Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə55/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   148

________________Milli Kitabxana________________

Nişanə qalmadı gənclikdəki şücaətdən,

Bilik çadırları, saflıq, quru kəramətdən.

Necə biz ağlamayaq, qəmlərə hədəf olduq?

Xəzan çiçəkləri tək biz açılmadan solduq?

Görəndə halımı, ikrah edirsə dostlar əgər,

Mənim bu halıma düşmənlərim yəqin sevinər.

Gözümdəki yaşı yaquta, ah, döndərdi,

Yol üstünə səpilən bu ucuzlu gövhərdi.

Cəvahirə tutulur mənbəyi olanda sübut,

Məgər sudan yaranır torpağa düşən yaqut?

Səadətin quşu Əsmanı da alıb getdi,

Bu nəhs quşlara tale məni düçar etdi.

Yanaqlarım çəmənə döndü, bitdi sünbüllər,

Ömür ötüncə o sünbüllər oldular xəncər.

Nikah bağladı yarın xəyalı ilə gözüm,

İşıq çoxaldı gözümdə, düyündə qaldım özüm.

Gözümdə sakin olubdur xəyal tək canan,

Nədir səbəb, düzülüb kirpiyimdə titrər qan?

Bu qan ki, yaxdı yanar odlara mənim canımı,

Gözümdəki o xəyalın bəkarəti qanımı?

Qan axanda gözümdən, məni şaşırdı bu qan,

Dedim: necə doğulur hindlidən bir slavyan?*

Qəribədir, yuxuya hamilə olan gecələr,

Xoruz banıyla doğar daima işıqlı səhər.

Üzüm tağında əgər rəngbərəngsə salxımlar,

Qədəhdəki meyə döndükdə ləl rəngi alar.



________________Milli Kitabxana________________

O dilbərin sözü əldən qərarımı aldı,

Vücudumu o sözüylə cəhənnəmə saldı.

"Məhəbbət, aşiqi gözsüz də ağladar" dedilər,

Bəli, göz ağladar, "ha" hərfınə dönərsə əgər*.

Gecə düşən şehi odlu Günəş necə qurudar,

Elə qurutdu ciyər qanımı yanar ahlar.

Gözümdən axsa da yaşlar, o dilbərə güldüm,

Gülüş günahsız uşaqlarda rəsmdir, bildim.

Təbiətim coşar, Hindistanın baharı mənəm!

Bulud kimi bağırıb, göz yaşı töküb, gülənəm.

Soruşdular: - Nə üçün ağlayırsan, ey şair?

Dedim: - Bu ağlamağın mənşəyi məhəbbətdir.

Zaman var idi, mənə sevginizlə mayildiz,

Unutdunuz, nə üçün özünüz min bəlayə çevrildiz?

- Gülürmüsən? - dedilər, söylədim: - Bəli, gülürəm!

Sizə gülüb də, bilin, düşməni seçə bilirəm.

Bizə xəyanət edənlər yəqin cəza alacaq,

Cahan verən bu cəza damcı-damcıdır ancaq.

Mənimlə varlı çağımda o fəxr edən dostlar,

Görəndə yoxsulam indi, həqarət ilə baxar.

Səni o dostluğa, qardaşlığa qəsəm verirəm,

Danış, həqiqəti aç, etiraf gözləyirəm.

Hanı cavab? Məgər göz yaşında qərq oldu?

Kül oldu ahım odunda, səmayə sovruldu?

Cavab almağa tez aşiqin var isran,

Cavab yoxsa da, "amin"lə əl tutun barı!



________________Milli Kitabxana________________

Mən hıçqırıqlarımı boğmaq istədim qəsdən,

Məhəbbət hissini, gördüm, uzaqlaşır məndən.

Üzü qızardı onun, bildim eşqdir boğulan,

Mənim üzüm də qızarmışdı hıçqırıqlardan.

Kim eşqə düşsə, bu sevdada can fəda etməz?

Həyat bitsə də, eşqin nəşidəsi bitməz.

Kimin qanında vəfa vardır, eşqlə yaşayar,

Ölərsə də, onu məşuq ilə vəfa yaşadar.

Vəfa dəyərcə iki aləmə bərabərdir,

Onun bahası nə insan qanı, nə gövhərdir.

Burax məni! O sürahi boyunlu dilbərə mən,

Vurulmuşam, demişəm, yanmışam qabaq səndən.

Məni Vətəndə ikən o, çağırdı ibn-cəla*,

Salıbdır indi məni qürbətə həmin adla.

Vətən batırdı mənim bağrıma zəhərli tikan,

Fəqir idim, canıma qəsd hazırladı dövran.

Gəmirdi canımı qürbətdə dişlərilə fəraq,

Bəla nəhəngi məni izlədi ağız açaraq.

Yad ölkələr ətimi çeynədi, tüpürdü mənim,

Cığır tutub gedirəm, qarşıda əziz Vətənim.

Qürur ilə quru xurma kimi məni o şəhər,

Yesə, yeyər ətimi, boş çəyirdəyi tüpürər.

O bir dəniz kimi dalğa vurar, məni aparar,

Alar qucağına, öldükdə sahilinə atar.

"Vətən! Vətən!" deyərək ağladım, canım yandı,

Sümüklərim gözümün yaşı ilə odlandı.



________________Milli Kitabxana________________

Gecə geyindi zireh, bir mühib zülmətdən,

Süha çıxıb, onu deşdi, açıldı köksü həmən*.

Tutub da zülməti qovdu Xəzib ilə Səlqa*,

Apardılar geriyə sübh göstərəndə liqa.

Sökəndə dan, oxudu "Vəzzüha" xoruz ucadan

Düşəqaranlığa - tapdı işıq ucu ondan.

Göyərçinim gətirən naməyə nəzər saldım,

İsitmə tutdum, əlim göydə heyrətə daldım.

O namə faciədən, zülmdən verirdi xəbər,

Vəzifə sahibi olmuşdu nanəcib gədələr.

Ürək zəbanə çəkib yandı, gözlərim doldu,

Ucaldı ah dumanı, qüdrətim nəhan oldu.

İki gözümdən axan yaş deyildi, neysandı,

Ətəklərim tökülən göz yaşımla islandı.

Könüldə eşq qopardı dəniz kimi tufan,

Gəmim qırıldı, qalıb dalğalarda sərkərdan.

Əlac qalmadı, Şirvanı bir də tərk etdim,

Könül, sorağına düşmüşdü, Təbrizə getdim.

Qohumların qayığı dalğaya düşüb batdı,

Fəqət mənim qayığımdır ki, mənzilə çatdı.

Düşərgə saldı köçüm bir zaman biyabanda,

Ucaltdı baş çadırımla göyə biyaban da.

Dəniz ki, yurdumu ənginliyiylə qucmuşdu,

Məni uzaqda görüncə acıqlanıb coşdu.

Əməklə hümmətim idi çadırdakı iplər,

Odur, başı qurularkən ucaldı ərşə qədər.



________________Milli Kitabxana________________

Gedərkən, həqq yolu Tuba dönəndə sirdaşıma,

Sarındım o ağaca, düşdü kölgəsi başıma.

Belim büküldü, necə qatlanar çadırda ətək,

Əyilmədim qapısında zər əhlinin dəvə tək.

Başım ucaldı, toxundu yaşıl çadır fələyə,

Sevinclə göz yaşım axdı çadırdakı çökəyə.

Vüsal təşnəsiyəm mən, yetirdilər bulağa,

Su verməyib, kuzəmi qoydular da daşqalağa.

Mənə kifayət edər bir udum su, indi fəqət,

Kuzəm deşildi, ömürlük mənəm suya həsrət.

Uşaq ki, bic doğulubdur rəzil anasından,

Atasını tanımaq istəyər, keçincə zaman.

Ana xəyanət ilə əl çəkibsə ismətdən,

Əmin olarmı onun oğlu? Bir düşün bunu sən.

Həyat əlində necə qərq olar utancaq adam,

Bilik suyunda elə qərq olunmağımla şadam.

Mən elmi tutdum, odur qətlimə verən fərman!

Bəli, bu qətldir ancaq bu aləmi yaşadan.

Necə ki, şəm kiçilər şöləsi ucaldıqca,

Kiçildi qəlbim, ona elm nur saldıqca.

Təbiətimdə tamah kökləri qırılmış əgər,

Nə fərqi var? Kərəm əhli verər, xəsis çürüdər!

İşıqlı aləmə həsrətlə kor qalan bir göz,

Nə fərqi var? Gecədir bu şəhərdə, ya gündüz?

Cavanlığımda coşan bir bulaqdı ilhamım!

Hanı o bağ, o bulaq? Əldə boş qalıb camım!



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə