MÖVZU 4
Beynəlxalq iqtisadi münasibətlər sistemində
kapitalın beynəlxalq hərəkəti
4.1. Kapitalın beynəlxalq hərəkəti: mahiyyəti, mərhələləri,
inkişaf səbəbləri, göstəriciləri və formaları
Dünya təsərrüfatının inkişafının müasir mərhələsində beynəlxalq iqtisadi münasibətlərin
əsas inkişaf amillərindən biri kimi kapital ixracı, onun beynəlxalq hərəkəti çıxış edir. Beynəlxalq
iqtisadi münasibətlərin beynəlxalq ticarət, elmi-texniki məhsullarla beynəlxalq mübadilə kimi
formaları valyuta-maliyyə aspektləri ilə müşaiyət olunur: ixrac-idxal əməliyyatlarının
reallaşdırılması zamanı beynəlxalq hesablaşmalar həyata keçirilir və ya beynəlxalq kreditlər tələb
edilir. Işçi qüvvəsinin beynəlxalq miqrasiyası zamanı isə əmək haqqı köçürmələri baş verir.
Beləliklə, kapitalın beynəlxalq hərəkəti beynəlxalq iqtisadi münasibətlərin həm inkişaf şərti, həm
də bu inkişafın nəticəsidir.
Hazırda kapitalın beynəlxalq hərəkətinin həcmi və əhəmiyyəti elə bir səviyyəyə gəlib çatıb
ki, bu prosesə beynəlxalq iqtisadi münasibətlərin xüsusi bir forması kimi baxmaq olar. Kapital
ixracının bütün formalarının müasir artım templəri əmtəə ixracının və ÜDM-nin artım templərini
üstələyir.
İqtisadi
Əməkdaşlıq
və
İnkişaf
Təşkilatının
(İƏİT)
mütəxəssislərinin
qiymətləndirmələrinə görə, 1990-2000-ci illərdə xarici investisiyaların ixracının illik artım tempi
orta hesabla 30% təşkil etdiyi halda, əmtəə və xidmət ixracının illik artım tempi 4,5%-ə bərabər
olub.
Hər hansı bir prosesin, indiki halda isə kapitalın beynəlxalq hərəkətinin öyrənilməsi yalnız
o halda mümkündür ki, həmin proses müasir dünya təsərrüfatında tez-tez təkrar olunan, tipik və
xarakterik olan bir hadisə olsun. Iqtisadi hadisəıni xarakterizə etmək üçün ilk növbədə onun
anlayışını müəyyən etmək, təkamül yoluna nəzər salmaq lazımdır. Yalnız bundan sonra onun
xarakterik cəhətlərini müəyyən etmək, reallaşma xüsusiyyətlərini və formalarını ortaya çıxarmaq,
müasir inkişaf tendensiyalarını öyrənmək mümkün olur.
“Kapitalın beynəlxalq hərəkəti” anlayışına bu prosesin təkamül yolundan çıxış etməklə
nəzər salaq. Kapitalın beynəlxalq hərəkətinin formalaşması və inkişafı beynəlxalq iqtisadi
münasibətləri əmtəələrlə beynəlxalq ticarət, beynəlxalq əmək miqrasiyası kimi formalarından
xeyli gec başlamışdır. Kapitalın ixracı imkanının yaranması üçün ilk növbədə kapitalın ölkə
daxilində kifayət qədər əhəmiyyətli yığımına malik olmaq lazım idi. Bu cür imkan kapitalın
beynəlxalq hərəkətinin təkamülünün birinci mərhələsində meydana gəlmişdir. Bu mərhələ
kapitalın ilkin yığımı prosesinin bitməsindən və kapital istehsal münasibətlərinin inkişafından
sonra, XVII-XVIII əsrlərin astanasında başlamış və XIX əsrin sonlarına qədər davam etmişdir. Bu
mərhələni “kapital ixracının yaranması mərhələsi” adlandırırlar. Bu zaman kapital ancaq bir
istiqamətdə - metropoliyalardan müstəmləkələrə doğru hərəkət edir və məhdud, təsadüfi xarakter
daşıyırdı.
Kapitalın beynəlxalq hərəkətinin təkamülünün ikinci mərhələsi öz başlanğıcını XIX əsrin
sonlarından götürür və XX əsrin ortalarına qədər davam edir. Bu mərhələdə kapital ixracı həm
sənayecə inkişaf etmiş ölkələr arasında, həm də sənayecə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə
olan ölkələr arasında baş vermişdir. Kapital ixracı tipik, təkrar olunan və xarakterik hadisəyə
çevrilir ki, bu da qeyd olunan mərhələni “kapital ixracı mərhələsi” adlandırmağa imkan verir.
Beləliklə, kapital ixracı kapitalın bir hissəsinin ölkənin milli dövriyyəsindən çıxarılması və
daha yüksək mənfəət əldə edilməsi məqsədilə onun əmtəə və ya pul formasında digər ölkənin
istehsal prosesinə və dövriyyəsinə daxil edilməsidir.
Lakin, dünya təsərrüfatının müasir inkişaf mərhələsində təkcə kapital ixracından danışmaq
kifayət deyil. XX əsrin 50-60-cı illərindən etibarən indiyə qədər davam edən kapitalın beynəlxalq
hərəkətinin təkamülünün üçüncü mərhələsi başlayır. Bu mərhələdə baş verən prosesləri “kapitalın
beynəlxalq miqrasiyası” termini daha aydın
əks etdirir ki, bunun da bir neçə səbəbi var.
Birincisi, kapital ixracını təkcə sənayecə inkişaf etmiş ölkələr deyil, həm də bir çox inkişaf
etməkdə olan ölkələr həyata keçirirlər. Belə ki, 2002-ci ildə 162 milyard dollar həcmində xarici
investisiya qoyulduğu halda, onlar özləri 43 milyard dollar məbləğində kapital ixrac ediblər.
İkincisi, ölkələr eyni zamanda həm kapital ixracatçısı, həm də idxalatçısı kimi çıxış edirlər.
2002-ci ildə Avropa Birliyi ölkələri ABŞ-a 694 milyard ollar, ABŞ isə Avropa Birliyi ölkələrinə
641 milyard dollar kapital qoyuluşu həayat keçirmişlər.
Üçüncüsü, kapital ixracı öz həcminə görə kapitalın əks hərəkətini (kreditə görə faizlər,
sahibkar mənfəəti, səhmlərə görə dividendlər formasında) meydana gətirir. Məsələn, 2002-ci ildə
ABŞ-ın xarici kreditlərə görə faiz ödəmələri 100 milyard dollara yaxınlaşmışdır.
Yuxarıda deyilənlərdən çıxış edərək,
kapitalın beynəlxalq hərəkəti dünya təsərrüfatının
müxtəlif ölkələri (onların sosial-iqtisadi inkişaf səviyyələrindən asılı olmayaraq) arasında kapital
sahiblərinə əlavə gəlir gətirən kapitalın qarşılıqlı hərəkəti prosesidir.
Kapital istehsalın amillərindən biridir. Kapital maddi ehtiyatların yaradılması üçün zəruri
olan resursdur və özündə istehsal, pul və əmtəə formalarında vəsaitlərin bütün yığım ehtiyatını əks
etdirir. Kapitalın beynəlxalq hərəkəti onun bir istehsal amili kimi beynəlxalq bölgüsünə əsaslanır.
Kapitalın beynəlxalq bölgüsü özünü təkcə ölkələrin maddi yığım ehtiyatları ilə təmin
olunmalarında olan fərqlilikdə deyil, həmçinin istehsalın tarixi ənənələri və təcrübəsində, əmtəə
istehsalının və bazar mexanizmlərinin inkişaf səviyyələrində olan fərqlərdə göstərir. Kifayət qədər
yığımın olması (pul formasında kapital) investisiya və istehsalın genişləndirilməsi üçün vacib
şərtdir.
Kapitalın beynəlxalq hərəkətinin obyektiv əsası kimi ölkələrin iqtisadi inkişafında olan
qeyri-bərabərlik çıxış edir ki, bu da praktikada özünü aşağıdakılarda göstərir:
bəzi ölkələrdə kapital yığımında çatışmazlıq olduğu halda, digər ölkələrdə kapital
“artıqlığı” mövcud olur;
dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala olan tələb və təklifin üst-üstə
düşməməsi.
Burada “nisbi artıqlıq” termininin işlədilməsi təsadüfi deyil. Belə hesab edilir ki, iqtisadi
cəhətdən istehsal sonsuz artım tendensiyasına malikdir və deməli, kapitala hər zaman tələb
mövcud olmalıdır. Bununla yanaşı, kapital ixracı hətta onun ölkə daxilində çatışmazlığı hiss
edilən zaman da həyata keçirilə bilər, çünki bazar iqtisadiyyatı şəraitində kapital qoyuluşu
gözlənilən gəlir həcmindən birbaşa asılıdır.
Kapitalın beynəlxalq hərəkəti prosesinin inkişafına iki qrup faktorlar təsir edir. Onlar
aşağıdakılardır:
1.
İqtisadi xarakterli amillər:
istehsalın inkişafı və iqtisadi artım templərinin dəstəklənməsi;
həm dünya iqtisadiyyatında, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında elmi-texniki
inqilabın təsiri və dünya xidmət bazarının inkişafı nəticəsində baş verən köklü struktur
dəyişiklikləri;
beynəlxalq əmək bölgüsünün dərinləşməsi;