İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95
www.jpis.az 87
UOT 004.65:006.72:80
Qurbanova Ə.M.
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
afruz@iit.ab.az
QLOBALLAŞMA ŞƏRAİTİNDƏ AZƏRBAYCAN DİLİNƏ TERMİNOLOJİ
TƏHLÜKƏLƏR HAQQINDA
Məqalədə “dil sisteminin təhlükəsizliyi” anlayışı milli təhlükəsizlik, informasiya təhlükəsizliyi,
dili seçmə müstəqilliyi və dil siyasəti problemləri kontekstində təhlil olunmuşdur. Hazırda gedən
qloballaşma prosesinin dünya dillərinə təsiri və beynəlxalq təşkilatlar tərəfindən dillərin
qorunması ilə bağlı bir sıra mühüm sənədlərin qəbul olunması məsələlərinə toxunulmuşdur.
Müasir dövrdə dünya dillərinin terminologiyası sahəsində mövcud problemlər araşdırılmış və
onların həlli yolları müəyyənləşdirilmişdir. Azərbaycan dilinin qorunması və inkişafı
istiqamətində dövlət tərəfindən atılan addımlar önə çəkilmişdir. Virtual məkanda Azərbaycan
dilinin təsbit olunması və onun terminoloji bazasının qorunması ilə əlaqədar bir sıra tövsiyələr
verilmişdir.
Açar sözlər: dil sisteminin təhlükəsizliyi, dil siyasəti, çoxdillilik, birdillilik, beynəlxalq termin.
Giriş
XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlləri qloballaşmanın yüksək səviyyəsi ilə
xarakterizə olunur. Bu dünyada geosiyasi və sosial-mədəni vəziyyətin kəskin dəyişilməsi, eyni
zamanda, iqtisadi inkişafın yüksək tempi, istehsalın və texnologiyanın yüksəlişi
ilə əlaqədardır.
Cəmiyyətin inkişafının müasir mərhələsində qloballaşma ümumdünya iqtisadi, siyasi və
mədəni inteqrasiya və unifikasiya proseslərini özündə əks etdirir. Sərhədlərin açılması və
genişlənməsi xalqların mədəni həyatında əhəmiyyətli dəyişikliklərə, mədəniyyətlərarası
əlaqələrin genişlənməsinə səbəb olmuşdur. Qloballaşma prosesinin və mədəniyyətlərarası
kommunikasiyanın sürətlənməsi ilə milli dildə də dəyişikliklər baş verir. İlk növbədə, dəyişiklik
dilin leksik tərkibinə, əsasən də, milli və xarici sözlərin qarşılıqlı münasibətlərinə aiddir [1].
Belə bir dövrdə dilin qorunması, onun leksik tərkibinin yad sözlərlə doldurulmasının
qarşısının alınması, bu istiqamətdə müəyyən məsələlərin həlli vacibdir.
Tədqiqat işində əsas məqsəd qloballaşma şəraitində Azərbaycan dilinin terminoloji
bazasına təhlükələrin müəyyənləşdirilməsi və müvafiq təklif və tövsiyələrin verilməsidir.
Bu məqsədlə təhlükəsizliyin digər növləri ilə yanaşı, dil sisteminin, dilin təhlükəsizliyi
müxtəlif aspektlərdən təhlil olunmuşdur. Dil üçün əsas təhlükələr göstərilərək, dil siyasətinin bu
təhlükələrin aradan qaldırılmasında rolu müəyyənləşdirilmişdir.
Qloballaşma prosesinin dünyadakı dillərə təsiri, dillərin qorunması istiqamətində
YUNESKO tərəfindən həyata keçirilən bir sıra layihə və proqramlar, qəbul edilən mühüm
sənədlər təhlil edilmişdir. Bu qurumun tərəfindən “Dillərin yaşama qabiliyyəti və yox olması”
sənədi və “Yox olmaq təhlükəsi altında olan dillərin Atlası”nın işlənilməsi dillərin qorunması
istiqamətində mühüm addımdır.
Məqalədə dilin virtual məkanda təsbit olunması dilin qorunması və inkişafı istiqamətində
əsas məsələlərdən biri kimi qiymətləndirilərək, İnternetdə dillərin reytinq cədvəli verilmişdir.
Həmçinin Azərbaycan dilinin qorunması istiqamətində dövlət tərəfindən atılan addımlar önə
çəkilərək, dilimizin istifadə olunma arealının və virtual məkanda yayılmaq imkanlarının kifayət
qədər geniş olması təhlil edilmişdir.
Dilin qorunması və inkişafı istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsində
terminologiya fəaliyyətinin mühüm missiya daşıdığı, elmi-texniki tərəqqi ilə terminologiyanın
daim inkişaf etdiyi, yeniləndiyi önə çəkilmiş, son zamanlar dünya dillərinin terminologiyasında
baş verən proseslər təhlil olunmuş, terminologiya fəaliyyətinə informasiya texnologiyaları
mövqeyindən yanaşmanın zəruriliyi əsaslandırılmışdır.
İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95
88 www.jpis.az
Azərbaycan dilinin tətbiqi, inkişafı və digər problemlərinin həlli istiqamətində təklif və
tövsiyələr verilmişdir.
Dil sisteminin təhlükəsizliyi
Təhlükəsizlik termini altında mürəkkəb sistemin elə vəziyyəti başa düşülür ki, bu zaman
daxili və xarici faktorların fəaliyyəti sistemin pisləşməsinə və ya onun fəaliyyətinin və
inkişafının qeyri-mümkünlüyünə gətirmir. Təhlükəsizlik - şəxsiyyətin, cəmiyyətin, təşkilatın və
s. mühüm həyati maraqların potensial və real mövcud təhlükələrdən müdafiə olunması və ya belə
təhlükələrin olmaması halıdır. Təhlükəsizliyin bir sıra növləri var: şəxsi
təhlükəsizlik, milli
təhlükəsizlik, iqtisadi təhlükəsizlik, sosial təhlükəsizlik, siyasi təhlükəsizlik, ekoloji
təhlükəsizlik, informasiya təhlükəsizliyi, hərbi təhlükəsizlik, beynəlxalq təhlükəsizlik və s. Dil
sisteminin, dilin təhlükəsizliyi - nisbətən yeni anlayışdır, elmi ədəbiyyatda sistemli təsviri
yoxdur. Dil sisteminin təhlükəsizliyi anlayışı çox hallarda milli təhlükəsizlik, informasiya
təhlükəsizliyi, diliseçmə müstəqilliyi və dil siyasəti problemləri kontekstində müzakirə olunur
[2]. Akademik müzakirələrdə dil sisteminin təhlükəsizliyi - ya müxtəlif növ təhlükələr üçün
obyekt, ya da təhlükəsizliyin əldə edilməsi (dəstəklənməsi) üçün şərtdir. Başqa sözlə, dilin
özünün təhlükəsizliyinin qorunması ilə yanaşı, onun digər növ təhlükəsizliklərin təmin
olunmasında rolu da çox əhəmiyyətlidir.
2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr hadisəsində urdu, hindi və s. dillərdə təcrübəli
tərcüməçilərin çatışmazlığı Nyu-Yorkda Ümumdünya ticarət mərkəzinə hücumun qarşısını
almağa mane oldu. Belə ki, dəhşətli hadisənin qarşısını almağa kömək edə biləcək sənədlərin
yaxşı tərcümə edilməməsi ABŞ-ın milli təhlükəsizliyinə xətər gətirdi.
Fransada 1970-1980-ci illərdə ingilis dilinin qarşısıalınmaz şəkildə geniş yayılması
cəmiyyət tərəfindən doğma ana dilinin itirilməsi təhlükəsi kimi qarşılandı və 1994-cü ildə fransız
dilinin qorunması haqqında qanun (J.Tubon qanunu) qəbul olundu. Parisin küçələrindən ingilis
dilində lövhələrin çıxarılması, hətta ingilis şirkətlərinin adlarının fransız dilinə tərcümə olunması
qərarı verildi.
Müxtəlif ölkələrin (regionların) informasiya texnologiyaları və ya informasiya mənbəyinə
qeyri-bərabər çıxışı və ya İnternetdə təqdim olunan dili (dilləri) bilməməsi İqtisadi biliklərə
əsaslanan cəmiyyət üçün təhlükə informasiya bərabərsizliyi yaradan saəbəblərdən biri sayılır.
Hazırkı dövrdə dilin qorunması və inkişafı Avropa Birliyinin dil siyasəti kimi elan edilir.
Bu sahədə müvəffəqiyyət əldə etməyin əsas yolu birdən çox xarici dilin öyrənilməsi və dil
öyrənilməsinin yetkin yaşlarda da davam etdirilməsidir.
Dil üçün əsas təhlükə aşağıdakılardır:
şifahi və yazılı nitqin xarici sözlərlə doldurulması, belə ki, reklamda, ticarət
müəssisələrinin adlarında, məişətdə və peşəkar ünsiyyətdə, kütləvi informasiya
vasitələrinin mətnlərində, həmçinin ictimai və siyasi xadimlərin rəsmi çıxışlarında,
televiziya aparıcılarının nitqində, elmi ədəbiyyatda və s. yabançı sözlərdən istifadə
olunması;
nitqin kriminallaşması, nitqin kriminal dünyanın təmsilçiləri üçün xarakterik olan jarqon
ifadələrlə həddən artıq doldurulması; Həm gənc, həm də yaşlı nəslin nümayəndələrinin,
bəzən rəsmi şəxslərin nitqlərində təsadüf edilir, əsasən onlayn ünsiyyət zamanı dəb
halını alır;
əhalinin savadlılıq səviyyəsi və nitq mədəniyyətinin aşağı düşməsi, bu isə məktəblərdə
ana dilinin tədrisinin aşağı düşməsi ilə əlaqədardır.
Yuxarıda sadalanan problemlər ölkənin milli birliyinin, mənəvi mədəniyyətinin və
intellektual potensialının dağılmasına səbəb olur, bu halda dilin təhlükəsizliyinin təmin olunması
milli təhlükəsizliyin əsas məsələlərindən birinə çevrilir.
Dil siyasətinin dilin meydana gələn təhlükələrdən qorunmasında böyük rolu var. Bu siyasət
dövlətdə və cəmiyyətdə dil sisteminin problemlərinin həlli üzrə ideoloji prinsip və praktiki
İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95
www.jpis.az 89
tədbirlərin məcmusu kimi müəyyən edilir.
Beləliklə, dil sisteminin təhlükəsizliyi – çoxölçülü, kompleks anlayışdır və xüsusiyyətləri
çox zaman ölkədə sosial linqvistik vəziyyətlə müəyyən olunur.
Dünya dillərinin mövcud vəziyyəti və istifadə səviyyəsi
Dünyada gedən qloballaşma prosesinin dünyadakı dillərə təsiri nəticəsində hazırda mövcud
olan təxminən altı mindən çox dilin yarıdan çoxu yox olmaq təhlükəsi ilə üzləşib [3]. İlkin
olaraq, bu risk qrupuna kiçik xalqların dilləri düşür. Buna görə də YUNESKO yox olmaq
təhlükəsi ilə üzləşən dillərin ümumi vəziyyətini izləməyi və bu problemlərin aradan qaldırılması
yollarını araşdırmağı qarşıya məqsəd qoymuşdur. Çünki ən az istifadə olunan dillər də, heç
şübhəsiz ki, öz-özlüyündə müəyyən bir mədəniyyətin təzahürüdür. Dünya ictimaiyyətinin
diqqətini bu problemə yönəltmək, həmçinin lazımi tədbirlər görmək məqsədilə YUNESKO-nun
təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 21 fevral “Beynəlxalq ana dili günü” kimi qeyd edilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan da bu təşəbbüsə qoşulmuşdur. Bu günün qeyd
edilməsində əsas məqsəd dil və mədəniyyət müxtəlifliyinin müdafiəsi və qorunmasıdır.
Bu istiqamətdə bir sıra sənədlər – “Mədəniyyət müxtəlifliyinin ümumi Bəyannaməsi”
(2001) [4], “Qeyri-maddi mədəniyyət irsinin qorunması üzrə Konvensiya” (2003) [5],
“Çoxdilliliyin yayılması və istifadəsi və kiberməkana əlyetərlik üzrə Tövsiyə” (2003) [6] qəbul
edilmişdir.
Ümumiyyətlə, dillər yaşama qabiliyyətinə görə müxtəlif qruplara bölünür. Bəs yox olan
növləri hansı meyar və prinsiplərə görə aşkarlamaq olar?
2002-2003-cü illərdə YUNESKO dillərin yaşam qabiliyyətinin təyin edilməsi məqsədilə
metodologiyanın işlənilməsi üçün Beynəlxalq Linqvistlər qrupuna müraciət etdi. Yox olmaq
təhlükəsi altında olan dillər üzrə ixtisaslaşmış bu ekspertlər qrupu “Dillərin yaşam qabiliyyəti və
yox olması” adlı sənədin konsepsiyasını işlədi. Bu və ya digər dil üzrə təhlükənin
qiymətləndirilməsi üçün aşağıdakı 9 meyar müəyyən olunmuşdur [7]:
1.
dilin nəsildən-nəslə ötürülməsi;
2.
cəmiyyətin doğma dilə münasibəti;
3.
dilin istifadə sahəsi;
4.
rəsmi statusu və istifadəsi daxil olmaqla, verilən dilə münasibətdə dövlət siyasəti;
5.
sənədlərlə əsaslandırmanın forma və keyfiyyəti;
6.
yeni sahələrdə və KİV-də dilin istifadəsi;
7.
dilin öyrənilməsi üçün materialın olması;
8.
dil daşıyıcılarının əhalinin ümumi sayında payı;
9.
dil daşıyıcılarının ümumi sayı.
Ayrılıqda götürülmüş heç bir meyar hansısa bir dilin vəziyyəti haqqında qətiyyətli mühakimə
yürütməyə imkan vermir. Dilin nəsildən-nəslə ötürülməsi əsas sayılır, digər heç bir meyar dilin
qorunmasına belə təsir etmir. Bu deyilənlərə əsaslanaraq, mütəxəssislər bütün mövcud dilləri altı
qrupa bölmüşlər (Cədvəl 1). Bütün bunlar YUNESKO tərəfindən 2003-cü ildə qəbul olunmuş
““Dillərin yaşama qabiliyyəti və yox olması” adlı sənəddə öz əksini tapmışdır [8].
Hazırda mövcud olan dünya dillərindən 2473-ü axırıncı beş qrupa aiddir. Bu problemin daha
əlverişli öyrənilməsi və həlli üzrə daha səmərəli iş aparılması üçün “Yox olmaq təhlükəsi altında olan
dillərin Atlası” yaradılmışdır (Şəkil 1). Atlas yox olmaq təhlükəsi altında olan dillərin hansı
regionlarda olmasını görməyə imkan verir. Məsələn, 2473 dilin hamısı xəritədə göstərilib, bu
layihədən istifadə etməklə qrupların hər birinin ayrı-ayrılıqda coğrafi mövqeyinə baxmaq olar [9].
Dünya üzrə dillərin ən çox sıradan çıxdığı regionlar Avstraliyanın şimal hissəsi, Cənubi
Amerikanın mərkəzi, Oklahoma və ABŞ-ın cənub-qərbi, Sakit okeanın şimal-qərb hissəsi və
Şərqi Sibirdir [10].
Bu problemlərin həlli istiqamətində görülən tədbirlərdən biri də virtual məkanda
mədəniyyət və dil müxtəlifliyinin qorunması məqsədi ilə çoxdilliliyin inkişafının dəstəklənməsi
İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95
90 www.jpis.az
və stimullaşdırılmasıdır [11].
Cədvəl 1.
Dillərin yaşama qabiliyyəti və yox olması
Təhlükənin
dərəcəsi
Sinif
Nəsildən nəslə ötürülmə
Təhlükəsizdir
5
Dildə bütün əhali danışır, dilin nəsildən nəslə ötürülməsi
kəsilməzdir
Zəifdir, boşluqlar
var
4
Uşaqların çoxu ana dilində danışır, lakin dil bəzi yerlərdə
məhdudlaşa bilər (məsələn, evdə)
Yox olmaq təhlükəsi
var
3
Uşaqlar dili evdə ana dili kimi öyrənmirlər
Yox olmaq
həddindədir
2
Dildə yalnız üçüncü nəslin nümayəndələri (nənə və babalar)
danışır, valideyinlər dili bilmirlər və öz aralarında və
uşaqlarla bu dildə danışmırlar
Yox olmaq təhlükəsi
kritik həddədir
1
Dilin ən gənc daşıyıcıları nənə və babalardır, onlar ana dilini
zəif bilirlər və nadir hallarda bu dildən istifadə edirlər
Yox olmuşdur
0
Heç bir daşıyıcısı yoxdur
Ümumiyyətlə, təbii fəlakətlər nəticəsində hər hansı bir xalqın tamamilə məhv olması, təhsil
sistemində bu və ya digər səbəbdən doğma dildən yox, digər dildən istifadə olunması, İKT-nin
və İnternetin inkişafı nəticəsində virtual məkanda multidildən monodilə doğru prosesin
sürətlənməsi kimi səbəblər dillərin mövcud olmasına təhlükələr yaradır.
Hal-hazırda İnternetdə ən çox istifadə olunan ilk 10 dilin reytinq göstəricisinə görə, ingilis
dili 28,6%, çin dili 23,2%, ispan dili 7,9%, ərəb dili 4,8%, portuqal dili 4,3%, yapon dili 3,9%,
rus dili 3,1%, alman dili 2,9%, fransiz dili 2,8%, malay dili 2,7% təşkil edir (Cədvəl 2).
İnternetdə istifadə olunan digər dillərin payına isə 15,7% düşür [12]. Başqa sözlə, bu proses
zamanı bir neçə geniş istifadə olunan dil daha da böyük arealda yayılır, dünya xalqları arasında
əsas ünsiyyət vasitəsinə çevrilir, eyni zamanda digər dilləri sıxışdırır.
XXI əsrdə virtual məkanda dilləri gözləyən bu problemlərlə mübarizə aparmaq, onların
həlli üçün səmərəli və təcili tədbirlər görmək məqsədi ilə BMT Baş Assambleyası 2008-ci ili
Beynəlxalq Dillər İli elan etmişdir [13].
Azərbaycan dilinin qorunmasına dövlət qayğısı
Bəs, Azərbaycan dilinin qorunması, inkişafı üçün hansı işlər görülmüş, hal-hazırda hansı
layihələr həyata keçirilir? Dilimizin inkişaf etdirilməsi üçün bir sıra addımlar atılmışdır. Belə ki,
ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi olan
ümummilli lider Heydər
Əliyev tərəfindən bu istiqamətdə mühüm əhəmiyyətə malik sənədlər: “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” Fərman (12 yanvar 2003-cü il) [14], “Azərbaycan
Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında” Sərəncam (4 iyul
2001-ci il) [15], “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”
Fərman (9 avqust 2001-ci il) imzalanmışdır [16]. Eyni zamanda, ulu öndər Heydər Əliyevin 2
yanvar 2003-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun
(sentyabr 2002-ci il) [17] qüvvəyə minmiş, qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas
vəzifələri dəqiq müəyyənləşdirilmişdir.
İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95
www.jpis.az 91
Şəkil 1. Yox olmaq təhlükəsi altında olan dillərin Atlası
Cədvəl 2.
İnternetdə ən çox istifadə olunan dillər
İnternetdə
dillərin ilk
onluğu
Dil üzrə internet
istifadəçiləri
İnternetin
yayılması
(% əhali)
İnternetdə
istifadəçilərin artımı
(2000 - 2013)
Ümumdünya
İnternet
istifadəçiləri
(%-lə)
Dildə danışan
dünya əhalisi
(2014)
İngilis
800,625,314
58.4%
468.8%
28.6%
1,370,977,116
Çin
649,375,491
46.6%
1,910.3%
23.2%
1,392,320,407
İspan
222,406,379
50.6%
1,123.3%
7.9%
439,320,916
Ərəb
135,610,819
36.9%
5,296.6%
4.8%
367,465,766
Portuqal
121,779,703
46.7%
1,507.4%
4.3%
260,874,775
Yapon
109,626,672
86.2%
132.9%
3.9%
127,103,388
Rus
87,476,747
61.4%
2,721.8%
3.1%
142,470,272
Alman
81,139,942
85.7%
194.9%
2.9%
94,652,582
Fransız
78,891,813
20.9%
557.5%
2.8%
377,424,669
Malay
75,459,025
26.6%
1,216.9%
2.7%
284,105,671
Dillərin ilk
onluğu
2,362,391,905
48.5%
696.1%
84.3%
4,856,715,562
Digər dillər
440,087,029
19.0%
585.2 %
15.7 %
2,325,143,057
Dünyada cəmi
2,802,478,934
39.0%
676.3 %
100.0 %
7,181,858,619
Azərbaycan dilinin qorunması istiqamətində aparılan işlərin davamı olaraq Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamda (12 yanvar 2004-cü il) latın qrafikalı yeni
Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap
olunaraq istifadəyə verilməsi nəzərdə tutulmuşdur və bu sərəncam milli ədəbi dilin daha da
zənginləşməsi və dilçiliyin əsaslı inkişafı baxımından əhəmiyyətli olmuşdur [18]. Dövlət başçısı
tərəfindən həmçinin 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın
İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95
92 www.jpis.az
hazırlanması barədə Sərəncam imzalanmışdır [19]. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül və
inkişaf mərhələlərinə elmi-tarixi
rakursdan nəzər salınmış, qloballaşma şəraitində bu sahədə mövcud
problemlər, görülməli olan tədbirlər öz əksini tapmışdır. Bu sənəddə Azərbaycan dilində İnternet
resurslarının qıtlığının, elektron və interaktiv dərsliklərin yoxluğunun, Azərbaycan dilini öyrənən
əcnəbidilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsinin,
Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə
ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluğun hələ də aradan qaldırılmamasının narahatlıq
doğurduğu qeyd olunmuşdur.
Ölkə
Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və
ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində
mühüm fəaliyyət sənədidir.
Dövlət proqramı 2013-2020-ci illər ərzində mənəviyyatımızın güzgüsü
olan ana dilimizin saflığının və zənginliyinin qorunması istiqamətində bir sıra zəruri tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur. Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə
dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda,
dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş
yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə
əlaqələndirilməsini nəzərdə tutur.
Dilin tətbiqi və inkişafına belə yüksək dövlət dəstəyinin mövcudluğu, dilimizin istifadə olunma
arealının kifayət qədər geniş olması onu qətiyyən belə təhlükələrin gözləmədiyini göstərir. Əlavə
olaraq, virtual məkanda Azərbaycan dili daha da geniş yayılmaq imkanları qazanır.
Azərbaycanda terminologiya sahəsində mövcud problemlər və onların həlli yolları
Dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda
duran vəzifələrin həyata keçirilməsində terminologiya fəaliyyəti mühüm missiya daşıyır. Belə ki,
əvvəllər Azərbaycanda terminoloji mühiti həm dövlət, həm də ictimaiyyət tərəfindən nəzarətdə
saxlamaq mümkün idi. Bunun da bir sıra səbəbləri var idi. Həmin vaxtlar xarici dillərdən
Azərbaycan dilinə tərcümə olunan çap materiallarının sayı çox deyildi, tərcümə prosesi ciddi
şəkildə nəzarətdə idi və ölkə daxilində çap olunan materiallar da müxtəlif səviyyəli
ekspertizadan keçirilirdi. Digər tərəfdən, kütləvi informasiya vasitələrində (televiziyada, radioda
və s.) verilən materiallar digər tələblərlə yanaşı, həm də terminoloji tələblərə cavab verməli idi,
dilimizdə yad sözlər işlətmək böyük qəbahət sayılırdı [20].
Son zamanlar ölkəmizdə xarici ölkələrə məxsus KİV-in geniş yayılması, ən başlıcası,
İnternetin cəmiyyətin müxtəlif sferalarına sürətlə nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə
aid məlumatlardan istifadə etməsi nəticəsində azərbaycandilli terminoloji mühiti nəzarətdə saxlamaq
çox çətin məsələyə çevrilib. Belə bir şəraitdə dilin terminoloji bazasını yad sözlərdən qorumaq,
inkişaf etdirmək, bütün dünya azərbaycanlılarının müraciət etmək imkanı olan bir onlayn resurs
yaratmaq, yeni terminlərin yaradılması prosesinə virtual məkanın imkanlarından istifadə etməklə
interaktiv forumlar vasitəsilə geniş ictimaiyyəti cəlb etmək və s. mühüm vəzifələrdir.
Cəmiyyətin bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsir dairəsi
onun leksik səviyyəsi ilə bağlıdır. Leksikanın əsas və ən fəal bölmələrindən biri olan
terminologiya elmi-texniki tərəqqi, qloballaşma ilə əlaqədar dəyişir, yenilənir. Beynəlxalq aləmə,
Avropaya birbaşa çıxış dilin bütün səviyyələri ilə yanaşı, terminologiyaya da təsir göstərir [21].
Son illər dilin alınma sözlərlə zənginləşməsi də təbii prosesdir. Dünyada elə bir dil yoxdur
ki, onun lüğət tərkibi alınma sözlərlə zənginləşməsin. Bu prosesin qarşısına sədd çəkmək,
əslində, inkişafdan geri qalmaq deməkdir. Amma dilin alınma sözlərlə lüzumsuz yerə
yüklənməsinə də yol vermək olmaz. Alınma sözlər də dilin qrammatik qayda-qanunlarına
uyğunlaşmaqla bərabər, anlayışı dəqiq təyin etməlidir.
Müasir dövrdə dünya dillərinin terminologiyası, ingilis dili istisna olunmaqla, unifikasiya
olunur. Bu proses xüsusən informasiya və telekommunikasiya sahəsində aparılır. Bu səbəbdən
milli terminoloji sistemlərin elmi-texniki, ictimai-siyasi və ya kütləvi informasiya vasitələrinin
İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95
www.jpis.az 93
terminologiyası olmasından asılı olmayaraq, “olum və ya ölüm” problemi ortaya çıxır [22].
Elmi-informasiya və ictimai-siyasi terminologiya sahəsində ən yaxşı halda beynəlxalq
terminlərə müraciət olunur, pis halda isə daha iri qonşu xalqa və ya ənənəvi dilə müraciət olunur.
Hökmranlıq edən dillərin doğma dili sıradan çıxarmaq kimi təsirlərindən qaçılması, milli dilin
elmi və ictimai-siyasi həyatın bütün sahələrində mübadilə vasitəsinə çevrilməsi üçün dövlət
tərəfindən hansı addımlar atılmalıdır?
İnformasiya vasitələrinin iqtisadi qloballaşması və texniki imkanları şəraitində ayrı-ayrı
xalqların dil seçmə xüsusiyyətini qorumaq olarmı?
Dil seçmə müstəqilliyinin qorunmasına can atmaq lazımdır, yoxsa qloballaşma prosesinin
mövcud reallıqlarını, bütün dillərdə elmi-texniki, ictimai-siyasi terminologiyanın birləşməsini etiraf
etmək lazımdır?
Dünyada ingilis dili və əlavə oaraq bir neçə dil beynəlxaq kommunikasiya və elmi-informasiya
mübadiləsi dili sayılır. Avropa və Asiyanin inkişaf etmiş ölkələrinin dilləri olan fransız, alman,
yapon, çin dilləri belə ingilis dili ilə rəqabət apara bilmir. Beləliklə, dünyada terminin qarşılığının
seçilməsi məsələsinin həlli üçün iki istiqamət var. Birinci istiqamət - beynəlxaq terminin milli dilə
dəyişdirilmədən gətirilməsi. İkinci istiqamət - beynəlxaq terminin milli terminlə tam əvəzlənməsi.
Hər iki halın öz təhlükələri var. Azərbaycanın müvafiq qurumları, eləcə də, AMEA-nın müvafiq
elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin nəticələrinə görə, xarici dildə olan terminin Azərbaycan
dilində qarşılığının seçilməsi istiqamətində müsbət işlər görülür. Elmi mətnlərdə beynəlxalq
terminlərdən istifadə oluna bilər, lakin geniş istifadədə terminin qarşılığına üstünlük verilir.
Yuxarıda deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, müasir şəraitdə son elmi naliyyətləri
əks etdirən elmi-informativ fikrin inkişafını təmin edə bilməyən dillər üçün ümumi bir dildən –
beynəlxalq mübadilə dilindən istifadə etmək səmərəlidir. Müasir dünyada, bu, reallıq kimi qəbul
olunmasa da, belədir.
Hazırkı dövrdə hər hansı bir informasiya əldə etmək üçün əlverişli vasitə informasiya
texnologiyalarıdır. Bunu nəzərə alaraq İnternet resursları daha da zənginləşdirilməli, dilimizin,
mədəniyyətimizin, ədəbiyyatımızın, musiqimizin qorunması, inkişafı və təbliği üçün yeni-yeni
saytlar yaradılmalıdır.
2001-ci ildən fəaliyyətə başlayan nəhəng Vikipedia virtual ensiklopediyası hazırda milyonlarla
informasiya resursunu özündə birləşdirir. Portalda 286 dildə 35 milyon məqalə və 25 milyon şəkil,
audio-video materiallar (Vikipedianın Commons anbarında 25 milyon media-fayl saxlanılır)
toplanmışdır. Bu virtual ensiklopediyada qeydiyyatdan keçmiş istifadəçilərin sayı 60 milyona yaxın,
ümumi istifadəçilərin sayı isə 300 milyondur. Bir ayda, orta hesabla, bütün dünya üzrə həmin portala
4 milyard müraciət olunur [23].
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlı doğma ana
dilimizin inkişafı və bütün dünyada tanınması üçün fəal işlər görməli, onun qorunması üçün əməli
addımlar atmalıdır.
Nəticə
Qeyd etdiyimiz kimi, əvvəllər dilimiz qapalı informasiya mühitinin hesabına qoruna
bilirdi. İndi isə informasiya mühiti açıqdır və virtual məkanda inteqrasiya prosesi gedir. Belə
açıq cəmiyyət şəraitində dili qorumaq və inkişaf etdirmək çox çətindir. Bütün bu səbəblərdən
dilimizi, onun lüğət tərkibini qorumaq, onun təbii inkişafına mane olan mənfi amillərin təsirini
minimuma endirmək vacibdir.
Bu reallıqları nəzərə alaraq Azərbaycan dilinin tətbiqi, inkişafı və digər problemlərinin
həlli istiqamətində aşağıdakılar tövsiyə olunur:
bu istiqamətdə fundamental, genişmiqyaslı elmi tədqiqatların, təhlillərin və
araşdırmaların aparılması;
Azərbaycanın şəhərlərində, kənd və qəsəbələrində restoran, mağaza və digər iaşə və
məişət obyektlərinə əcnəbi dildə adların verilməsinin qadağan edilməsi ilə bağlı
tədbirlərin görülməsi;
İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95
94 www.jpis.az
KİV-də, xüsusən də, televiziya kanallarında çıxışların dilin ədəbi normalarının qorunması və
zənginləşdirilməsi
baxımından
monitorinqdən
keçirilməsinin
təmin
edilməsi
mexanizmlərinin işlənilməsi;
Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi və inkişafı sahəsində vəziyyətin monitorinq
sisteminin işlənilməsi;
dilin və dilçiliyin müxtəlif problemləri ilə məşğul olan müxtəlif təşkilatlar arasında
fəaliyyətin əlaqələndirilməsi;
dövlətin dil siyasətinin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması;
dilin əcnəbilər tərəfindən öyrənilməsi üçün tədris vəsaitlərinin və elektron resursların
işlənilməsi;
müvafiq normativ-hüquqi sənədlərin işlənilməsi;
dilin inkişafı, tətbiqinin genişləndirilməsi və təbliği üçün veb.2 texnologiyası əsasında yeni
saytların yaradılması;
elm və texnikanın müxtəlif sahələri üzrə terminləri özündə əks etdirən veb-saytların
yaradılması və s.
Ədəbiyyat
1.
Долгова Т.В. Влияние процессов глобализации на национальные языки и
интернационализациютерминов,
17_Dolgova_-_Влияние_процессов_глобализации_на_ национальные_ языки.pdf
2.
Гриценко Е.С. Язык и безопасность в контексте глобализации. Научный журнал
Власть, М., 2011, № 11, с. 9-11.
3.
Доржиева М. 80% языков мира находятся под реальной угрозой исчезновения,
Великая Эпоха, 2013, http://www.epochtimes.ru/content/view/80047/5/
4.
Universal Declaration on Cultural Diversity. Adopted by the 31st Session of the General
Conference of UNESCO, Paris, 2 November 2001, 44 p.
5.
Convention for the safeguarding of the intangible cultural heritage, Paris, 17 October 2003,
http://www.unesdoc.unesco.org/images/0013/001325/132540e.pdf.
6.
Recommendation concerning the Promotion and Use of Multilingualism and Universal
Access to Cyberspace, The General Conference, Paris, 15 October 2003,
http://www.portal.unesco.org/
7.
Methodology
for
assessing
language
vitality
and
endangerment.
http://www.unesco.org/new/ru/culture/themes/endangered-languages/language-vitality/
8.
UNESCO Ad Hoc Expert Group on Endangered Languages. Language Vitality and
Endangerment. Paris, 10–12 March 2003,
http://www.unesco.org/new/fileadmin/MULTIMEDIA/HQ/CLT/pdf/Language_vitality_and_
endangerment_EN.pdf
9.
UNESCO
Interactive
Atlas
of
the
World’s
Languages
in
Danger,
http://www.unesco.org/languages-atlas/index.php?hl=en&page=atlasmap
10.
Мир теряет языки, http://www.akzia.ru
11.
Рекомендации о развитии и использовании многоязычия и всеобщем доступе к
киберпространству, http://www.unesdoc.unesco.org/images/0013/001331/133171r.pdf
12.
http://www.internetworldstats.com
13.
Message from Mr Koïchiro Matsuura, Director-General of UNESCO, on the occasion of
International Mother Language Day, 21 February, 2008,
http://www.unesdoc.unesco.org/images/0015/001568/156825e.pdf
14.
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin Fərmanı, Bakı şəhəri, 18 iyun 2001-ci il, http://www.president.az
15.
“Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Bakı şəhəri, 4 iyul 2001-ci il,
İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95
www.jpis.az 95
http://www.president.az
16.
“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin Fərmanı, Bakı şəhəri, 9 avqust 2001-ci il, http://www.president.az
17.
“Dövlət dili haqqında” Qanunun təsdiqi haqqında Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, Bakı şəhəri, 2 yanvar 2003-cü il, http://www.president.az
18.
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Bakı şəhəri, 12 yanvar 2004-cü il,
http://www.president.az
19.
“Azərbaycan dilinin qlobollaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı, Bakı şəhəri, 23 may 2012-ci il, http://www.president.az
20.
Əliquliyev R.M., Qurbanova Ə.M. Virtual məkanda Azərbaycan dilinin problemləri və həlli
yolları, Terminologiya məsələləri, Bakı, 2009, s. 11-18.
21.
Sadıqova S.A. Ana dili milli varlığımızın aynasıdır, http://www.xalqqazeti.com
22.
Куранбеков А. Проблемы формирования научно-технической терминологии в
современном персидском языке // Вопросы филологии, 2003, № 2 (14), с. 16-18.
23.
http://www.wikipedia.org
УДК 004.65:006.72:80
Гурбанова Афруз М.
Институт Информационных Технологий НАНА, Баку, Азербайджан
afruz@iit.ab.az
О терминологических угрозах Азербайджанскому языку в условиях глобализации
В статье понятие «языковая безопасность» обсуждается в контексте проблем
национальной безопасности, информационной безопасности, языкового суверенитета и
языковой политики. Были затронуты такие вопросы, как влияние процесса глобализации
на языки мира, принятие международными организациями ряда деклараций и других
важных документов, направленных на защиту языков мира. Рассмотрены проблемы,
имеющиеся в настоящее время в области терминологии языков мира, и определены пути
их решения. Отмечена
деятельность государства, направленная на сохранение и развитие
азербайджанского языка. Даны необходимые рекомендации по определению состояния и
уровня использования азербайджанского языка и по защите его терминологической базы в
виртуальном пространстве.
Ключевые слова: языковая безопасность, языковая политика, моноязычие, национальный
термин, международный термин.
Afruz M.Gurbanova
Institute of Information Technology of ANAS, Baku, Azerbaijan
afruz@iit.ab.az
About the terminology threats of the Azerbaijani language in terms of globalization
The article analyzes the “language system security” in the context of the national security,
information security, freedom of language and language policy problems. The impact of ongoing
globalization process on the languages, and adoption of a number of important documents on the
protection of languages by the international organizations around the world is mentioned. The
existing problems in the terminology of the world languages are defined and their solution ways
are defined. The article focuses on the measures taken by the government towards the protection
and development of the Azerbaijani language. Necessary recommendations are given on the
representation of the Azerbaijani language in the virtual space and the protection of its
terminology base.
Key words: language system security, language policy, multilingual, monolingual, national
terms, international terms.
Dostları ilə paylaş: |