1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı



Yüklə 158,58 Kb.
səhifə12/48
tarix31.05.2022
ölçüsü158,58 Kb.
#88450
1   ...   8   9   10   11   12   13   14   15   ...   48
Psixologiya

Şifahi sorğu, adətən, yoxlananın reaksiya və davranışı üzərində müşahidə aparmaq tələb olunduqda həyata keçirilir. Yazılı sorğuya nisbətən şifahi sorğu insan psixologiyasına daha dərindən nüfuz etmək imkanı verir. Belə ki, tədqiqat zamanı yoxlanan adamın reaksiya və davranışından asılı olaraq tədqiqatçı öz suallarını tənzim etmək imkanına malik olur. Lakin sorğunun bu variantının keçirilməsi üçün uzun vaxt və tədqiqatçının xüsusi hazırlığı tələb olunur. Belə ki, cavabların obyektivlik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranış və şəxsi xüsusiyyətlərindən asılı olur.
Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna nisbətən az vaxt sərf etməyə imkan verir. Bu cür sorğunun daha geniş yayılmış forması anketlərdir. Lakin yazılı sorğunun qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara reaksiyasını görmək mümkün deyildir.
Sərbəst sorğu bir növ şifahi və yazılı sorğunun müxtəlif variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki, veriləcək suallar əvvəlcədən müəyyən­ləşdirilmir. Bu cür sorğu zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyişdirmək mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə etməyə imkan verir.
Psixologiyada yardımçı metod kimi fəaliyyət metodlarının təhlilindən də istifadə olunur. Fəaliyyət məhsulu kimi şagirdlərin icra etdikləri yazı işlərini, onların bədii yaradıcılıq məhsullarını: yazdıqları şer və hekayələri, əl işlərini, çəkdikləri rəsmləri və s. aid etmək olar. Belə ki, şagirdlərin yazı işlərini yoxlamaq və təhlil etməklə onlarda yazı vərdişlərinin inkişaf xüsusiyyətlərini, digər fəaliyyət məhsullarını təhlil etməklə həmin sahədə bacarıq və qabiliyyətlərinin xüsusiyyətlərin aşkara çıxarmaq müm­kündür. Fəaliyyət məh­sullarının təhlili daha çox yoxlananı əhatə etməyə imkan verir.
Müasir psixologiyada psixodiaqnostik metodlardan da istifadə olunur. Bunlardan ən geniş şəkildə tətbiq olunanı testlərdir. Test qısa müddətli standartlaşdırılmış psixoloji sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi bir sıra əvvəlcədən verilmiş standartlara – test normalarına nə dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir.
Testlərin müxtəlif növləri vardır. Onlardan ən geniş yayılanları aşağıdakılardır: müvəffəqiyyət testləri, intellekt testləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s.

Yüklə 158,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə