151
Respublika rəhbəri Mir Cəfər Bağırovun Aslan bəy Sultanova
xüsusi münasibəti var idi. M.C.Bağırov Qarabağda İnqilab
Komitəsində A.Sultanovun tabeliyində işləmişdi [56, iş.126]. Hətta,
respublika rəhbəri də onu dinc dövrdə xəyanətlə aradan
götürülməkdən xilas edə bilməmişdi. Ancaq o, Aslan bəyin ailəsini
Qazaxıstana sürgün olunmaqdan xilas edir, hətta, onları
repressiyadan qorumaq üçün soyadlarını dəyişmələrini də məsləhət
görür.
Təkcə bir iclasda Zəngəzurun Laçın nahiyəsində həbs, sürgün
edilməsi lazım bilinmiş 40 nəfər bəy, seyid, iri torpaq sahibinin-
onlar həm də erməni daşnak və rus işğalına qarşı
mübarizənin
önündə duran nüfuzlu, qədim soy köklü, nüfuzlu şəxsin siyahısı
Mərkəzə təqdim olunmuşdur [60, iş 139]. Qəza kommunist
partiyasının təşkilat şöbəsinin təlimatçısı gənc bolşevik S.Şirinov
isə qatı əksinqilabçıları həbs etmək üçün qəzaya 200 qızıl əsgər
göndərilməsini xahiş edir, həbs olunmalı əksinqilabçıların siyahısını
da göndərmişdir [54, iş 105]. Acınacaqlısı odur ki, bu siyahıda XX
əsrin əvvəllərindən başlayaraq erməni daşnaklarının qarşısında
mərdliklə dayanmış Aslan bəy, Xudabaxış bəy, İsrafil bəy, Behbud
bəy, Sultan bəy Sultanovlarla yanaşı, şəninə xalqın şeir, aforizmlər
qoşduğu pristav Şahsuvar bəy Kələntərovun da adı “qatı
əksinqilabçıların siyahısı”nda [4, s.86-87] vardı və “yumurtadan
təzə çıxmış cücə kommunistlər” illərlə daşnaklara qarşı mübarizənin
özündə savaşan insanları indi daşnaklarla əlaqədə suçlayırdılar.
Şahsuvar bəy Kiyevdə Müqəddəs Vladimir Universitetinin hüquq
fakultəsini bitirmiş, 1918-ci ildə Zəngəzur qəzasının mərkəzi Gorus
şəhərinin, AXC dövründə Zəngəzur qəzasının milis rəisi olmuş,
1919-cu ildə Zabıx çayı vadisində qaniçən daşnak generalı
Andronik ordusunu darmadağın edilməsində xüsusi şücaət gös-
tərmişdi. Türk generalı Faruq Mustafa və Nuru paşa ilə birgə
vuruşmada göstərdiyi qəhrəmanlığa görə Nuru paşa ona “Kələntər”
(farsca “böyük”, “hakim,” “başçı” deməkdir) adı vermişdi [4,
s.231]. Hətta, iş o yerə çatmışdı ki, bir nəfər də olsun erməninin