A z ə r b a y c a n diLİ VƏ t a r I x I


DEKORATİV-TƏTBİQİ SƏNƏTLƏR



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə56/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   53   54   55   56   57   58   59   60   61
id55880

DEKORATİV-TƏTBİQİ SƏNƏTLƏR
XX yüzilliyin əvvəllərindən başlayaraq, Azərbaycanın dekorativ-tətbiqi 
sənətləri yeni inkişafa başlayır. Bu dövrdə keçmişdə mövcud olan xalq sənətlərinin 
ən yaxşı nümunələrinin bir çox bədii və texnoloji nailiyyətlərinin öyrənilməsi, 
onların yenidən işlənilməsi, həmçinin də bu sahədə əvvəllər olmayan növlərin 
yaradılması və inkişaf etdirilməsi yolu ilə getmişdir. 
Araşdırmalar göstərir ki, XX yüzilliyin dekorativ-tətbiqi sənəti öz tarixi 
inkişafında bir neçə mərhələ keçmişdir. 
1920-1930-cu illər əvvəlki illərdə zəifləmiş bədii sənətkarlığın yenidən 
canlandırılmasına yönəldilən bir çox tədbirlərlə xarakterizə olunur. 
Azərbaycanda sənət abidələrinin siyahıya alınması və qorunması, 
xalçaçılığın daha da inkişaf etdirilməsi imkanlarının aydınlaşdırılması məqsədilə 
daha iri xalçaçılıq istehsalı ocaqlarında xalça, xalça məmulatları sərgilərinin təşkil 
edilməsi və s. bu tədbirlərdəndir. 
Bakı şəhərindəki Ali rəssamlıq məktəbi nəzdində xüsusi tətbiqi sənət 
şöbəsinin, həmçinin də Quba şəhərində xalçaçılıq texnikumunun açılması həmin 
illərdə respublikamızın mədəni həyatında böyük hadisə idi. 
Həmin illərdə xalq dekorativ-tətbiqi sənət növlərindən xalçaçılıq daha da 
inkişaf edir. 
İslahata tətbiq olunan müasir istehsal üsulu, əməyin mexanikləşdirilməsi, 
yeni texniki üsullar, işçi qüvvəsinin düzgün yerləşdirilməsi, xammaldan səmərəli 
istifadə edilməsi və bir çox başqa tədbirlər Azərbaycanda xalçaçılığın inkişafına 
yeni canlandırıcı qüvvə verdi. 
Gəncə, Qazax, Quba, Şamaxı, Bakı və s. kimi ənənəvi xalçaçılıq 
mərkəzləri ilə yanaşı, xalça toxunması üzrə yeni məntəqələr yaranır. Elə 1929-cu 
ilin ortalarında Azərbaycan xalçaları keçmiş əsrlərin gözəl nümunələrini bərpa 
edərək, yenə də dünya miqyasına çıxır. 
Ornamental xalçalarla yanaşı, həmin dövrdə portretlərlə və süjetli 
kompozisiyalarla toxunan xalçalar da inkişaf edir. Həmin illərdə xalça 
ustalarımızın ənənəvi süjetli tematik xalçaların toxunuşuna meyil göstərmələri 
səbəbsiz olmamışdır. Xalq ustalarımız xalça sənətinin bu növü vasitəsilə onları 
əhatə edən həqiqəti, yenilikləri göstərmək istəyirdilər. 
Həmin illərdə Azərbaycanda yaradılan süjetli tematik xalçalar sırasına 
dünya ədəbiyyatının klassiki İran şairi Firdovsinin portreti ilə toxunmuş xalçanı, 
həmçinin XII əsrin dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin poemalarındakı 
süjetlərə həsr edilən xalıları aid etmək olar. 
Adları çəkilən xalçaların əksəriyyətinin yaradılmasında xalq rəssamı Lətif 
Kərimov fəal iştirak etmişdir. 
Həmin xalçalar arasında öz bədii xüsusiyyəti baxımından 1934-cü ildə 
Əbdülqasım Firdovsiyə həsr edilən xalça daha çox diqqəti cəlb edir. Bu xalça 
şairin minillik yubileyinə həsr edilmişdi. Həmin xalça ölçülərinə görə çox iri deyil və 


267 
xalçaçılıq sənətinin Təbriz məktəbi ənənələri əsasında yaradılıb. 
Firdovsinin portreti xalçanın nəbati naxışlarla haşiyələnmiş ara sahəsində 
yerləşdirilmişdir. Portretin aşağı hissəsində dörd kətəbədə Firdovsinin məşhur 
"Şahnamə"-sindən fars dilində sətirlər toxunmuşdur. Şairin portreti on kətəbə ilə 
haşiyələnmişdir ki, orada da dahi şairlərdən Nizami, Xəqani, Ənvəri tərəfindən 
yazılmış şeirlər yerləşdirilmişdir. Bu xalça çox maraqlı və orijinal dekorativ-tətbiqi 
sənət əsəri kimi 1937-ci ildə Parisdə keçirilən ümumdünya sərgisində nümayiş 
etdirilmişdir. 
Xalçaçılıq sənətimizdə həmin illərdə baş verən yenilik Azərbaycan 
dekorativ-tətbiqi sənətinin başqa növlərində də müşahidə olunurdu. Böyük 
ənənələrə malik zərgərlik sənətinin nümunələri bir çox tarixi səbəblərlə əlaqədar 
olaraq, bu illərdə daha çox hədiyyə şəklində hazırlanırdı. Bunlar respublikamızın 
ildönümü şərəfinə həsr edilmiş albom, bədii fiqur və emblemlər idi. Bu sənət 
nümunələrinin çoxu 1937-ci ildə Parisdə, 1938-ci ildə Nyu-Yorkda açılmış 
ümumdünya sərgilərində nümayiş edilərək tamaşaçıların hüsn-rəğbətini 
qazanmışdır. Belə nadir sənət nümunələri sırasına 1935-ci ildə hazırlanmış 
Azərbaycan Respublikasının qurulmasının 15 illiyinə həsr edilmiş albomun 
qovluğunu aid edə bilərik. Qızıl, gümüş simlərdən düzədilmiş gül-çiçək, budaq və 
onların elementlərindən quraşdırılmış minalı lövhəciklər bu sənət əsərinin əsas 
bəzəyini təşkil edir. Bundan əlavə qovluq üzərində müasir bəzək motivləri emblemlər 
də həkk olunmuşdur. Bu əsərin yaranmasında bir qrup Azərbaycan rəssamları və 
zərgərlər yaxından iştirak etmişlər. Bu işə xalq rəssamı İsmayıl Axundov rəhbərlik 
etmişdir. 
Həmin illərdə zərgərlik sənətimizin inkişafına 1935-1936-cı illərdə 
Bakıda təşkil olunmuş zərgərlik fabriki böyük təkan verir. Fabrikin inkişafında xalq 
zərgərlərindən, ilk növbədə H.Quliyev, H.Haşımov və M.Səfərzadənin böyük rolu 
olmuşdur. Bu illərdə zərgərlik fabrikində məişətdə istifadəsinə ehtiyac duyulan 
zinət şeyləri (üzük, sırğa, bilərzik) daha çox istehsal olunurdu. 
1930-1940-cı illərdə inzibati və ictimai tikintilərin kompleks tərtib 
edilməsi sahəsində Azərbaycan rəssamlarının ilkin böyük həcmli işləri yaranır. 
Burada, ilk növbədə, Azərbaycanın Moskvada Ümumittifaq Kənd Təsərrüfatı 
Sərgisindəki pavilyonunun və Bakıdakı Nizami muzeyinin adını çəkmək olar. Bu 
obyektlərin tərtib edilməsində Azərbaycanın ən yaxşı monumental və dekorativ-
tətbiqi incəsənəti ənənələrindən olan divar naxışlarından, keramikadan, gəc, ağac, daş 
üzərində oymadan və s. səmərəli istifadə edilmişdir. Onların yaranmasında memar 
S.Dadaşovun və M.Useynovun rəhbərliyi ilə böyük bir rəssam qrupu işləmişlər. 
Həmin abidələrin bədii tərtibatında gəc və ağac üzərində oyma bəzəkləri açmaq 
üçün L.Kərimov küllü miqdarda ornament kompozisiyaları, eskizləri hazırlamışdı. Bu 
tikintilərin bəzəyi üçün hazırlanan L.Kərimovun tərtib etdiyi ornament eskizləri 
təkcə yerinə yetirilmə ustalığı və kompozisiyanın orijinallığı ilə deyil, həmçinin 
yeniliyi ilə də fərqlənir. Burada incəsənət tariximizdə ilk dəfə olaraq, ənənəvi 
ornament kompozisiyasına yeni elementlərdən: beşguşəli ulduz, oraq və çəkic, 


268 
pambıq qozaları və hazırkı dövrün başqa emblemləri əlavə edilmişdir. 
Həmin memarlıq abidələrinin bədii tərtibatında iştirak edən dekorativ-
tətbiqi sənəti sahəsində çalışan xalq ustalarından Əbdül-Hüseyn Babayevin adını 
xüsusi qeyd etmək lazımdır. Nizami muzeyində şəbəkə işlərinin hazırlanmasında 
onun xüsusilə böyük xidmətləri olmuşdur. Muzeyin salonlarındakı şəbəkə 
arakəsmələr, müxtəlif kürsülər və nəhayət, nadir əlyazmalar üçün dayaq olan 
rəhillər məhz bu görkəmli sənətkarın əli ilə hazırlanmışdır. 
Nizami muzeyinin bədii tərtibatında istifadə edilən şəbəkə nümunələri 
arasında həm icrası, həm bəzəyi baxımından usta Əbdül-Hüseynin yaratdığı giriş və 
muzeyin arakəsmə qapıları daha çox diqqəti cəlb edir. Usta burada kiçik taxta 
parçalarını mıxsız, yapışqansız bir-birinə bənd edərək, gözəl bir ornamental 
kompozisiya yaratmışdır. Bitki ornamentlərinin həndəsiləşdirilmiş formalarından 
təşkil olunan çoxbucaqlı, ulduzşəkilli, bu şəbəkə xonçaları ilk baxımdan bədii 
toxuma işləri xatırladır. Şəbəkə bəzək elementlərinin gözəlliyi bir də ondan 
ibarətdir ki, onların hamısı Nizami dövrünün (XII əsr) memarlıq formalarına uyğun 
olaraq yaradılmışdır. 
Azərbaycanın dekorativ-tətbiqi sənətinin növbəti inkişaf mərhələsi 1950-
ci illərə təsadüf edir. Moskva, Sankt-Peterburq, Kiyev, Lvov şəhərlərində ali təhsil 
almış ilkin ixtisaslı milli kadrların vətənə qayıdıb müstəqil yaradıcılıqla məşğul 
olması bu illərə aiddir. Həmin illərdə respublikamızın müxtəlif yerlərində təşkil 
olunmuş iri sənaye obyektlərindən Keşlə saxsı qablar zavodu, Bakı şüşə zavodu, 
Gəncə çini qablar zavodu tətbiqi sənətimizin inkişafına az təsir göstərmir. Bu illərdə 
kütləvi şəkildə buraxılan dekorativ-tətbiqi sənət məmulatları ilə yanaşı, nümunəvi 
xarakter daşıyan xalq sənəti əsərləri də yaradılırdı. 
Bu cür əsərlərdən O. Şıxəliyevin "Şirin ovda" adlandırdığı iri çini vaza 
diqqəti cəlb edir. Bədiilik etibarilə qədim dulusçuluq məmulatlarının forma 
ənənələrinə uyğun olan bu nəfis vazanın üzərindəki süjet Nizaminin "Xosrov və Şirin" 
poemasından götürülmüş ov səhnəsidir. Rəssam əsas epizodun nəqli ilə bağlı Xosrov 
və Şirini at çapan vəziyyətdə iri planda təsvir etmişdir. Vazanın dairəvi səthinə 
müəyyən nizamla səpələnən cüyürlərin və atlı fiqurların qaçış məqamında verilməsi 
burada ov səhnəsinə xas olan dinamikaya dəlalət edir. Rəssam ənənəvi miniatür 
rəsmlərindən gələn kol, qaya, qoşa sərv və s. kimi milli ünsürləri canlı fiqurlar 
arasında ustalıqla yerləşdirməklə, adi müstəvidən fərqli olan bu dairəvi səthdə 
maraqlı kompozisiya yarada bilmişdir. 
Bu illərdə nümunəvi xarakter daşıyan başqa sənət əsəri H.Abdullayevanın 
çinidən yaratdığı "Yeddi gözəl" adlı dekorativ-heykəlcik qrupu idi. Müəllif burada 
Nizami poemasının ədəbi personajlarının bədii obrazına xas olan xüsusiyyətləri 
gözləməklə, onları müasir orijinal səpkidə əks etdirmişdir. Heykəltəraşın seçdiyi 
mövzu özünün xarakteri etibarilə onu zahiri gözəllik və ekzotikaya aludə olmağa 
sövq etdirə bilirdi, lakin müxtəlif yeddi gözəl və Bəhram Gur fiqurlarının təfsir və 
təsvirlərində bundan qaçmış, materialın təbiətindən gələn dekorativliyi və 
çoxrəngliyi dərindən duymuş, maraqlı sənət əsəri yarada bilmişdir. "Yeddi gözəl" 


269 
heykəlcikləri özünün plastikliyi, ifadəliyi, hər bir milli tipin səciyyəvi keyfiyyətləri 
səmimi və real boyaları ilə diqqəti cəlb edir. Fiqurlara verilmiş maraqlı jest və 
bədən hərəkətləri də onların estetik baxımından gəlimliyini təmin etmişdir. Hind, 
Slavyan, Məğrib və Xorəzim gözəllərinin surətləri milli səciyyə baxımından (xüsusən, 
paltar və üz cizgiləri) yüksək səviyyədə işlənmişdir. 
1950-ci illərdə kütləvi buraxılan bədii sənət nümunələri içərisində parça 
görkəmli yerlərdən birini tutur. Bakı, Gəncə, Şəki fabrik və emalatxanalarında 
istehsal olunan müxtəlif çeşidli ipək, yun və kətan parçalar xalqımızın həyat və 
məişətində mühüm rol oynamağa başlayır. Bu müəssisələrdə çalışan ustalar və 
rəssamlar qədim parça ənənələrindən istifadə edərək, müasir dövrümüzün tələblərinə 
uyğun yeni-yeni formalarda naxışlı və əlvan parçalar hazırlayırlar. Bədii parçalar 
istehsalı sahəsində respublikamızın məşhur Şəki ipək kombinatının məhsulu xüsusi 
qeyd edilməlidir. Şəki ipək kombinatı tərəfindən buraxılan bədii parçalar bu illərdə 
nəinki respublikamızda, onun hüdudlarından xeyli uzaqlarda da məşhur idi. Bu da 
təsadüfi deyil. Çünki burada toxuculuğun çox qədim kökləri var və həmin sahədə 
işləyən ustalar, rəssamlar gözəl ənənələri nəinki dərindən mənimsəmiş, hətta onları 
müasir dövrün tələblərinə uyğunlaşdıraraq inkişaf etdirmişlər. 
Şəki ipək kombinatında bu illərdə parçaların tərtibatına yeniliklər gətirmiş 
S.Şıxlı, A.Sultanov, İ.İsmayılov, A.Bilalov kimi istedadlı rəssamlar və başqa 
mütəxəssislər işləyirdilər. 
Yüksək keyfiyyətli parçaların yaradılmasında Moskva Toxuculuq 
İnstitutunun yetişdirməsi Sabir Şıxlının böyük xidmətləri olmuşdur. Onun eskizləri ilə 
hazırlanan parçalar xüsusi rəng dolğunluğu ilə fərqlənir. Parlaq kontrastlı rənglərin 
bacarıqla uyğunlaşdırılması parçalara gah ciddi təntənəli, gah bayram və sevinc, gah da 
incə və sadə görkəm verir. 
Dekorativ-tətbiqi sənətimizin orijinal növlərindən olan bədii ağac emalı 
sahəsində bu illərdə müəyyən müvəffəqiyyətlər əldə edilmişdir. 
Həmin illərdə həm texniki, həm də bədii səviyyəsinə görə ağac 
məmulatları arasında birincilik inkrustasiya və intarsiya texnikası ilə bəzənən ağac 
məmulatlarına verilirdi. Bu texnika ilə mebeldən başlayaraq, musiqi alətlərinə qədər 
müxtəlif ağac məmulatlarının səthi işlənirdi. Əgər inkrustasiya zamanı əsas 
etibarilə bəzək materialı kimi gümüş, fil sümüyü, sədəf və s. istifadə edilirsə, 
intarsiya zamanı əsas material kimi müxtəlif rəngli ağac parçalarından istifadə 
olunurdu. Əvvəlcədən hazırlanmış şəkil üzrə məmulatın səthinə vurulan, yaxud 
yapışdırılan müxtəlif təbəqələr onun bəzəyini təşkil edirdi. 
Azərbaycanda inkrustasiya və intarsiya ənənələrinin bərpası və 
inkişafında xalq rəssamı Əli və Hüseyn Pəriyab qardaşlarının xüsusi rolu olmuşdur. 
Onlar tərəfindən yaradılan süjet-tematik kompozisiyalar, həmçinin müxtəlif dekorativ 
mücrülər yüksək bədii məmulat nümunələridir. 
Əli və Hüseyn qardaşlarının hazırladığı sənət əsərləri içərisində bədii 
mücrü məzmunu, həm də icrası baxımından xüsusi maraq doğurur. Bu sənət əsəri 
1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü 


270 
sərgisində, sonralar isə Nyu-Yorkda keçirilən sərgidə böyük müvəffəqiyyətlə 
nümayiş etdirilmişdir. 
Mücrü Azərbaycan xalq qəhrəmanı Koroğlu eposu mövzusuna həsr 
olunmuşdur. Qoz və palıd ağaclarından hazırlanmış mücrünün üstünə və dörd 
tərəfinə rəssamlar gözəl zövq ilə işləyib hazırladıqları haşiyələri quraşdırmış və 
müxtəlif heyvan sümüklərindən kəsilmiş orijinal şəbəkələr geydirmişlər. Heyvan 
sümüklərindən, habelə gümüş və əlvan metallardan quraşdırılmış bu mücrünün hər 
kvadrat santimetri 30-50 hissədən ibarətdir. 
Mücrünün qapağının üstündə medalyon formalı sümük qaytanın içində 
qiymətli ağaclardan və sümük hissələrindən Koroğlunun obrazı verilmişdir. 
Koroğlu şahə qalxmış Qıratın üstündə təsvir edilir və uzaqdan Çənlibel qalası 
nəzəri cəlb edir. Mücrünün qapağının hər yan tərəfində medalyon formalı sümüyün 
üstündə Koroğlu dastanının müxtəlif epizodik səhnələri təsvir edilmişdir. Burada 
Koroğlunun Eyvazı xilas etməsi, Alı kişinin Həsən xan tərəfindən kor edilməsi, 
Nigarın Koroğlu tərəfindən qaçırılması və Çənlibeldə qurulmuş şənlik məclisi 
mövzulu kompozisiyalar verilmişdir. 
Keramika və bədii şüşə sahəsində işləyən rəssamlar da bu illərdə müəyyən 
müvəffəqiyyətlərə nail olmuşdular. Sevindirici haldır ki, müasir dövrdə həmin 
illərdə ilk dəfə olaraq respublikamızda çini və saxsıdan hazırlanan heykəl 
fiqurlarının kütləvi istehsalına başlanır. Çini və saxsıdan düzəldilmiş xalq müdriki 
Molla Nəsrəddinin satirik hekayələrindən olan obrazlar bəstəkar Üzeyir 
Hacıbəyovun "Arşın mal alan" operettasından şən personajlar təkcə Azərbaycanda 
deyil, onun hüdudlarından çox uzaqlarda da böyük məhəbbətlə qarşılanmışdır. 
Həmin seriyadan olan işlərdən daha böyük müvəffəqiyyət qazananlar 
sırasında H.Abdullayevin "Yeddi gözəl" çini fiqurlarını, R.Xalafovun "Molla 
Nəsrəddinin lətifələri" mövzusunda kompozisiya seriyasını, T.Zeynalovun "Saz 
çalan qız" kompozisiyasını və başqalarını göstərmək olar. 
Kiçik formalı heykəllər təkrarolunmaz xüsusiyyətə malik olmalarına 
baxmayaraq, hər hansı bir interyerə daxil olduqda onun ayrılmaz hissəsinə 
çevrilirlər. 
Şüşə üzərində bədii işləmə sahəsində həmin illərdə rəssam S.Şahsuvarova 
müəyyən müvəffəqiyyətlərə nail olmuşdur. 
Həmin rəssamın əsərlərinin ümumi cərgəsində milli xüsusiyyətlər özünü 
parlaq surətdə göstərir. Onun yubiley tarixinə, Azərbaycanın mədəniyyət və 
incəsənət xadimlərinə həsr olunmuş iri dekorativ vazaları siluet və ornamental 
yığcamlığına görə diqqətəlayiqdir. 
S.Şahsuvarovanın bu illərdə yaratdığı içərisində xalq şairi Səməd Vurğuna 
həsr etdiyi vaza xüsusilə diqqəti cəlb edir. Bir metr yarım hündürlükdə olan bu vaza ağ 
büllurdan, süd və firuzə rəngli şüşədən hazırlanmışdır. Vaza beş hissədən: dayaq, 
ayaq, gövdə, boğaz və qapaqdan ibarətdir. Başqa vazalardan fərqli olaraq, rəssamın 
bu vazasının gövdəsi fırlanır. Belə ki, tamaşaçı vazanın üstündəki medalyonların 
hamısını çox yaxşı görə bilir. Özünün nəfisliyi ilə diqqəti cəlb edən bu medalyonun 


271 
birində xalq şairi Səməd Vurğunun portreti verilmişdir. Yan medalyonlarda açıq 
kitab üzərində Səməd Vurğunun anadan olduğu və vəfat etdiyi illər - "1906-1956" 
və "Fərhad və Şirin", "Vaqif”, "Xanlar" sözləri yazılmışdır. Axırıncı medalyonda isə 
şairin ölməz sözləri nəqş edilmişdir. 
Ölüm sevinməsin, qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirə tək qalacaqdır dünyada. 
Əllinci illərdə bədii keramikanın maraqlı növlərindən biri sayılan mayolika 
da geniş inkişaf etməyə başlayır. Yerli istehsalat bazasında yaradılan mayolika bir 
çox ictimai və inzibati binaların dekorativ bəzədilməsində geniş tətbiq olunmağa 
başlandı. 
Özünün sonsuz miqdarda dolğun rənglər palitrası ilə bu bəzək materialının 
texniki və bədii qaydada mənimsənilməsi bizim tətbiqi incəsənət ustalarının 
fəaliyyətlərində böyük imkanlar yaradırdı. Bu materialla yerinə yetirilmiş əsərlər 
arasında ən çox əhəmiyyətli olanı M.Qafarov və Q.Hüseynovun "Çoban", 
R.Xalafovun "Pambıqyığan qadın" portreti və başqalarını göstərmək olar. 
Həmin illərdə respublikamızın zərgərləri də öz yaradıcılıqlarında böyük 
müvəffəqiyyətlər əldə etmişdilər. Yeni materiallara müraciət edən Azərbaycanın 
zərgərlik incəsənəti bu illərdə özünün metal emalının ən qədim bədii üsullarını da 
saxlamış oldu. Əvvəllər olduğu kimi həmin illərdə Azərbaycanın zərgərlik 
incəsənətində əsas yeri şəbəkəçilik işi tuturdu. Xalq ustaları qızılın, gümüşün nazik 
simlərindən və melxiordan keçmişin ən yaxşı nümunələrindən heç də geri qalmayan 
mürəkkəb forma və bəzəkli sənət əsərləri hazırlayırdılar. 
Zərgərlik sənəti sahəsində bu illərdə yüksək nailiyyətlər əldə edən üç Bakı 
zərgərinin adını xüsusi qeyd etmək lazımdır. Onlar usta Gülbala, Heydər Aslan oğlu 
və Həsən Mütəllib oğlu idilər. Həmin ustaların bacarıqlı əlləri ilə şəbəkə üsulunda 
düzəldilmiş "piyaləzəng", "gül", "ay-ulduz" sırğalar, zərif sinə bəzəkləri 
respublikamızdan uzaqlarda da məşhur idi. 
Həmin illərdə dekorativ-tətbiqi sənət sahəsində çalışan rəssam və ustaların 
yaradıcılığı respublikanın sənaye müəssisələrinin ətrafında toplanması ilə xarakterizə 
olunur. Onların eskizləri və birbaşa rəhbərlikləri altında yaradılan yerli bədii sənaye 
məhsulları xalq arasında geniş yayılmağa başlayır. 
Xalq tələbatı məhsulları hazırlanması işində aktiv iştirak edən tətbiqi 
sənət ustaları memarlarla, heykəltəraşlarla, fırça ustaları ilə birlikdə bir çox ictimai-
inzibati binaların, sənaye müəssisələrinin və yaşayış komplekslərinin tərtib 
edilməsində də yaxından iştirak etməyə başlayırlar. 
1960-1970-ci illərin dekorativ-tətbiqi sənətində əvvəlki illərdə olduğu kimi 
birinciliyi xalçaçılıq sənəti tuturdu. 
Kütləvi qaydada "Azərxalça" Birliyinin müəssisələri tərəfindən buraxılan 
xalçalarla yanaşı, elə həmin illərdə rəssamlarımızın eskizləri əsasında bir çox 


272 
maraqlı (ornamental və süjetli) xalçalar yaranır. Keçmişdə olduğu kimi bu sahədə
rəssamlardan L.Kərimov, K.Əliyev, C.Mücri, A.İsmayılov müvəffəqiyyətlə çıxış 
edirlər. Bu illərdə xalq rəssamı L.Kərimov "Şəbi-hicran" ornamental xalçasını, XIV 
əsrin şair və mütəfəkkiri İmadəddin Nəsiminin və XII əsrin memarı Əcəmi 
Naxçıvaninin portretlərini yaradır. 
İmadəddin Nəsiminin portreti olan xalça 1972-ci ildə şairin 600 illik yubileyi 
münasibətilə toxunmuşdur. Bu xalçada rəssam elə bil ki, özünün son illərdəki bütün 
yaradıcılıq axtarışlarını birləşdirməklə, Nəsiminin şairlik istedadının bədii varlığını 
əks etdirmək üçün dekorativ-ornamental sənətin vasitələrindən bacarıqla istifadə edə 
bilmişdir. Bu əsərində L.Kərimov ustalıqla rəsmi, ornamental və başqa sənət 
komponentlərini xalçaçılıq sənətinin xüsusiyyətinə yaxınlaşdırmağa çalışmışdır. 
Xalçaçılıq sənəti sahəsində bu illərdə rəssam Kamil Əliyevin də 
yaradıcılığı çox səmərəli olmuşdur. Onun Butalı, Xonça adlı ornamental xalıları, 
dahi Azərbaycan şairi Nizami Gəncəviyə, İmadəddin Nəsimiyə həsr olunmuş portret-
xalçaları icrası və bədii xüsusiyyəti baxımından diqqəti cəlb edir. Nizaminin portreti ilə 
yaradılan xalçanı nəinki K.Əliyevin yaradıcılığında, hətta bu illərdə respublikamızda 
toxunan ən orijinal xalçalardan saymaq olar. 
Hazırda Bakıda Azərbaycan Xalçası Muzeyində nümayiş etdirilən bu xalçanın 
iki başqa variantı da var. Onlardan biri Kiyevdə keçirilən Azərbaycan ədəbiyyatı və 
incəsənəti günləri zamanı respublikamızın adından Ukrayna xalqına bağışlanmışdır. O 
biri xalça isə 1980-ci ildə Daşkənddə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti 
günlərində özbək xalqına bağışlanmışdı. Bu xalça çox böyük deyil. O tamaşaçını öz 
zəngin ornamenti, rəng çalarlarının bolluğu və dolğun kompozisiyası ilə cəlb edir. 
Müəllif bu portretdə elə bil ki, Nizami barədə öz təsəvvürünü onun yaradıcılığına 
heyran olduğunu bildirməklə göstərməyə çalışmışdır. 
Xalça texnoloji üsullarının dərin bilicisi, ornamentalist rəssam Cəfər Müciri 
də bu illərdə orijinal xüsusiyyətlər kəsb edən bir neçə xalı yaradır. Bu baxımdan onun 
hazırda Bakıda xalça muzeyində nümayiş etdirilən XVII əsrin görkəmli şairi Saib 
Təbriziyə həsr edilən xalısı xüsusilə diqqəti cəlb edir. Yunun təbii rənglərindən 
quraşdırılıb toxunan bu xalı xalçaçılıq sənətimizdə nümunəvi xarakter daşıyır. 
1960-1970-ci illər həm respublika, həm də Ümumittifaq sərgilərində ənənəvi 
xovlu xalçalarımızla yanaşı, rəssamlarımız sənətimiz üçün yeni olan qobelenlərlə də 
müvəffəqiyyətlə çıxış edirlər. Azərbaycan İncəsənət İnstitutunun yetişdirmələrindən 
X.Yusifov, F.Hüseynova, S.İsmayılov, F.İbrahimov və başqaları bu sahədə 
müvəffəqiyyət qazandılar. Bu illərdə yaradılmış ən maraqlı qobelenlər öz şərti 
dekorativliyi, rəngi baxımından Azərbaycanın ənənəvi xovsuz xalça növlərini 
xatırladır. 
Bakıda, Gəncədə, Göyçayda yerli xammal əsasında hazırlanan saxsı, çini, 
şüşədən müxtəlif məhsullar buraxan bir çox müəssisələrin meydana gəlməsi həmin 
sahədə bu illərdə çalışan rəssamlarımızın yaradıcılığını xeyli canlandırır. 
Bu sahədə çalışan rəssamlarımızın həmin illərdə daha sərgilər üçün 
nümunəvi 
xarakter 
daşıyan 
sənət 
əsərləri 
yaratmaqla 
kifayətlənmir, 


273 
respublikamızda yeni təşkil olunmuş saxsı, çini, şüşə zavodlarının işində fəal iştirak 
edirlər. Bu xeyirxah işdə S.Şahsuvarovanın, L.Ağamalovanın, S.Ağayevanın, 
D.İbrahimovun, Q.Bağırovun yaradıcılığı çox səmərəli olmuşdur. 
Rəssamlarımızın birbaşa rəhbərliyi və iştirakı ilə forma və bəzəyi müxtəlif 
olan saxsıdan, çinidən, şüşədən hazırlanan çay servizləri, piyalələr, vazalar milyonlarla 
adamların məişətinə daxil olmuşdur. Qeyd etmək lazımdır ki, kütləvi şəkildə 
buraxılan bu məhsulların bəzi növləri xarici ölkələrə də ixrac edilirdi. 
Rəssamlarımızın bu sahədəki ən maraqlı işlərinə materialın tərkibini yaxşı 
bilmələri, məmulatın formasını hiss etmələri və milli ənənələri davam etdirmələri 
xas idi. 
Rəssam L.Ağamalovanın yaradıcılığı bu illərdə xüsusən məhsuldar 
olmuşdur. Onun 1970-ci illərdə müxtəlif respublika və beynəlxalq sərgilərdə 
nümayiş etdirdiyi "Çay dəsti", "Dekorativ vaza" və s. əsərləri buna misal ola bilər. 
Bəzəkvurmanın çətin üslub, anqob qatının qaşınıb təmizlənməsi bizi 
L.Ağamalovanın bu işlərdə keçmişin ən gözəl nümunələrinə XII-XIII əsrlərin 
Beyləqan və Gəncənin bədii keramikasına qaytarır. Bu baxımdan rəssamın hazırda 
Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilən "Dekorativ vaza" əsəri 
diqqəti cəlb edir. L.Ağamalova özünün əvvəllər sevdiyi, kütləvi qaydada buraxılan 
məhsullar üçün yaratdığı və istifadə etdiyi göy və qara şirdən uzaqlaşaraq, bu işdə 
bütünlüklə ənənəvi xalq keramikasına müraciət etmişdir. 
Böyük ənənələrlə bağlı olan metalişləmə də bu illərin dekorativ-tətbiqi 
sənətində görkəmli yerlərdən birini tuturdu. 1960-cı illərdən başlayaraq 
respublikamızda metala zərblə naxışvurma işləri xüsusilə geniş yayılmağa başlayır. 
Dekorativ-tətbiqi sənətimizin bu növü respublikamızın əksər tikintilərinin ümumi 
bədii bəzək işlərində aktiv elementlərdən birinə çevrilir. 
Metal üzərində bədii bəzəkvurma ilə bu illərdə metro stansiyalarını, yeni 
mehmanxanaların vestibüllərini, mədəniyyət evlərinin, sanatoriyaların və hətta 
yaşayış mənzillərinin interyerlərini də bəzəyirdilər. 
Metal üzərində bədii bəzəkvurma, mozaika, yağlı boya ilə yanaşı, rəssamlar 
üçün həm interyerlərin və həmçinin eksteryerlərin bəzədilməsinə üslub 
vahidliyinin müxtəlif problemlərinin həllindəki imkanları genişləndirirdi. Buna 
misal olaraq Bakıdakı "Azərbaycan" mehmanxanasının, Şuşa şəhərindəki "Şuşa" 
mehmanxanasının və Şəki şəhərindəki ölkəşünaslıq muzeyinin interyerlərini 
göstərmək olar. 
Rəssamlar bu işlərində əsas etibarilə klassik Şərq poeziyasının bədii 
surətləri, qədim və orta əsr Azərbaycan ornamental motivlərinin elementlərindən 
geniş istifadə etmişlər. 
İnzibati və ictimai binalara bəzək kimi vurulan bədii metal əlavələr öz 
dolğun və orijinal kompozisiyaları ilə xalqımızın mədəni irsini, incəsənətini 
tamaşaçıya çatdırmaqda fəal rol oynayırdı. 
Bədii metalın zəngin növlərindən sayılan zərgərlik sənəti müxtəlif 
səbəblərlə əlaqədar olaraq, bu dövr daha çox Şəki, Naxçıvan, Gəncə və Lənkəran 


274 
şəhərinin ustaları tərəfindən inkişaf etdirilirdi. 
Şəki zərgərləri Ə.Məmmədov, C.Əyyubov, Naxçıvan zərgərləri usta 
Mahmud və onun şagirdləri M.Seyidovun, A.Nəbiyevin, Ə.Əliyevin bu sənətin yerli 
ənənələr əsasında inkişaf etdirilməsində böyük rolları olmuşdur. 
Respublika Rəssamlar Birliyinin üzvü zərgər Əyyub Məmmədovun 
yaradıcılığı bu illərdə xüsusilə məhsuldar olmuşdur. Ə.Məmmədov zərgərliyin həm 
şəbəkəçilik, həm də gümüşbəndlik sahəsində məharətlə işləyən sənətkar idi. Onun 
bacarıqlı əlləri ilə hazırlanmış qolbaq, sırğa, qadın sinə bəzəkləri texniki icrası və 
gözəlliyi ilə diqqəti cəlb edir. Hazırda Bakıda Azərbaycan İncəsənət Muzeyində 
nümayiş etdirilən qızıldan düzəldilmiş ləl-cavahiratın kristal hissələri ilə bəzədilmiş 
qadın sinə bəzəyi bu ustanın məharətini əyani təsdiq edir. 
1960-1970-ci illərdə Azərbaycan dekorativ-tətbiqi sənətinin ənənəvi növü 
sayılan ağac üzərində bədii oyma sənəti də öz inkişafını davam etdirirdi. Bu sahədə 
həmin illərdə Şəkidə yaşayan xalq ustası Əşrəf Rəsulov xüsusilə yüksək nailiyyətlər 
əldə edir. Usta Əşrəf bədii taxta emalı sənətinin demək olar ki, bütün sahələrində 
məharətlə çalışır. Lakin onun bu sahədəki əsas müvəffəqiyyəti ənənəvi 
"şəbəkəçilik" sənətinin inkişaf etdirilməsində olmuşdur. 
O özünün şəbəkə işlərində ən möhkəm ağac növləri olan şümşad, qoz, 
palıddan istifadə edir və onlardan müxtəlif ölçülü və formalı standart hissələr 
hazırlayır, sonra isə təyin olunmuş kompozisiya və lazımi ölçüdə yapışqandan və 
mismardan istifadə etmədən, düzgün çoxbucaqlıdan, 8-12 bucaqlı ulduzdan və s. 
ibarət olmaqla təkrarlanan mürəkkəb naxışlar yığır. Bir çox nadir əşyalardan tumba, 
kitab rəfi, tağlar, pəncərə virajları usta Əşrəfin əlləri ilə yaradılmışdır. Onun işləri 
Sankt-Peterburqdakı Etnoqrafiya Muzeyində, Bakı şəhərindəki Azərbaycan Xalçası 
Muzeyində nümayiş etdirilir. O, Moskva şəhərindəki "Bakı" restoranının şəbəkəsi 
üzərində də işləmişdir. 
1970-1980-ci illərin dekorativ-tətbiqi sənətlərinin inkişafında bir qrup 
istedadlı gənc rəssamların xüsusi rolu olmuşdur. Z.Hüseynovun, E.Məmmədovun, 
S.Haqverdiyevanın, A.Hüseynovun, E.Mikayılovun axır on ildəki fəal yaradıcılığı 
buna gözəl sübut ola bilər. Respublikanın Rəssamlar İttifaqı cərgəsinə dekorativ-
tətbiqi sənət sahəsində çalışan ixtisaslı gənclər dəstəsinin gəlməsi Azərbaycan 
incəsənətinin ən kütləvi növünün inkişafı demək idi. Moskvanın, Sankt-Peterburqun, 
Tbilisinin və başqa şəhərlərin ali məktəblərini bitirmiş keramika üzrə mütəxəssis 
rəssamlar bu illərdə xüsusən böyük müvəffəqiyyətlər qazandılar. Onlardan 
Z.Hüseynovu, Ş.Abbasovu, Məzahir Əfşarı, E.Məmmədovu və başqalarını 
göstərmək olar. V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Sənaye Məktəbini 
bitirmiş Məzahir Əfşarın yaradıcılığı xüsusilə diqqəti cəlb edir. 
Məzahir geniş rəssamlıq diapazonuna malik olan sənətkardır. Onun 
əsərlərinin yüksək keyfiyyəti Məzahirin həm istedadlı rəssam, həm də keramika 
sənəti texnologiyasına dərin yiyələnməsi ilə izah olunur. O, əsərlərində həmişə 
yenilik axtaran bir rəssamdır. Ona görə Məzahirin düzəltdiyi qablar, fiqurlar bir-
birinə bənzəmir. Həm obraz, həm əşya üçün rəssam hər dəfə yeni material, yeni 


275 
kompozisiyalar axtarıb tapır. Bu baxımdan onun "Xürrəmilər" (Babək üsyanı) adlı 
kompozisiyası "Afşaran" adlı vazası "Nəsimiyə" həsr edilmiş bədii nimçələri xüsusi 
maraq doğurur. 
1987-ci ildə keçirilən gənc rəssamların "Ölkənin gəncliyi" adlı respublika 
sərgisində Məzahir "Axaltəkə" adlı orijinal bir kompozisiyası ilə çıxış edir. 
Kompozisiyada dördbucaq formalı kətil üzərində elə bil kişnəyən altı at başının 
əksi verilmişdir. At başları şərti dekorativ bir səpkidə, konusvari formalarda 
verilməsinə baxmayaraq, tamaşaçıya güclü təsir bağışlayır. Axaltəkə seriyasına 
"Axaltəkə-I" və "Axaltəkə-II" kompozisiyaları daxildir. 
Onlar bir-birindən bədii üslubuna və texniki icrasına görə fərqlənirlər. 
Birincidə rəssamın heykəltəraşlıq, ixtiraçılıq qabiliyyəti, ikincidə ümumiləşmə və 
qrafikləşmə ilə əvəz olunur. Bu illərdə keramika sahəsində Eldar Məmmədov da 
müəyyən yaradıcılıq müvəffəqiyyətinə nail olmuşdur. 
Eldar Məmmədov Məzahir Əfşar kimi Sankt-Peterburq şəhərində ali 
rəssamlıq təhsilini almışdır. Gəncliyinə baxmayaraq, onun da sənətində 
püxtələşmiş şəxsi yaradıcılıq xətti vardır. Eldar Azərbaycan incəsənətinin xalq 
ənənələrini xüsusilə çox sevir. Xalq sənətinə olan bu məhəbbət də onun əsas 
yaradıcılıq axtarışlarını təyin edir. Keramika üzərinə yağlı boya ilə bəzəkvurmada 
E.Məmmədov xüsusən böyük müvəffəqiyyət qazandı. Onun bəzəkli nimçə, dekorativ 
lövhələri rəng çalarlarının zənginliyi, yüksək texniki icrası ilə diqqəti cəlb edir. 
Onun rəng palitrası heç ağırlıq, dolğunluq təsiri bağışlamır, onlar tamaşaçıda sevinc 
və fərəh əhvali-ruhiyyəsi yaradır. 
Əsrin əvvəllərində olduğu kimi, 1980-1990-cı illərdə yenə toxuculuq 
sənətinin xalı, qobelen, bədii tikmə və b. sahələri ön plana çıxır. 
Bu sahədə E.Mikayılov, F.Hüseynova, L.İskəndərzadə, Əfşar, U.Həmidova 
və b. yüksək nailiyyətlər əldə edirlər. 
Zəngin ənənələrə malik olan toxuculuq sənətimiz, xüsusilə xalçaçılıq bu 
illərdə daha da çiçəklənir. 
Xalı sənətimizin bu illərdə inkişafına az da olsa təsir göstərən gənc 
rəssamlardan biri Eldar Mikayılov olmuşdur. 
İlk yaradıcılıq addımlarını L.Kərimov, C.Müciri, K.Əliyev kimi xalı 
mütəxəssislərinin yanında başlayan E.Mikayılov hazırda bu sahənin aparıcı 
rəssamlarından biri sayılır. 
E.Mikayılov təkcə istedadlı xalı rəssamı deyil, həm də onun texnoloji 
xüsusiyyətlərinin dərin bilicisidir. Bütün bu cəhətləri onun 1980-1990-cı illərdə 
yaratdığı böyük şair Füzuliyə həsr etdiyi "Şəbi-hicran", "Yeni Əfşar", "Üzeyir 
Hacıbəyov", "Musiqi korifeyləri" və b. əsərlərində görə bilərik. 
Ənənəvi xalq dekorativ-tətbiqi sənətimizin bu illərdə yenidən canlandırılıb 
xalqımızın həyat və məişətinə qaytarılmasında respublikamızın müxtəlif bölgə və 
kəndlərində yaşayan el ustaları da peşəkar rəssamlara böyük köməklik göstərmişlər. 
Azərbaycan xalq dekorativ-tətbiqi sənətləri gördüyümüz kimi XX əsrdə 
zəngin inkişaf yolu keçmişdir. Bu yol təkcə onun ənənəvi növlərinin canlanması dövrü 


276 
deyil, həmçinin onun inkişaf dövrüdür. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə