A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə122/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   118   119   120   121   122   123   124   125   ...   168

 431 

Feyzulla özü də bilirdi ki, heç bir vaxt ürək eləyib həqiqəti 

Eldara aça bilməyəcəkdir. 

...İsgəndər Muradəliyev arvadı  Qəməri və yeddi aylıq 

oğlunu Şuşaya istirahətə aparırdı... Yola axşamüstü çıxmışdılar 

ki, istiyə düşməsinlər.  İyulun cırhacırı idi. Xırdalan tərəfdə 

dəmir yoluyla şose yolu çarpazlaşan yerdən keçəndə qaranlıq 

idi. Yaxınlaşan qatarı görməmişdilər. Gözətçinin 

səhlənkarlığından  şlaqbaum bağlanmamışdı. Dəmir yolunu 

keçəndə sürücü sürəti dəyişdi, üçüncüdən ikinciyə qoşdu, 

motor söndü, maşın qatarın qarşısında qaldı. Tale kimi 

qaçılmaz və müdhiş bir labüdlüklə üstlərinə gələn qatarın yaxın 

nəfəsini duyanda Qəmər qışqırdı, bayıldı.  İsgəndər iradəsinin 

son fəal çırpıntısıyla uşağı  Qəmərin qucağından qapıb yolun 

kənarına atdı. Uşaq salamat qaldı. Bircə sol qıçı  şikəst 

olmuşdu. Qalan hamısı həlak olmuşdu. Qəməri məscidə gətirib 

yuyanda döşündən süd axırdı. 

Həcərlə Feyzullanın övladı yox idi. Uşağı saxladılar, 

böyütdülər, öz adlarına keçirtdilər, həqiqəti gizlətdilər. 

 

Səhər Eldar masanın arxasında oturub qatıq içirdi. Ağrıdan 



başı çatlayırdı. Feyzulla üzünü qırxırdı. Geyinib çıxanda 

Həcər: 


–Feyzulla, — dedi, — sabah premyeradı, bizə də bilet gətir. 

İkisin, Eldarla mənə, ikisin də Anaxanımgil istəyiblər. 

Eldar: 

–Mən getməyəcəyəm, — dedi. 



Feyzulla: 

–Həcər, çətindir, —dedi. — Biletçün qırğındır.  

Həcər: 

–Daha bu lap ağ oldu, — dedi,— özün işlədiyin teatra da 



bilet tapa bilmirsən. Allah bilmirəm niyə səni belə aciz–avara 

yaradıb. 

–Yaxşı, yenə başlama. Anaxanıma söz vermə, Eldar da 

istəmir, sənə bir bilet düzəldərəm. 




 432 

Pilləkənlərlə düşəndə arxadan Həcərin səsini eşitdi: 

–Sən mənə bilet gətirmə, gör iki gözüvü bir deşikdən 

çıxardaram, yoxsa yox. 

 

Kassaçı: 



—Yox, yox, yox, — dedi, — bir dənə də bilet qalmayıb. 

—Axı mən bu teatrın işçisiyəm. 

—Teatrın iki yüz yetmiş işçisi var.  

Feyzulla administratorun yanına gəldi. 

—Canımçün, Feyzulla, sabahla biri günə heç bir şey eləyə 

bilmərəm, sonrakı günlərdən birinə gözüm üstə, neçə bilet 

istəsən. 

Feyzullanın hər yerdən  əli üzülmüşdü. Siyavuşun yanına 

getmək istəmirdi, ancaq ayrı  əlacı qalmamışdı. Siyavuşun 

otağına elə hey adamlar girib çıxırdı. 

—Necə yəni gələ bilmir, — deyə Siyavuş kiməsə qışqırırdı, 

—gələr, canı da çıxar, sabah tamaşadı, bu nə oyundur çıxarır. 

Kimsə: 

–Bu səhər qaynanası ölüb, — dedi. 



–İstəyir lap bütün qohum-əqrəbası  qırılsın, sabah burda 

olmalıdır, bu basabasda kimnən əvəz eləyəcəm onu.  

Telefon zəng çaldı, Siyavuş dəstəyi qaldırdı: 

–Yox, — dedi. — Sabah axşam. Biri gün gündüz və axşam. 

Bəli. 

Dəstəyi asdı. 



–Aslan, — deyə qapının yanında dayanmış oğlana müraciət 

elədi, — proqramlarda Səlimovun yerinə Hacıyevi qeyd elə. 

Sabir, sən də denən səhnədə stolun üstünə qara yox, ağ telefonu 

qoysunlar. O dünənkini. 

Yenə zəng olundu. Siyavuş: 

–Bəli, — dedi. — Bəli, mənəm, buyurun, əleykisalam. 

Bağışlayın, indi imkanımız yoxdur. Bazar ertəsi zəng elərsiz. 

Dəstəyi qoyan kimi yenidən zəng çalındı. — Bəli, bəli. Yox, 

yox, heç bir şey eləyə bilmərəm. Bir bilet də qalmayıb. 



 433 

Bilirəm, çox yaxşı, qəzetinizə böyük hörmətim var, amma 

sabaha heç bir şey mümkün deyil, biri günə tapşıraram. 

Dəstəyi qoydu. 

–Aslan,  Şərifə xanıma de gəlsin mənim yanıma, — birdən 

küncdə dayanmış Feyzullanı gördü. — Kəbirlinski, sən nə 

deyirsən? 

Feyzulla: 

–Siyavuş müəllim, — dedi, — sizə bir işim düşüb, heç 

üzüm də gəlmir. 

–Kəbirlinski, uzatma. De görüm nə deyirsən. 

–Deyirdim bu gün mənə bir bilet bəlkə...  

Siyavuş qəti səslə: 

–Yox, — dedi. 

–Hə? 

–Dedim ki, yox. Mən bilet paylamıram. Bu iş üçün nahaq 



gəlmisən mənim yanıma, —zəng çalındı, — bəli, mənəm. 

Gəlirəm, siz başlayın, bu saat gəlirəm, — dedi. — Onsuz da 

başım qazana dönub, Kəbirlinski, — tələsik otaqdan çıxdı. 

Feyzulla yavaş–yavaş  aşağı düşdü, teatrdan çıxıb radioya 

gəldi. Fikir onu almışdı. Arvada nə cavab verəcək, evə nə üzlə 

gedəcək. 

–Nə olub, Kəbirlinski, qaşqabağın yer süpürür. — Məcidi 

səsindən tanıdı. 

–Heç, ay Məcid, — dedi, — fikirləşirəm. 

–Xeyir ola, nə fikirləşirsən belə. 

–Fikirləşirəm ki, mənim kimi bir insanın yer üzündə 

yaşamağının nə mənası var. 

–Bıy, sağ ol... 

–Altmış il ömür sürmüşəm, nə bir qəpiklik iş görmüşəm, nə 

bir xətir–hörmətim var. Sabah yıxılıb öləm, kimin vecinə 

olacaq. Bir aydan sonra adım da yadından çıxacaq hamının. 

–Nə olub, özünütənqidə keçmisən? 

–Yox, bilirsən, adam papağını qoyur qabağına, fikirləşir, 

bütün ömrüm lent kimi keçir gözümün qabağından, görürəm ki, 



 434 

elə əvvəlcədən düz yolumla getməmişəm. Bütün ömrüm hədərə 

çıxıb gedib, indi də daha gecdir. 

–Nə olub, Kəbirlinski, bu gün yenə  fəlsəfə  qırıldadırsan? 

Bəlkə bir şey–zad deyən olub sənə, ürəyivə-zada toxunublar, 

vallah hamısını qataram bir-birinə, səni çöldən tapmamışam 

ki... 

–Ey ay Məcid, qırx ildir teatrda işləyirəm, qarderobşik qədər 



hörmətim yoxdur. Adam yerinə saymırlar məni, it dəftərində 

adım yoxdur. Bir bilet nədir ki, onu da mənə çox gördülər. 

Onlar dəhlizlə gedirdilər, Eldar qabaqlarına çıxdı, 

Feyzullanın Məcidlə danışdığını görüb üzünü yana çevirdi. Bu 

hərəkəti Məcidin nəzərindən qaçmadı. Məcidin gözlərində 

cinlər oynadı, bic-bic gülümsündü. 

–Kefini pozma, Kəbirlinski, — dedi, ondan aralanıb 

uzaqlaşdı. 

Feyzulla rolunu yazdırdı, bufetdə bulkayla kefir içdi, 

binadan çıxırdı ki, daldan səs eşitdi, dönüb baxdı. 

Məcid ikinci mərtəbənin pəncərəsindən boylanıb onu 

haraylayırdı.  

—Kəbirlinski, bir bura zəhmət çək. 

Feyzulla geri döndü. Məcid pillələrdə onun qabağına çıxdı. 

–Bayaqkı sözlərin yaman mənə yer elədi, Kəbirlinski, —

dedi, — gedib mestkomla danışdım. Sənə ikiadamlıq 

dəvətnamə aldım. Amma sizin teatra yox, Akademiyaya. Özü 

də sabaha yox, bu günə. Sabah, bilirəm tamaşadı, məşğulsan. 

Bu gün vur arvadı da qoltuğuna gəl Akademiyaya — yaxşı 

yığıncaq var orda. Bax, görürsən, burda da yazılıb Dantenin 

yubileyidir. Dante məşhur italyan şairidir, 700 il bundan qabaq 

yaşayıb. Bax, adıvı da yazdırmışam. 

Feyzulla dəvətnaməni alıb baxdı. Doğrudan da dəvətnamədə  

"ikiadamlıq" sözləri və onun adı, familiyası yazılmışdı: 

"Hörmətli yoldaş Feyzulla Kəbirlinski! Sizi böyük italyan 

şairi Dante Aligyerinin anadan olmasının 700 illiyinə  həsr 

olunmuş təntənəli yığıncağa dəvət edirik. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə