Azərbaycan Respublikasında bank sisteminin hüquqi tənzimlənməsi məsələləri. Anar İsayev



Yüklə 88,22 Kb.
tarix26.10.2017
ölçüsü88,22 Kb.
#6822
növüReferat

Azərbaycan Respublikasında bank sisteminin hüquqi tənzimlənməsi məsələləri. Anar İsayev.

Anar Sadiq oğlu İsayev

5614.01 - Inzibati hüquq, maliyyə hüququ, informasiya hüququ ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

Bakı - 2015

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Tədqiqat mövzusunun aktuallığı. Bütün dünyada bankların iqtisadiyyatın qan-damar sistemi olduğu artıq birmənalı şəkildə qəbul olunmuşdur. Bu baxımdan, bank sisteminin hüquqi tənzimlənməsi hər bir dövlət üçün çox mühüm əhəmiyyət daşıyır. Etiraf etmək lazımdır ki, hazırkı dövrdə bank sferasının vəziyyəti ölkəmizdə aktiv inkişafda olan bazar münasibətlərinin tələblərinə tam cavab vermir və istifadəçilərə təqdim olunan bank xidmətlərinin qeyri-qənaətbəxş çeşidləri və keyfiyyəti, ölkə üzrə bank şəbəkəsinin qeyri-bərabər inkişafı, çoxlu sayda kiçik bankların mövcudluğu, eləcə də onların kapitallaşmasının aşağı səviyyəsi ilə xarakterizə olunur.

Sosialist sisteminin dağılmasından sonra ölkədə aparılan radikal iqtisadi islahatlar, dövlətsizləşdirmə, inhisarsızlaşdırma və özəlləşdirmə prosesləri ümumilikdə iqtisadi sferadakı münasibətləri tənzimləyən qanunvericiliyin ciddi yenilənməsinə gətirib çıxartdı. İqtisadi islahatların səmərəliliyi bir çox hallarda iqtisadi proseslərin, ilk növbədə isə maliyyə-kredit münasibətlərinin dövlət tərəfindən hüquqi tənzimlənməsi mexanizminin inkişaf səviyyəsindən asılıdır.

Banklar cəlb edilmiş pul vəsaitlərini özlərində toplamaq və onları borcalanlara təqdim etmək yolu ilə pul münasibətləri iştirakçıları arasında sadəcə özünəməxsus vasitəçi kimi çıxış etmir, həm də bununla bir sıra sosial əhəmiyyətli funksiyaları da yerinə yetirir – mənzil, lazımi mallar və s. əldə edilməsi üçün vətəndaşların kreditləşdirilməsini həyata keçirir, banklar vasitəsilə sosial ödənişlər həyata keçirilir və s. Yaxşı təşkil olunmuş bank sistemi ilk növbədə iqtisadi inkişafa öz müsbət təsirini göstərir. Lakin, bank sistemi heç də həmişə səmərəli şəkildə tənzimlənmir və buna görə də müəyyən dövrlərdə bu mühüm məqsədi əldə edə bilmir. Son qlobal maliyyə böhranı bu xoşagəlməz faktı bir daha xatırlatdı.    

Ölkənin kredit sferasının vəziyyətindən təkcə iqtisadiyyatın vəziyyəti deyil, həm də cəmiyyətin sosial stabilliyi də asılıdır. Kredit təşkilatları cəmiyyət qarşısında daha böyük məsuliyyət götürürlər. Belə ki, onlar yalnız öz vəsaitləri deyil, həm də özgə vəsaitlərindən istifadə edirlər. Bu keyfiyyətdə banklar əslində ictimai xarakterli vəzifələri yerinə yetirirlər, dövlət və cəmiyyət arasında özünəməxsus vasitəçi kimi çıxış edirlər və ölkədəki sosial-iqtisadi proseslərin dövlət tərəfindən tənzimlənməsinin realizəsinin özünəməxsus kanalı funksiyasını daşıyırlar.

Bankların rolunun belə anlaşılması zəminində, onların ictimai əhəmiyyətli funksiyalarını nəzərə alaraq, bank münasibətlərinin daha dərin və dolğun hüquqi tənzimlənməsinin vacibliyindən danışmaq lazımdır. Qeyd olunan vəziyyət dissertasiya tədqiqatının mövzusunu və məzmununu müəyyən edir. Tədqiqat işində bank fəaliyyətinin hüquqi tənzimlənməsinin məqsəd və vəzifələrini şərtləndirən istiqamətlər analiz edilir və qanunvericiliyin təkmilləşdirilməsi üçün müvafiq təkliflər verilir.

Problemin tədqiq edilmə səviyyəsi. Bank fəaliyyəti məsələlərinə ilk əvvəl maliyyə elmləri çərçivəsində baxılırdı ki, o, da özündə pul dövriyyəsinin və kreditin  ayrıca öyrənilməsini əks etdirirdi. Sovet dövrü ərzində bank işi dövlət inhisarı elan edilmişdi. Kommersiya krediti və kommersiya bankları barədə nəzəri əsaslar qəbul edilmirdi. Sovet illərinin hüquqi tədqiqatı ideoloji senzura ilə məhdudlaşdırılmışdı.

Azərbaycan iqtisadiyyatının yenidən qurulması ilə bağlı ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərin əvvəllərində baş vermiş köklü dəyişikliklər bank fəaliyyəti nəzəriyyəsi sahəsində elmi tədqiqatların canlanmasını tələb edirdi. Müasir Azərbaycanın şərtlərinə cavab verən kredit siyasəti və bank işinin əsas müddəaları Zahid Məmmədov, Zakir Zeynalov, Elçin Xələfov və bir sıra başqa alimlərin işlərində formalaşdırılmışdır. Alimlərin işləri əsasən bank qanunvericiliyinin ümumi xarakteristikasına, bank hüququnun predmet və metodlarına, bank hüquq münasibətlərinin analizinə, bank əməliyyatları və əqdlərinin növlərinə həsr olunmuşdur.     

Lakin Azərbaycan Respublikasında bank sisteminin hüquqi tənzimlənməsi məsələləri kompleks şəkildə hələ də dərindən tədqiq olunmamışdır. 

Tədqiqatın predmetini bankların fəaliyyətinin hüquqi tənzimlənməsi problemləri və bank sisteminin inkişafı məqsədilə müvafiq normativ hüquqi bazanın yaradılması məsələləri təşkil edir.

Elmi işdə investisiya bankları ilə kommersiya banklarının fəaliyyətlərinin hüquqi tənzimlənməsi tarixinə nəzər salınmış, islam bankçılığının və investisiya banklarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı normativ hüquqi bazanın formalaşdırılmasının zəruriliyi önə çəkilmişdir. Bundan əlavə, gələcəkdə bankların fəaliyyətinin hüquqi tənzimlənməsinə təsir edəcək amillər də araşdırılmışdır.

Dissertasiya tədqiqatının məqsəd və vəzifələri bank sisteminin hüquqi  tənzimlənməsi sferasına dövlətin təsirinin hüquqi forma və metodlarının araşdırılması və bank münasibətlərinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi yollarının müəyyən olunması təşkil edir.

Göstərilən məqsədə nail olmaq üçün qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:

-  bank sisteminin mahiyyətini müəyyən etmək və hüquq normaları vasitəsilə tənzimlənmə obyekti kimi onun spesifik xüsusiyyətlərini analiz etmək;

-  dövlət tənzimlənməsinin bank sferasına təsirinin üsul və vasitələri də daxil olmaqla,  bank sisteminin hüquqi tənzimlənməsi mexanizminin aydınlaşdırılması;

-  bankların və digər kredit təşkilatlarının maliyyə stabilliyinin təmini üçün hüquqi mexanizmlərin tədqiqi;

-  Vətəndaşların bank fəaliyyəti vasitəsilə həyata keçirilən hüquq və qanuni maraqlarının dövlət tərəfindən təmininin forma və metodlarının aydınlaşdırılması;

İşdə Mərkəzi Bankın status və funksiyalarına münasibətdə kredit təşkilatlarının fəaliyyətlərinin effektiv inkişafına mənfi təsir edən faktorlar önə çəkilmişdir.

Dissertasiya araşdırmasının nəzəri və metodoloji əsasını mülki, inzibati, maliyyə və bank hüququ sahəsində rus alimlərinin işləri təşkil etmişdir – Alekseyev S.S., Suxanov E.A., Bratko A.Q., Eriaşvili N.D., Vikulin A.Y., Qolubyev S.A., Sapyorov S.A., Yerpıleva N.Y., Oleynik O.M., Sırbu T.Q. və s. Dissertasiya işində rus müəllifləri ilə yanaşı, bir sıra ingilis və fransız alimlərinin (Marianne O., Macey J., Sponq K., Blanche S., Gavalda C., Benton G.) əsərlərindən də geniş istifadə edilmişdir. Dissertasiya işinin yazılmasında respublikamızın tədqiqatçı alimlərinin (Z.Məmmədov, E.A.Xələfov və s.)  əsərləri də diqqət mərkəzində olmuşdur.

Bundan əlavə, bir sıra elmi və elmi-praktiki konfransların materialları da nəzərdən keçirilmişdir.

Qarşıya qoyulmuş məsələlərin araşdırılması zamanı əsas tədqiqat metodları  - sistemli, müqayisəli-hüquqi, analitik, formal-məntiqi, tarixi və s. metodlar olmuşdur. Tədqiqat konstitusiya hüququ, inzibati hüquq, maliyyə hüququ, kreditin ümumi nəzəriyyəsi, dövlət idarə edilməsi nəzəriyyələri və təcrübələri əsasında aparılmışdır.

Tədqiqatın normativ bazasını əsasən inkişaf etmiş dövlətlərin normativ hüququ aktları təşkil etmişdir.

Elmi işdə Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası, konstitusiya qanunları, bank fəaliyyətini tənzimləyən qanunları, dövlətin pul-kredit siyasətinin əsas istiqamətlərini müəyyən edən Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Prezidentinin sərəncamları, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ hüquqi aktlarına xüsusi diqqət ayrılmışdır. İşdə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarından və bank münasibətləri məsələləri ilə bağlı digər normativ aktlardan istifadə edilmişdir.

Dissertasiya işinin elmi yeniliyi dünya təcrübəsindən istifadə etməklə, bank sisteminin hüquqi tənzimləməsi mexanizminin təkmilləşdirilməsinə yeni konseptual yanaşmanın işlənilib hazırlanmasından ibarətdir.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsi zamanı bank münasibətlərinin konstitusion-hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə istiqamətlənmiş aşağıdakı elmi müddəalar müdafiəyə çıxarılmışdır:

-  Bank münasibətlərinin tənzimlənməsi bütün bank sisteminin işləməsinin səmərəlilik və rasionallıq səviyyəsinin özülünü qoyan onun konstitusion əsaslarının müəyyən edilməsi ilə başlayır. Bank qanunvericiliyinin mətnlərini hazırlayarkən dəqiq və aydın formullardan istifadə edilməsi, qanunun köməyi ilə əldə olunması nəzərdə tutulan məqsədlərin adekvat əks olunması və problemin tənzimlənməmiş qalmasına yol verilməməsi vacib şərtlərdəndir.

-  Bank fəaliyyətinin mühüm və prinsipial məsələlərinin  qanun-qüvvəli normativ aktlarla tənzimlənməsinin minimuma endirilməsi zəruridir. Ona görə ki, müəyyən məsələ ilə bağlı qanunun mövcud olmadığı halda, normativ xarakterli aktlar çox vaxt bir tərəfin – müəyyən qrup münasibətlərin tənzimlənməsi səlahiyyəti verilmiş təsisatın birtərəfli mövqeyini əks etdirmiş olur. Nəticədə hüquqi tənzimlənmənin səviyyəsinin aşağı düşməsi müşahidə olunur ki, bu da praktiki olaraq bütün təsərrüfat subyektlərinin və eləcə də, bütün əhalinin iqtisadi maraqlarına toxunan bank fəaliyyəti münasibətlərində məqbul deyil. Bütün bunlara əsasən iddia etmək olar ki,  Azərbaycan Respublikasında bank hüququ hələ də sistemləşdirilməmişdir.

-  Bankların fəaliyyətinin tənzimlənməsində kənar auditorların rolunu nəzərə alaraq, bank auditini həyata keçirən auditorların Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılması məqsədəmüvafiq olardı. Mərkəzi Banka həmin auditorların attestasiyasının aparılması da həvalə olunmalıdır. Bununla, auditor rəylərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşar. Bundan əlavə, qanunvericiliyə kənar auditorlarlarıın üzərinə bankın ödəniş qabiliyyətli olmaması və qeyri likvidliyi, eləcə də bank hesabatlarının yoxlanılmasından imtina etmə halları barədə mərkəzi banka məlumat vermə öhdəliyini müəyyən edən normalar daxil edilməlidir.

-  Bir sıra ölkələrdə zaman keçdikcə məcburi ehtiyat dərəcələri azaldılır. Fikrimizcə, Azərbaycanın da bu pozitiv, bankların vəziyyətini daha əlverişli və rəqabət qabiliyyətli edən bu təcrübədən yararlanmağa başlamasının tam zamanıdır.

-  Azərbaycan bank sistemində korporativ idarəetmə standartları ümumilikdə qənaətbəxş səviyyədə tətbiq olunsa da, prosesin dərinləşdirilməsinə və genişləndirilməsinə ehtiyac vardır.

-  Düşünürük ki, Azərbaycanda maliyyə konqlomeratlarının artımı gələcəkdə vahidləşdirilmiş sistemə keçidə zərurət yaradacaq. Təbirimizcə, bu halda vahidləşdirilmiş təcrübənin Alman modelindən faydalanmaq daha məqsədəmüvafiq olardı. Bu model funksional tənzimlənmənin zəif tərəflərini aradan qaldırır, eyni zamanda mərkəzi bankın bankların fəaliyyətinə nəzarət prosesində aktiv rolunun saxlanılmasını təmin etməklə vahidləşdirilmiş təcrübənin bir sıra çatışmazlıqlarından yan keçir. Lakin, sözsüz ki, bank sferasında qanunvericilik və hüquqtətbiqetmə təcrübəsi prosesində obyektiv mövcud olan sosial, iqtisadi, tarixi, psixoloji və digər faktorları daha hərtərəfli nəzərə almaq tələb olunur.

-   Fikrimizcə, Mərkəzi Bank ifrat tənzimləməyə meylli olmamalıdır. Belə ki, o, fəaliyyətləri daha mülayim tənzimlənən kommersiya təşkilatları ilə rəqabətdə kommersiya banklarını əlverişsiz vəziyyətdə qoymaqla onların fəaliyyətinin lüzümsuz məhdudlaşdırılmasına rəvac verməməlidir. Bundan əlavə, düşünürük ki, tənzimləyici diqqətini daha çox  bankların deyil, bank fəaliyyətinin üzərində cəmləşdirməlidir. Başqa sözlə desək - tənzimlənmə institutlardan daha çox, funksiyalarda təmərküzləşməlidir.

Bank sisteminin hüquqi tənzimlənməsi mexanizmi hüquq tətbiqetmə fəaliyyətində qarşılıqlı əlaqədə olan özünəməxsus hüquqi vasitələri özündə əks etdirir ki, onun da köməyi ilə bank sferasında məqsəd və vəzifələrin həyata keçirilməsi təmin olunur. Burada hüquqi müddəaların təkmilləşdirilməsi və konkretləşdirilməsinə istiqamətlənmiş hüquqyaratma, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı və məhkəmələri vasitəsilə həyata keçirilən spesifik hüquqi fəaliyyət kimi hüquqtətbiqetmə əsas sayılır.

Tədqiqat gedişində bankların fəaliyyətinin hüquqi tənzimlənməsinin təşkilati əsasları müəyyən edilmişdir ki, bununla, bank sferasında müəyyən forma və metodlardan istifadə edən, iyerarxik surətdə bir-biri ilə qarşılıqlı əlaqədə olan dövlət orqanlarının məcmusu başa düşülür. Bu zaman, Mərkəzi Bankın status və funksiyalarına münasibətdə kredit təşkilatlarının fəaliyyətlərinin səmərəli inkişafına mənfi təsir göstərən faktorlar göstərilmişdir.

Dövlət tərəfindən hüquqi tənzimlənmənin obyekti kimi bank fəaliyyətinin spesifik xüsusiyyətləri müəyyən edilmiş, bank sferasının dövləti-tənzimlənməsinin özünəməxsusluğu aydınlaşdırılmış, kredit təşkilatlarının fəaliyyətinə dövlətin təsirinin hədləri və sərhədləri dəqiqləşdirilmişdir.        

Bank qanunlarının normalarında bankların fəaliyyətini tənzimləyən məsələlərin daha tam və dəqiq əks olunmasının vacibliyi barədə təkliflər formalaşdırılmışdır.

Tədqiqatın təcrübi əhəmiyyəti - onun banklara olan etimadın möhkəmləndirilməsi, səmərəli, sabit və dayanıqlı bank sisteminin formalaşdırılması, iqtisadiyyatın və ümumilikdə cəmiyyətin inkişafı tələbinə cavab verən rasional bank qanunvericiliyinin yaradılması məsələlərinin həllinə istiqamətlənməsi ilə müəyyən olunur.           

Dissertasiyada qaldırılmış təkliflərdən bank qanunvericiliyi aktlarının hazırlanması və qəbulu prosesində, bank fəaliyyətinin dövlət idarəetməsi praktikasında istifadə oluna bilər. Dissertasiyanın materialları elmi-tədqiqat məqsədləri üçün tətbiq oluna bilər.   

Praktiki və elmi vəsait kimi iş sözsüz ki, bank və digər kredit təşkilatlarının  işçiləri ilə yanaşı, bir çox hüquqşünaslar, iqtisadçılar və mühasiblər, həmçinin hüquq və iqtisadiyyat sahələrində təhsil alan tələbələr və aspirantlar üçün yararlı ola bilər.   

Tədqiqatın nəticələrinin aprobasiyası. Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda yerinə yetirilmişdir. Elmi işin mühüm istiqamətləri ilə əlaqədar bir sıra məqalələr Respublikamızda və xaricdə nəşr olunan müxtəlif jurnal və elmi məqalələr məcmuələrində, o cümlədən müxtəlif konfrans materiallarında çap olunmuşdur - “Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri” Elmi Məqalələr Məcmuəsi (Bakı, Azərbaycan Respublikası); «Современное право» Elmi-Praktiki Jurnalı (Moskva, Rusiya Federasiyası); “Вестник Университета Международного Бизнеса” Beynəlxalq Biznes Universitetinin Xəbərləri (Almatı, Qazaxstan Respublikası); “Dövlət İdarəçiliyi: Nəzəriyyə və Təcrübə” Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nəşriyyatı (Bakı, Azərbaycan Respublikası) və s.   

Elmi işin strukturu tədqiqatın məqsədləri, vəzifələri və metodologiyası ilə şərtlənir və ardıcıllıqla bank sisteminin hüquqi tənzimlənməsinin bütün əsas aspektlərini əks etdirir. Dissertasiya işi girişdən, 7 paraqrafı əhatə edən 3 fəsildən, qanunvericiliyin təkmilləşdirilməsi üzrə tövsiyələrin ifadə olunduğu nəticədən və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Zənnimizcə, tədqiqat işi oxucuya bazar iqtisadiyyatının bu mühüm sferasının hüquqi tənzimlənməsinin tam mənzərəsini təqdim etmək imkanı verir.   

İşdə bankların fəaliyyətinin hüquqi tənzimlənməsi əsasında duran  kifayət qədər çətin hüquqi institutlar, konstruksiyalar və  kateqoriyalar işıqlandırılır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qəbul edilməsi və qüvvəyə minməsi və bunun ardınca “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunların qəbulu da daxil olmaqla bütün bank qanunvericiliyinin  yenilənməsi bu sahənin dərindən, hərtərəfli öyrənilməsini zəruri etmişdir.  Formalaşan bazar dövriyyəsinin tələblərini ödəyən və onun iştirakçıları üçün əhəmiyyətli təşəbbüslərə hesablanmış yeni qanunvericilik bununla yanaşı, Respublikamızın maliyyə bazarına yönələ biləcək müxtəlif sui-istifadələrə qarşı kifayət qədər dəqiq və sərt çərçivələr qoyur. Bu qanunvericilikdən vicdanlı şəkildə və təyinatına uyğun  istifadə maliyyə bazarının iştirakçılarının iqtisadi maraqlarının effektli təmin olunmasına təsir edər və eyni zamanda, onların maraqlarını haqsız rəqiblərin müdaxiləsindən müdafiə edər.

Yeni qanunvericilik və onun tətbiqi təcrübəsi bəzən həddindən artıq çətin, formalaşmış hüquq qaydamız üçün ənənəvi olmayan, heç də həmişə qəti cavabı tapılmayan suallar qoyur. Lakin, hər bir halda, müəlliflər kifayət qədər dəqiq öz mövqelərini əsaslandırırlar və ixtisaslı oxucu onların dəlillərinin inandırıcılığını müstəqil surətdə qiymətləndirə bilər. Bu mənada, işdə qanunvericiliyin və onun tətbiqi praktikasının doktrinal (elmi), daha doğrusu qeyri-rəsmi təfsiri verilir.

İŞİN ƏSAS MƏZMUNU

Girişdə dissertasiya mövzusunun aktuallığı əsaslandırılır, onun elmi işlənməsi səviyyəsi aydınlaşdırılır, tədqiqatın məqsəd və vəzifələri, nəzəri və normativ əsası müəyyən edilir, müdafiəyə çıxarılan əsas müddəalar formalaşdırılır və işin təcrübi əhəmiyyətindən danışılır.

Dissertasiya işinin birinci fəsli “Bank sisteminin hüquqi tənzimlənməsinin nəzəri aspektləri” adlanır. Həmin fəslin “Bank fəaliyyəti hüquqi tənzimlənmənin obyekti kimi” adlanan birinci paraqrafında müəllif hüquq ədəbiyyatında mövcud olan ayrı-ayrı anlayışların təhlili əsasında, qanunvericilikdə bank fəaliyyətinin hüquqi anlayışının təsbit olunmamasına diqqəti yönəldərək belə nəticəyə gəlmişdir ki, bank fəaliyyətinin iqtisadi mahiyyəti vahid bank sisteminin iştirakçıları tərəfindən pul, qiymətli kağızlar və digər valyuta dəyərləri ilə bağlı həyata keçirilən fəaliyyət sistemi kimi müəyyən edilir. Bank fəaliyyətinin iştirakçılarının xüsusi statusu qanunvericilikdə ayrıca olaraq müəyyən edilir. Bu baxımdan, bank fəaliyyəti anlayışının  qanunvericiliklə müəyyən olunmasına müəyyən tələb vardır.

Bundan əlavə, bank sisteminin tənzimlənməsi və ya tənzimlənməməsi kimi fundamental məsələyə münasibət bildirən İddiaçı qeyd edir ki, əmanətçilərin ilk gəlişdə, ilk xidmət olunma əsasında bank likvidliyinə təsir etmək imkanının olması səbəbindən, banklar mahiyyətləri üzrə qeyri-stabildirlər. Bu baxımdan, banklar nəzarətdən çıxmağa meyllidirlər, çünki əmanətçilər həmişə əsas etibarilə özlərini qorumağa çalışırlar. Bundan başqa, son nəticədə bank müvəffəqiyyətsizliyi baş verdikdə, haqlı və ya haqsız cəmiyyət həmişə tənzimləyiciləri günahlandırır. Bu baxımdan, sonrakı daha artıq, bəlkə də toksik dozada tənzimləmədən yan keçmək üçün hazırda preventiv həddə tənzimləmə dəstəklənməlidir.

A.İsayev Bank Hüququnun hazırkı statusuna dair öz yanaşmasını təqdim edərək bildirir ki, bank hüququna hüququn müstəqil sahəsi kimi baxılmalıdır. Əslində, “bank hüququ” və “maliyyə hüququ” anlayışlarını fərqləndirmək lazımdır. Birinci sahə bank sistemində bir qayda olaraq bank əməliyyatları ilə bağlı münasibətləri tənzimləyir. Ikinci sahə isə dövlətin maliyyə sisteminin təşkili və fəaliyyəti ilə əlaqədar yaranan münasibətləri tənzimləyir (dövlət büdcəsi, büdcədənkənar fondlar və s.).

Dissertasiya işinin birinci fəslinin ikinci paraqrafında Azərbaycan Respublikasında bankların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkamülünü təhlil edən müəllif XX əsrin əvvəllərində neft sənayesinin inkişafı fonunda yaranan bankların fəaliyyətinin tənzimlənməsinə, Sovet sistemi şəraitində fəaliyyət göstərən bankların hüquqi statusuna və müstəqilliyin bərpasından sonrakı dövrdə bank sisteminin hüquqi tənzimlənməsindəki çətinliklərə diqqəti cəlb etmiş və  bank sisteminin əsas elementlərinin Konstitusiyaya daxil edilməsinin daha düzgün olması qənaətinə gəlmişdir.

Bundan əlavə, müəllif düşünür ki, bank fəaliyyətinin mühüm və prinsipial məsələlərinin  qanun-qüvvəli normativ aktlarla tənzimlənməsinin minimuma endirilməsi zəruridir. Ona görə ki, müəyyən məsələ ilə bağlı qanunun mövcud olmadığı halda, qanunqüvvəli aktlar çox vaxt bir tərəfin – müəyyən qrup münasibətlərin tənzimlənməsi səlahiyyəti verilmiş təsisatın birtərəfli mövqeyini əks etdirmiş olur. Nəticədə hüquqi tənzimlənmənin səviyyəsinin aşağı düşməsi müşahidə olunur ki, bu da praktiki olaraq bütün təsərrüfat subyektlərinin və eləcə də, bütün əhalinin iqtisadi maraqlarına toxunan bank fəaliyyəti münasibətlərində məqbul deyil. Bütün bunlara əsasən iddia etmək olar ki,  Azərbaycan Respublikasında bank hüququ hələ də sistemləşdirilməmişdir.

Respublikamızın bankların özəlləşdirilməsinə cəhd göstərməsi onu göstərir ki, o, iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında sistemli şəkildə formalaşdırılmasına çalışır. Ölkənin ən iri dövlət banklarından biri olan “Kapital Bank” ASC-nin əvvəlcə dövlətsizləşdirilməsi, sonra isə özəlləşdirilməsinə baxmayaraq, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin təmsilçiliyi ilə dövlət əmlakı hələ də bank sistemində dominantlıq edir. Azərbaycan Beynəlxalq Bankının əsas göstəricilərdə üstün mövqeyi bank sektorunda digər bankların fəaliyyəti üçün çətinliklər yaradır. Bank sektorunda iri həcmli aktivlərin dövlət mülkiyyətində olan Azərbaycan Beynəlxalq Bankında cəmləşməsi və dövlətin bu bankı dəstəkləməsi azad rəqabətin təşkili və inkişafına mənfi təsir göstərir. Fikrimizcə, bank sektorunda azad rəqabətin təmin olunması məqsədilə Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prosesi yekunlaşdırılmalıdır. Kapital Bankın özəlləşdirilməsi bank sektorunda rəqabət mühitinin genişlənməsində dövlət bankının özəlləşdirilməsi yolu ilə maliyyə bazarının liberallaşdırılmasının ən mühüm faktorlardan biri olduğunu sübut etdi.

Dissertasiya işinin “Bank sisteminin hüquqi tənzimlənməsinin müqayisəli təhlili” adlanan ikinci fəslində bank sisteminin hüquqi tənzimlənməsi modelləri (funksional və vahidləşdirilmiş) arasında müqayisə aparan müəllif düşünür ki, Azərbaycan Respublikasında maliyyə konqlomeratlarının artımı gələcəkdə bank sisteminin hüquqi tənzimlənməsinin vahidləşdirilmiş sisteminə keçidə zərurət yaradacaq. Onun təbirincə, bu halda vahidləşdirilmiş təcrübənin Alman modelindən faydalanmaq daha məqsədəmüvafiq olardı. Bu model funksional tənzimlənmənin zəif tərəflərini aradan qaldırır, eyni zamanda mərkəzi bankın bankların fəaliyyətinə nəzarət prosesində aktiv rolunun saxlanılmasını təmin etməklə vahidləşdirilmiş təcrübənin bir sıra çatışmazlıqlarından yan keçir. Lakin, sözsüz ki, bank sferasında qanunvericilik və hüquqtətbiqetmə təcrübəsi prosesində obyektiv mövcud olan sosial, iqtisadi, tarixi, psixoloji və digər faktorları daha hərtərəfli nəzərə almaq tələb olunur. 

Bundan əlavə, təklif olunur ki, Respublikamızda bank holdinq şirkətlərinin fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi baza yaradılmalıdır. Həmin normativ bazada törəmə bankın müştərisinə holdinq şirkətin hər hansı bir digər törəmə müəssisəsi ilə əlavə xidmətlər haqqında müqavilə bağlanılmasının tələb edilməsinin qadağan edilməsi ilə bağlı müddəalar öz əksini tapmalıdır. Bundan başqa, törəmə bank və holdinq şirkətinin bəzi digər törəmə müəssisələri arasında əməliyyatların həcminə müəyyən məhdudiyyətlər qoyulmalıdır.  

Dissertasiya işinin ikinci fəslinin ikinci paraqrafında Azərbaycan Respublikasında bankların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsində Mərkəzi Bankın rolunu araşdıran Tədqiqatçı düşünür ki, Mərkəzi Bank ifrat tənzimləyə meylli olmamalıdır. Belə ki, o, fəaliyyətləri daha mülayim tənzimlənən kommersiya təşkilatları ilə rəqabətdə kommersiya banklarını əlverişsiz vəziyyətdə qoymaqla onların fəaliyyətinin lüzümsuz məhdudlaşdırılmasına rəvac verməməlidir. Tənzimləyici diqqətini daha çox  bankların deyil, bank fəaliyyətinin üzərində cəmləşdirməlidir. Başqa sözlə desək - tənzimlənmə institutlardan daha çox, funksiyalarda təmərküzləşməlidir.

Müəllif həm də təklif edir ki, kredit instititunu idarə etmək üçün müvafiq idarəetmə təcrübəsinə və işlək aparata, kadr potensialına, bank yaradılması üçün tələb olunan nizamnamə kapitalının müəyyən əhəmiyyətli hissəsinə, bir çox hallarda həm də filial şəbəkələrinə və s. malik olan bank olmayan kredit təşkilatlarının banka çevrilməsi üçün qanunvericilikdə sadələşdirilmiş hüquqi prosedura nəzərdə tutulmalıdır. Bundan əlavə, sözügedən prosesə bir növ əks proseslər də hesaba alınmalıdır. Belə ki, hər hansı bir bankın lisenziyası alınarkən onun bank olmayan kredit təşkilatına və ya kredit ittifaqına çevrilməsi imkanları araşdırılmalıdır.

İddiaçı qeyd edir ki, pul-kredit tənzimlənməsinin bir aləti kimi, minimal ehtiyat tələbi kommersiya banklarının depozitləri üzrə öhdəliklərinin təminatının özünəməxsus növü kimi meydana gəlmişdir. Hal-hazırda, kommersiya banklarının depozitləri üzrə öhdəliklərinin təminatının Əmanətlərin Sığortalanması Fondu tərəfindən daha effektli aparıldığından sözügedən zəmin öz aktuallığını itirmişdir. Məcburi ehtiyatlar Mərkəzi Bank tərəfindən pul siyasətinin həyata keçirilməsində istifadə olunan əsas alətlərdən biri olaraq pul kütləsini və bank sisteminin likvidliyni tənzimləyən mexanizm hesab olunur. Lakin, Mərkəzi bank milyonlarla manat pulu özündə hərəkətsiz saxlamaqla, bank sisteminin kredit vermək qabiliyyətini məhdudlaşdırır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır.

Müəllif düşünür ki, bəzi hallarda nə digər kredit təşkilatları, nə də geniş ictimaiyyət Mərkəzi Bankın bank hüququ çərçivəsində hansısa bir kredit təşkilatına qarşı sanksiya tətbiq etməsi barədə heç də həmişə məlumatlı olmamalıdırlar. Bank hüququnun spesifikliyi də bundadır. Bank fəaliyyəti bir çox hallarda müştərilərin onlara xidmət edən banklara olan etibarı üzərində qurulur. Odur ki, kredit təşkilatının maliyyə vəziyyətinin davamlılığına müştərinin əminliyi – onların müvəffəqiyyətlərinin təminatıdır. Bankda pozuntu aşkar olunduğu və ya kredit təşkilatının rəhbərinin inzibati qaydada cərimə olunduğu barədə məlumat alarkən, onlar, hətta heç bir real əsas olmadığı halda belə kredit təşkilatının sabitliyinə şübhə edə bilərlər. Bu səbəbdən də müəyyən şəraitdə, pulların hesabdan silinməsi üzrə zəncirvari reaksiya başlaya bilər. Hesab edirik ki, belə arzuolunmaz halların qarşısının alınması məqsədilə Mərkəzi Bank bəzi hallarda konfidensial surətdə kredit təşkilatı üzərinə cərimə müəyyən edə bilər. 

Dissertasiya işinin ikinci fəslinin üçüncü paraqrafında bankların iştirakı ilə bağlanılan əqdlərin hüquqi tənzimlənməsi problemlərinə toxunulmuşdur. Məlum olduğu kimi, mülki, inzibati, vergi, cinayət kimi ayrı-ayrı hüquq sahələrində də bank hüququna aid normalara rast gəlinir. Bu normalar bankların fəaliyyətinin hüquqi tənzimlənəmsi prosesində heç də az əhəmiyyətli olmayan rola malikdirlər. Təsadüfi deyil ki, bank hüququ sahəsində E.A.Suxanov, N.D.Eriaşvili və s. kimi tanınmış alimlər öz əsərlərində bankların iştirakı ilə bağlanılan əqdlərlə bağlı məsələlərə mühüm yer vermişlər. H.e.d., professor E.Y.Qraçevin də dediyi kimi, bankların fəaliyyətinin tənzimlənməsi zamanı yaranan ictimai münasibətlərin müxtəlifliyi və qarışıqlığı onların hüquqi tənzimlənməsi zamanı təkcə maliyyə hüququ deyil, həm də mülki hüquqa aid müxtəlif metodların tədbiqini tələb edir.   

Bu xüsusda, müəllif təklif edir ki, qanunvericilikdə bankın müraciət edən şəxs və ya hesaba yatırılan pulun mənbəyi barədə kifayət qədər şübhələrə malik olduqda, bu və ya digər şəxsdən əmanəti qəbul etməmək hüququ öz əksini tapmalıdır. Bundan əlavə, müqavilə şərtlərinə çirkli pulların banka qoyulmaması kimi öhdəlik də daxil edilməlidir.

Müəllif hesab edir ki, pul tələbinin güzəşti barədə müqavilənin və ya faktorinq müqaviləsinin ipotekanın dövlət qeydiyyatını aparan orqana təqdim edilməsi ipotekanın əlavə qeydiyyatının aparılması üçün kifayət etməlidir. Bunun üçün ipoteka müqaviləsində dəyişiklik aparılması tələbi bu ipoteka ilə təmin edilmiş problemli borclarla bağlı faktorinq institutunun tətbiqini faktiki mümkünsüz edir. Göstərilənləri nəzərə alaraq, qanunvericiliyə ipoteka ilə təmin edilmiş pul tələblərinin satılması zamanı ipoteka müqaviləsinə dəyişiklik edilmədən yalnız pul tələbinin güzəşti barədə müqavilənin və ya faktorinq müqaviləsinin təqdim edilməsi ilə ipotekanın əlavə qeydiyyatının aparılması mümkün edən dəyişikliyin edilməsi zəruridir.

Elmi işin üçüncü fəslində Azərbaycan Respublikasında bankların fəaliyyətinin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi məsələlərinə həsr olunmuşdur. Müəllif vurğulayır ki, dünyanı bürüyən böhran dalğaları iştirakçıları maliyyə tənzimlənməsinin strukturu barədə yenidən düşünməyə məcbur edəcək. Son on illər isə maliyyə bazarları daha da genişlənməklə faktiki olaraq hər yerdə daha mürəkkəb oldu. Getdikcə daha mürəkkəb və bir-biri ilə daha sıx bağlı olan, daim dəyişən maliyyə bazarlarını daha səmərəli tənzimləmək üçün yeni və müfəssəl məlumatların əldə olunması vacibdir. Müəllif müxtəlif ölkələrdə baş vermiş bank böhranlarını müqayisə edərək, Azərbaycan Respublikasına da şamil oluna bilən bir sıra mühüm nəticələri çıxartmışdır.

Müəllif qeyd edir ki, hələ 90-cı illərin əvvəllərindən etibarən islam ölkələrinin şirkətlərinin Azərbaycanda fəaliyyətlərini aktivləşdirməsinə, eləcə də İslam İnkişaf Bankı ilə əməkdaşlıq da daxil olmaqla, ölkədə islam banklarının inkişafı üçün əlverişli zəminlərin mövcudluğuna baxmayaraq, hələ də Azərbaycanda islam bankçılığının fəaliyyətini tənzimləyən müvafiq qanunvericilik tətbiq olunmur. İslam prinsiplərinə uyğun maliyyələşdirilmə üzrə bir çox əməliyyatlar Azərbaycan Respublikası qanunvericiliyinin imkan verdiyi həddə, ənənəvi əməliyyatlar formasında həyata keçirilir. Islam bankları üçün qənaətbəxş qanunvericiliyin olmaması və tənzimləyici orqanın islam bankı işinə xoş olmayan münasibəti Azərbaycanda fəaliyyət göstərən bankların maliyyələşmənin islami metodlarının tətbiqi ilə bağlı təşəbbüslərini məhdudlaşdırır. Təcrübə göstərir ki, islam depozitinə görə gəlirlilik dərəcəsi ənənəvi bank depozitinə görə gəlirliliyin göstəricilərindən daha yüksəkdir. Bütün qeyd olunanlara əsaslanaraq, iddia etmək olar ki, Azərbaycanda islam banklarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq qanunvericilik bazasının yaradılması məqsədəmüvafiq olardı.

Məlum olduğu kimi, praktiki olaraq bütün kredit müqavilələrində bankları maliyyə bazarının bütün mümkün neqativ təsirlərindən müdafiə edən hüquqi tədbirlər vardır. Əsas tədbirlərdən biri – Azərbaycan manatının kursunun ABŞ dollarının və / və ya Avronun kursuna bağlanmasıdır. Belə ki, bir qayda olaraq, kreditin verilmə tarixi ilə kreditin müqavilə üzrə ödəmə tarixləri arasında kreditin verildiyi valyutanın ABŞ dollarına və / və ya Avroya olan kurs fərqindən yarana biləcək zərərlərin ödənilməsi borcalanın üzərinə qoyulur. Digər müdafiə tədbiri – bazar konyunkturasının, bank bazarında və ya ölkədə maliyyə vəziyyətinin dəyişməsi halında bank tərəfindən kredit dərəcələrinin birtərəfli qaydada dəyişdirilməsidir (təbii ki, artırılma istiqamətində). Müəllif düşünür ki, banklar bu formada özlərini müdafiə etmək imkanından məhrum edilməlidir.   

Bankın qeydiyyata alındığı andan etibarən müəyyən müddət ərzində (məsələn, ən azı üç il) təsisçilərin tərkibindən çıxmağı qadağan edən müddəanın Azərbaycan Respublikasının qanunvericiliyinə daxil edilməsi naməlum mülkiyyətçilər probleminin aradan qaldırılması, eləcə də çirkli pulların yuyulması ilə mübarizə mexanizmlərinin təşkili prosesində çox səmərəli olardı.   

“Azərbaycan Respublikasının 1994-cü il pul-kredit siyasətinin başlıca istiqamətləri haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən Milli Bank tərəfindən hazırlanmalı olan “Azərbaycan Respublikası ərazisində xarici və birgə bankların fəaliyyəti qaydaları haqqında” Qanun hələ də qəbul edilməmişdir. Bank sektoruna xarici investisiyanın cəlb olunmasının təşviqi baxımından sözügedən qanunun qəbulu prosesinin sürətləndirilməsi məqsədəmüvafiq olardı.

Dissertasiya işinin üçüncü fəslinin ikinci paraqrafı Azərbaycan Respublikasında bankların fəaliyyətinin hüquqi tənzimlənməsi prosesində qarşıya çıxan əsas problemlər və onların həlli yolları ilə bağlı təkliflərə həsr olunmuşdur. A.İsayev düşünür ki, bankların və Mərkəzi Bankın maraqlarının üst-üstə düşməməsi sağlamlaşdırma proseduralarının müvəffəqiyyətliliyinə təsir edən ciddi problem olaraq qalmaqdadır. Bir çox hallarda bank özü və ya onun mülkiyyətçiləri nəinki müvəqqəti inzibatçının təyin olunmasında, hətta sağlamlaşdırılmada maraqlı olmurlar. Bu baxımdan, sağlamlaşdırılmada bu və ya digər şəkildə iştirak edən Mərkəzi Bankın nümayəndələri öz fəaliyyətləri ilə banka zərər vurmamaları barədə daha çox fikirləşməlidirlər.

Bankların fəaliyyətinin tənzimlənməsində kənar auditorların rolunu nəzərə alaraq, Azərbaycanda bank auditini həyata keçirən auditorların Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılması məqsədəmüvafiq olardı. Kənar auditin üzərinə kreditlər üzrə ehtiyatların yaradılmasını qiymətləndirmək, bankda risklərin ölçülməsi və idarə edilməsi adekvatlığını təsdiq etmək və s. bu kimi vəzifələrin qoyulması auditordan müvafiq sahəyə dair biliklərə malik olmağı tələb edir. Mərkəzi Banka həmin auditorların attestasiyasının aparılması da həvalə olunmalıdır. Bununla, auditor rəylərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşar.

Qaydaların kənar auditorun üzərinə bankın əmanətçilərinin və kreditorlarının maraqlarını mühüm təhlükə altına alan öhdəliklərinin yerinə yetirilməsi imkanlarına, habelə onun likvidlik mövqeyinə mənfi təsir edə bilən və ya bankın məcmu kapitalını mövcud qanunvericiliklə tələb olunan minimum həddən aşağı endirən aşkar edilmiş hər hansı mühüm pozuntular, itkilər və qanuna zidd olan fəaliyyət haqqında Mərkəzi Banka məlumat vermək öhdəliyi qoyması da təqdirəlayiq olardı. Bundan əlavə, qanunvericiliyə kənar auditorlarlarıın üzərinə bankın bank hesabatlarının yoxlanılmasından imtina etmə halları barədə Mərkəzi Banka məlumat vermə öhdəliyini müəyyən edən normaların da daxil edilməsi məqsədəmüvafiq olardı.

Banklar haqqında Azərbaycan Respublikasının Qanununun 24.1 maddəsində bankın səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan məsələlər sadalanır. Lakin, qanunun 24.2 maddəsi ilə bir sıra müstəsna səlahiyyətlərin Müşahidə Şurasına həvalə edilə bilinməsi imkanından danışılması paradoksal görünür. Bu baxımdan, qanuna dəyişiklik edərək ümumi yığıncağın müşahidə şurasına və ya digər orqana həvalə edilə bilən səlahiyyətlərini müstəsna səlahiyyətlər sırasından çıxartmaq lazımdır

Bundan əlavə, müəllif Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda korporativ idarəetmə standartlarının tətbiqindəki  əsas problemləri müəyyən etmişdir. Bundan başqa, o, Azərbaycan Mərkəzi Bankının kiçik bankların birləşdirilməsi üçün effektli tədbirlər həyata keçirilməsi, bir çox valyuta mübadilə şöbələrinin bankların lövhəsi altında işləmələrinin qarşısını alacaq effektiv normativ baza işlənib hazırlanması və s. məsələlərlə bağlı təkliflərini təqdim etmişdir.



Dissertasiya işinin nəticə hissəsində müəllif tərəfindən tədqiqat zamanı əldə olunan əsas elmi müddəalar, eləcə də bank sisteminin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı praktiki xarakterli təkliflər irəli sürülmüşdür.   
Yüklə 88,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə