419
Feyzulla dayıgilin teatrında təzə teatr çıxardacaqlar. Deyirlər
bir qiyamət şeydir, biletçün baş yarırlar. Deginən deyir
Feyzulla dayı bizə də bilet gətirsin. Elə mən də sən deyəni
dedim. Dedim Feyzulla dayı çox utancaq kişidir. Ağız açıb
bilet-zad tapan deyil, tapan elə Həcər xalaya tapar da... qaragün
evdən bayıra çıxmır.
Həcər qıpqırmızı qızardı. Anaxanım görməsin deyə, aşağı
əyildi, guya yerdən nəsə götürəcəkdi. Sonra başını qaldırıb:
–Mənim özümün teatrla o qədər aram yoxdur, — dedi, —
çavanlıqda o qədər baxmışam ki, ömürlük bəs eləyib. Yoxsa
getsəm, niyə tapmır. İstəsəm hər axşam gedərəm. O tası ver
bura, zəhmət olmasa. Ay sağ ol... İntəhası mənimki
televizordur, oturub rahat baxıram özümçün.
–Yox, demə, teatrın öz yeri var. Televizora sən baxırsan,
amma teatrda həm sən baxırsan, — o, Həcərə göz vurdu, güldü,
— həm də sənə baxırlar, ay Həcər bacı. Geyinib-kecinirsən,
sırğadan, üzükdən nəyin var taxırsan, çıxırsan beş adam içinə.
Ürəyivə ayrı şey gəlməsin ha, Həcər bacı, bilet-zad istəmirəm.
Lazım olsa deyərəm qardaşım oğluna, əlli yerdən tapar. Belə,
söz gəlişi dedim... Bazara gedirəm. Bir şey lazımdır, alım
səninçün. Yaxşı ləpə qoz var... Beş kilo aldım. Bayramqabağı
tapılmayacaq. Bir şey lazımdırsa, düzünü denən.
–Yox, yox, sağ ol. Səhər özüm getmişdim.
Tamaşanın müzakirəsi, qızğın keçirdi. Çıxış eləyənlərin
əksəriyyəti quruluşu bəyənir, yüksək qiymətləndirir, xırda-
mırda kəm-kəsirləri qeyd edirdilər.
Kəbirlinski də başqa aktyorlar kimi səhnə libasını, qrimini
soyunub, gəlib bir qıraqda oturmuşdu.
Axıra yaxın eynəkli cavan bir oğlan söz aldı. Feyzulla onu
tanımırdı, Əlikram pıçıldadı ki, teatr tənqidçisidir, Moskvada
qurtarıb təzəcə gəlib, özü də filankəsin oğludur.
Kəbirlinski:
–Maşallah, — dedi, — vallah belə cavanları görəndə adamın
420
ürəyi dağa dönur, görürsən necə bulbül kimi ötür. Millətimizin
ümidi bunlaradır.
Gənc tənqidçi:
–Mən bir məsələyə də toxunmaq istəyirəm, —dedi, —
kötüklər məsələsinə, — burada o, kiçik bir pauza verdi.
Salonda bir hərəkət, bir pıçıltı gəzdi: "Necə? Kimlər? Nə?
Nələr? Kötüklər".
Gənc tənqidçi güclə sezilə biləcək bir məmnunluqla bu
pıçıltının susmasını gözlədi, camaatı bir az da intizarda
saxlayıb:
–Bəli, bəli, kötüklər, — dedi. — O kötüklər ki, inkişaf
yolumuza yıxılıb bizi irəliləməyə qoymurlar. Bağışlayın, mən
bir az sərt, kəskin danışıram, amma axır əvvəl bu məsələyə son
qoymaq lazımdır. —O, qrafindən stəkana su töküb, bir stəkan
içdi və təmkinlə davam elədi, — ayrı-ayrı adamlara yazığımız
gəlir, amma sənətimizə yazığımız gəlmir, ayrı-ayrı şəxslərin
qeydinə qalırıq, amma səhnəmizin qeydinə qalmırıq, ayrı-ayrı
qocamanların — "qocaman" sözünü açıq iztehzayla dedi, —
bəli, ayrı-ayrı qocamanların hörmətini saxlayırıq, amma
işimizin, peşəmizin hörmətini saxlamırıq.
O, yenə pauza verdi, yenə camaatı intizarda qoydu, görəsən
kimi deyir, çoxunun ürəyi gup elədi, görəsən ad çəkəcəkmi, ya
elə belə ümumi sözlər deyir. Əgər ümumi mücərrəd
danışırdısa, hamı bu doğru fikirlərlə razılaşacaq, hamı şərik
çıxacaq, hamı bərkdən əl çalacaqdı.
Gənc münəqqid:
–Bax, məsələn, götürək bu günkü tamaşanı, — dedi. —
Zövqlə işlənmiş müasir tamaşadır. Brext teatrının səmərəli
təsiri duyulur. Rejissor, rəssam işi təqdirəlayiqdir. Cavad
Cabbarov yadda qalan obraz yaradır. Amma bir aktyor
görürsən kobud, biçimsiz oyunuyla, bütün ansamblı pozur,
təəssüratı xarablayır. Mən e... — əlindəki kağıza baxdı, — e…
Kəbirlinskini nəzərdə tuturam. Gərək ki, Siyavuş müəllim, o,
tamaşada üçcə kəlmə söz deyir… E… bu qoca, bu gecə, bu,
421
ocaq?
Siyavuş yorğun gözlərini qaldırıb:
–Bəli, — dedi.
–Aha. Amma bu sözləri bir kökdə, bir tərzdə deyir ki, adam
təəccüb edir, bu adam səhnəyə hardan və necə gəlib. Və ikinci
sual: bu və bunun kimi adamlar səhnəmizdən necə və haçan
gedəcəklər. Haçan səhnəni tərk edib çoxdan layiq olduqları
qanuni istirahətə gedəcəklər.
"Qanuni istirahət" sözlərini deyəndə hamı gülüşdü.
Münəqqid də xəfifcə gülümsünüb davam etdi:
–Bu, xırda məsələ deyil. Mən bayaq Siyavuş yoldaşla bu
barədə danışdım. Deyir, yazıqdır, necə atım bayıra. Yoldaş
Siyavuş, bir nəfərə yazığınız gəlir, amma teatra, sənətə,
nəhayət tamaşaçıya yazığınız gəlmir. Bilirsinizmi bu nədir?
Xırda humanizm.
Siyavuş yerdən:
–İrisi hansıdır? — dedi.
Münəqqid:
–Bəli, bəli, — dedi, — xırda humanizm, mən deyərdim
burjua humanizmi.
–Sən direktor olanda çıxardarsan, — deyə Siyavuş yenidən
replika atdı.
Kimsə güldü.
Gənc münəqqid pərtləşdi, amma pərtliyini biruzə vermədi,
dərhal özünü ələ aldı:
–Yox, liberallıq lazım deyil, — dedi və yerinə keçdi.
İclasın sədri:
–Deməli, tamaşanı qəbul edirik, — dedi. — Göstərilən
nöqsanları da yoldaşlar işləyib düzəldərlər.
Salondakılar əl çaldılar və yerlərindən durdular. Bir-bir
yanaşıb Siyavuşu, Cavadı, rəssamı təbrik edirdilər.
Əlikram:
–Gördün də, — dedi — dəysin dədəsinə.
Kəbirlinski:
422
–O papurusundan görüm, —dedi.
–Sən ki, çəkən deyilsən.
–Hərdən-birdən çəkirəm.
Foyeyə çıxdılar.
Foyedə gənc münəqqid Siyavuşla və rəssamla dayanıb nə
barədəsə qızğın mübahisə edirdilər. Kəbirlinski bir qıraqda
sütuna söykənib dayanmışdı, onlara baxırdı. Sözlərini
eşitmirdi, amma görürdü ki, nə isə çox odlu-odlu danışırlar.
Kəbirlinski onlara baxır və qeyri-ixtiyari zövq alırdı — üçü də
cavan, gözəl-göyçək idi, səliqə və dəblə geyinmişdilər.
İstedadlı, ağıllı-kamallı idilər, bütün ömürləri, şöhrətləri də
hələ qabaqda idi. Birdən rəssam nə isə dedi, üçü də bərkdən
şaqqıldayıb güldülər, üçünün də eyni açıldı. Münəqqid ərkyana
əlini Siyavuşun çiyninə vurub onlardan aralandı, kiməsə ötəri
salam verdi, kiməsə əl elədi, kiməsə gülümsündü və qıvraq
addımlarla pilləkənləri düşməyə başladı.
Nədənsə Kəbirlinski də birdən onun ardınca getdi və aşağı
foyedə ona yanaşdı:
–Salaməleyküm, — dedi. — Bağışlayın, tanış deyilik,
amma çıxışınız mənim çox xoşuma gəldi. Təbrik edirəm.
Cavan münəqqid:
–Çox sağ olun, — dedi və çevrilib getmək istədi.
Kəbirlinski:
–Amma bircə məsələni sizə demək istəyirəm, — dedi.
–Nə məsələ?
–Dediz ki, Kəbirlinskini qovmaq lazımdır.
–Bəli. Düz demədim?
–Bəs necə olsun axı...
–Nə necə olsun. Sizin xoşunuz gəldi Kəbirlinskinin
oyunundan?
Feyzulla:
–Kəbirlinski mənəm, — dedi. Gənc münəqqid diksindi.
–Siz? Kəbirlinski... — deyə karıxdı, amma yenə özünü ələ
aldı quru bir tərzdə, — çox əcəb, — dedi, — qrimsiz sizi
Dostları ilə paylaş: |