Jan Batist molyer



Yüklə 342,87 Kb.
səhifə1/5
tarix25.06.2018
ölçüsü342,87 Kb.
#51343
  1   2   3   4   5

Jan Batist MOLYER
Tərcümə edən: Mehman Musabəyli

X ə s İ s


(beş pərdəli komediya)


İştİrak edİRlər:

1. QARPAQON Kleant və Elizanın atası, Marianaya vurulub.


2. KLEANT Qarpaqonun oğlu, mariananın sevgilisi.
3. ELİZA Qarpaqonun qızı, Valerin sevgilisi.
4. ANSELM Valerin və Mariananın atası.
5. VALER Anselmin oğlu.
6. MARİANA Anselmin qızı.
7. FROZİNA Könüllərarası vasitəçi
8. SİMON Makler
9. JAK Qarpaqonun aşpazı və faytonçusu
10. LAFLEŞ Kleantın nökəri
11. KLOD Qarpaqonun qaravaşı
12. BRENDAVUAN |
} Qarpaqonun nökərləri
13. LAMERLUŞ |
14. KOMİSSAR
15. MİRZƏ

Hadisələr Parisdə, Qarpaqonun evində baş verir.

Bİrİncİ Pərdə

I gəliş
Eliza, Valer


VALER Eliza, əzizim, nə olub axı? Bayaq məni inandırırdız ki, vəfasız olmayacaqsız, indi isə tərəddüd edirsiz? Mən sevinc içindəyəm, sizsə ah çəkirsiz. Yoxsa məni xoşbəxt etdiyinizə görə təəssüflənirsiz? Ya da mənim çılğın hisslərimə tab gətirməyib söz verdiniz, indi də peşmansız.
ELİZA Peşman olmağıma bir səbəb yoxdur, Valer. Bizə sevgi hakimdir, bu məni fərəhləndirir. Ona müqavimət göstərməyə heç gücüm də çatmaz. Amma düzünü desəm, bunun sabahından qorxuram. Məni qorxudan odur ki, sizi lazım olan qədərdən daha çox sevirəm.
VALER Burda qorxmalı nə var, Eliza, pis iş ki görmürsən?
ELİZA Ah, qorxulu çox şey var: atam mənə acıqlanar, ailəmiz danlayar, dost-tanış bədnam edər... Ən çox qorxduğum şey isə odur ki, Valer, qəlbiniz dəyişə bilər, bütün bunlardan sonra sizin mənə qarşı soyumağınız bir cinayət olardı. İnsan dəli və sadəlövhcəsinə sevəndə, belə şeylər tez-tez baş verir.
VALER Ah, məni təhqir etməyin. Mən başqaları kimi deyiləm. Haqqımda nə istəsəz düşünə bilərsiz, Eliza, lakin bilin ki, mən öz borcuma xain çıxmaram! Mən sizi hədsiz sevirəm, ölənə kimi də sevəcəm.
ELİZA Ah, Valer bunu deyən tək siz deyilsiniz! Kişilərin hamısı eyni cür söz verir, əməllərində isə böyük fərq olur!
VALER Siz də əməlimə görə qiymət verin, xəyal etdiyiniz günahlarıma görə yox! – bunların hamısı əsassız qorxulardır, zəhlətökən təxəyyülün məhsuludur. Yalvarıram sizə, ədalətli olun, təhqiredici şübhələrinizlə mənim hisslərimə öldürücü zərbələr endirməyin! Vaxt verin, sizə olan sevgimi saysız dəlillərlə sübut edim!
ELİZA İnsan sevəndə çox həvəslə inanır! Elədir, Valer, məncə siz məni aldatmağa qabil deyilsiz. İnanıram ki, məni doğrudan da sevirsiz və heç bir zaman mənə xain çıxmayacaqsız. Mən heç bir şeydən şübhələnmək istəmirəm, amma camaat mənim haqqımda nə deyəcək? Bax, mən bundan qorxuram.
VALER Camaat nə deyə bilər ki?
ELİZA Hamı sizi mən tanıdığım kimi tanısaydı, heç nədən qorxmazdım. Mənim sevgim əbəs deyil, onun bəraəti sizsiniz. Sizin üstünlükləriniz mənim müdafiəçimdir və sözsüz, buna görə həmişə sizə minnətdar olacam. İlk dəfə tanış olduğumuz o dəhşətli təsadüfü heç vaxt unutmaram. Heç vaxt yadımdan çıxmaz: siz necə bir fədakarlıqla arxamca suya atıldınız, məni coşğun dalğaların qəzəbindən xilas etdiniz. Necə nəcib bir qayğı ilə məni özümə gətirdiniz. Sonra öz dərin sevginizlə mənə qarşı nə qədər ehtiramlı və səbirli oldunuz! Bu sevginizi nə maneələr, nə də zaman soyuda bildi. Mənim xətrimə əzizlərinizi, vətəninizi unudub burada qaldınız və məndən ayrılmamaq üçün, başqa ad altında, atamın yanında nökərçiliyə başladız: bütün bunlar mənim qəlbimdə dərin təəssürat yaratdı, yoxsa mən sizə razılıq verməzdim. Amma ola bilsin başqalarının gözündə bu bəraət deyil, inanmıram ki, məni başa düşsünlər.
VALER Mənim bir üstünlüyüm var – o da sevgimdir! Əgər sizə bəraət vacibdirsə, o var – atanız! Belə xəsis və uşaqlarına qarşı sərt bir atanın yanında hələ başqa şeylərə də bəraət tapmaq olar. Üzr istəyirəm, mənim əziz Elizam, amma burada başqa söz demək mümkün deyil. Mən valideynlərimi tapan kimi, onunla dil tapmaq asan olacaq. İndi xəbər həsrətindəyəm, işdi geciksələr, özüm dallarınca gedəcəm.
ELİZA Ah, Valer, məni tək qoyub getməyin, xahiş edirəm! Atamın ürəyini almağa çalışın – indi lazım olan bircə budur.
VALER Mən çalışıram. Bilirsiz ki, onun nökəri olmaq üçün mən nə hiylələrə əl atdım. Etibarını, sevgisini qazanmaq üçün mən daha nə oyunlardan çıxmıram? Artıq böyük nailiyyətlər əldə etmişəm. İnsanın vərdişlərini təqlid et, onun şərtlərini qəbul et, zəif damarını tut, hər bir hərəkətinə valeh ol – onu istədiyin yerə sürəcəksən. Bu ən yaxşı yoldur, bunu açıqca oynamaq olar, mən indi buna əminəm. Həddini aşmaqdan qorxma, ən ağıllı adam da bu tələyə bir sarsaq kimi düşəcək, açıq-aşkar boş və mənasız olan hər sözü üz-gözünü büzüşdürmədən udub yeyəcək, təki bu xörəyə bolluca yaltaqlıq ədvası qatılsın. Deməzdim ki, bu düzgün hərəkətdir, amma lazımi adamlara tətbiq etmək vacibdir. Əgər başqa əlac yoxdursa, onda təqsirkar yaltaqlanan deyil, təqsirkar yaltaqlığa yol verəndir.
ELİZA Qardaşımla da dostlaşsaydınız yaxşı olardı: qaravaşa etibar etmək təhlükəlidir - birdən bizi ələ vermək fikrinə düşər.
VALER Yox, ikisini yola verə bilmərəm. Onlar biri-birindən o qədər fərqlidirlər ki, qılıqlarına girmək çətin olar. Yaxşısı olar, qardaşınızı siz boynunuza götürəsiz, axı siz həm də dostsuz... Bu da qardaşınız, bura gəlir. Mən gedirəm. Onunla elə indicə danışın, amma daha hər şeyi açıb-tökməyin.
ELİZA Bilmirəm, cəsarətim çatacaqmı?

Valer gedir.


II gəliş
Eliza, Kleant



KLEANT Eliza, təksən? Nə yaxşı! Qulaq as: mən sənə sirr açmalıyam.
ELİZA Diqqətlə sənə qulaq asıram. Nə deyəcəksən?
KLEANT Çox şey deyəcəm, bacı, amma bir kəlməylə: vurulmuşam!
ELİZA Vurulmusan?
KLEANT Elədir ki, var, vurulmuşam. Amma dayan! Bilirəm ki, atamdan asılıyam və onun sözündən çıxa bilmərəm. Valideynlərimizin razılığı olmadan biz heç bir öhdəlik götürə bilmərik, onların arzuları bizim arzularımız olmalıdır, bizim başqa arzularımız ola bilməz – Allahdan buyruq belədir. Onlar hər cür ağılsızlıqdan sığortalanıblar, ona görə də səhvləri bizimkindən azdır, bizə nə lazımdır, nə lazım deyil – yaxşısını onlar bilir. Ağıl maarifləndirir, ehtiras isə kor edir. Gənclik maraqlarımız bizi uçuruma aparır... Eliza, bunun hamısını sənə ona görə deyirəm ki, bu sözləri bir də təzədən mənə deməyəsən: mənim sevgim heç nə eşitmək istəmir, dilə tutmağınız əbəsdir.
ELİZA Elçi göndərmisən, Kleant?
KLEANT Yox, amma qərar qətidir. Səndən bir də xahiş edirəm: məni fikrimdən döndərmə!
ELİZA Səncə mən bunu bacararam?
KLEANT Yox, Eliza, amma sən aşiq deyilsən, coşğun sevginin ürəklərə nə qədər hakim kəsildiyini bilmirsən, mən sənin ağıllı fikirlərindən qorxuram.
ELİZA Ah, gəl mənim ağlımdan danışmayaq, Kleant! Onu ömründə heç olmasa bir dəfə itirməyən var? Qəlbimi sənə açsaydım, bəlkə də səndən daha az ağıllı olduğumu görərdin.
KLEANT Qəlbini? Ax, əgər sənin də qəlbin...
ELİZA Gəl, əvvəlcə səndən danışaq. Kimə aşiqsən?
KLEANT Gənc bir qıza, bizim tərəflərə bu yaxınlarda köçüb. Bir dəfə görmək bəs edir ki, sevəsən. Hələ indiyə qədər təbiət ondan gözəl heç nə yaratmayıb. İlk görüşdən valeh oldum. Adı Marianadır, xəstə anası ilə bir yerdə yaşayır, sevgi və şəfqətlə onun qayğısını çəkir. Hər bir sözü, hər bir hərəkəti o qədər sevimli, o qədər zərifdir ki! Bu qız - gözəllik, zəriflik, mülayimlik, saflıq, təmizlik nümunəsidir... Ax, Eliza, sən onu görsəydin!
ELİZA Mən onu belə də görürəm. Sən onu sevirsən – bu mənim üçün kifayətdir.
KLEANT Mən dolayı yolla öyrənmişəm ki, onlar çox kasıbdırlar, nə qədər qənaətcil olsalar da güclə dolanırlar. Bir təsəvvür et, Eliza, sevdiyim qızı çətinliklərdən xilas etmək, yaxşı adamlara heç olmasa bir az, amma diqqətlərini cəlb etmədən, yardım göstərmək mənim üçün nə qədər xoş olardı! Təsəvvür et, Eliza, və gör ki, atamın xəsisliyi ucbatından mən bu sevincdən məhrumam və öz sevgimi heç bir şeylə sübut edə bilmirəm.
ELİZA Başa düşürəm, Kleant, sənin üçün nə qədər ağırdır.
KLEANT Elə ağırdır ki, bacı, heç söz tapa bilmirəm. Doğrudan da atamızın bu daşürəkliyindən, bu anlaşılmaz xəsisliyindən də dəhşətli nə ola bilər? İndi, bu saat, biz gənc ikən istifadə edə bilmədiyimiz sərvət, gələcəkdə bizim nəyimizə gərəkdir! Bu saat mən başdan-ayağa borc içindəyəm, çünki dolana bilmirəm. Az-çox münasib geyinmək üçün, gedib tacirlərdən borc pul istəməyə məcburuq. Bir bax, gör atam mənim qərarıma necə baxacaq. Tərslik eləsə, mariananı götürüb buradan qaçacam, Allahın köməkliyi ilə bir təhər dolanarıq. Ordan-burdan bir az pul taparam. Eliza, gör nə deyirəm, əgər sən də mənim günümdəsənsə, əgər sənə də mane olsa, bir yerdə gedərik, atarıq onu, nəhayət onun xəsisliyinin dözülməz əsarətindən canımızı qurtararıq.
ELİZA Bəli, anasız həyatımız günü-gündən daha da ağırlaşır və...
KLEANT Onun səsini eşidirəm. Gedək, söhbətimizi bitirək və birlikdə çalışıb daş ürəyinə yol tapaq.

Gedirlər.


III gəliş


Qarpaqon, Lafleş

QARPAQON Bu saatca rədd ol burdan! Sus, danışma! İtil gözümdən, dələduz, rədd ol yaramaz!


LAFLEŞ (öz-özünə) Ömrümdə belə kinli qoca görməmişəm. İçində iblis oturub, ya rəbbi, keç günahımdan.
QARPAQON Nə mırıldanırsan orda?
LAFLEŞ Nəyə görə məni qovursuz?
QARPAQON Hələ bir soruşursan da, yaramaz? İtil, nə qədər ki, səni kötəkləməmişəm!
LAFLEŞ Axı sizə nə eləmişəm?
QARPAQON Sənin buradan itilməyini istəyirəm - vəssalam.
LAFLEŞ Cənab, axı oğlunuz əmr edib ki, onu burada gözləyim.
QARPAQON Küçədə gözlə, mənim evimdə yox. Burada dayanıb hər yerə göz qoymağın, burunlamağın mənə lazım deyil. Casus! Satqın! Lənətə gəlmiş gözləri elə məni izləyir ki, görsün nə eləyirəm, ələ keçən bir şey yoxdu ki, çırpışdırıb getsin. Bezmişəm daha.
LAFLEŞ Mümkün deyil! Hər şey qıfıl altındadı. Üstəlik də gecə-gündüz qaravulunu çəkirsiz!
QARPAQON Qıfıl altında saxlayıram - demək lazım bilirəm, qaravulunu çəkirəm - demək kefim belə istəyir. Xəfiyyə çıxıb, hər yerə burnunu soxur! (Öz-özünə). Birdən pullarım haqqında xəbər tutmuş ola? (Bərkdən). Birdən orda-burda danışarsan ki, mən pul zad gizlədirəm?
LAFLEŞ Yoxsa doğrudan da gizlədirsiz?
QARPAQON Mən bunu demirəm, avara! (Öz-özünə). Məni lap cinləndirir! (Bərkdən). Səndən xəbər alıram: sarsaqlığına salıb danışmamısan ki, mənim pulum var?
LAFLEŞ Eh, pulunuz var, ya yoxdu, bundan bizə nə! Bizə nə istisi var, nə soyuğu!
QARPAQON (əlini qulaylayıb ona şillə vurmaq istəyir). Sən hələ bir götür-qoy da eləyirsən? Tərgitdirərəm sənə götür-qoy eləməyi!.. Cəhənnəm ol burdan, axırıncı dəfə sənə deyirəm!
LAFLEŞ yaxşı, gedərəm.
QARPAQON dayan! Heç nə çırpışdırmamısan?
LAFLEŞ Sizdən nə çırpışdırmaq olar ki?
QARPAQON İnanmıram, əllərini görüm!
LAFLEŞ Bu mənim əllərim!
QARPAQON O birini!
LAFLEŞ O birini?!
QARPAQON O birini!
LAFLEŞ Bu da o biri!
QARPAQON (onun şalvarını göstərərək ). Bəs orada bir şey gizlətməmisəm ki?
LAFLEŞ Baxın!
QARPAQON (onu əlləyərək). Bu enli şalvarları elə onunçün düşünüblər ki, oğurladığını gizlədəsən. Belə şalvar geyənlərin hamısını boğazından asmaq lazımdır!
LAFLEŞ (öz-özünə) Ax, bu qoca qorxduğu şeyə layiqdir, bax bu hərifin nəyi var hamısını böyük məmnuniyyətlə oğurlayaram!
QARPAQON Nədi?
LAFLEŞ Nə?
QARPAQON Nə danışırsan elə: oğurlayaram-filan?
LAFLEŞ Deyirəm məni başdan-ayağa axtarırsız, elə düşünürsüz ki, mən sizdən nə isə oğurlayaram?
QARPAQON Elədir, elədir... özüdür ki, var (onun ciblərini gəzir).
LAFLEŞ (öz-özünə) Lənətlər olsun bütün simiclərə, bütün simicliklərilə bir yerdə!
QARPAQON Necə? Nə deyirsən?
LAFLEŞ Nə deyirəm?
QARPAQON Hə də, simiclərlə simiclik haqqında sən nə danışırsan?
LAFLEŞ Deyirəm, lənətlər olsun onlara!
QARPAQON kimlərə?
LAFLEŞ Simiclərə!
QARPAQON Simiclər kimdir?
LAFLEŞ murdar adamlar, nacinslər.
QARPAQON Bəs onlar kimdir belə?
LAFLEŞ Bəs siz niyə belə narahat olursuz?
QARPAQON Daha bu mənim öz işimdir.
LAFLEŞ Bəlkə elə bilirsiz, sizin haqqınızda danışıram?
QARPAQON Mən bildiyimi bilirəm, amma sən kimin haqqında danışdığını mənə deməlisən.
LAFLEŞ Mən ... mən papağıma deyirəm.
QARPAQON Odur ki, al papağına! (vurur) buna görə yerə düşməlidi.
LAFLEŞ Simicləri ki söyməyi qadağan edə bilməzsiz?
QARPAQON Edə bilmərəm, amma yekəxana danışıqlarına görə ağzını yuma bilərəm. Kəs səsini!
LAFLEŞ Mən ad çəkmədim!
QARPAQON Bir söz də desən, əzişdirəcəm.
LAFLEŞ Soğan yeməmisən, için niyə göynəyir?
QARPAQON Susacaqsan?
LAFLEŞ Susacam – əlacım nədir?
QARPAQON Aha-a!
LAFLEŞ (kamzolunun cibini ona göstərərək) Baxın, bu da bir cib. Razı qaldız?
QARPAQON Di yaxşı, özün ver.
LAFLEŞ Nəyi verim axı?
QARPAQON Götürdüyünü.
LAFLEŞ Sizin heç nəyinizi götürməmişəm.
QARPAQON Doğrudan?
LAFLEŞ Doğrudan.
QARPAQON Əlvida. İtil cəhənnəm ol!
LAFLEŞ (öz-özünə) Bu da bunun vidalaşmağı!
QARPAQON Bax ha, əgər bir şey eləmisənsə, günaha batacaqsan.

Lafleş gedir.


IV gəliş
Qarpaqon tək.

QARPAQON Bu avara məni özümdən çıxartdı. Bu (axsaq) köpəkdən mənim zəhləm gedir. Bəli, çoxlu pul yiyəsi olmaq az dərd deyil. Xoşbəxt odur ki, kapitalını etibarlı yerə qoyub, üstündə isə təkcə cib xərcliyidir! Hara gizlədəsən? Sandıqlara etibarım yoxdur: oğrulara gəl-gəl deyir, onların da birinci eşələdikləri şey sandıq olur.
Kleant və Eliza daxil olub, öz aralarında sakitcə söhbət edirlər.

V gəliş
Qarpaqon, Kleant, Eliza



QARPAQON (elə bilir təkdir) Bilmirəm, görəsən, dünən mənə qaytarılan on min ekünü bağda basdırmağımla mən düz iş gördüm? On min qızıl ekünü evdə saxlamaq, deyim ki... (Kleant və Elizanı görüb) Pərvərdigara! Özüm özümü satdım! Başım qarışdı, deyəsən bərkdən düşünməyə başladım. (Kleant və Elizaya). Nədi, nə olub?
KLEANT Heç nə, atacan?
QARPAQON Çoxdan burdasız?
ELİZA İndicə gəldik.
QARPAQON Eşitdiz?
KLEANT Nəyi, atacan?
QARPAQON Bunu da...
KLEANT Nəyi?
QARPAQON Mənim dediklərimi ...
KLEANT Yox.
QARPAQON Yalan deyirsən! Yalan deyirsən!
ELİZA Bağışlayın, atacan, amma…
QARPAQON Siz nə isə eşitmisiz, məsələ aydındı. Mən öz-özümlə danışırdım ki, indi pul qazanmaq çox çətindir, deyirdim, guya, on min ekü pulu olan adam xoşbəxtmiş.
KLEANT yaxınlaşmağa qorxduq ki, mane olarıq.
QARPAQON Şadam ki, sizi başa saldım, yoxsa məni düz başa düşməzdiz, elə bilərdiz özümü deyirəm, guya mənim on min eküm var.
KLEANT Biz sizin işlərinizə qarışmırıq.
QARPAQON Ax, əgər mənim on min ekü pulum olsaydı!
KLEANT Mən elə sanmıram ki...
QARPAQON Mənim işimə bu saat elə yarayardı ki!
ELİZA Bu iş çox...
QARPAQON Bu pul mənə çox lazımdır.
KLEANT Məncə...
QARPAQON İşlərimi o saat qaydaya salardı...
ELİZA Axı sizin...
QARPAQON Heç pis günümə ağlamazdım.
KLEANT Atacan! Sizmi göz yaşı axıtmalısız? Varlı adam olduğunuz hamıya məlumdur.
QARPAQON Kim? Mən varlıyam? Yalan deyirlər. Böhtana bir bax! Təkcə fırıldaqçılar belə şayiə yaya bilərlər!
ELİZA hirslənməyin, atacan.
QARPAQON Mat qalıram, öz uşaqlarım mənə xain çıxıb, düşmənlərimə çevrilirlər?
KLEANT Məgər dövlətli olduğunuzu demək sizə düşmən olmaqdır?
QARPAQON Bəli. Belə söhbətlər, bir də sənin bədxərcliyin ucbatından elə biləcəklər ki, varım çoxdur və axırda gəlib başımı kəsəcəklər.
KLEANT Hansı bədxərcliyimin?
QARPAQON Hansı? Bəzənib şəhərdə veylləndiyin o dəbdəbəli paltarından şirnikli nə ola bilər? Dünən bacını danlayırdım, amma sən ondan da xarabsan. Bu yer üzü sənə necə davam gətirir, mat qalmışam? İyirmi dəfə sənə demişəm, Kleant: sənin əxlaqın mənim xoşuma gəlmir. Özünü markiz yerinə qoymusan. Sən gərək məni soyasan ki, belə geyinəsən, başqa cür də deyil.
KLEANT Necə yəni soyaram?
QARPAQON mən nə bilim. Yaxşı, bəs belə yaşamaqdan ötrü sən pulu hardan tapırsan?
KLEANT Haradan? Mən qumar oynayıram, çox vaxt uduram, uduşumun da hamısını özümə xərcləyirəm.
QARPAQON Nahaq yerə. Oyunda bəxtin gətirirsə, gərək istifadə edəsən – pullarını faizə buraxasan ki, pis günün üçün qalsın. Yaxşı, bu bir yana dursun, mən bircə şeyi bilmək istərdim - özünü başdan ayağa sarıdığın bu lentlər nəyə lazımdır? Şalvarını saxlamağa altı dənə qaytan bəs eləmir? Öz saçını müftə gəzdirdiyin halda, pariklərə pul verməyin nə adı var? Mərc gələrəm ki, sənin bu qoyma saçın və lentlərin ən azı iyirmi pistola başa gəlib, halbuki bu iyirmi pistol ildə on səkkiz livr altı su səkkiz denyo qazanc gətirir, hələ yalnız səkkiz faiz şərtilə.
KLEANT Haqlısız.
QARPAQON Yaxşı, bunu hələlik qoyaq bir yana, başqa şeydən danışaq. (Kleant ilə Elizanın himləşdiyini görüb) Ey! (Öz-özünə) Mənə elə gəlir ki, bunlar məni soymaq haqqında düşünüb-daşınırlar. (Bərkdən) Nə him-cim eləyirsiz orda? Hə?
ELİZA Biz sövdələşirik ki, hansımız birinci danışaq: hər ikimizin sizə deyiləsi sözümüz var.
QARPAQON Mənim də hər ikinizə deyiləsi sözüm var.
KLEANT Bizimki nikah haqqındadır, atacan.
QARPAQON Mənimki də nikah haqqındadır.
ELİZA Ah, atacan!
QARPAQON Nə “ah”? Səni qorxudan nədir: nikah sözü, yoxsa nikahın özü?
KLEANT Nikah bizim ikimizi də qorxuda bilər, çünki bilmirik, siz buna necə baxırsız. Qorxuruq ki, bizim hisslərimiz sizin seçdiyiniz adamla uyğun gəlməsin.
QARPAQON Hövsələniz olsun. Narahat olmağınıza dəyməz. Sizin ikiniz üçün nə lazım olduğunu mən çox yaxşı bilirəm, edəcəyim işdən də narazı qalmayacaqsız. Beləliklə... (Kleanta) De görüm, bizim yaxınlığımızda yaşayan Mariana adlı gənc xanımı görmüsənmi?
KLEANT Bəli, atacan.
QARPAQON (Elizaya) Bəs sən?
ELİZA Onun haqqında eşitmişəm.
QARPAQON Səncə bu necə qızdır, Kleant?
KLEANT Gözəl qızdır.
QARPAQON Xasiyyəti necədir?
KLEANT Çox həyalı qızdır. Ağlına isə söz ola bilməz!..
QARPAQON Bəs zahirən? Davranışı?
KLEANT O hər şeydə yaxşıdır!
QARPAQON Bu qız haqda düşünməyə dəyər, eləmi?
KLEANT Əlbəttə, atacan!
QARPAQON Ondan yaxşı arvad haqqında heç düşünmək də lazım deyil, eləmi?
KLEANT Əlbəttə, lazım deyil!
QARPAQON Həm də yaxşı ev sahibəsi olar, eləmi?
KLEANT Bəs necə!
QARPAQON Əri də ondan tamamilə razı qalacaq, eləmi?
KLEANT Tamamilə.
QARPAQON Amma, bircə əngəl var: qorxuram ki, cehizi elə əynindəkilərdi.
KLEANT Ax, atacan, belə bir qızla evləndikdə, cehizin nə mənası var?
QARPAQON Nahaq belə deyirsən, çox nahaq! Belə desək daha yaxşı olar: cehiz yoxdur? Nə etmək olar! Bacarığı ilə bu yoxluğu ödəyə bilər.
KLEANT Şübhəsiz!
QARPAQON Yaxşı, çox şadam ki, səninlə razılaşdıq. Onun həyası və mülayimliyi məni valeh edib, mən də onunla evlənməyi qərara almışam, təki cehiz üçün heç olmasa bir nəyisə olsun.
KLEANT Ax!
QARPAQON Nə olub?
KLEANT Siz qərara almısız...
QARPAQON Mariana ilə evlənməyi.
KLEANT Kim? Siz? Siz?!
QARPAQON Bəli, mən! mən! mən! Sənə nə olub?
KLEANT Halım pisləşdi... mən getməliyəm.
QARPAQON Boş şeydir. Mətbəxə get, bir stəkan soyuq su iç.

Kleant gedir.


VI gəliş


Qarpaqon, Eliza

QARPAQON Bu da bizim indiki cavanlarımız! Burunlarını tutsan canları çıxar! Deməli belə, Eliza, mənim öz qərarım qətidir. Qardaşına bir dul arvad alacam, onun haqqında mənə bu səhər danışıblar, səni isə cənab Anselmə verirəm.


ELİZA cənab Anselmə?
QARPAQON Bəli. Bu çox təmkinli, ağıllı, fərasərli bir adamdır. Yaşı heç əllini ötməyib, var-dövləti isə hamıya məlumdur.
ELİZA (təzim edərək) Cəsarət edib sizə bildirirəm ki, atacan, mən heç də ərə getmək istəmirəm.
QARPAQON (onu yamsılayaraq) Cəsarət edib sizə bildirirəm ki, əziz qızım, siz ərə gedəcəksiz.
ELİZA (təzim edərək) Bağışlayasınız, atacan.
QARPAQON (onu yamsılayaraq) Bağışlayasınız, qızım.
ELİZA Cənab Anselmə böyük hörmətim var, amma (təzim edərək) özünüz bilin, mən ona ərə getməyəcəm.
QARPAQON Əmrinizə tabeyəm, amma (yamsılayaraq) özünüz bilin, elə bu axşam ona ərə gedəcəksiz.
ELİZA Bu axşam?
QARPAQON Bu axşam.
ELİZA (təzim edərək) Bu iş baş tutmayacaq, atacan.
QARPAQON (onu yamsılayaraq). Baş tutacaq, qızım.
ELİZA Yox!
QARPAQON Baş tutacaq!
ELİZA Sizə deyirəm – yox!
QARPAQON Sizə deyirəm – tutacaq!
ELİZA Məni məcbur edə bilməzsiz!
QARPAQON Yox, məcbur edərəm!
ELİZA Özümü öldürərəm, amma ona ərə getmərəm.
QARPAQON Öldürməzsən, amma ona gedəcəksən. Həyasızlığa bax! Harda görünüb ki, qız atası ilə söz güləşdirsin?
ELİZA Bəs harda görünüb ki, ata öz qızını zorla ərə versin?
QARPAQON Axtar görüm, belə əri hardan tapacaqsan. Mərc gəlirəm ki, bu qərarıma görə məni hər yerdə tərifləyəcəklər.
ELİZA Elə indi mərc gələk, heç bir düşüncəli adam sizi tərifləməyəcək.

VII gəliş


Qarpaqon, eliza, Valer

QARPAQON (səhnənin dibində Valeri görərək) bu da valer. İstəyirsən, o bizim şərtimizi kəssin?


ELİZA Razıyam.
QARPAQON Sən onun qərarına tabe olacaqsan?
ELİZA Bəli, o nə desə – o da olacaq.
QARPAQON Lap yaxşı! Bura gəl, Valer! Biz səni hakim seçmişik ki, sən qərar verəsən. Hansımız haqlıyıq – o, yoxsa mən?
VALER Əlbəttə siz – söhbət ola bilməz!
QARPAQON Heç bilirsən söhbət nədən gedir?
VALER Yox, amma siz haqsız ola bilməzsiz, siz – ağıl dəryasısınız.
QARPAQON Mən bu axşam onu varlı və kamallı bir adama vermək istəyirəm, amma bu fərsiz cürət edib mənə deyir ki, istəmir. Sən buna nə deyə bilərsən?
VALER Buna nə deyə bilərəm?
QARPAQON Hə.
VALER Ee... belə...
QARPAQON Necə?
VALER Deyim ki, əslində mən sizin tərəfinizdəyəm, siz səhv edə bilməzsiz, amma, onun da, çox güman ki, müəyyən əsasları var, belə ki...
QARPAQON Cənab Anselm – onun nəyi pisdi? Nəcib, əxlaqlı, xoşxasiyyət, ağıllı, həm də çox varlı bir adam, üstəlik birinci arvadından heç uşağı da yoxdur! Məgər bu xəzinə deyil?
VALER Burası belədir, amma qızınız sizə deyə bilər: tələsmək nəyə lazımdır? Heç olmasa bir az vaxt lazımdır ki, qızınız öz hisslərini yoxlasın.
QARPAQON İşi isti-isti görmək lazımdır! Belə fürsəti əldən qaçırdın, ikincisini gözləmə: axı Anselm onu cehizsiz alır.
VALER Cehizsiz?
QARPAQON Bəli!
VALER Hə!.. Belədirsə, onda mənim sözüm qalmır. Bu elə əsaslı bir səbəbdir ki... heç danışmaq lazım deyil...
QARPAQON Gör nə qədər qənaət etmiş oluram.
VALER aydın məsələdir! Kim nə deyə bilər? Düzdür, qızınız deyə bilər ki, nikah balaca iş deyil. Ərə getmək - ömürlük xoşbəxt, yaxud bədbəxt olacağını həll etmək deməkdir. Ərlə arvad ittifaq bağladısa, bu qəbir evinə qədər sürəcək, deməli qızınız nikah bağlayarkən gərək ehtiyatlı olsun, həm də yaxşıca düşünsün...
QARPAQON Cehizsiz!
VALER Haqlısız! Bu hər şeyi həll edir. Bəlkə kimsə sizi inandıracaq ki, belə işlərdə qızın qəlbi ilə hesablaşmamaq olmaz, ər-arvad arasında olan böyük yaş fərqi, xasiyyətlərində, hisslərində olan fərq nikah üçün böyük təhlükədir.
QARPAQON Cehizsiz!
VALER Bu heç, bu bitdi! Bu danılmazdır! Heç şeytanın özü də bəhanə tapa bilməz. Düzdür, bir çox valideynlər var ki, qızlarının xoşbəxtliyi puldan da qiymətlidir. Onlar heç vaxt qızlarının xoşbəxtliyini öz şəxsi mənafelərinə qurban verməzlər, əksinə, çalışarlar ki, bu nikahda qəlb yaxınlığı olsun, sevinc olsun, sülh, əminəmanlıq olsun və əlbəttə ki...
QARPAQON Cehizsiz!..
VALER Elədir, doğrudur, susuram. Cehizsiz! Bununla söhbət bitir...
QARPAQON (bir gözü bağda, öz-özünə). Vay, deyəsən it hürür... Bəlkə də mənim pullarımı oğurlayırlar! (Valerə) Getmə. Mən bu saat qayıdıram.
Gedir.

VIII gəliş

Eliza, valer

ELİZA Bu nə oyundur, Valer?


VALER Onu hirsləndirməmək və məqsədimizə nail olmaq üçün belə edirdim. Onun əksinə getmək – işi korlamaq deməkdir. Elə tərs adamlar var ki, onlara yalnız dolayı yollarla təsir etmək mümkündür, müqavimət göstərəndə dözmürlər, həqiqət onları qızışdırır, məntiq onlara kar eləmir, belələrinə gərək mane olmayasan. Özünüzü elə göstərin ki, guya hər şeydə onunla razılaşırsız, onda siz deyən olacaq, əks təqdirdə isə...
ELİZA Valer, bəs bu nikah!..
VALER Düşünək görək, onu necə pozmaq olar.
ELİZA Düşünməkdən keçib, axşama çoxmu qalıb!
VALER Xahiş edin başqa vaxta keçirsinlər, özünüzü xəstəliyə vurun.

Yüklə 342,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə