Yazılmışdır: 1906 1909 Yenidən işlənmişdir: 1917 1920 İlk nəşri: 1969 İlk səhnə quruluşu: 1922 ƏŞxas



Yüklə 284,53 Kb.
səhifə3/3
tarix11.04.2018
ölçüsü284,53 Kb.
#36913
növüYazı
1   2   3
Afət. Əvət, gülürəm, fəqət göz yaşlarilə bərabər; ağlayıram, fəqət qəhqəhələrlə bərabər... 
Qaplan. Neçin, ah neçin? 
Afət. Çünki mən hər qanunun xilafında yaradılmış bir məxluqam. Mənim hər sevincimdə bir fəlakət, hər fəlakətimdə bir bəxtiyarlıq var. Mən düşmanıma məftun oluram, sevgilimi cəllad kimi boğazlayıram. Əvət, mən ağlarkən gülərəm, gülərkən ağlaram. (Təkrar şən və şatır qəhqəhələrlə gülməyə başlar.) 
Qaplan. İştə, təbiətin də gözəlliyin kimi müstəsna!.. 
Afət. Söylə, allah eşqinə, söylə! Altunsaç doktora nişanlandı, öyləmi? 
Qaplan. Əvət. 
Afət. Bir ay sonra dügün yapılacaqmış, deyilmi? 
Qaplan. Əvət. 
Afət. Bir ay sonra, otuz gün sonra, ah, nə qədər gec, nə qədər çapuq!.. (Qəhqəhə.) Bir ay otuz ildən daha uzun, otuz dəqiqədən daha qısadır. (Qəhqəhə.) 
Qaplan. Dəmin onunçünmü ağlayırdın? 
Afət. Xeyr... O, ağlanacaq şey isə də, mən ona gülərəm. (Qəhqəhə.) Fəqət o dodaqlar ki, dün mənim ayaqlarımı öpərdi, bu gün Altunsaçın dodaqlarını əməcək. O hərif ki, bir az əvvəl mənim əlimdə oyuncaq idi, bir az sonra Altunsaçı öz əlində oynadacaq... 
Qaplan. Nə isə, keçmiş... İştə Qorxmaz da burada, bərabər gəzinəlimmi? 
Afət. Xeyr, çox yorğunam, azacıq oturalım (Çardaqdakı sıraya otururlar.) 
Qorxmaz (gəlir. Xəfif bir təmənnadan sonra). Müsaidə buyurulurmu? 
Afət (məmnun). Hay-hay, gəl, baxalım. 

Qorxmaz Afətin əlini öpər, Qaplan ilə də əl verib oturur. Bu sırada Afətin əlindəki şəmsiyə düşü verir, hər ikisi birdən almaq üçün əyilir. Qorxmaz daha əvvəl təqdim edər. 

Afət. Təşəkkür edirəm. 
Qorxmaz. Bir şey deyil. 
Afət (Qaplana). Şuradakı bufet açıqmı? 
Qaplan. Əvət, nə arzu edərsiniz? 
Afət. Bir qədəh limonad olsaydı, məmnuniyyətlə içərdim. 
Qaplan (qalxar). Bu saət söyləyim gətirsinlər. (Gedər.) 
Afət (Qorxmaza). Söylə baxalım, nerələrdəsən? 
Qorxmaz. Bir aydır ki, köyde idim, çox şairanə və gözəl günlər keçirdim. 
Afət. Ah, bir ay, otuz gün!.. Otuz ildən uzun, otuz dəqiqədən qısa... (Acı qəhqəhələrdən sonra.) Əvət, ölmək istəyənlər üçün çox gec, uzun... Sevmək və yaşamaq istəyənlər üçün çapuq, çox qısa... 
Qorxmaz. Fəqət bu sözlər nə demək? Nerədən xatırınıza gəldi? 
Afət. Sorma, gözəl çocuq, orasını heç sorma! 
Qorxmaz. Afət! Neçin adımı söyləmirsən? 
Afət. Çünki mənə “siz” deyə xitab edirsən; çünki həm çocuqsan, həm də gözəl... Onunçün bu ad sənə daha uyğun... (Yarım qəhqəhə ilə.) Əvət, gözəl çocuq, bu da məndən sənə yadigar olsun. 
Qorxmaz. Yaxşı, sevgili Afət! Öylə olsun (Afətin əllərini yaxalar.) Ah, səni nə qədər sevirəm, bilsən... 
Afət (şux qəhqəhələrlə.) Neçin!.. Çox gözəlmiyəm? 
Qorxmaz. Bilməm, lakin hər səhər səni ağuşuna alan aynaya sor da bax, o nə deyir... 
Afət (ufacıq bir ayna çıxarıb baxar). Əvət, yanılmırsan: hələ bu füsunkar gözləri, bu mini-mini dodaqları nə qədər sevirəm, aman, ya rəbbi, nə qədər sevirəm. (Aynadakı rəsmini məftun bir tövr ilə öpər.) 
Qorxmaz. Ah, bu duyğusuz ayna, bu mənasız şüşə parçası bəxtiyar bir rəqib kimi ruhumu sarsır, sinirlərimə toxunur. 
Afət. Neçin, gözəl çocuq, neçin? 
Qorxmaz. Səni qucaqladığı üçün, bu gözəl dodaqları öpdüyü üçün. 
Afət. Fəqət unutma ki, bu duyğusuz ayna bəzi xain ürəklərə nisbətlə daha vəfalı, daha sədaqətli... 
Qorxmaz. O xain ürək kimdir, əcəba, neçin açıq söyləmirsən?.. Xeyr, sən bir ay əvvəlki Afət deyilsən. 
Afət (mütəəssir təbəssümlərlə). Ah, bir ay!.. Otuz gün!.. İştə, ayrılıq çəkənlər üçün otuz ildən daha uzun, qovuşub birləşənlər üçün otuz dəqiqədən daha qısa... 
Qorxmaz. Afət, səndə başqa hallar görürəm; bu sözlər neçin? Bu kinayələr neçin?.. 
Afət. Bir ay sonra dünya dağılacaq, ümidlər solacaq, ağlayanlar güləcək, gülənlər qəhr olacaq. (Həyəcandan yaşarmış gözlərini silərək, çox sinirli.) Ah, mən neçin bu xain mühitə atıldım, neçin yaradıldım?! Neçin qatil oldum, neçin aldadıldım?! (Sıraya dayanır; əllərilə üzünü qapar.) 
Qorxmaz. Aman, nələr eşidirəm? Afət!.. Mənə bax, Afət! Neçin düşünmürsən, neçin üzülürsən? 
Afət (yorğun və bayğın bir tövr ilə). Of, onu heç özüm də bilmirəm. (Sükut.) 
Qorxmaz (Afəti qolları arasına alır). Afət! Sevgili Afət! Burada kimsə yox, qəlbində nə varsa aç, söylə, unutma ki, Qorxmaz sənin ən aciz pərəstişkarındır. 

Bu sırada Qaplan əlində bir gül dəməti ilə bir şüşə limonad gəlir. Alagözlə Oqtay da digər tərəfdən çıxır. 

Alagöz. (Qorxmazın Afətə sarıldığını görüncə, sinirli və çılğınca bir fəryad ilə). Ah, aman, ya rəbbi!.. (Deyə bayılır. Oqtayın qolları arasına düşər.) 

PƏRDƏ 


DÖRDÜNCÜ PƏRDƏ 

Son dərəcə zərafət və nəfasətlə süslənmiş bir oda... Sağda, solda və qarşıda birər qapı... Sokağa baxar iki pəncərə, gündüz... Alagöz sinirli və düşüncəli bir halda masa qarşısında oturmuş; çəkməcədən bir taqım məktublar çıxarır, birər-birər yırtar və masa altındakı səbətə atar. 

Afət (bənizi soluq, saçları pərişan, əlində iki məktub gəlir). Nə yapırsan, yavrum! Neçin bu məktubları yırtıb atırsan? 
Alagöz. Çünki keçmişləri unutmaq istəyirəm. 
Afət. Yazıq deyilmi ya! Onlar həp əziz və qiymətli xatirələr... 
Alagöz (birini daha yırtıb atar). Əvət, əziz və qiymətli xatirələr!.. Həp yalan pərəstiş və məhəbbətlər, həp yaltaqca nəzakətlər!.. 
Afət (təbəssümlə). Qadın ruhunu oxşayan bir şey varsa, o da yalnız məhəbbət və pərəstişdir. 
Alagöz. Nə yapım ki, yeni həyatə girmək üçün əskilərə vida etməliyəm. 
Afət. Madam ki, əskilər səni sıxır, al, yenilərini oxu! (Məktubları verir.) 
Alagöz. Şübhəsiz, yenə əski təranə, yenə eyni əfsanə. (Birinci məktubu açıb baxar.) 
Afət. Fəqət bu anlaşılmaz hallarınla məni xərab edirsən, xəstə vücudum gündən-günə məhv olub gedir. 
Alagöz (məktubu oxuduqdan sonra sinirli). Ah, nə münasibətsiz hallar!.. 
Afət. Nə imiş, əcəba?.. 
Alagöz. Heç... Öylə bir şey deyil... (İkinci məktuba baxar.) 
Afət. Alagöz, Alagöz! Neçin qəlbini mənə açmırsan? 
Alagöz (sarsılmış bir halda). Aman, ya rəbbi! Bu da öylə... Bu da zəhərli bir ox, bu da kəskin bir xəncər!.. 
Afət. Nə yazırlar? Neçin söyləmirsən? 
Alagöz (məktubları əlində bürüşdürüb səbətə atar və yerindən qalxıb qarşı qapıya doğru irəlilər, acı təbəssümlə). Mənə tapınanlar imdi sərzəniş yapırlar; məni təqdis eyləyənlər imdi təhqir edirlər. 

Qapını qapayıb çıxar. Afət məktubları səbətdən alır, təlaş ilə baxır. Digər çəkməcəyi açıb, bir ufaq revolver çıxarır, diqqətlə süzər, alnını nişan aldığı sırada qarşıdakı qapı barmaq ucu ilə vurulur. Silahı gizlədib qapını açar, Doktor Qaratay daxil olur. 



Afət. Ah, sənmisən?.. Gəl, baxalım, səni bəkləyirəm. 
Doktor (onun əlini öpər). Afət! Sən xəstəmisən? 
Afət. Əvət. 
Doktor. Əfv edərsən, imdiyə qədər bu xüsusda məlumatım olmamış... 
Afət (acı təbəssümlə). Təbii, ağ günə çıxanlar qara günləri düşünməzlər. Dügün hazırlığı yapanlar talesizlərin halını bilməzlər. 
Doktor. Sən çox sinirlənirsən, bu hal həm özünü, həm də Alagözü bədbəxt edər. 
Afət. Alagöz bəxtiyar idi, əvət, onu mən bədbəxt etdim. Fəqət məni də məhv edən yalnız sən oldun, sən!.. 
Doktor. Xeyr, biləks, sən açıq-saçıq hallarınla özünə qıydın, öz nəfsinə xəyanət eylədin. 
Afət (acı qəhqəhə ilə). Halbuki, dadlı dillərlə qandıran sən... Qoca qatili yapdıran sən... Çıxılmaz yollara sapdıran yenə sənsin. (Qızğın və sinirli.) Öncə miskin bir kölə kimi qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra məni atdın, başqalarını tutdun. Gah rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, imdi, imdi, isə məni təhqir edirsən, məni qəbahətli çıxarmaq istəyirsən. 
Doktor. Afət! Məni buraya neçin çağırdın? 
Afət. Səni sevdiyim üçün, sənə pərəstiş etdiyim üçün. 
Doktor. Ah, nə yaldızlı yalan!.. 
Afət. Xeyr, yalan söyləmirəm, and olsun uyqusuz gecələrə, and olsun ağalar gözlərə, and olsun gözəlliyə və məhəbbətə, mən yalnız səni sevirəm, yalnız sənə qovuşmaq istəyirəm. Əvət, məsum bir çocuq necə nurdan, rəngdən həzz alarsa, mən də səndən, sənin vüsalından o qədər zövq alıram. 
Doktor (bir şey sezmiş kimi qarşıdakı qapıya baxar). Gələn var, mən gedim. 
Afət. Xeyr, getmə, sözüm daha bitmədi; azacıq burda bəklə, sonra gedərsən. 
Doktor (sağ tərəfdəki odaya keçər). Fəqət çox gecikdirmə! 
Afət. Bu saat, əzizim, bu saat (Qapını açar, Qorxmaz əlində bir dəmət çiçək daxil olur.) Sənmisən?.. Gəl!.. 
Qorxmaz (əlini öpər, dəməti təqdim edər, heyrətlə). Aman, nə böyük təbəddülat, nə dəhşətli inqilab!.. 
Afət. Çox dəyişdim, deyilmi? 
Qorxmaz. Əvət, çox... Az qaldı ki, tanımayacaqdım. 
Afət. Solğun çiçək!.. Əvət, solğun bir çiçək necə qurursa, necə qara torpaqlara təslim-nəfs edərsə, mən də... ah, mən də... 
Qorxmaz (təsir və təlaş ilə). Afət! Nə söyləyirsən? Nə demək istəyirsən? 
Afət. Demək istəyirəm ki, mənim gözəlliyim sönər. Çöhrəmdə incə bürüşüklər, ufaq cizgilər görülür; ah, mən ona əsla təhəmmül edəməm. Məncə, gözəl bir qadın daima gözəl qalmalı... Gözəlliyə vida edərsə, həyata da vida etməli... Dərəcə-dərəcə solmaq, hər gün bir az intihar etməkdir. İllər ilə yanıb qovrulmaqdansa, bir anda kül olub havaya sovrulmaq daha xoşdur, daha gözəldir. 
Qorxmaz. Afət, məni məyus edirsən. 
Afət. Xeyr, gözəl çocuq! Məyus olma! Gəl, gəl səni ilk və son dəfə olaraq öpüm. (Məczub bir tövr ilə bir-birinə yaxlaşıb, sarılmaq istərlər. Afət dərhal geri çəkilir və əlilə rədd edər.) Ah, xeyr, burax!.. Burax dursun. Çünki sənin atəşli dodaqların məni yaxar, xəstə ruhumu yaxar... (Qarşıdakı qapını açar.) Uf, mənə başqa bir hal gəlir; get, gözəl çocuq, get!.. Saqın, bir daha gəlmə, bir daha məni özləmə!.. 
Qorxmaz. Neçin, sevgili Afət, neçin?.. 
Afət. Çünki mən qıvılcım kimi sönəcəyəm, issız zülmətlərə, namütənahi buludlara qovuşacağam. 
Qorxmaz. Afət! Bu sözləri heç anlıyamıram. Ah, fəqət bir kərrə, yalnız bir kərrəcik özümü qolların arasında görmək istərdim. 
Afət. Çox gözəl, əzizim, gəl!.. Gəl, səni bir kərəcik də olsa, oxşayıb sevim (Qucaqlaşıb öpüşmək istərlərkən Alagöz gəlir. Hər ikisi şaşırıb geri çəkilir. Sükut... Qorxmaz gedər, Afət Alagözün qollarına sarılaraq.) Bağışla, məni bağışla; artıq mənim cəsarətim cünuna varmış... Mən əfvə layiq deyiləm; fəqət yenə yalvarıram, məni bağışla... (Qucaqlayıb öpər.) 
Alagöz (məmnun və mütəbəssim). Heç sıxılma, annəciyim! Sevmək və sevilmək bir haqdır. Sənin könlün nə istərsə, mən də onu arzu edərim. Hətta, səni böylə bəxtiyar gördükcə könlüm açılır. Sanki hər zövqünə, hər səadətinə iştirak edirəm. 
Afət. Ah, sənin bu məhəbbət və nəzakətin intiqam qədər müdhişdir. 
Alagöz. Hər halda, mən səni çox sevirəm. 
Afət. Kim bilir, bəlkə sevmədiyin üçün sevirsən. 
Alagöz. Xeyr, yalnız səni deyil; imdi mən hər kəsi, əvət, hər kəsi sevmək istərəm. (Qarşıdakı qapı barmaq ucu ilə vurulur.) 
Afət. Kimdir əcəba? 
Alagöz (açar). Oqtay!.. (Əl verir, Oqtay çox ciddi və soyuqqanlı görünür.) 
Afət. Buyurun, əzizim, oturun... Ancaq məni bağışlarsınız... Məzuram... (Sol qapıdan çıxar.) 
Alagöz. Nə düşünürsən, neçin oturmursan? 
Oqtay. Çünki... getmək istəyirəm. 
Alagöz. O halda, neçin gəldin? 
Oqtay. Yadigar verdiyim rəsmimi almaq üçün, iştə bunu almaq üçün... 

