Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə10/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   6   7   8   9   10   11   12   13   ...   179

32

xan  tozdu.  Müsyö  Qrenyö  arabanın  qozlasında  oturub  ətrafa 

baxır,  tez-tez  geri  çevrilib  daha  çox  bacısına  xitabən  təbiətin 

gözəlliklərini  öyürdü.  Madam  Qrenyö  gözümə  qüssəli  dəydi, 

vətəninə qayıtdığına sevinib-sevinmədiyini ayırd eləyə bilmədim. 

David  onun  yanında  əyləşmişdi,  kübar  görkəmilə  öz  mülkünü 

seyrə  çıxmış  ağaya  oxşayırdı.  Mən  atla  getməyə  daha  çox  üs-

tünlük  verərdim,  amma  başımı  yan  tərəfdəki  nəfəslikdən  çıxarıb 

baxmağa  məcburdum.

30.  İki  gecə  hansı  kəndlərdəsə  gecələdiyimiz  yadımdadı: 

birində  yol  qırağındakı  cəmi  beş  hücrəsi  olan  balaca  karvansara-

ya düşmüşdük, bizdən savayı da müştərisi yox idi, ona görə gen-

bol  yerləşə  bildik;  ikinci  gecə  qonaqpərvər  bir  Allah  bəndəsinin 

qonağı  olduq,  Qrenyölər  bir  otaqda,  Davidlə  mənsə  o  biri  otaq-

da  yatdıq,  bizi  ötürən  qaradinməz,  zəhmli  kişiyə  –  Paranoza 

tövlənin  bir  bucağında  yer  tapıldı.  Üçüncü  gün  axşama  yaxın 

mənzilbaşına  yetişdik,  o  gecəni  də  limana  yaxın  bir  evdə  –  ahıl 

türk ər-arvadın qonağı olduq – gəmi səhəri gün günorta namazın-

dan  bir  saat  qabaq  yola  çıxmalıydı,  bizi  yerbəyer  eləyəndən  son-

ra  məni  də  dilmanc  sifətilə  götürüb  gəmiçibaşını  axtaran  müsyö 

Qrenyö  danışıb-razılaşmamış,  behini  verməmiş  əl  çəkmədi.  Ara-

banı  da,  bələdçimizi  də  yola  salandan,  ev  sahibəsinin  elə  xalça-

nın  üstündə  açdığı  süfrədə  aclığımızı  yatırandan  sonra  ümmanın 

yüz  əlli-iki  yüz  addımlığındakı  o  evdə  keçirdiyimiz  narahat  gecə 

də  yadımdadı;  daha  doğrusu,  Davidi  bilmirəm,  mən  ömrümdə 

ilk  dəfə  ümman  gördüyümdən,  elə  bil  hövllənmişdim.  Alçaqta-

vanlı  balaca  otağın  açıq  kiçik  pəncərəsindən  dalğaların  uğultu-

suna  qulaq  asa-asa  yatağımda  ehtiyatla  o  tərəf-bu  tərəfə  çevri-

kirdim,  çalışırdım  ki,  rahatca  yuxuya  gedən  Davidi  oyatmayım. 

Özümü  butasına  yetişmək  üçün  yola  çıxan  dastan  qəhrəmanı 

sayırdım:  ümmanda  başıma  gözlənilməz  macəralar  gələcəkdi,  tu-

fanlarla,  quldurlarla  döyüşəcək,  axırda  sağ-salamat  mənzilbaşına 

çatıb  butama  yetişəcəkdim.  O  açıq  pəncərədən  süzülən  Ay  işı-

ğına  baxa-baxa  Züleyxa  barədə  də  düşündüm.  Müsyö  Qrenyö 

uzaq  səfərimizin  nə  qədər  çəkəcəyini  deməmişdi,  amma  həmin 

məqamda  mənə  elə  gəldi,  bu  gedişimin  dönüşü  yoxdu,  yəqin,  bu 

səbəbdən  göz  yaşlarım  axıb  yanağımı  islatdı.



33

31.  Mindiyimiz  ikidorlu  Veneziya  gəmisi  əvvəlcə  İstan-

bul  səmtinə  yönəlmişdi,  sonra  yavaş-yavaş  quzeyə  sarı  səmt 

götürməyə  başladı.  Bunu  gəmiçibaşıyla  dil  tapmış,  tez-tez  ona 

baş  çəkən  müsyö  Qrenyödən  öyrəndik.  Madam  Qrenyö  qarda-

şıyla  balaca  otaqcığa  oxşayan,  arası  pərdəylə  kəsilmiş  bir  guşədə 

yerləşmişdi,  həmin  otaqcıqda  Davidlə  mənim  üstü  örtüklü  taxta 

oxşar  yatacağımız  vardı.  Gəmidə  təxminən  əlliyə  yaxın  adam,  o 

qədər  də  avarçı  olardı,  göyərtə  cürbəcür  mallarla  –  parça  topları, 

xalı-xalça  bükülüləri,  sandıqlar,  ədviyyat  qutularıyla...  doluydu, 

avarçıların  tərdən  islanmış  bədənləri  gün  şüaları  altında  parıl-

dayırdı.  Gəmiçibaşı  deyir,  müsyö  Qrenyö  şux  görkəmlə  danı-

şırdı,  ilin  bu  vaxtında  Konstantiniyyə  boğazı  qasırğalı  olur,  ona 

görə  də  Konstansada  gəmidən  enib  quru  yoluyla  getmək  daha 

təhlükəsizdi. Konstansanın harda olduğunu bilmirdim, mənə qal-

sa,  Konstantiniyyədən,  yəni  İstanbuldan  keçməyimiz  daha  yaxşı 

olardı.  David  nədənsə  əndişəsini  üzə  vurmurdu,  dinməzcə  ətrafa 

baxır,  güman  ki,  rahat  evlərinin,  ata-anasının,  bacısının  xiffətini 

çəkirdi.  Madam  Qrenyönün  görkəmi  solğundu,  bu  ümman  ha-

vasındandı,  müsyö  Qrenyö  deyirdi,  bir  neçə  gündən  sonra  keçib 

gedəcək.  Ola  bilsin,  Davidin  süstlüyü  də  bundandı,  amma  müs-

yö  Qrenyö  gəmiylə  çox  səfərlər  elədiyindən  alışmışdı,  mənsə, 

düzünü  deyim,  əvvəlcə  bir  az  ürəkbulanması  hiss  elədim,  sonra 

hər  şey  ötüb-keçdi.  Arabir  yaxında-uzaqda  gəmilər  görürdük, 

müsyö  Qrenyö  dərhal  təcrübəsini  büruzə  verirdi,  bu  portuqal 

gəmisidi,  o  ispan  karavellasıdı,  bu  biri  rus  gəmisinə  oxşayır, 

o  ötən  türk  kalyonudu,  deyirdi,  bir  firəng  gəmisi  də  görüb 

uşaq  kimi  sevindi,  bacısını  zorla  dartıb  göstərməmiş  əl  çəkmədi. 

Hərdən  də  diqqətlə  suya  baxıb  havanın  necə  olacağından  xəbər 

verirdi,  Haqq  üçünə,  çox  vaxt  da  dedikləri  düz  çıxırdı.

32.  Göy  kaftanlı,  göy  gözlü,  sarı  saqqallı,  qəribə  papaq-

lı  gəmiçibaşı  firəngcə  çox  yaxşı  danışırdı,  müsyö  Qrenyönün 

dediyinə  görə,  uşaqlığı  Marseldə  keçmişdi.  Gündə  azı  bir  kərə 

guşəmizə  baş  çəkir,  halımızla  maraqlanırdı.  Artıq  Madam  Qren-

yö  də  artıq  səfər  havasına  alışmışdı,  vaxtını  kitab  oxumaqla 

keçirməyə  çalışır,  ya  da  bizə  Firəngistanın  tarixindən  bildiyi 

şeyləri  danışır,  hava  xoş  olanda  bir  az  aralanıb  dənizə  uzun-

uzadı  baxırdı.  Belə  məqamların  birində  özümü  saxlaya  bilməyib 




34

müsyö  Qrenyödən  bacısının  gözlərindəki  kədərin  səbəbini  soruş-

dum.  O,  qəfildən  duruxdu,  sifəti  kölgələndi,  bacısı  xeyli  aralıda 

olsa  da,  səsini  qısıb,  Kolettin  əri  də  gəmiçiydi,  dedi,  Havrdan 

Genuyaya  gedən  gəmidə  gəmiçibaşıydı,  Portuqal  sahillərində 

quldurlar  gəmisinə  basqın  eləmişdilər,  o  vaxtdan  itkin  düşdü. 

Sonra  dedi,  on  il  qabaq  Koletti  bu  səbəbdən  özümlə  səfərə 

götürdüm,  fikirləşdim,  dərdini  unudar,  amma  görünür,  unuda 

bilməyib.  Parisə  qayıdanda  onillik  səfərlərim  haqqında  kitab  yaz-

maq  fikrindəyəm,  müsyö  Qrenyö  özü  də  gözləmədən  bizə  daha 

bir  sirrini  də  açdı,  Kolettin  köməyinə  ehtiyacım  var,  onun  evə 

qayıtmasına  həm  də  bu  səbəbdən  sevinirəm.  Madam  Qrenyö 

guşəsinə  qayıdanda,  elə  bil  havanın  dəyişdiyini,  söhbətin  bayaq 

ondan getdiyini duyub sorğulu nəzərlərini qardaşına dikdi, müs-

yö  Qrenyösə  dərhal  ağlına  gələn  ilk  şeydən  –  Bulon  meşəsinin 

gözəlliyindən  danışdı.  Yeddi  ildən  bəri  məni  rahat  buraxmayan 

mətləb  –  o  gözlərdəki  kədərin  səbəbi  aydın  olmuşdu.  Ağlımdan 

keçdi  ki,  uzaq  səfərə  çıxdığımı  eşidəndə  Züleyxanın  da  qara 



gözlərində belə bir kədər peyda olacaq, qayıtmasam, o kədər get-gedə 

qatılaşacaq,  ömrünün  axırınacan  silinməyəcək.  Bunu  düşünə-

düşünə  Madam  Qrenyönün  gözlərinə  baxmamağa  çalışırdım.

33.  Səfərimizin  üçüncü,  ya  dördüncü  günü  ehtiyatsızlıq  uc-

batından  Davidin,  az  qala,  suya  yıxılacağını,  bir  neçə  gün  son-

ra  kiçik  də  olsa,  qasırğaya  düşməyimizi,  bolqar  tacirinin  haqq-

hesab  üstündə  fars  tacirini  yaralamasını,  başqa  xırda-para  şeyləri 

(məsələn,  gəmiçibaşının  hər  fürsət  düşəndə  gəlib  madam  Qrenyöylə 

söhbətə girişməyə çalışdığını, ona izafi iltifat göstərdiyini, müsyö Qren-

yönün  də  bunu  çox  sakit  qarşıladığını,  mənim  kimi  Davidin  də  vene-

ziyalıya  artan  nifrətimizi)  nəzərə  almasaq,  dördhəftəlik  yolumuz 

rahat  keçdi.  Konstansa  limanında  gəmidən  enəndə  sevincimizin 

həddi-hüdudu yox idi. Gəmiçibaşı sandıqlarımızı, bağlamalarımı-

zı  aşağı  endirmək  üçün  yükçülərə  buyruq  verdi,  bizimlə,  daha 

doğrusu,  madam  Qrenyöylə  uzun-uzadı  vidalaşdı,  açıq-aşkar 

görünürdü  ki,  ondan  qopmaq  istəmir,  amma  madam  Qrenyö, 

deyəsən,  gəmidən  canını  qurtardığına  hamımızdan  çox  sevinirdi. 

Ola  bilsin,  gəmi  də,  sular  da  ona  adını  bilmədiyim  o  sevdiyi 

adamı  xatırladırdı,  bu  səbəbdən  amanını  kəsmiş  kədərdən  azacıq 

da  olsa,  yüngülləşmək  istəyirdi.  Elə  limandaca  araba  da,  karvan-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə