“e-hökumət” quruculuğu yolun(d)a “daş” qoyanlar…-araşdirma



Yüklə 33,2 Kb.
tarix06.02.2018
ölçüsü33,2 Kb.
#26603

“E-Hökumət” quruculuğu yolun(d)a “daş” qoyanlar…-ARAŞDIRMA


c:\users\administrator\desktop\eeeeeee.jpg

“Rəis məşğuldur”, “başçı qəbula gedib”, “müraciətinizə hələ baxılmayıb”, “bu gün gedin, sabah gələrsiz”, “cənab rəis bu gün olmayacaq”, “gözləməyə dəyməz”, “sədr ərazidədir”, “görmürsünüz, qonağı var” kimi sözlər vətəndaşların məmur qapılarında ən çox eşitdikləri kəlmələrdir. Hələki Azərbaycanda bəzi idarə rəisləri, müdirlər əsas qapıdan girib, vətəndaşın aylarla baxılmamış müraciətinə cavabdan yayınmaq üçün arxa qapıdan çıxsa da, artıq “Elektron Azərbaycan “Dövlət Proqramı onların çoxunun “arxa qapı”sına açılması mümkün olmayan bir “qıfıl” vurub. Hansı ki, “e-hökumət” (https://www.e-gov.az/ ) bu “qıfıl”la artıq 42 dövlət qurumunun 358 xidmətini vətəndaşlara nazirlik və idarələrinin qapısına getmədən yararlanmaq imkanı yaradıb. Amma bu hələ yaxşı mənada söyləsək “jurnalıdır”. 2013-2015-ci illərdə daha da genişləndirilməsi nəzərdə tutulan "Elektron-hökumət” layihəsi yaxın gələcəkdə bizlərin canını dövlət qurumlarının qapısına ayaq döyməkdən, məmurlarla canlı təmasdan xilas edəcək. Qeyd edək ki, E-hökumət” layihəsi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanıb və "Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bəlkə də illər öncə çoxlarına hansısa idarənin qapısına getmədən həmin qurumun xidmətini virtual məkanın yaratdığı imkanlar vasitəsilə almaq, Azərbaycanda qurulmuş "Elektron hökumət”in sayəsində əldə etmək xəyal kimi görünərdi. Amma e-hökumətin günü-gündən inkişafı sayəsində çoxumuzun xəyal kimi düşündüklərimiz real həyatda gerçəkliyə çevrilməkdə davam edir. Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasovun təbirincə desək, "2020-ci ilədək dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin bütünlüklə "Elektron Hökumət” vasitəsilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80 faizə çatdırılması nəzərdə tululub”.


Hökumətin “qonaqlı-qaralı” ünvanı- https://www.e-gov.az

c:\users\administrator\desktop\ffffff.jpg


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) verilən statistik məlumata görə, https://www.e-gov.az-ın statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin sentyabr ayının 30-ə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 2,645 769 daxilolma qeydə alınıb. https://www.e-gov.az/-a müraciət edənlərin ümumi sayı isə 935,230 nəfər olub. Belə ki, 935,230 nəfər ümumən 2,645,769 dəfə portala baxıb və 5,064,756 elektron xidmətə müraciət ediblər.

“Elektron Azərbaycan”nın üz qaraları

c:\users\administrator\desktop\ehhhh.jpg


Göründüyü kimi, vətəndaşlar https://www.e-gov.az/ portalının elektron qapısını döyməyə maraqlı olsalar da, bəzi qurumlar hər vəchlə bu qapının vətəndaşların üzünə bağlı qalmasına çalışırlar. Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, TQDK kimi qurumlar demək olar ki, “e-hökumət” quruculuğuna öz töhvələrini verərək adlarını https://www.e-gov.az/-ın şərəf lövhəsinə yazdıra biliblər. Amma bircə xidmətini belə portala inteqrasiya etməkdə aciz qalan dövlət qurumları hələ də var ki, onları “Elektron Azərbaycan”ın üz qarası saymaq olar. Əvvəlki illərdə olduğu kimi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “elektron-hökumət”ə keçidin hələ astanasına belə gəlib çata bilməyib.

Öz veb saytlarında var, https://www.e-gov.az/-da yox

c:\users\administrator\desktop\errrrr.jpg


Maraqlı məqam ondadır ki, təsdiqlənən e-xidmətlərin çoxu qurumların öz elektron saytında yerləşdirilsə də, portala inteqrasiyası, gerçəkləşməsi mümkünsüz bir işə çevrilib. E-hökumət portalının 22-ci bülletenindəki məlumatlar təsdiqləyir ki, NK-nın müvafiq qərarı ilə təsdiqlənmiş 446 elekrton xidmətdən portala indiyədək 374-i yerləşdirilib. Halbuki, təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı 475-dir. Araşdırmamız göstərir ki, Mədəniyyət və Turizm Nazirliyinin saytındakı interaktiv xidmətlər bölməsində e-hökumətə inteqrasiya edilməli olan xidmətlər yer alıb. Amma, hələki vahid məkana inteqrasiyası baş tutmayıb. Maliyyə Nazirliyinin də təsdiqlənən elektron xidmətlərini onun elektron saytında almaq mümkündür. Amma saytda yer alan bu xidmətlər e-hökumətdə yoxdur. Götürək ölkənin güc strukturlarından olan Daxili İşlər Nazirliyini. Bu nazirliyin 20-dən çox elektron xidməti təsdiqlənsə də, nazirliyin cəmi cümlətanı 2 xidməti e-hökumət portalında var.

Alayarımçıq elektronlaşanlar...

c:\users\administrator\desktop\ddddd.jpg


Apardığımız araşdırma göstərir ki, vətəndaşlar e-hökumət portalında xidmət təklif edən qurumların heç də hamısının xidmətindən problemsiz, bir düyməni basmaqla istifadə edə bilmir. Adı portalda olsa da, elə xidmətlər var ki, onlardan https://www.e-gov.az/ istifadə zamanı manələr ortaya çıxır. Məsəslən, götürək Ədliyyə Nazirliyinin “Nikahın pozulması üçün elektron müraciət”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən məlumatların verilməsi”, “Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət”, “Notariat kontorları və notariat hərəkətlərinin aparılması barədə məlumatın verilməsi”, “Ölüm haqqında aktın alınması üçün elektron müraciət”, “Doğumun qeydiyyatı üçün elektron müraciət” kimi xidmətlərini. Bu xidmətlərin hər birindən istifadə edərkən, “brouzerin özünü bloklama funksiyasını deaktiv etmək lazımdır” sözləri qeyd edilir.

Eləcə də, “Elektron-hökumət” portalı vətəndaşlar üçün dövlət qurumlarının göstərdiyi xidmətləri əldə etməkdə ən rahat və sərfəli məkan olsa da, bəzən portal istifadəçiləri adları portalda olan qurumların qapısını virtual yox, canlı döymək məcburiyyətində qalır. Səbəb isə hələ də, adı e-hökumət portalında olan qurumların vacib, vətəndaşların dah çox yararlandığı xidmətlərinin https://www.e-gov.az/-da olmamasıdır. Bu günədək Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin “ Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu” xidməti hələki “e-hokumət”ə inteqrasiya olunmayıb. Xarici İşlər Nazirliyi neçə ildir ki, təsdiqlənmiş 3 xidmətdən ancaq birini e-hökumət portalına inteqrasiya edib. Dövlət Miqrasiya Xidməti isə təsdiqlənən 10 xidmətdən ancaq birini portala inteqrasiya edə bilib ki,bu da ölkəyə gələn əcnəbilərdə “E-Azərbaycan”quruculuğu ilə bağlı mənfi təəssürat formalaşdırır. Təhsil Nazirliyinində 5 elektron xidmətindən indiyədək 2-i portala giriş imkanı qazanıb. Nəqliyyat Nazirliyinin isə təsdiqlənmiş 5 xidmətindən biri, hətta deyərdim ən vacibi olan “Dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı” portalda yoxdur. Qeyd edək ki, nazirlik vətəndaşların daha çox istifadə etdiyi bu xidməti öz veb saytı vasitəsilə istifadəyə versə də, vətəndaşların işinə yaramır. Bu yaxınlarda “Dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı” elektron xidmətindən istifadə edən bir sərnişin, Vüqar Abdullayev deyir ki, elektron sifariş etdiyi bileti sonda gedib Dəmiryol Vağzalından kassadan alıb: “Nəqliyyat Nazirliyinin e-xidmətlər bölməsinə daxil olub "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bilet satışı-internet saytına daxil oldum. Əməliyyatları uğurla apararaq, bilet haqqını onlayn ödəyyib Bakı-Qazax reysinə onlayn bilet sifariş verdim. Qeyd olundu ki, məlumat mailinizə gələcək. Az keçməmiş mailimə daxil olan məlumatı açıb oxuduqda gözlərimə inanmadım. Mailimə qurumdan gələn məlumatda, elektron yolla sifariş verdiyim bileti, qatar tərpənməzdən bir saat öncə almaq üçün kassaya yaxınlaşmalı olduğum bildirilirdi.Təəccüb məni bürüdü ki, elə kassadan bilet alacaqdımsa nazirliyin təklif etdiyi bu e-xidmətin nə əhəmiyyəti var?”.


Vacib xidmətlər “e-hökumət”dən gizlədilir

c:\users\administrator\desktop\ssssssss.jpg


Dövlət Gömrük Komitəsinin də NK tərəfindən təsdiqlənən xidmətlərini e-hökumətdə tapmaq mümkün deyil. İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu da, bəzi qrurumların vətəndaşların kütləvi şəkildə ehtiyac duyduğu xidmətləri nəinki elektron hökumətə inteqrasiya etməkdə, ümumiyyətlə elektronlaşmaqda maraqlı olmadığını söyləyir. Mütəxəssis deyir ki, məmurlar məqsədli şəkildə ölkəyə daxil olan avtomobillərin rüsumlarının elektron şəkildə qeydiyyatdan keçirilməsi, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də, avtomobilərin yeni nömrələrinin qeydiyyatdan keçirilməsi kimi xidmətləri nəinki e-hökumətə inteqrasiya etməkdə, ümumiyyətlə elektronlaşdırmaqda maraqlı deyillər: “Vətəndaşların kütləvi şəkildə istifadə etdikləri xidmətlər məmurların nəzarətindən çıxıb elektronlaşmadığından, korrupsiya halları hələ də mövcuddur. E-hökumətin korrupsiyanın qarşısına keçilməz sədd çəkdiyini yaxşı başa düşən məmurlar imkan olduqca, rüşvətə əl yeri olan xidmətləri elektronlaşdırmaqdan, e-hökumətdən kənar tutmağa çalışırlar.

C. İsmayıloğlu bu gün işi birbaşa vətəndaşlarla işləməkdən ibarət olan, hökumətin yerlərdəki səlahiyyətli nümayəndələri olan icra hakimiyyəti orqanlarının öz xidmətlərini elektronlaşdırmamasının e-hökumət quruculuğunu ləngitdiyini söyləyir: Bu sistem sadə vətəndaşlara rahatlıq gətirdiyi halda, cəmiyyətdə illərlə kök salmış bürokratik qüvvələrə sərf etmir. Çox təəsüf ki, icra hakimiyyəti orqanları vətəndaşların kütləvi istifadə etdikləri iki xidməti belə öz veb saytlarında elektron formada təklif edə bilmirlər. Bələdiyyələrin isə əksəriyyətinin adi elektron saytı belə yoxdur. Türkiyədə bələdiyyələr vətəndaşlara “e-devletkapısı” üzərindən xidmət göstərdiyi halda, bizdə saytı olan bələdiyyələr bir xidmətlərini belə elektronlaşdıra bilməyib”.

Yeni e-xidmətlər yaradılmalır

c:\users\administrator\desktop\vvv.jpg


Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın üzvü, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də deyir ki, elə dövlət qurumları var ki, ümumiyyətlə onların indiyədək “Elektron hökumət” portalı vasitəsilə təqdim etdikləri elektron xidmətlərdən demək olar ki heç kim istifadə etməyib: “Və ya cüzi sayda insanlar bu xidmətlərdən yararlanıb. Bu kifayət qədər düşündürücü və xoşagəlməz bir vəziyyətdir. Elektron xidmətlərdən istifadə səviyyəsinin aşağı olması, xidmətin sosial-ictimai əhəmiyyətinin az olması, dövlət qurumu tərəfindən vacib xidmətlərin elektron formaya keçirilməməsi vətəndaşların “e-hökumət”dən yararlanaraq vacib xidmətləri portal üzərindən almaq imkanını məhdudlaşdırır. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın VXSİ Dövlət Agentliyi və RYTN-ə təqdim etdiyi təkliflərdə bu məsələ də nəzərdə tutulub”.

Apardığımız araşdırmalar göstərir ki, yeni elektron xidmətlərin yaradılması günün tələbidir. Məsələn, bu gün yerli icra hakimiyyəti orqanlarında və icra nümayəndəliklərində arayışların elektron yolla verilməsi vətəndaşların işini asanlaşdırmaqla yanaşı onları qurumun qapısına qədər getməkdən xilas edərdi. ƏƏSMN-nin tabeliyində olan qurumların, İnternat Evləri və Pansionatların, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin xidmətlərinin elektronlaşaraq portala inteqrasiyası vacibdir. Sahibkarların sözlərinə görə, iaşə obyektlərinə elektrik enerjisinin verilməsinə razılıq aktını verən Energetika Nazirliyinin “Dövlət Enerji Nəzarəti” İdarəsinin e-xidmətlər təklif etməməsi çox vaxt rüşvət və süründürməçiliyə səbəb olur. Nazirliyin tabeliyində olan “Dövlət Qaz Nəzarəti” İdarəsinin də xidmətlərinin elektronlaşaraq portala inteqrasiyası tələb olunur. Dövlət Neft Şirkətinində isə neftçilərə evlərin verilməsi ilə bağlı e-növbə xidmətini yaradılması zəruridir. Eləcə də, Ədliyyə Nazirliyində nikah şəhadətnaməsinin sürətinin əldə edilməsi üçün xidmətin olmaması respublika üzrə bütün Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı idarələrinin (VVADQİ) xidətlərinin elektronlaşaraq vahid məkana inteqrasiyasını vacib edir.

O. Gündüzün sözlərinə görə, “Elektron hökumət” portalını analiz edəndə diqqəti cəlb edən məqamlardan birisi də ondan ibarətdir ki, uzun müddətdən bəri təsdiq olunan xidmətlər siyahısından qurumun öz saytında olanlar parametri dəyişmək bilmir: “Bu isə o deməkdir ki, hökumət tərəfindən təsdiq edilən və sayı təxminən 450 olan olan xidmətlərdən elə təxminən 80 xidmət uzun müddətdir ki, elektron formaya keçirilmir. Yəni, əslində təsdiqlənən xidmətlərin elektron formaya keçirilməsi, portala inteqrasiyası ilə bağlı Prezident fərmanları və hökumətin qərarları olmasına baxmayaraq icra yoxdur”.

O. Gündüz deyir ki, hansı qurumun daxili resursları varsa onlarda elektron xidmətlər irəliləyir. Hansında daxili resurslar yoxdur bu proses ləngiyir: “Bundan əlavə, Prezidentin ölkədə dövlət qurumları tərəfindən offlayn olaraq, klassik formada təqdim edilən xidmətlərin elektron reyestrinin yaradılması ilə bağlı fərmanından artıq 1 aydan çox vaxt keçib. Hələlik ölkədəki mövcud xidmətlərin siyahısı açıqlanmayıb”.


https://www.e-gov.az/-ı populyar etməyin yolu...

c:\users\administrator\desktop\yyyy.jpg


Mütəxəssislərin sözlərinə görə, “e-hökumət”i daha populyar, daha işlək etməyin yolu vətəndaşlara “hava-su” kimi vacib olan xidmətlərin portala inteqrasiyasından keçir. C. İsmayıloğlunun sözlərinə görə, əgər vətəndaşlar gündəlik istifadə etdikləri xidmətləri portalda görsələr, https://www.e-gov.az/ heç bir reklam, filan olmadan populyarlaşaraq virtual “Asan xidmət” ünvanına çevriləcək. Məsələn, qonşu Rusiyada “e-hökumət” qurularkən dövlət qurumlarında “e-kabinet”lər yaradılıb. Həmin idarə və təşkilatlara üz tutan vətəndaşlara xidmət “e-kabinet”dən elektron yolla göstərilərək bu vərdişlərin həm dövlət qurumlarında, həm də vətəndaşlarda aşılanmasına təkan verilib. Azərbaycanda hələ dövlət qurumlarının xidmətlərinin “E-hökumət”ə keçidi tam başa çatmasa da, qardaş Türkiyədə barmaqla sayılacaq qədər xidmət bu ölkədə 2008-ci ildən xidmətə başlayan "e-Devlet Kapısı” portalı üzərindən vətəndaşlara göstərilmir.

c:\users\administrator\desktop\tttttt.jpg

Bu gün Türkiyədə https://www.turkiye.gov.tr/ portalında qeydiyyatdan keçən 19.447.147 istifadəçi portal üzərindən 1028 xidməti bir düyməni basmaqla əldə edir. Artıq Türkiyədə qurulan e-devletdə “Cumhurbaşbakanlığı” və “Başbakanlıq” da öz xidmətləri ilə təmsil olunur. Bu ölkənin bütün bələdiyyələri öz elektron xidmətləri ilə https://www.turkiye.gov.tr/ portalına inteqrasiya edib. Portalda “Yükseköğretim Kurulu Başkanlığı”nın universitetlərə e-qeydiyyat xidməti var ki, tələbə adını qazananlar ali məktəbə getmədən universitetə qeydiyyata düşə bilirlər. Ümumiyyətlə araşdırmamız göstərir ki, Azərbaycanda Təhsil Nazirliyinin https://www.e-gov.az/-a öz xidmətlərini inteqrasiyası ilə, Türkiyənin Milli Egitim Bakanlığının https://www.turkiye.gov.tr/-da xidmətləri arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından fərq böyükdür. Qardaş ölkənin Milli Egitim Bakanlığı öz elektron saytından verdiyi xidmətlərə də https://www.turkiye.gov.tr/-dan keçid etmək imkanı yaradıb. Bu qurumun http://www.meb.gov.tr internet saytı vasitəsilə valideyn və şagirdlərə verdiyi elektron xidmətlərin hələ mində birini Azərbaycanın Təhsil Nazirliyinin http://edu.gov.az saytından əldə etmək mümkün deyil. Artıq qardaş ölkədə 1-ci sinfə gedəcək şagirdlərin qeydiyyatı internet üzərindən “e-okul vbs” sistemi vasitəsilə həyata keçirildiyi halda, Azərbaycanda valideynlər hələ də, 1-ci sinfə gedəcək uşağını məktəbə yazdırmaq üçün ümumtəhsil ocaqlarının qapısını bir neçə dəfə döyməli olurlar. Türkiyədə orta təhsil müəssisələrində qurulan bu elektron sistem ali məktəblərdə daha mükəmməl formada davam etdirilir. Türkiyədə demək olar ki, bütün universitetlərin elektron saytında “Tələbə məlumat sistemi” var. Bir sözlə burada ali təhsil müəssisələrində elektron sistem elə yaradılıb ki, tələbə məsafədən asılı olmayaraq, universitetlə əlaqədə olmaq imkanı əldə edir. Azərbaycanda isə dövlət ali təhsil müəssisələrində bu sistemi qurmaq hələki mümkün olmayıb. Özəl ali təhsil müəssisələrindən Qafqaz və Xəzər Universitetləri “Tələbə Məlumat Sistemi” yaratmağa nail olub ki, məhz bu səbəbdən hər iki ali təhsil ocağı rahatlıqla tələbələrlə internet üzərindən təmasa keçə bilir.



Zülfiyyə Quluyeva
Yüklə 33,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə