1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə49/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   45   46   47   48   49   50   51   52   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq məsuliyyətin hüquqi əsasları. Dövlətin beynəlxalq məsuliyyəti onun beynəlxalq-hüquqi öhdəliyinin pozulmasına görə ortaya çıxır. Beynəlxalq öhdəliklər təkcə beynəlxalq hüququn mənbələrindən deyil, habelə hüququ tətbiqetmə aktlarından (məsələn, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən, beynəlxalq məhkəmə orqanlarının qərarlarından və s.) və dövlətin birtərəfli aktlarından irəli gələ bilər. Deməli, beynəlxalq məsuliyyətin mənbəyi anlayışı beynəlxalq hüququn mənbəyi anlayışından daha genişdir. Bu mənada beynəlxalq məsuliyyətin hüquqi əsası kimi beynəlxalq hüquq normasının deyil, beynəlxalq öhdəliyin pozulmasından danışmaq lazımdır.
Əlavə edək ki, dövlətin hər hansı əməlinin beynəlxalq hüquq pozuntusu kimi tövsif edilməsi yalnız beynəlxalq hüquq əsasında həyata keçirilir; bu əməlin dövlətdaxili hüquqa görə qanuni olması qətiyyən şərt deyildir.
Beynəlxalq məsuliyyətin faktik əsası. Beynəlxalq məsuliyyətin yeganə faktik əsası beynəlxalq hüquq pozuntusudur (BMT Beynəlxalq hüquq komissiyasının terminologiyasına görə, - beynəlxalq hüquqa zidd əməldir (internationally wrongful act
)). Beynəlxalq hüquq pozuntusunun iki ünsürü vardır. Dövlətlərin məsuliyyəti haqqında məqalələr Layihəsinin 3-cü maddəsinə əsasən, beynəlxalq hüquq pozuntusundan o zaman danışmaq olar ki: 1) dövlətin hər hansı bir əməli onun beynəlxalq öhdəliyi pozmuş olsun (obyektiv ünsür); 2) bu əməl dövlətin özünə aid edilmiş olsun (subyektiv ünsür). Elmi ədəbiyyatda, daxili hüququla analogiya əsasında, beynəlxalq hüquq pozuntusunun zərər və təqsir kimi əlamətləri də göstərilir. Zərərlə bağlı qeyd etmək lazımdır ki, bu ünsür hüquqa zidd davranış anlayışı ilə əhatə olunduğundan onun beynəlxalq hüquq pozuntusunun zəruri komponentləri sırasına daxil edilməsi artıq hesab olunmalıdır. Digər tərəfdən, dövlətin hər hansı əməlinin beynəlxalq hüquq pozuntusu olması qərarına gəlmək üçün həmin dövlətin müəyyən beynəlxalq öhdəliyinin pozulmuş olduğunu aşkara çıxarmaqla kifayətlənmək olar. Məsələn, öz ərazisində əsas insan hüquqlarını pozan dövlətin bu əməlində beynəlxalq hüquq pozuntusu faktını müəyyən etmək üçün bununla hansı dövlətə və hansı zərərin vurulmasını axtərmaq lazım deyil. Bu halda konkret müqavilə müddəasının və ya beynəlxalq adət normasının pozulduğunu ortaya çıxarmaq kifayətdir. Təqsirə gəldikdə isə, o, yalnız kokret normada göstərildiyi halda (məsələn, insan hüquqlarının müdafiəsi sahəsindəki bir sıra müddəalarda) beynəlxalq-hüquq məsuliyyətin ilkin şərti kimi çıxış edə bilər. Bütün digər hallarda dövlətin hər hansı əməlini beynəlxalq hüquq pozuntusu kimi tövsif etmək üçün təqsiri müəyyən etməyə çalışmaq lüzumsuzdur. İkinci bir tərəfdən, psixoloji kateqoriya olan təqsirin dövlət anlayışına aid edilməsinin özü olduqca mübahisəlidir. Beləliklə, hər hansı bir əməli dövlətin beynəlxalq hüquq pozuntusu hesab etmək üçün iki şərtin olması zəruridir və eyni zamanda kifayətdir:
1) bu əməl dövlətin beynəlxalq öhdəliyinə ziddir və 2) əməl dövlətin özünə aiddir, onun “öz” əməlidir.
Hər hansı əməlin bütövlükdə dövlətə aid edilməsi beynəlxalq hüquqda olduqca mühüm məsələdir. Dövlətin ərazisində baş verən və xarici dövlətin hüquq və qanuni mənafelərinə zərər yetirən hər bir əməl heç də mütləq beynəlxalq hüquq pozuntusu deyildir. Və yaxud: dövlətə mənsub olan istənilən fiziki və ya hüquqi şəxsin xarici dövlətin ərazisində törətmiş olduğu hüquqa zidd əməllər hər bir halda həmin dövlətin beynəlxalq hüquq pozuntusu kimi tövsüf edilə bilməz. Dövlət daxili qanunvericiliyində müəyyən etdiyi orqanlar vasitəsilə öz funksiyalarını həyata keçirir və yalnız bu orqanların əməlləri dövlətin əməlləri hesab olunur. Belə demək olar ki, dövlət öz orqanlarına görə, yalnız öz orqanlarına görə və bütün öz orqanlarına görə məsuliyyət daşıyır. Digər fiziki və ya hüquqi şəxslərin, yəni dövlətin adından çıxış etməyən şəxslərin hüquqi hüquqi zidd əməllərinə görə (məsələn, bir qrup şəxsin xarici dövlətin səfirliyinə basqın etməsi) dövlət, ümumiyyətlə götürdükdə, beynəlxalq məsuliyyət daşımır. Bu əməllərlə bağlı (bu əməllərə yox) dövlət o zaman müvafiq dövlət qarşısında məsuliyyət daşıya bilər ki, o, həmin əməllərin qarşısını almaq və ya təqsirli şəxsləri cəzalandırmaq üçün lazımi səy göstərməmiş və zəruri tədbirlər görməmişdir. Başqa sözlə, bu halda dövlətin beynəlxalq hüquqa zidd əməli hərəkətsizlikdə ifadə olunur.

  1. Dövlətin beynəlxalq cinayəti” anlayışı. Müasir beynəlxalq hüquqda, demək olar ki, hamılıqla qəbul olunmuşdur ki, beynəlxalq cinayətlər beynəlxalq hüquq pozuntularının xüsusi kateqoriyasıdır.

Xüsusi sosial-hüquq hadisə kimi beynəlxalq cinayət bir neçə mühim əlamətlərə malikdir; məhz bu əlamətlərə görə o, bütün digər beynəlxalq hüquq pozuntularından fərqlənir. Bunlar aşağıdakılardır: a) pozulmuş öhdəliklərin xaraqteri, yəni beynəlxalq birliyin həyatı maraqlarını əks etdirən öhdəliklərin pozulması; b) göstərilən öhdəliklərin pozulmasının ciddiliyi; c) əməlin bütün beynəlxalq birlik tərəfindən beynəlxalq cinayət sayılması, yəni communis opinio- nun olması.
Şübhəsiz ki, beynəlxalq cinayətin başlıca ünsürü kimi yuxarıda sadalanmış əlamətlərdən birincisi, yəni pozulmuş beynəlxalq öhdəliklərin obyekti çıxış edir.
Təcavüz, genosid və s. kimi cinayətlər törədilərkən dövlətlər bütün beynəlxalq birlik qarşısında öhdəliklərini (erga omnes öhdəlikləri) pozmuş olurlar və bu zaman bütün dövlətlər zərərçəkmiş tərəf sayılır.
İkinci meyar yəni beynəlxalq öhdəliklərin ciddi və ya ağır pozulması beynəlxalq cinayətlərin təhlükəli beynəlxalq hüquq pozuntularından fərqləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Məsələ burasındadır ki, erga omens öhdəliklərinin heç də bütün pozuntuları beynəlxalq cinayət deyildir. Bu öhdəliklərin yalnız ciddi, ağır pozulduğu halda (əlbəttə ki, digər zəruri ünsürlərlə yanaşı) beynəlxalq cinayət törədilməsi faktından danışmaq olar. Dövlətin öz öhdəliklərini pozmasının ciddiliyinin maddi ifadəsi kimi onun hüquqa zidd əməli nəticəsində vurulmuş böyük miqdarda zərər çıxış edir. Vurulmuş zərərinxaraqteri və həcmi əməlin düzgün tövsifi üçün olduqca mühüm meyardır. Beləliklə, ciddilik anlayışını təyin etməyin iki metodu mövcuddur: onlardan biri cinayətin xaraqterinə, ikincisi isə onun nəticələrinə əsaslanır.
Deyilənlərlə yanaşı qeyd etmək lazımdır ki, beynəlxalq sülhə təhlükə törədən, jus cogens normalarını pozan beynəlxalq hüquq pozuntularının heç də hamısı beynəlxalq cinayət deyildir; yalnız o əməllər beynəlxalq cinayət kimki tövsif oluna bilər ki, onlar bütün beynəlxalq birlik tərəfindən beynəlxalq cinayət sayılır və beynəlxalq cinayət kimi nəzərdən keçirilir. Daha ağır nəticələr doğurduğuna görə “obyektiv olaraq” beynəlxalq cinayət kimi nəzərdən keçirilməsi üçün beynəlxalq hüquqa zidd əməl “subyektiv olaraq” bütövlükdə beynəlxalq birlik tərəfindən cinayət sayılmalıdır. Beynəlxalq birlikanlayışı o demək deyil ki, bu birliyin bütün üzvlərinin yekdil rəyi olmalıdır və hər bir dövlətə beləliklə veto hüququ verilməlidir. Digər tərəfdən, bu və digər beynəlxalq hüquqa zidd əməlin “beynəlxalq cinayət” xaraqteri hər hansı dövlətlər qrupu tərəfindən deyil, beynəlxalq birliyin bütün əsas komponentləri tərəfindən tanınmalıdır.
Beynəlxalq cinayət törədilərkən həmin cinayəti törətmiş dövlət üçün xüsusi məsuliyyət rejimi ortaya çıxır. Bu rejim adi beynəlxalq hüquq pozuntusu
törədildiyi zaman meydana çıxan beynəlxalq məsuliyyət rejimindən tamamilə fərqlənir: 1) əgər birinci halda söhbət dəymiş zərərin sadəcə ödənilməsindən gedirsə, ikinci halda isə zərərin ödənilməsindən əlavə, cinayəti törətmiş dövlətin suverenliyinin və beynəlxalq-hüquqi subyektliyinin müxtəlif cür məhdudlaşdırılması mümkün ola bilər (məsələn, İraqın Küveytə qarşı təcavüzündən sonra BMT Təhlükəsizlik Şurasının özünün 687 saylı qətnaməsində müəyyən etdiyi bir sıra tədbirlərlə İraqın suverenliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdı); 2) beynəlxalq cinayət törədilərkən müvafiq dövlətin məsuliyyəti ilə yanaşı, habelə həmin cinayətin törədilməsində təqsirli olan fərdlərin beynəlxalq cinayət məsuliyyəti də ortaya çıxır. Buna əlavə etmək lazımdır ki, beynəlxalq cinayət törədilməsinə görə dövlətin vəzifəli şəxslərindən başqa, adi şəxslər də məsuliyyətə cəlb oluna bilərlər. Doğrudur, bu, beynəlxalq cinayətin xaraqterindən asılıdır. Bir sıra cinayətlər, məsələn, təcəvüz, müstəmləkəçilik və aparteid həmişə, dövlətin siyasi və ya hərbi aparatında yaxud onun maliyyə və ya iqtisadi sferalarında rəhbər mövqe tutan adamlar tərəfindən törədilir və, deməli, yalnız bu şəxslər beynəlxalq cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Genosid hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərin obyektiv tərəfini təşkil edən əməllər isə istənilən fiziki şəxs tərəfindən törədilə bilər; bu halda dövlətin beynəlxalq məsuliyyəti ilə yanaşı, bütün təqsirkar şəxslərin fərdi cinayət məsuliyyəti də ortaya çıxır (fiziki şəxslərin beynəlxalq məsuliyyəti barədə XVII fəsildə ətraflı bəhs edilmişdir).


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə