1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə İddiaçı:



Yüklə 45,72 Kb.
tarix06.05.2018
ölçüsü45,72 Kb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə

İddiaçı: (qanuni nümayəndə)___________________

Hüquqları müdafiə edilən şəxs: ___________________

Cavabdeh: Azərbaycan Respublikası Qaçqınların və

Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi



Məcburetmə haqqında iddia

(vəzifəli şəxsin hərəkətindən)

Hər iki valideyni məcburi köçkün olan uşaq 1993-cü ildə Bakı şəhərində doğulur. Məcburi köçkün kimi Bakıya gəldikdən sonra ailənin bütün üzvlərinə 1998-ci ildə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün statusu və vəsiqəsi verildi.

Hər iki valideyni məcburi köçkün statusuna malik olan şəxslər Bakıda və yaxud respublikanın digər şəhər və rayonlarında anadan olmasına baxmayaraq məcburi köçkün statusuna malik olduğundan oğlum da bu günə kimi məcburi köçkün statuslu sayılıb və nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edib. Belə ki, o zamanlar məcburi köçkünlərə verilən güzəştlərdən ailə üzvü kimi onun da adı qeyd edilib və o da istifadə edib, həmçinin məcburi köçkünlərə edilən kommunal güzəştlərlə bağlı siyahıda həmişə onun da adı qeyd edilib və Dövlət Komitəsi də onu da nəzərə alıb.

Məcburi köçkünlər Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini aldıqdan və müvafiq sənədlərlə birlikdə səlahiyyətli orqana təqdim etdikdən sonra onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. İndiyədək mən digər övladlarım yetkinlik yaşına çatdıqca müvafiq sənədləri səlahiyyətli orqana təqdim edərək, onlara məcburi köçkün vəsiqəsi almışam. _____________________ oğlu da şəxsiyyət vəsiqəsi ilə təmin olunduqdan sonra aidiyyatı orqana müraciət etdik lakin ona bu vəsiqənin verilməsindən imtina edildi.

Bildirildi ki, oğlum Bakı şəhərində doğulduğu üçün ona məcburi köçkün statusu və vəsiqəsi verilə bilməz. Mən çaşqın vəziyyətdə qaldım və anlamadın ki, necə yəni valideynləri məcburi köçkün olan uşaq özü köçkün sayılmır?! Sonradan mən hüquqşünasa müraciət etdim və mənə bildirildi ki, qanunla oğluma status verilməmək üçün heç bir əsas yoxdur. İşi tam aydınlaşdırmaq üçün hüquqşünas sorğu ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aşağıdakı suallarla müraciət etdi:

1. Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün statusu hansı hallarda verilir?

2. Məcburi köçkün statusunun əldə edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada hansı sənədlər tələb olunur?

3. Məcburi köçkün statusu verilməsindən imtinanın əsasları hansılardır? (müvafiq hüquqi akta istinad edilməklə)

4. “məcburi köçkün vəsiqəsi” məcburi köçkün statusunu təsdiqləyən yeganə sənəd sayılırmı?

5. Hər iki valideyni məcburi köçkün statusuna malik olan şəxs Bakı şəhərində doğulmuşdursa, ona məcburi köçkün statusu, eləcə də məcburi köçkün vəsiqəsi verilməlidirmi?

6. Məcburi köçkün statusunun, eləcə də məcburi köçkün vəsiqəsinin verilməsində hər hansı istisna hal varmı? Əgər varsa, hansı hallar istisna təşkil edir və nəyə əsasən (müvafiq hüquqi akta istinad edilməklə)?

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sorğunu məktubla cavablandırıb. Sorğuda yuxarıda göstərilən suallara aşağıdakı cavablar verilib:

1. Məcburi köçkün statusu "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanuna görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslərə verilir.

2. “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair” Qaydalara əsasən məcburi köçkün statusu almaq istəyən şəxs, sakini olduğu rayonun işğalı zamanı həmin rayonda daimi yaşamasını və qeydiyyatda olmasını təsdiq edən sənədləri – şəxsiyyət vəsiqəsi, hərbi bilet, işğal zamanı yetkinlik yaşına çatmamış şəxslərin doğum haqqında şəhadətnaməsi, kişilərdə hərbi bilet yoxdursa. Məcburi köşkün düşdüyü rayon icra hakimiyyətindən məcburi köçkün düşməsi barədə arayış və işğal zamanı həmin rayonda hərbi qeydiyyatda olması barədə hərbi komissarlıqdan arayış, sakini olduğu rayonun işğalı zamanı ali və ya orta təhsil müəssisələrində təhsil almış şəxslər isə diplomunu təqdim etməlidirlər. Qeyd edirik ki, məcburi köçkün statusu almaq istəyən şəxsdən yuxarıda göstərilən bütün sənədləri təqdim etmək tələb olunmur. Əgər şəxsi sakini olduğu rayonun işğalı zamanı həmin rayonda hərbi qeydiyyatda olması qeyd edilmiş hərbi biletini təqdim edirsə ondan şəxsiyyət vəsiqəsindən əlavə hər hansı sənəd tələb olunmur. Həmçinin, həmin şəxs işğaldan əvvəl ailə həyatı qurmuşsa, onun arvadına və uşaqlarına məcburi köçkün statusu verilməsi üçün hərbi biletdən əlavə şəxsiyyət vəsiqələri, nikah barədə şəhadətnamə və uşaqların doğum haqqında şəhadətnamələrini təqdim etməlidir. Lakin şəxs hərbi biletini təqdim etmirsə, onda o məcburi köçkün düşdüyü rayon icra hakimiyyətindən məcburi köçkün düşməsi barədə arayış və işğal zamanı həmin rayonda hərbi qeydiyyatda olması barədə hərbi komissarlıqdan arayış təqdim etməlidir.

3. Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair” Qaydalara əsasən məcburi köçkün statusu verilməsi üçün müraciət etmiş şəxs məcburi köçkün düşməsi faktını təsdiq edən yuxarıda qeyd edilmiş sənədləri təqdim etməkdən imtina edərsə, ona məcburi köçkün statusu verilmir.

4. Şəxsə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qanunvericiliyə uyğun olaraq verilmiş “məcburi köçkün” vəsiqəsi məcburi köçkün statusunu təsdiq edən yeganə sənəddir.

5. Hər iki valideyni məcburi köçkün statusunu malik olan şəxslər Bakda və yaxud respublikamızın digər şəhər, rayonlarında anadan olmasına baxmayaraq, məcburi köçkün statusuna malikdir və onlara şəxsiyyət vəsiqələri aldıqdan sonra məcburi statusunu təsdiq edən vəsiqələr verilir.

6. Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair” Qaydaların 5.2-ci bəndində məcburi köçkün statusunun verilmədiyi hallar öz əksini tapmışdır. Qeyd edilən Qaydaların həmin bəndinə əsasən işğalı zamanı həbsdə, müddətli hərbi xidmətdə olmuş, fərarilik etmiş şəxslərə məcburi köçkün statusu və vəsiqəsi verilmir.

Yuxarıda qeyd edilən suallara verilən cavablardan da aydın olur ki, _________________________məcburi köçkün statusu və vəsiqəsi verilməməsi üçün heç bir qanuni əsas və səbəb yoxdur.

Mən Komitəyə yenidən qanunla tələb edilən sənədləri təqdim edərək, ərizə ilə oğlum _____________________________ məcburi köçkün statusu və məcburi köçkün vəsiqəsi verilməsini xahiş etdim. Ancaq cavabdeh orqan tərəfindən müraciətimə verilən məktubla status və vəsiqə verilməkdən imtina edildi. Məktubda qeyd edilir ki, “yuxarıda qeyd edilənlərə və qüvvədə olan mövcud qanunvericiliyə əsasən bildiririk ki, övladınız Xankəndi şəhərinin işğalından sonra Bakı şəhərində doğulduğundan və yaşayış yeri üzrə həmin şəhərdə daimi pasport qeydiyyatında olduğundan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onun yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edilir. Odur ki, övladınız məcburi köçkün hesab edilə bilməz”.

Məktubdan da göründüyü kimi əslində oğluma məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün heç bir qanuni əsas yoxdur. Cavabdeh öz məktubunda belə imtinasını əsaslandıracaq heç bir lazımi qanuna istinad edə bilməmişdir. Çünki, nə "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununda, nə də “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair” Qaydalarda hər iki valideyni məcburi köçkün olan şəxsin Bakı şəhərində doğulması və qeydiyyatda olması onu status almaq hüququndan məhrum etmir.

Belə ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanuna görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin qanunun 10-cu maddəsinə əsasən,

Maddə 10. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatət qaldırılması qaydası

Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.

Maddənin məzmunundan göründüyü kimi məcburi köçkün statusu verilməsi üçün şəxs səlahiyyətli dövlət orqanından qeydiyyatdan keçməlidir. Bunun üçün ərizə (vəsatət) vermək tələb olunmur. Çünki “məcburi köçkün statusu” bir vəziyyətdir ki, bu vəziyyətə şəxslər öz iradələrindən asılı olmayaraq düşürlər və onların qeydiyyatı qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin formalaşmasını və onun həyata keçirilməsini təmin etmək baxımından çox önəmlidir.

Cavabdeh sorğuya verdiyi cavab məktubunda da qeyd etdiyi kimi “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair” Qaydalara əsasən məcburi köçkün statusu almaq istəyən şəxs, sakini olduğu rayonun işğalı zamanı həmin rayonda hərbi qeydiyyatda olması qeyd edilmiş hərbi biletini təqdim edirsə ondan şəxsiyyət vəsiqəsindən əlavə hər hansı sənəd tələb olunmur. Həmçinin, həmin şəxs işğaldan əvvəl ailə həyatı qurmuşsa, onun arvadına və uşaqlarına məcburi köçkün statusu verilməsi üçün hərbi biletdən əlavə şəxsiyyət vəsiqələri, nikah barədə şəhadətnamə və uşaqların doğum haqqında şəhadətnamələrini təqdim etməlidir.

Yuxarıda qeyd edilən qaydalardan belə aydın olur ki, əslində ailənin digər üzvlərinə status məhz ataya, ailə başçısına görə onun ailə üzvlərinə verilir və bu halda mən Komitəyə Xankəndi şəhərində hərbi qeydiyyatda olmağım qeyd edilmiş hərbi biletimi və şəxsiyyət vəsiqəmi verməklə özümü, arvadımı və uşaqlarımı məcburi köçkün kimi qeydiyyata aldırıb məcburi köçkün vəsiqəsi almalıyam. İndiyədək də mən elə etmişəm, yəni qanunla tələb edilən sənədləri verməklə mənə, arvadıma və yetkinlik yaşlarına çatdıqda qızlarıma məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Mən yenə eyni qayda ilə cavabdeh orqana yetkinlik yaşına çatan oğlumun qeydiyyata alınaraq, ona status və vəsiqə verilməsi ilə bağlı müraciət etdikdə qanunsuz imtina cavabı aldım.

Yuxarıda qeyd edildiyi kimi, cavabdeh imtina məktubunda bildirib ki, uşağın yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edilir. Əgər uşağın yaşayış yeri valideynlərinin yaşayış yeridirsə, o zaman Xankəndindən məcburi köçkün olan ata-ananın övladı niyə məcburi köçkün hesab edilmir!? Cavabdeh qanunvericiliyə istinad edir, ancaq qəsdən onu səhv təfsir edir.

Halbuki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsi qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi ilə bağlı norma müəyyən edib. Həmin normanın tələbinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir:

- əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;

- bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

Biz nə adətən yaşadığımız yerə qayıtmamışıq, nə də həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilməmişik. Bundan əlavə bizə dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri də verilməyib. Qanunda göstərilməyən qadağanın dövlət orqanı tərəfindən tətbiq edilməsi yolverilməzdir və qanunun pozulmasına görə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

I biz heç bir evlə təmin edilməmişik, II indi qeydiyyatda olduğumuz ev mülkiyyət hüququ ilə bizə məxsus deyil, ancaq əgər mülkiyyətimizdə evimiz olsaydısa belə bu bizi məcburi köçkün statusundan məhrum etməzdi. Belə ki, yuxarıda qeyd edilən qanunun 17-ci maddəsinə görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) mənzil və ya ev satın alarkən əməliyyatlar notarial rüsumlar ödənilmədən icra edilir. Həmçinin Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimatın V bəndində qeyd edilir ki, yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir:

5.1. Məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla). Bu isə o deməkdir ki, məcburi köçkün nəinki faktiki yaşayış yerində qeydiyyata alına bilər, hətta özünə xüsusi mülkiyyət hüquqi ilə daşınmaz əmlak da əldə edə bilər və bu halda hətta rüsumdan azaddır. Məcburi köçkün isə öz aldığı mənzil və ya evə qeydiyyata düşmək hüququna malikdir və bu hüququn hər hansı bir vəziyyətlə bağlı məhdudlaşdırılması qadağandır.

Yuxarıda qeyd edilən Qaydalarda da konkret olaraq imtinanın əsasları və səbəbləri göstərilib. Bu hallar mövcud olmadıqca məcburi köçkün statusu və vəsiqəsi verilməsindən imtina əsassızdır. Hesab edirəm ki, _______________________________ məcburi köçkün statusu onun doğulması zamanı valideynlərinə münasibətdə yaranıb və bu statusu ləğv edilməyib. Mən və digər ailə üzvlərim də oğlum kimi hal-hazırda yuxarıda göstərilən ünvanda pasport qeydiyyatındayıq və məcburi köçkün kimi dövlətin bizə verdiyi bütün güzəşt və imtiyazlardan istifadə edirik. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Heç kəsə qanunsuz əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə görə, dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin 3-cü bəndinə əsasən, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə, müraciət baxılmış hesab olunur. Hesab edirəm ki, cavabdehin verdiyi cavab hüquqi cəhətdən əsaslandırılmayıb, qurumun hansı normativ akta istinad etdiyi göstərilməyib.

Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış vətəndaşların normal həyat tərzi üçün şərait yaratmaq hər bir dövlət orqanının və vətəndaşının ən ümdə borcudur.

Odur ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri tərəfindən yol verilən və __________________________________ hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması və _____________________________ məcburi köçkün statusunun verilməsi və bu statusu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmalıdır.

Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir.

İPM-nin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

Maddə 33. Məcburetmə haqqında iddia

33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir.

33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır.

İPM-nin 8-ci maddəsinin tələbinə görə, məcburetmə haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Yasamal rayonun ərazisində yerləşir və Azərbaycan Respublikası Prezidentinin 2010-cı il 09 avqust tarixli Fərmanı ilə Yasamal rayonu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

Dövlət rüsumu haqqında qanunun 9.1-ci maddəsinə görə, aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İPM-nin 27-ci, 33-cü və 45-ci maddələrini rəhbər tutub, məhkəmədən

xahiş edirəm:

1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri tərəfindən yol verilən və ___________________________ oğlunun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması;

2. _____________________________ məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edəsiniz.

Qoşma:


Tarix:

İmza:


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə