
Kolxoz və sovxozlara becərilən bitkilərin növlərini, mal-qaranın sayını
planlaşdırmaq, əmək məhsuldarlığını, torpaqdan səmərəli istifadə qaydalarını
müəyyən etmək hüquqları verildi. Lakin dövlətə təhvil verilən və satılan məhsulun
həcmini yenə də dövlət müəyyən edirdi. Bu qeyri-əsaslı dəyişikliklər aqrar sahədə
vəziyyəti yaxşılaşdıra bilmədi. Sov.İKP MK-nın Mart (1965-ci il) plenumu kənd
təsərrüfatı sahəsində partiyanın iqtisadi, texniki siyasətini dəyişdirdi. Kənd
təsərrüfatı məhsullarının alınması üçün bir neçə ilə dəyişməz göstəricilər müəyyən
etmək əsasında planlaşdırmanı və tədarük sistemini təkmilləşdirmək, iqtisadi
həvəsləndirməni
gücləndirmək,
istehsalın
maddi-texniki
bazasını
möhkəmləndirmək kolxoz və sovxozlarda əməyin maddi və sosial-siyasi şəraitinin,
texniki-təşkilati və sosial-iqtisadi məzmununun yaxşılaşması imkanlarını xeyli
genişləndirməyə istiqamətləndirilmişdi.
137
Sonralar da dəfələrlə kənd təsərrüfatı
məhsullarının satınalma qiymətlərini qaldırmış, əsaslı vəsait qoyuluşunu artırmış,
idarəetmə sistemini dəyişdirmişdilər. Əsaslı dönüş isə baş verməmişdi.
138
Buna səbəb qəbul olunmuş qərarların kənddə iqtisadi münasibətləri mövcud
inzibati-amirlik üsuli-idarəsini dağıtmadan dəyişdirməyə yönəldilməsi idi. Həm