(Divardakı rəsmlərdən birini alır.) 

Alagöz. Ah, həm qorxunc, həm gülünc bir hal!... Yalnız səbəbini bilsəydim... 
Oqtay. Səbəbi aydındır; qabalıq olsa da, söyləyəcəyəm (Sol qapıya işarətlə.) Öylə bir ananın qızı ilə görüşüb buluşmaq, təhlükəli uçurumlara atılmaqdır. 

(Sinirli addımlarla çıxar.) 



Afət (gəlir). Getdimi? 
Alagöz. Əvət, getdi. 
Afət. Nə söyləyirdi? 
Alagöz. Heç... 
Afət. Eşitdim, həpsini eşitdim. Rəsmini geri aldı, səndən ülfətini kəsmək istəyir. Yalnız o deyil, sənə qarşı əyilən bütün gənclər, kiçik bir nəvazişinlə öyünən dəliqanlılar imdi həp səndən qaçır, həp sənə xor baxırlar. Halbuki, həpsinə səbəb yalnız bu qarşında duran talesizdir (Məndil ilə göz yaşını silər.) 
Alagöz. Ah, annəciyim! Sevgili annəciyim! (Afətə sarılıb öpər.) Maraq etmə, bu təhqirlərin heç bir təsiri yoxdur... Çünki mən kimsəni sevmədim... Onunçün də mütəəssir deyiləm (Soldakı odaya doğru irəlilər, təkrar dönər, Afətə qapalı bir məktub verir.) Mümkün olsa bunu Ərtoğrula göndər. Mən yorğunum. Azacıq uzanmaq istəyirəm (Sol qapını qapayıb çıxar.) 
Afət (məktubun zərfini havaya tutub baxar, heyrətlə). Bu saçlar nə?.. Xeyr, bu məktubda bir sirr var, baxım nə yazır. (Zərfi açar, dürlü vəziyyətlərlə oxur.) “Ərtoğrul, anam xəstədir, qəribdir, onu unutma!.. Mümkün olsa, əski yurduna, əqrəbasına göndər. Bir saat sonra məni görməyəcəksən. Əlvida!.. Səni bütün ruhilə sevən və həsrətini məzara götürən Alagöz.” (Sarsılmış bir halda.) Ah, aman, ya rəbbi!.. 
Ərtoğrul (daxil olur, təlaş ilə). Alagöz nerdə? 
Afət. Nə var, nə olmuş? 
Ərtoğrul. Əczəxanədən zəhər almış, imdicə mənə söylədilər. 
Afət. Ah, dəminki məhəbbət və nəzakətlərin səbəbini anladım (Alagözün girdiyi qapını açmaq istər.) Eyvah, qapını qapamış... (Qapını çalar.) Alagöz!.. Ah, səs yox, cavab yox... 
Ərtoğrul. Mən imdi yan pəncərədən girərəm. (Dışarı fırlar.) 
Afət. Alagöz!.. Aç qapını... Aman, qapını aç, yavrum! (Dışarıdan pəncərənin vurulduğu və cam qırıldığı eşidilir. Afət təkrar çağırır.) Alagöz!.. Ah, nə dəhşətli hal, nə qorxunc fəlakət!.. 
Ərtoğrul (bir əlində zəhər şüşəsi, bir əlində Alagözün əli olaraq qapını açıb çıxar, pərişan bir qəhqəhə ilə Afətə). Ərtoğrul ölümdən daha bəxtiyar imiş, əvət, mən Əzraildən daha çapuq davranmış oldum. 
Afət (şüşəni Ərtoğrulun əlindən alır, acı bir təbəssümlə Alagözə). Haqlısan, mələk yavrum, bütün bu fəlakətlərə səbəb mənəm, lakin bundan sonra cəllad olmaq istəməm, bu saət yol tədarükünə başlaram; çünki sən bu gün bəxtiyarsan. Ərtoğrulun təlaşı (əlindəki məktubu göstərir) və sənin məktubun hər ikinizi birləşdirdi. Mən yalnız bunu arzu edirəm. 
Alagöz. Bir məktub ki, ölüm pəncəsində yazılmış, onun nə əhəmiyyəti ola bilir? 
Ərtoğrul (mənalı bir təbəssümlə). Ölüm bütün əsrarın anasıdır. 
Afət (Alagözə). Yavrum, əminəm ki, sən Ərtoğrulu sevirsən, fəqət onun tərəfindən seviləcəyinə şübhə edirsən. 
Ərtoğrul. Halbuki, Ərtoğrul ona pərəstiş edir. 
Alagöz. Xeyr... xeyr... mən əsla sevilməyə layiq deyiləm. 
Afət. Nasıl!.. Sənmi, sənmi layiq deyilsin? (Şux bir təbəssümlə.) Halbuki, sən bütün qızlar içində parlaq bir almas, dilbər bir çiçək, məsum bir mələksən. 
Alagöz (sinirli və titrək səslə). Əvət, almas! Fəqət ləkəli bir almas!.. Çiçək! Fəqət çamurlu bir çiçək... Mələk! Fəqət qəhr olmuş bir mələk... 
Afət. Neçin, ah neçin?.. 
Alagöz. Çünki... ləkəli bir ananın övladıyam (Çocuqca bir hönkürtü ilə ağlar, Afətin qolları arasına sıxılır.) 
Afət (acı qəhqəhə ilə). Xeyr, mən sənin anan deyiləm, sən hənuz iki yaşında ikən anan tərki-həyat etmiş. 
Alagöz. Ah, aman, ya rəbbi!.. Nələr eşidirəm. 
Afət. Əvət, baban məni sonra aldı, mən isə göz bəbəyi kimi səni bəslədim, məsum bir mələk kimi böyütdüm. (Sinirli və həyacanlı.) Ah, mən əxlaqsız deyildim, fəqət Özdəmirin sərxoşluğu, qayğısızlığı məni məhv etdi... Sonra doktor Qaratay sapdırdı; ona vuruldum, qatil oldum, babanı zəhərlədim. 
Alagöz. Ah, sus!.. Allahını sevirsən, sus!.. 
Afət. Əvət, mən sənin anan deyiləm... Mən qatil, cəllad, ləkəli bir qadınam (Cibindən iki-üç parça kağız çıxarır, Alagözə verir.) İştə bu kağızları diqqətlə oxu, kim olduğunu çapuq öyrənərsən, mən gedirəm, artıq məni unut!.. Səni ona... (Ərtoğrulu göstərir) ismarladım. (Doktorun girdiyi otağa keçər.) 
Ərtoğrul. Bax, görürmüsən, ölüm başqalarını ayırarkən, bizi birləşdirmiş oldu. 
Alagöz (kağızlara baxaraq, məhzun təbəssümlə). Ah, demək, mənim anam ləkəli deyilmiş... 
Ərtoğrul. Bütün dünya ləkəli olsa belə, yenə sənin ismətindən bir şey əskilməz (Alagözün üzünü oxşayaraq.) Fəqət Afətə acımalı... Ah, neçin qəlbini qırdın? Get, yalvarıb yaxar da, könlünü al!.. Dün səfil idisə, bu gün məsum ola bilər. Aman, rica edirəm, get! 
Alagöz. Yaxşı, Ərtoğrul, yaxşı. (Qapıya yaxlaşdığı sırada içəridə silah patlar.) 
Doktor. Ah, qəddar, xain, cəllad!.. (Deyə qapını açar, yaralanmış olduğu halda Alagözün önündə düşü verir.) 
Alagöz. Aman, ya rəbbi!.. 
Ərtoğrul. Nə yapdın, Afət, ah, nə yapdın? 
Afət (əlində silah, acı qəhqəhələrlə). Özdəmirin intiqamını aldım, öz intiqamımı aldım (Cənazəyə.) Sən məni unutdun, gözəlliyimi təhqir etdin; iştə gözəlliyin intiqamını aldım. Ah, intiqam vəhşətlərin ən alçağıdır, lakin özümü alamadım, əfv et!.. (Müstəhzi qəhqəhə ilə.) Ah, sən bu axşam dügün yapacaqdın, Altunsaça qovuşacaqdın... Halbuki, mən buna razı olamam, çünki... səni çox sevirəm (Masa üzərindəki çiçək dəmətini çözərək, cənazəni süslər.) Ah, əvət, səndən ayrılmaq istəməm, bu dodaqlar məndən başqasını öpməməlidir (Cənazəni qucaqlayıb öpər, fövqəladə bir həyəcan ilə qalxar və əlindəki revolveri şakağına tutar.) İmdi isə sıra mənə gəlir. 
Ərtoğrul (dərhal silahı yaxalayıb alır). Nə yapmaq istəyirsən? İşlədiyin kafi deyilmi? 
Afət (acı təbəssümlə). Mənə mərhəmət edirsən? (Sinirli və şaşqın.) Aman, ya rəbbi! Ah, çıldırıram. 
Alagöz (mütəəssir). Annəciyim!.. Sevgili annəciyim! (Yaxlaşıb qucaqlamaq istər.) 
Afət (geri çəkiləcək bir tövr ilə). Çəkil, yaxlaşma... Məni yalnız burax!.. (Sağ tərəfdəki odaya keçər.) 
Alagöz. Ah, zavallı qadın!.. 
Ərtoğrul. Xayır, o yalnız buraxılmaz, sən də get!... (Həyəcan və təlaş ilə.) Ah, o, kəndini həlak edəcək... (Dərhal içəri girmək istər.) 
Afət. Ax!.. (Deyə əlində tutduğu şüşədəki zəhərin son damlasını içdiyi halda qarşısına çıxar və şüşəni yerə atar.) 
Alagöz. Aman, nə yapdın?! (Qucaqlar.) 
Afət. Ona... Ah, yalnız ona qovuşmaq... (Bitab olaraq cənazə üzərinə düşü verir.) 
Alagöz. Uf, annəciyim!.. (Qucaqlayıb yaralı bir səslə ağlar.) 

Afət. Ah! (Deyə zəif bir hərəkətlə təslimi-ruh edər.) 


Ərtoğrul (acı və mənalı bir ahənglə əlini masa üzərinə vuraraq). Afət!.. Afət!.. 

PƏRDƏ 


SON 
Yüklə 284,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə