A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə116/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   112   113   114   115   116   117   118   119   ...   168

 407 

–Ye də. Görüm heç yediyin boğazından keçməsin. Hamı ərə 

gedir ağ günə çıxır, bu da adını ər qoyub.  

Feyzulla yorğun bir hərəkətlə başını qaldırdı. 

–Axı nə olub yenə? —dedi. 

–Nə olacaq? Odey, Anaxanım gəlmişdi.  Ərindən, evindən, 

dolanışığından danışır, adam yanır–yanır yaxılır. Topal 

Səfdərin qızı elə dolansın, Dursun bəyin qızı belə. 

Feyzulla söhbəti zarafata salmağa çəhd elədi: 

–Neyniyim, ay arvad, özün mənə  aşiq olmuşdun da. Özün 

mənə qoşulub qaçmadın? 

–Kaş mənim qıçım sınaydı, sənə qoşulub qaçan gün, gözüm 

kor olaydı, səni görən gün. Kül mənim gic ağlıma, uşaq idim, 

nə qanırdım, gəldin kəndə teatr çıxartdın, mənim də gözüm 

tutuldu. Mən Qəmərdən min pay gözəl idim, o, İsgəndər 

Muradəliyevə qismət oldu, mən də sənə... 

Feyzulla boşqabını, çəngəlini mətbəxə apardı, səsi dəhlizdən 

gəldi. 


–Utanmırsan, Həcər? Heç olmasa Qəmər yazığın adını 

çəkmə. 


–Yazıq niyə olur Qəmər? 

–Bəs yazıq deyil. O cür faciənin qurbanı oldular, o da, 

İsgəndər yazıq da. Nə yaşları vardı, ölməli vaxtlarıydı heç? 

Həcər köksunü ötürdü, bir müddət susdu, sonra öz 

fikirlərinə cavab verirmiş kimi sözünə davam etdi... 

–Zato bir gün gördü. Öldüsə də heç olmasa yaşayanda insan 

kimi yaşadı. Evi, eşiyi, pulu, varı, dövləti... Beş gün dünyada 

kefin çəkdi, dünyadan gedəndə də bir şey görub getdi. Amma 

mən sabah yıxılıb öləndə nə deyəcəm. Nə gördüm bu dünyada? 

Sənin bu qıcqırmış sir–sifətini, bir də bu iylənmiş xarabanı... 

Budu mənim gördüyüm... Camaat kefində-damağında… eh, — 

deyə birdən özü öz sözünü kəsdi, —sənə dedim–demədim nə 

təfavütü var?  

Feyzulla özünə çay töküb gətirmişdi, balaca armudu 

stəkandan qurtum–qurtum içirdi.  



 408 

–Həcər, —dedi, — görürəm bu gün sənin  əhvalın özündə 

deyil. Anaxanım da gəlib səni fitdəyib. 

–Məni fitdəmək–zad lazım deyil. Özüm koram, görmürəm, 

xalq necə dolanır, biz necə dolanırıq. 

Feyzulla çayını içdi, aparıb stəkanı əlüzyuyanın altında suya 

çəkdi, otağa qayıtdı. 

Həcər: 


–Eldar dünən bir halda gəlmişdi ki, çırtma vursaydın qan 

damardı. Dərsə bir müəllim gəlib, səni yaş yuyub, quru sərib. 

Feyzulla: 

–Eşitmişəm, — dedi, — Aydın dedi mənə, Eldarın yoldaşı.  

–Eşitməyindən nə olsun? Guya gedib o müəllimi asıb-

kəsəcəksən. Kimdi sənin sözünə məhəl qoyan? 

Feyzulla sakit qulaq asırdı. Ən ağır, ən kinayəli sözləri belə 

gündə eşidərsənsə, onlar artıq dəyərsizləşir, vərdiş halına keçir, 

odur ki, nə incidir, nə ağrıdır. Bəlkə bir qədər yorur, vəssalam. 

Həcər isə yorulub usanmaq bilmirdi. 

–Deyir, ay ana, mənim atam axı niyə belə fərsizdir. Mənə də 

deyir onun ucbatından hamı yuxarıdan aşağı baxır. Atam 

olmasaydı, deyir, heç olmazsa bilərdim ki, yetiməm, biri mənə 

gözün üstə qaşın var deyə bilməzdi, amma bu sağdır, hamı 

bunu körür, tanıyır, hamı buna gülür, rişxənd eləyir,  ələ salır, 

mən də qalıram içimi yeyə–yeyə. 

—Eldar heç vədə belə söz deməz. 

—Yalan deyənin lap atab atasına lə'nət. —Həcər əlini stolun 

üstündəki kiçik çörək qırıntısına uzatdı, onu barmaqları 

arasında ovxaladı, — bax bu bərəkət haqqı, uşaq danışırdı, 

ürəyim qan olurdu. Mama, deyir, mən kimdən əysiyəm ki, kaş 

deyir mən də böyük bir adamın oğlu olaydım. Mən deyir 

cavanam, gözələm, öz üzərimdə deyir, çalışıram, gecəni 

gündüzə qatıb oxuyuram, biliyimi, savadımı artırıram. 

Görürsən, deyir, bir məclisdə, bir kompaniyadayıq. Qızların 

hamısının gözü məndədir. Mənim də deyir görürsən birindən 

xoşum gəlir. Tanış oluruq, danışırıq. Kitablardan, teatrlardan, 



 409 

kinolardan, hardan deyir desə  mən də  xəbər verirəm, xəcalət 

qalmıram. Amma bir də görürsən deyir, axmağın birisi gəlir, nə 

bir savadı, biliyi var, nə  də bir əməlli sir-sifəti, vücudu üç 

qəpiyə dəyməz, amma di gəl böyük bir şişqanın oğludur, ya da 

ki, atası kalandır, ayağının altında maşını, cibində pulu. 

Görürsən qıza dedi ki, gəl otur maşınıma, səni gəzdirim. Qız da 

deyir daha onu qoyub mənimlə gəzməyəcək ki... 

Feyzulla: 

—O cür qızla elə gəzməsə yaxşıdır, —dedi. — O nə qızdır 

ki, pula, maşına qəlbini satır. 

Həcər susub bir müddət maddım–maddım Feyzullaya baxdı, 

sonra iki əliylə ona boğma çıxarıb: 

–Ala ey, külü qoyum ağlıva, —dedi, —durdu, durdu, söz 

danışdı da... Elə bütün ömrünü belə  əfəl olmusan ki, bu günə 

qalmısan da... 

Feyzulla nəhayət hövsələdən çıxdı: 

—Arvad, bilirsən nə var?—dedi. — Bəsdi. Sən dedin, mən 

dinmədim, amma daha cızıqdan çıxdın, ağ elədin. Mənim də 

özümə görə heysiyətim, mənliyim var. 

Həcər: 

–Sənin mənliyinə ki, — dedi, — yaxşı, yum, səninlə 



danışanda bütün qanım qaralır.  

Feyzulla ayaqqabılarını  çıxarıb çarpayısına uzandı. Həcər 

dəhlizə  çıxdı. Ordan qab-qacaq səsi, çəngəl–bıçaq cingiltisi 

eşidildi. Feyzulla gözlərini yumdu, mürgülədi. Bir azdan Həcər 

yaş əllərini silə-silə otağa qayıtdı: 

–Anaxanım deyir, bəs bütün artistlərə ad veriblər, ərivi niyə 

yaddan çıxarıblar? 

Feyzulla cavab vermədi. Ya doğrudan yatmışdı, ya da 

yalandan özünü yuxuluğa qoymuşdu. 

Həcər: 


–Sən yat, —dedi, — sənə nə var ki, buğda yeyib cənnətdən 

çıxmısan. 

Dəhlizə getdi, bir azdan yenə qayıtdı. 



 410 

–Eldar deyir ki, kaş bircə  dəfə  mənim dədəm haqqında da 

qəzetdə bir kəlmə xoş söz yazaydılar. Yoxsa ya heç nə 

yazmırlar, ya da bircə  kəlmə yazırlar ki, "Kəbirlinski yenə  də 

rolunun öhdəsindən gələ bilmədi". 

Feyzulla aramla gözlərini açdı, uzun–uzadı Həcərə baxdı: 

–Həcər, — dedi. — Bəlkə məsələni açıb Eldara deyək. 

Həcər birdən–birə elə bil dəyişib başqa adam oldu, sapsarı 

saraldı, sanki balacalaşdı, büzüşdü və qəflətən qocaldı. Boğuq 

səslə: 


–Nə danışırsan, ay kişi? —dedi. — Ağlın çaşıb. Sən atovun 

goru heç o fikri başına gətirmə. 

Gözləri dolmuşdu. Dəsmal çıxarıb gözlərini sildi, dəhlizə 

keçdi və Feyzulla evdən gedənəçən bir kəlmə də danışmadı.  

Düz altıda Feyzulla televiziya studiyasında idi. Yavaş–yavaş 

artistlərin hamısı  gəlib yığışdı. Rejissoru gözləyirdilər.  İri 

projektorların işığı  və istisi studiyanın içini hamama 

döndərmişdi. Mikrofonlar — budaqdan sallanmış armud kimi 

artistlərin başları üzərindən asılmışdı. 

Cürübbəz, balaca boylu, çevik Mamed ora–bura şütüyür, bu 

qapıdan girib, o qapıdan çıxırdı, müxtəlif göstərişlər, sifarişlər 

verirdi. Tez-tez "deməli belə, deməli belə" deyə  təkrar edirdi. 

"Deməli belə, sən burda durarsan, sən burdan girirsən. Aha, 

deməli belə, üçüncü kamera, sən bu tərəfdən nayezd eləyirsən, 

krupnı plan, sonra sən soldan götürürsən, ikinci kamera. 

Deməli belə, mən, işarə verəndə bas düyməni. Burax musiqini. 

Deməli belə, hamı burdadır, hamı öz yerindədir. Budey 

Siyavuş müəllim də gəldi".  

Feyzullanın ürəyi düşdü. Nə biləydi ki, televizorun bu 

axşamkı verilişinə Siyavuş  dəvət olunub. O, televiziyaya tez-

tez gələn deyildi. Rejisorun Siyavuş olduğunu bilsəydi, mütləq 

boyun qaçırardı. Siyavuş da dərhal onu gördü. 

–Kəbirlinski, — dedi: — balam, mən səndən qaçıram, sən 

də hara getsəm çıxırsan qabağıma. Ay kişi, qoymazsan 

gözümüzü açaq. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə