67
çıxarır. Şərq mənbəyi elmi üslubun inkişafına təsirini
bütünlükdə dayandırır, Avropa (rus) mənbəyi isə getdikcə
aparıcı mövqe tutur. 50-ci illərin sonu, 60-cı illərin
əvvəllərindən başlayaraq, elmi üslubda analitik yığcamlıq –
sintaksisin informativliyi güclənir, beynəlmiləl terminlərin
işlənmə tezliyi artır.
İkinci mərhələdə elmi terminlərin paralel işlənməsi
faktı diqqəti cəlb edir; bir tərəfdən beynəlmiləl terminlər
işlənir, digər tərəfdən milli (yaxud onu əvəz edən).
Beynəlmiləl terminlə milli termin arasındakı semantik fərq
əsasında məna mübadiləsi gedir.
60-70-ci illərdə elmi üslub xalq dilindən uzaqlaşır
(müəyyən sahələrdə çox, müəyyən sahələrdə az), daha
doğrusu, ədəbi dilin danışıq üslubu ilə elmi üslub arasında
az qala uçurum yaranır; bunun səbəbi aşağıdakılardan
ibarətdir:
–
xüsusən dəqiq elmlər üzrə ədəbiyyat başqa dillərdə
(əsasən rus dilində) olduğundan elmi informasiyanın
mənimsənilməsi bu mənbələr əsasında gedir – mütəxəs-
sislər azərbaycanca yazarkən (yaxud mühazirə oxuyarkən)
başqa dildə faktlaşmış elmi informasiyanı «hərfi» ifadə
edirlər, yəni informasiyanı dil həzm etmir, amma ifadə edir;
–
elmi materialın kütləviləşdirilməsi işi zəif gedir,
müxtəlif sahələrə aid elmi-kütləvi orqanlar (bunların
içərisində «Elm və həyat» jurnalının rolunu xüsusi qeyd
etmək lazımdır) azdır və bunların əsas hissəsi elmi-kütləvi
dilin inkişafına heç bir kömək etmir – ya həddindən artıq
elmi, ya da publisist üslubda yazırlar;
–
nəhayət, bir sıra hallarda elmdə sxolastikanın
hökmranlığı elmi üslubu da yaşarı köklərdən, dinamizmdən
məhrum edir.
Lakin demək lazımdır ki, 80-ci illərdə ictimai elmlər
68
üslubu ilə xalq dili arasındakı uçurum aradan qalx-
maqdadır; bunun da sosial əsasları var: xalq öz tarixinə,
ədəbiyyatına, dilinə aid elmi-tədqiqat işlərinə maraq
göstərir, ona görə də əlaqə bərpa olunur. Ümumiyyətlə,
elmi-kütləvi dili inkişaf etdirmədən elmi üslubun
xəlqiliyini qorumaq mümkün deyil. Dərsliklərin tərcümə-
sinin yarıtmaz halda olması 60-80-ci illərdə elmi üslubun
keyfiyyətinə mənfi təsir göstərmişdir və göstərməkdə
davam edir; xüsusilə orta məktəb dərsliklərində sadə
kütləvi elmi üslub əvəzinə, qarışıq bir dil var, bu dərsliklər
əsasında aparılan təlim, şübhəsiz, aşağı səviyyədə
olacaqdır.
P u b l i s i s t ü s l u b . Azərbaycan ədəbi dilinin
publisist üslubu, tədqiqatçıların qeyd etdiyi kimi,
«Əkinçi»nin nəşri ilə başlayır. Lakin burada bir cəhət
diqqəti cəlb edir: publisist dil materialı əslində əvvəllər də
mövcud idi – ədəbi-bədii dil üstün olduğu şəraitdə publisist
dil materialını da ehtiva edirdi.
XIX əsrin sonu, XX əsrin əvvəllərində mətbuatın
inkişafı publisist dilin də inkişafına şərait yaradır, bununla
belə sovet dövründə müəyyənləşən publisist dil əvvəlki
dövrlərdəkindən keyfiyyətcə fərqlənir. Bu fərq nədən
ibarətdir?
Sovet dövründə ədəbi dilin publisist üslubu sosialist
mədəniyyətinin təbliği sahəsində mühüm iş görür. Əlbəttə,
bu proses hələ inqilabdan qabaq bolşevik: mətbuatında
başlamışdı, 20-ci illərdə isə «Kommunist», «Molla
Nəsrəddin», «Kəndçi qəzeti», «Yeni yol», «Müəllim
qəzeti», «Maarif və mədəniyyət», «Gənc işçi» kimi
mətbuat orqanlarının təcrübəsində davam edir.
20-30-cu illərdə publisist üslubun axtarışları xüsusilə
güclü idi, partiya qərarlarında da bir neçə dəfə mətbuat
69
dilinin kütləviliyini qorumaq barədə məsələ qaldırılmışdı
1
;
mətbuat dilinə bu cür-xüsusi diqqət yetirilməsi onun
ictimai-siyasi həyatda gördüyü mühüm işlərlə bağlıdır.
Ümumiyyətlə, «mətbuat üslubu ədəbi dilimizin inkişaf
mənzərəsini – leksik-qrammatik dəyişməni, səlisləşmə və
təkmilləşməni başqa üslublara nisbətən özündə daha aydın
və tez əks etdirir»
2
– bu öz yerində, yeni zamanda mətbuat
dili – publisist üslub özünəməxsus yolla inkişaf edir.
20-30-cu illərdə publisist üslub aşağıdakı diferensial
ifadə formalarını ehtiva edir:
1) siyasi-publisist dil – bu ifadə formasını ictimai-
siyasi terminologiyanın işləkliyi, çağırış, təbliğ-təşviq
intonasiyası xarakterizə edir;
2) elmi-publisist dil – bu ifadə formasında şərhçilik,
müxtəlif elm sahələrinə aid terminlərin işləkliyi, sintaksisin
təmkinliliyi diqqəti cəlb edir;
3) bədii-publisist dil – bu ifadə formasında obrazlılıq
mühafizə olunur, dəyişən dünyanın tərənnümü, cəhalətin
tənqidi verilir;
4) adi publisist dil – bu, məişət hadisələrinin təsvirini
verir.
Demək lazımdır ki, hər bir mətbuat orqanı publisist
üslubun bütün diferensial ifadə formalarından eyni
dərəcədə istifadə etmir, hətta müxtəlif zamanlarda bu və ya
digər ifadə forması daha funksional olur.
20-30-cu illərdə publisist üslub həm bədii, həm də
elmi üsluba təsir göstərir, çünki mətbuat kütləvi idi,
inqilabın coşdurduğu xalqın intellektual enerjisi mətbuatda
daha tez ifadəsini tapırdı, mətbuat kütləvi təfəkkür
1
Bu barədə bax: Советская власть в документах, М., 1961, стр. 213, 223,
261 и т.д.
2
Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 106.
Dostları ilə paylaş: |