A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə53/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   49   50   51   52   53   54   55   56   ...   61
id55880

 
 
BOYAKARLIQ
Azərbaycan çağdaş rəngkarlığının ilk addımları 20-ci illərin ortalarına 
təsadüf edilir. O zaman Bakı rəssamlıq məktəbinin yetişdirmələri böyük ruh 
yüksəkliyi ilə sərbəst yaradıcılıq fəaliyyətinə başlayır, özlərinin ilk, hələ qeyri-
yetkin tabloları ilə Azərbaycan Gənc Rəssamlar Cəmiyyətinin və Azərbaycan 
İnqilabi Təsviri İncəsənət İşçiləri Cəmiyyətinin tədris və gənclik sərgilərində də 
çıxış edirlər. Tarixi və müasir mövzularda, əmək-məişət, qadın azadlığı, 
savadsızlığın ləğvi mövzularında kiçikhəcmli tablolar meydana çıxır. Salam 
Salamzadənin, Qəzənfər Xaliqovun, Ələkbər Rzaquluyevin yeni həyatın ruhu ilə 


249 
aşılanmış, milli özünəməxsusluğa malik sənət yaratmaq niyyətləri miniatür 
ənənələrinə yaxın şərti-dekorativ üslubda işlədikləri "Gəncə toxucu fabrikinin sap 
sexi", "Qadınlar şöbəsi", "Azərbaycan qadını" tablolarında öz ifadəsini tapmışdır. 
Bu meyil 1933-cü ildə Moskvada təşkil olunan Azərbaycan incəsənəti sərgisinin və 
1934-cü ildə Firdovsinin anadan olmasının 1000 illiyinə həsr olunan yubiley 
sərgisinin eksponatları üçün də səciyyəvi idi. Q.Xalıqov milli üslub yaratmaq 
naminə klassik Şərq və Azərbaycan miniatüründən faydalanaraq "Firdovsinin 
dəfni" adlı maraqlı tablo yaratmışdır. 
Tarixi və portret janrları xüsusi mövqe qazanır, istehsalat mövzularını, 
quruculuğu, əməyin vüsətini əks etdirən məişət tabloları meydana çıxır. Tağı 
Tağıyevin "Pambıq təhvili məntəqəsi", Sadıq Şərifzadənin "Üzüm yığımı", Həsən 
Haqverdiyevin Xalq rəssamı Ə.Əzimzadənin portreti kimi əsərlər buna misal ola bilər. 
S.Salamzadə tanınmış əmək adamlarının, istehsalat qabaqcıllarının 
portretlərini təsvir edir. Q.Xalıqov dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 
romantik portretini fırçaya alır. Nizaminin şəxsiyyəti və poeziyası ilə bağlı süjetlər 
M.Abdullayev, B.Mirzəzadə və başqa rəssamların diqqətini cəlb edir. 
Gənc rəssamların yüksək professional vərdişlərinə yiyələnməsi xüsusi 
əhəmiyyət kəsb edir. Ali təhsilli rəssamlıq kadrlarına tələbat artır. Məhz həmin 
illərdə yaradıcı gənclər Moskva və Leninqrad ali rəssamlıq məktəblərinə oxumağa 
gedirlər. 
İkinci dünya müharibəsi dövründə Azərbaycan rəngkarlığı mərdlik, nəcib 
vətənpərvərlik ideyalarından qüvvət alır. O, gərgin illərdə yaranan əsərlərin mövzu 
və obrazları qəhrəmanlıq və hərbi rəşadət vüsəti ilə aşılanmışdır. Rəssamlar şanlı 
tarixi keçmişimizin və müasirliyin qəhrəmanlığı ilə bağlı olan batal və məişət 
süjetlərinə müraciət edirlər. Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Sadıq 
Şərifzadə, Səttar Bəhlulzadə, Salam Salamzadə, Tağı Tağıyev, Baba Əliyev, Kamil 
Xanlarov, Əlibaba Kazımov, O.Sadıqzadə və başqaları öz tablolarında və 
portretlərində Azərbaycan xalqının əfsanəvi qəhrəmanları Cavanşirin, Babəkin, 
Koroğlunun surətlərini canlandırır, faşizmə qarşı mübarizədə fərqlənən rəşadətli 
azərbaycanlı əsgərləri mərdliyini tərənnüm edirdilər. Həmin dövrün portret 
qalereyasında Mikayıl Abdullayevin yaratdığı dahi bəstəkarımız Üzeyir 
Hacıbəyovun, xalq şairi Səməd Vurğunun və digər yaradıcı ziyalıların portretləri 
xüsusi yer tutur. 
Müharibədən sonrakı dövrdə Azərbaycan rəngkarlığının fərqləndirici 
xüsusiyyəti müasirliyə nüfuz edilməsindən, janrların geniş və hərtərəfli inkişafından 
ibarətdir. Rəssamlar respublikanın çoxcəhətli həyatı ilə əlaqələrini ildən-ilə 
möhkəmləndirməyə, sənətkarlığını yorulmadan yüksəltməyə çalışır, müasirlərimizin 
əmək fədakarlığını, başdan-başa dəyişmiş vətən torpağının gözəlliyini tərənnüm edən 
bir sıra tarixi və məişət tabloları, portret və mənzərələr yaradırlar. 
Bədii ifaçılıq mədəniyyəti və sənətkarlıq problemləri ümdə əhəmiyyət kəsb 
edir. Bu sahədə aparılan müvəffəqiyyətli axtarışlar haqqında Mikayıl Abdullayevin 
"Axşam", "Səadət qurucuları", "Mingəçevir işıqları", "Sevinc", "Racəstan qadınları" 


250 
kimi məişət tabloları və sənaye mənzərələri, Böyükağa Mirzəzadənin "Pambıq 
yığımı", "Dirijor Niyazinin portreti", "Çənlər" lövhələri, Salam Salamzadənin, 
Eyyub Məmmədovun, Tağı Tağıyevin, Vəcihə Səmədovanın əmək adamlarına, 
mədəniyyət xadimlərinə, qadın və uşaqlara həsr etdikləri psixoloji, intim-lirik 
portretlər, Səttar Bəhlulzadənin "Qudyalçay sahili", "Doğma düzənlər", "Xəzər 
üzərində axşam" kimi şairanə mənzərələri təsəvvür verir. Baba Əliyevin, Əyyub 
Məmmədovun, Ə.Əbdülxalıqın, Lətif Feyzullayevin, Hafiz Məmmədovun, Qafar 
Seyfullayevin, Ağalar Abdullayevin tablolarının leytmotivini müasirlərimizin - 
neftçilərin, 
pambıqçıların, 
inşaatçıların yaradıcı əməyi 
və 
firavan 
məişəti 
ilə 
əlaqədar süjetlər təşkil edir. 
Nadir Əbdürrəhmanov, Nadir 
Qasımov, Elbəy Rzaquliyev 
və 
başqaları 
istehsalat, 
məişət, 
mənəvi-əxlaqi 
mövzularda tematik tablolar 
yaratmaqla bərabər, tarixi 
janra da xüsusi əhəmiyyət 
verirlər. 
60-70-ci və eləcə də 
80-ci 
illərdə 
incəsənətə 
novatorluq, orijinal axtarışlar 
ruhu gətirmiş olan orta və 
gənc nəsillərə mənsub 
rəssamların 
yaradıcılıq 
fəaliyyəti 
həlledici 
rol 
oynayır. 
Durğunluq illərində 
sənətdə nəzərə çarpan həyatı 
passiv-seyrçi, 
illüstrativ 
səpkidə 
köçürmək 
kimi 
mənfi 
cəhətlər 
aşkarlıq 
dövründə tədricən aradan 
qaldırılır, rəssamlar arasında 
varlığın 
fəlsəfi 
idrakına, 
müasirlərin mənəvi aləminin
zəkasının, 
hiss 
və 
həyəcanlarının təhlilinə meyil 
artır. Əsərləri üslub, kompozisiya və plastik cəhətdən həll etmək prinsipləri gözə 
çarpacaq dərəcədə dəyişir, təzələnir, onların plastik-bədii quruluşunda yeni 
əlamətlər, dramatik, epik, lirik, romantik intonasiyalar duyulur, ümumiləşdirici, 


251 
lakonik, monumental formalara, koloritin dekorativliyinə, ifadəliliyinə, forma və 
rəng çalarlarının ekspressiyasına meyil güclənir. 
Azərbaycan rəssamlığında "sərt üslubun", qəhrəmanlıq-dramatik meylin 
parlaq nümayəndəsi, özünəməxsus ehtiraslı, daxilən həyəcanlı, qənaətcil bədii dəsti-
xətə malik istedadlı fırça ustası Tahir Salahovdur. 
"Növbədən qayıdarkən", "Səhər eşalonu", "Neftçi portreti", "Təmirçilər" 
kimi sənaye əməyinin, mənzərələrinin gözəlliyini və qüdrətini canlandıran tabloları 
qəhrəmanlıq vüsəti və romantik ruhla aşılanmışdır. Salahov həyatın dinamikasında, 
ritmində əsil zəhmət romantikasını duya bilən müasir mövzu rəssamıdır. İriplanlı 
kinokadr prinsipi üzrə həll olunmuş proqram əhəmiyyətli "Təmirçilər" 
kompozisiyası insanın mənəvi aləminin, iradəsinin şairanə təcəssümünə parlaq 
nümunədir. 
"Abşeron qadınları" kompozisiyası analıq timsalı -Azərbaycan qadının 
mənəvi zənginliyini və ləyaqətini təcəssüm etdirən möhtəşəm freskanı xatırladır. 
Yaradıcı insanın təbiət üzərində təntənəsini əks etdirən "Yeni dəniz", "Xəzərdə 
səhər" tabloları obrazların ciddi sadəliyi, əzəməti, siluetlərin aydın ahəngi ilə 
fərqlənir. 
Psixoloji xarakteristikanın dərinliyi, kompozisiya və koloritin kamilliyi ilə 
insanı valeh edən "Bəstəkar Qara Qarayevin portreti" əsil yaradıcı ilhamla doludur. 
Bəstəkarın zəka dərinliyini, mənəvi həssaslığını, pərvaz edən təxəyyülünü ifadə 
edən bu obraz haqlı olaraq müasir portretçilik sənətinin zirvələrindən biri sayılır. 
Eyni fikri zəmanəmizin görkəmli bəstəkarı D.Şostakoviçin portreti haqqında da 
demək lazımdır. Salahov yaradıcılığının mövzu diapazonu genişdir, o, əfsanəvi xalq 
qəhrəmanı Koroğlunun və şair Rəsul Rzanın, bəstəkar F.Əmirovun, "Aydan" və 
"Ana" portretlərini məharətlə yaratmışdır. "Neft çənləri", "Xəzərdə", "Abşeron 
motivi", "Köhnə Ramana", "Mərdəkan qalası" mənzərələri "Qladiolus", "Moskva 
pəncərəsi", "Günəşli səhər", "Çiçəklənən nar" natürmortları xarici ölkələrin - 
İtaliya, Fransa, Birləşmiş Amerika Ştatları, Meksika, İspaniya həyatına həsr 
olunmuş çoxlu əsərləri ilə milli bədii mədəniyyətimizi xeyli zənginləşdirmişdir. 
Əsərləri məzmun genişliyi, kolorit zənginliyi, yüksək ahəngdarlıqla 
fərqlənən görkəmli fırça ustası Mikayıl Abdullayev həmçinin qrafika, teatr-
dekorativ və monumental-dekorativ sənətləri sahəsində səmərəli fəaliyyət 
göstərmişdir. Onun yaradıcılığı obrazların poetik ümumiləşdirilməsi, daxili 
ehtiraslılığı, psixoloji dərinliyi ilə səciyyələnir. Hələ Hindistan silsiləsində aydın 
şəkildə özünü göstərən bu xüsusiyyətlər, onun proqram əhəmiyyətli "Abşeronda", 
"Astarada çay yığımı" tablolarında, "Azərbaycan çöllərində" triptixində və "Çəltik 
becərən qızlar" diptixində böyük ideya-emosional vüsətilə səslənir. Abdullayevin 
sənətkar dünyaduyumuna milli ənənələrin müasirliklə üzvi şəkildə qovuşduğu kənd 
həyatı, kənd sakinlərinin mənəvi aləmi, məişəti, fəaliyyəti üçün səciyyəvi poetik 
intonasiyalar yaxındır. Triptixin orta hissəsi "41-ci ilin iyunu" adlanır, ötən 
müharibənin ciddi sınaqlarla dolu gərgin və həyəcanlı günlərindən bəhs edir. 
Monumental "Çəltik becərən qızlar" tablosu müasir qadınlarımıza xas olan nəcib 


252 
xüsusiyyətləri parlaq və əlvan boyalarla canlandırır. Rəssamın bu sevimli mövzusu 
həmçinin "Qarabağlı qız", "Lənkəranlı qadın", "Abşeron qadını", "Anaların 
gəncliyi" kimi bir sıra ümumiləşdirici surətlərdə də şairanə ifadəsini tapmışdır. 
Doğma Azərbaycan diyarının gözəlliyi, bol məhsullu tarlaların bərəkəti, 
günəşli təbiətin şeriyyəti sanki səadət simfoniyası kimi səslənir. Abdullayevin 
obrazlar diapazonunun genişliyi haqqında yaratdığı zəngin portret qalereyası canlı 
təsəvvür verir. Xalq şairi S.Vurğunun, qocaman şəbəkə ustası Ə.Babayevin, 
pianoçu F.Bədəlbəylinin pambıqçı Ş.Həsənovanın, mütəfəkkir şair Nəsiminin, 
ədəbiyyatımızın klassikləri Vaqifin, M.F.Axundzadənin portretləri bu qalereyada 
şərəfli yer tutur. Abdullayev xalqlar dostluğu, beynəlmiləlçilik ideyalarının 
tərənnümçüsüdür. Bunu Hindistana, Əfqanıstana, Polşaya, İtaliyaya həsr olunan 
silsilə tabloları inandırıcı şəkildə təsdiq edir. Hindistan silsiləsinə daxil olan bir çox 
etüd və tablolar, o cümlədən "Benqal qızları", "Kəlkətəli talibə", "Ana", "Balaca 
Çandra", "Racəstan qadınları" və s. dünya şöhrəti qazanmış, Nehru adına 
Beynəlxalq mükafata layiq görülmüşdür. 
Doğma Abşeron təbiətinin bərəkətini, gözəlliklərini tərənnüm edən 
mənzərə və natürmortlar, Bakı metrosunun Nizami stansiyasını bəzəyən Nizami 
"Xəmsə"sinin qəhrəmanlarını canlandıran mozaikalar Abdullayev palitrasında milli 
və müasir ənənələrin dialektik vəhdətini sübut edir. 
Doğma təbiəti ehtiraslı və nikbin boyalarla tərənnüm etmək Səttar 
Bəhlulzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biridir. Respublikamızın 
müxtəlif guşələrini - bağlar diyarı Qubanı, günəşli Abşeronu, yaylaqlar, yaşıllıqlar 
məskəni Qarabağı, qızmar Muğanı canlandıran mənzərələri nəğmə kimi lirik və 
şairanədir, boyaları şəffaf və havalıdır. Rəssamı daim cənub təbiətinin saf bahar 
nəfəsli əsrarəngiz obrazları cəzb edirdi. O, baharın xoş nəfəsinə, doğma çöllərin, 
çiçəklənən meyvə bağlarının yeni görkəm alan gözəlliyinə, dağların, şəlalələrin 
əzəmətinə məftun olmaqdan yorulmazdı, təbiətdə yenilik əlamətlərini və müasir 
ritmləri həssaslıqla duya bilirdi. "Torpağın həsrəti", "Oyanma", "Kəpəzin göz 
yaşları", "Xəzər gözəli", "Azərbaycan nağılı", "Suraxanının alovları" kimi məşhur 
mənzərələri məhz bu səpkidədir. Həmin mənzərələrdə incə lirik duyğular ilə pərvaz 
edən romantik xəyal və arzular bir-birinə qovuşur. 
"Vətənimin baharı", "Şamaxı üzüm bağları", "Şahnabad şəlalələri", 
"Zəfəran natürmortu", "Gəlin otağı", "Abşeron narı" kimi tablolarında onun dəsti-
xəti koloritinə, zərif, yumşaq rəng çalarlarına görə, sərbəst "improvizasiya" sayağı 
yazı üslubuna görə ilk baxışdan tanınır, insanı valeh edir. 
Toğrul Nərimanbəyovun romantik fırçası üçün koloritin ifadə qüvvəsi, 
ekspressiyası və cəsarətli ritmi, obrazların miqyaslılığı, emosional vüsəti 
səciyyəvidir, onu güclü xarakterlər, coşqun ehtiraslar, qızğın həyəcanlar düşün-
dürür. Rəssamın "Xəzər üzərində şəfəq"də verilən romantik gənclərin surətləri nə 
qədər şairanədir! 
Ötən müharibənin rekviyemini - matəm nəğməsini xatırladan "Həyat 
naminə" tablosunun dramatik boyaları ilə müasirlərimizə həsr olunan "Sevinc", 


253 
"Muğam", "Mahnı", "Torpağın bərəkəti", "Məhsul bayramı", "Bakıda yay", 
"Moskva", "Emalatxanada" kimi silsilə əsərlərindəki işıqlı, nikbin intonasiyalar təzad 
təşkil edir. 
Boyaların uyarlılığı, dekorativliyi "Nar", "Tarla düşərgəsi", "Çiçəklər", 
"Qocaman çinar", "Qız qalası" kimi natürmort və mənzərələrini səciyyələndirir. 
Bunlar sanki torpağın həyat dolu şirəsindən, qızmar Abşeron günəşindən, 
Göyçayın, Zaqatalanın cövlan edən gur boyalarından yoğurulmuşdur. Rənglərin 
dekorativliyi rəssamın səhnə tərtibi və divar rəsmləri sahəsində uğurlu fəaliyyətində 
xüsusi məna kəsb edir. 
Nadir Əbdürrəhmanovun "Çəltik tarlasında", "Sevimli naxışlar", "Talış 
qadınları", "Dağlarda bahar", "Bizim dağların adamları", "Azərbaycan dağlarında 
bahar" tabloları əhvali-ruhiyyə baxımından lirikdir, emosionaldır. Rəssam kənd 
sakinlərini əsrarəngiz təbiət qoynunda təsvir edərək, onların qarayanız sifətlərində, 
əlvan libaslarında xüsusi gözəllik və cazibədarlıq tapır. "Laçın", "Minkənd", "Qara 
göldə səhər" lirik mənzərələrindən, həmçinin xarici ölkələrin- Koreya, Bolqarıstan, 
Əfqanıstan, İraq xalqlarının həyatına həsr olunan silsilə şəkillərindən göründüyü 
kimi, rəssam milli məişətin ən səciyyəvi səhnələrini müasir dünyaduyum 
süzgəcindən keçirir, yumşaq, axıcı, şərti-dekorativ rəng səthlərinin poetik ahəngini 
mənalandırmağa nail olur. 
Asəf Cəfərovun yaradıcılıq simasının fərqləndirici xüsusiyyətləri 
obrazların dürüstlüyündə və ifadəliyində, koloritin dolğun və uyarlı rəng 
ahəngdarlığındadır. Təkcə Hindistan həyatına həsr olunan "Qolbaq seçən qızlar" 
tablosuna istinad edib, məhz belə qənaətə gəlmək mümkündür. Kənd məişətinə 
maraq göstərən rəssam "Arx kənarında", "Rəfıqələr", "Sabah haqqında düşüncələr" 
kimi ən yaxşı tablolarında incə boyalara meyil göstərir. "Abşeron" mənzərələri silsiləsi, 
"Oyanma", "Oğullar", "Üzümçülər", "Şair Ə.Vahid", "Bəstəkar A.Məlikov" və digər 
tablolarından göründüyü kimi, onun dolğun palitrasında rəng incəlikləri yaxıların 
kəskin ritmi ilə qovuşur, yaxud "Mənim Azərbaycanım" monumental şəkil-pannoda 
şərti-dekorativ formalarla əvəz olunur... 
Müasir sənayenin poeziyası, qədim memarlıq abidələrinin ciddi gözəlliyi, 
təbiətin əzəli və əbədi əzəməti Rasim Babayevin mənzərələrinin əsas təsvir 
motivləridir. Mazut nəfəsli torpağı, iri çənləri, butan kürələrini, küləkdən, qızmar 
günəşdən cadar-cadar olmuş çölləri, qayaları, daşlı-kəsəkli yerlərdə bitən ağacları 
təsvir edən "Neftin doldurulması", "Torpaq", "Dağlar", "Püstə ağacı", "Bahar 
haqqında xatirə" lövhələri geniş təsəvvürlər, həyat haqqında, xeyirlə şərin mübarizəsi 
haqqında fəlsəfi düşüncələr doğurur. "Qardaşının xatirəsinə", "Təcavüz", "Hərbi 
psixoz", "Qaçaq Nəbi", "Ailə" kimi tablolarında təsirli poetik formalar vasitəsilə 
alınan simvolika, alleqoriya, assosiativ, sözaltı məna elementləri üstündür. "Müharibə 
veteranı", "Çayçı Məmməd", "Mənim bağım" və digər tabloları insan və həyat 
problemlərindən bəhs edir. Dünyada sülh naminə, təcavüzə, zülmə, müharibəyə qarşı 
nifrət motivləri R.Babayevin rəmzi-alleqorik silsilə tablolarında mərkəzi mövqe tutur. 
Yaradıcılığının çiçəkləndiyi dövrdə vaxtsız aramızdan getmiş istedadlı 


254 
rəssam Vəcihə Səmədova müasir qadınlarımızın - tələbə və mühəndis qızların, 
aktrisaların, mehriban anaların, uşaqların xoş və nikbin obrazlarını fırçaya alar, 
gözəlliyi, səadəti, məhəbbəti, müasirlərimizin yaratmaq eşqini, nəcibliyini 
şöhrətləndirərdi. "Kürün sahilində", "Lənkəranda toy mərasimi", "Xəbər gözləyirlər", 
"Geoloqlar" tablolarının bədii qayəsi məhz belədir. 
Mirzəzadə "Günorta çağı", "Bizim Lənkəranda" kimi tablolar, əlvan, 
günəşdən bərq vuran mənzərə və natürmortlarla yanaşı, çoxlu qadın portreti 
yaratmışdır. Canlı insan xarakterləri yaratmaq baxımından dirijor Niyazinin, rejissor 
Ş.Bədəlbəylinin, rəssam R.Babayevin, xanəndə Z.Xanlarovanın portretləri 
maraqlıdır. 
Müxtəlif nəsilləri təmsil edən rəngkarlar əsərlərinin janr və üslub cəhətdən 
rəngarəngliyinə xüsusi fikir verir, tematik şəkillər, portret, mənzərə və natürmortlar 
yaradırlar. Zəngin rəng duyumuna malik Qafar Seyfullayevin "Dağlarda", 
"Çobanlar", "Mürəbbi qız", "Naibənin portreti" və digər əsərlərində koloritin 
dolğunluğu, boyaların ahəngi gözə çarpır. Ən adi məişət səhnələrində poetik məna 
tapan Tələt Şıxəliyevin rəng palitrası incə tonlar, nüanslar dilində insanın yaşadığı 
psixoloji həyəcanları, ehtirasları aşkarlayır. "Həkimin yanında", "Çayxana", "Kos-
kosa", "Analıq", "Uşaqlıq xatirələri" silsiləsinə daxil olan digər tablolar, təmkinli, 
düşüncəli qadın portretləri, rəssamın avtoportretləri, eləcə də lirik mənzərə və 
natürmortları canlı rəng yaxıları, qızılı-narıncı tonların nisbəti, ahəngi baxımından 
olduqca emosional təsir bağışlayır. 
Əli Verdiyevin dəsti-xəttində dəqiq və aydın rəsm, mühüm yer tutur. 
"Savadsızlığın ləğvi", "Əmək qələbəsi", "Qızıl toy", "Babəkin döyüşü" kimi 
tabloları kompozisiya bütövlüyü, lakonikliyi, boyaların ciddiliyi, qənaətcilliyi, 
obrazların monumentallığı ilə fərqlənir. 
Müxtəlif janrlarda bir sıra maraqlı əsərlər yaratmış olan tanınmış 
rəssamlardan Baba Əliyevin, Əyyub Məmmədovun, Elbəy Rzaquliyevin, Vidadi 
Nərimanbəyovun, Lətif Feyzullayevin, Həsən Haqverdiyevin, Əbdülxalıqın, Hafiz 
Məmmədovun ən uğurlu tabloları nikbin hissiyyatla, həyat eşqi ilə aşılanmışdır. 
Tarixi janrda uğurla çalışan M.Abdullayev, Ə.Verdiyev, O.Sadıqzadə, 
Ə.Hüseynov xalqımızın qəhrəmanlıq keçmişinə, inqilabi mövzulara, dahi 
Nizamiyə, Nəsimiyə, xalq qəhrəmanı Babəkə bir sıra tablolar həsr etmişlər. 


255 
Elbəy Rzaquliyevin "İnqilabi Bakı", Toğrul Sadıqzadənin "Bakı. 1917-ci 
il", Nadir Əbdürrəhmanovun "Oktyabrın əks sədası", Əbdülxalığın "Xalq 
qəhrəmanı", Ə.Məmmədovun "Yeni həyat naminə", Müslüm Abbasovun "Torpaq 
haqqında dekret" kimi tarixi lövhələri, Vidadi Nərimanbəyovun Böyük Vətən 
müharibəsi mövzularında çəkdiyi "41-ci il" və digər tabloları mübarizə pafosu ilə, 
azadlıq ideyalarının təntənəsinə inamla doludur. 
Müasirlərimizin obrazları portret janrlarının aparıcı mövzusunu təşkil edir. 
Rəssamlardan T.Salahovun, M.Abdullayevin, Böyükağa Mirzəzadənin, Salam 
Salamzadənin, Tağı Tağıyevin, Oqtay Sadıqzadənin, Həsən Haqverdiyevin, Əli 
Verdiyevin, Nəcəfqulunun yaradıcılığında portret janrı mühüm yer tutur. 
Mənzərə və natürmort janrları Azərbaycan rəssamlarının sevimli 
janrlarındandır. Doğma təbiətlə yaxın ünsiyyətdə olan rəssamlar onu tükənməz ilham 
və poetik obrazlar mənbəyi hesab edirlər. Səttar Bəhlulzadənin, Tahir Salahovun, 
Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyovun, Rasim Babayevin, Asəf Cəfərovun, 
Nadir Qasımovun, Elbəy Rzaquliyevin, Baba Əliyevin, Fərhad Xəlilovun, Kamil 
Xanlarovun, Mahmud Tağıyevin, Tofiq Cavadovun, Əyyub Hüseynovun, Ağa 
Mehdiyevin, Səməd Haqverdiyevin ən yaxşı sənaye, şəhər mənzərələri, eləcə də 
"təmiz təbiət" mənzərələri lirik, poetik intonasiyalarla aşılanmışdır. 
Tahir Salahovun, Toğrul Nərimanbəyovun, Tələt Şıxəliyevin, Asəf 
Cəfərovun, Xalidə Səfərovanın, Fikrət Bağırovun natürmortlarında doğma torpağın 
bərəkəti, səxavəti, cənub təbiətinin günəşli boyaları, meyvələrin, çiçəklərin, 
müxtəlif əşyanın heyranedici gözəlliyi mədh olunur. 
Azərbaycan rəngkarlığı milli mədəniyyətlərin qarşılıqlı əlaqələri və qarşılıqlı 
zənginləşməsi prosesində inkişaf edir. Bu da onun milli özünəməxsusluğunun və 
beynəlmiləl vüsətinin parlaq şəkildə təzahür etməsinə imkan yaradır. 
Azərbaycan incəsənəti Avropa, Asiya və Amerika, Afrika qitələrinin bir 
çox ölkələrində ardıcıl nümayiş etdirilmişdir. M.Abdullayevin Hindistana, 
S.Salamzadənin Misirə həsr olunan əsərləri C.Nehru və Nasir adına Beynəlxalq 
mükafatlara layiq görülmüşdür. M.Abdullayevin "Dost Hindistan" və 
S.Salamzadənin "Ərəb ölkələrində" əsərlərindən ibarət fərdi sərgiləri, həmçinin 
C.Camalın "Qobi-Monqolustan", F.Xəlilovun "İspaniya", N.Zeynalovun "Fələstin 
faciəsi" silsilə əsərləri sərgiləri Bakıda, Moskvada, ölkəmizin digər şəhərlərində və 
xaricdə 
göstərilmişdir. 
Rəssamlardan 
T.Salahovun, 
T.Nərimanbəyovun, 
E.Rzaquliyevin, 
N.Əbdürrəhmanovun, 
Ə.Əbdülxalıqın, 
T.Sadıqzadənin, 
H.Məmmədovun və başqalarının xarici ölkələrə səyahətləri Azərbaycan 
rəssamlığının mövzu və bədii idrak diapazonunun genişlənməsinə səbəb olmuşdur. 
80-ci illərdə təşkil olunan Respublika və Ümumittifaq rəssamlıq 
sərgilərində yeni və novator ruhlu bədii konsepsiyalar aşkara çıxır. 
Əvvəllər təkcə zahiri, vizual bənzərlik meyarı ilə qiymətləndirilən realist 
üslub artıq yeni məzmun və ifadə prinsipləri kəsb edir. Sənətdə fərdi üslub 
rəngarəngliyi, müxtəlifliyi müstəsna əhəmiyyət qazanır, təsvirdə şərtilik, stilizasiya, 
deformasiya təzahürlərinə təsadüf olunur. Bütün bu dəyişikliklər 1986-cı ildə 


256 
Tbilisidə keçirilən Zaqafqaziya rəssamlarının Biyennale sərgisində və Moskvada 
nümayiş etdirilən "Azərbaycan SSR-nin təsviri sənəti" sərgisində öz ifadəsini 
tapmışdır. 
Yeni bədii təfəkkür, plastik forma, rənglərin emosional təsir gücünü 
artırmaq naminə aparılan axtarışlar əsasən rəssamların yeni nəslini təmsil edən 
Fərhad Xəlilov, İsmayıl Məmmədov, Faiq Ağayev, Fikrət Haşımov, Siruz Mirzə-
zadə, Qəyyur Yunisov, Fərman Qulamov, Ağəli İbrahimov, Mirnadir Zeynalov və b. 
kimi orijinal fərdi simaya malik rəngkarların əsərlərində daha qabarıq gözə çarpır. 
Buraya yalnız son illərdə bədii ictimaiyyətin rəğbətini qazanmış yaşlı rəssamlardan 
Əşrəf Muradoğlunun və Cavad Mircavadovun da adlarını əlavə edə bilərik. Həmin 
rəssamlar sənətdə təkrarsız, özünüifadə prinsiplərinə, fərdi dəstxətlərinə görə 
seçilirlər. Məsələn, F. Xəlilov son 20 il ərzində doğma Abşeron təbiətini tərənnüm 
edən şairanə mənzərələri, tabloları ilə çıxış edir. Mavi Xəzəri, nar, əncir, zeytun 
ağaclarını, kənd evlərini, təbiətin dəyişən, əlvan rəngarəng lövhələrini dekorativ və 
yığcam tərzdə əks etdirən rəssam milli ənənələrdən, eləcə də bəzi modernist sənət 
cərəyanlarının üslub xüsusiyyətlərindən faydalanır. Abşeron qadınlarını, əmək 
adamların təsvir edən "Fırtına ərəfəsində", "Səhər" adlı tablolarında, "Qala 
kəndində bahar", "Payız", "Bahar" mənzərələrində müəyyən ekspressiya, daxili 
ehtiras duyulur. 
Azərbaycan rəngkarlığının gələcək çiçəklənməsi prosesi fırça ustalarının 
müasir dövr incəsənətinin novator nailiyyətlərinə, dünyanın mütərəqqi sənət 
cərəyanlarının ənənələrinə əsil yaradıcı münasibətindən asılıdır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə