A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə57/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   53   54   55   56   57   58   59   60   61
id55880

MEMARLIQ 
XX yüzilliyin 30-cu illərindən başlayaraq, Azərbaycan memarlığında yeni 
mərhələ başlanır. Memarlıqda mütərəqqi yeniliklər bu vaxt xüsusilə Bakı şəhərinin 
timsalında özünü büruzə verməyə başlayır. 
Bakı şəhərinin yenidən qurulması, ictimai-inzibati binaların tikilişi bu dövrün 
xarakterik xüsusiyyətlərindəndir. 
1934-cü ildə Bakıda Azərbaycan Respublikasının Hökumət Evinin layihəsi 
üçün müsabiqə keçirilir. Müsabiqə Azərbaycan memarları arasında yaradıcılıq 
axtarışlarının güclənməsinə, sənətkarlığın yeni və daha yüksək səviyyəyə 
qalxmasına səbəb olur. 1952-ci ildə dəniz sahilində tikilib başa çatan bu monumental, 
böyük bina indiyə qədər Bakının memarlıq simasında həlledici yerlərdən birini 
tutur. 
Bakıda ansambl tələblərinə cavab verən gözəl memarlıq nümunələrindən 
biri kimi Bülbül prospekti ilə 28 May küçəsinin kəsişdiyi yerdə tikilən Nizami kino-
teatrını və onunla üzbəüz duran inzibati binanı (memarlar S.Dadaşov və M. 
Hüseynov) göstərmək olar. Memarlar həmin ərazidə olan köhnə binaların üslubunu 
nəzərə almış, klassik ənənələrdən istifadə yolu ilə yeni tipli ictimai binalar 
yaratmışlar. Şəhərin ən mühüm və gediş-gəlişli yerlərindən birində tikilən bu 
binalar, bütün ətraf binaları özünə tabe etdirərək, hər iki küçənin memarlığında 
gözəl ansambl yaratmışdır. 
30-cu illərdə Azərbaycan memarları milli ənənələri böyük həvəslə 
öyrənərək, yaradıcılıq təcrübələrində tətbiq edirdilər. Bədii irsdəki mütərəqqi cəhətləri 
müasir memarlığın məzmunu ilə əlaqələndirmək sahəsində aparılan axtarışlar bir 
sıra hallarda gözəl nəticələr vermişdir. Bu sahədə Sadıx Dadaşov və Mikayıl 
Hüseynovun birgə yaratdıqları bir sıra binalarda klassik Azərbaycan memarlıq irsinə əsil 
yaradıcı münasibət özünü göstərir. Buna iki görkəmli memarın layihəsi üzrə 
Moskvada inşa edilən Kənd Təsərrüfat Sərgisinin Azərbaycan pavilyonu və Bakıda 
Nizami Muzeyinin binası misal ola bilər. 
Çağdaş memarlığımızın incilərindən sayılan Nizami muzeyinin binası 
barədə ətraflı danışmağa dəyər. 
Aparılmış elmi araşdırmalar göstərir ki, indiki Nizami muzeyinin yerində 
vaxtilə, yəni 1860-cı illərdə memar Qasımbəy tərəfindən tikilmiş "Metropol" 
mehmanxanası yerləşmişdir. Memar S.Dadaşov və M.Hüseynov demək olar ki, bu 
binanı yenidən qurmuş və onun daxili-xarici görünüşünü tamam dəyişdirib, Nizami 
dövrünün abidəsinə çevirmişlər. Sonralar muzey qarşısındakı meydan formalaşmış, 
orada şairin heykəli qoyulmuş və bağ salınmışdır. 
40-cı illərdə yaranmış Nizami meydanı ansamblı Bakının memarlıq 


277 
tarixində mühüm bir mərhələdir. O, bu gün də memarların və rəssamların diqqətini 
özünə cəlb edir. 
Binanın bədii tərtibatında zəmanəsinin ən görkəmli rəssamları, xalq 
sənətkarları da fəal iştirak etmişlər. Burada heykəltəraşlardan Fuad Əbdürrəhmanov, 
Cəlal Qaryağdı, dekorativ-tətbiqi sənətimizin görkəmli sənətkarları Lətif Kərimov, 
Hüseyn Babayevin adlarını xüsusi qeyd etmək lazımdır. 
Beləliklə, müəllif kollektivinin səmərəli yaradıcılıq axtarışları nəticəsində 
binanın milli memarlıq baxımından çox düzgün həlli tapılmışdır. 
Binaya daxil olarkən sanki Nizami dövrünün ədəbi irsi ilə görüşürsən. 
Muzeyin divar rəsmləri - ümumi rəng çalarları ilə Şuşa, Şəki, Təbriz və s. 
şəhərlərdəki qədim yaşayış evləri və sarayların divar rəsmləri ilə səsləşir. 
1950-ci illərdən başlayaraq, Bakı, Gəncə, Sumqayıt, Əlibayramlı və s. 
şəhərlərdə müasir memarlıq baxımından bir sıra əhəmiyyətli ictimai binalar 
tikilməyə başlanır. 
Bunlardan ilk növbədə Elmlər Akademiyası şəhərciyinin kompleksi, 
M.F.Axundzadə adına Dövlət Kitabxanası (memar M.Hüseynov), Azərbaycan Dövlət 
Akademik Dram Teatrının binası (memarlar Q.Əlizadə, M.Mədətov) və Gəncənin 
Mərkəzi Meydanında yerləşən inzibati bina (memar Ə.İsmayılov) nəzəri xüsusilə 
cəlb edir. 
Memarlıq formaları və şəhərsalma nöqteyi-nəzərdən müxtəlif olan bu 
binaları birləşdirən bir cəhət də vardır. Müəlliflər Azərbaycan klassik memarlığının 
ənənələrindən istifadə edərək, binaların abidəvi olmasına çalışmışlar. 
1960-1970-ci illərdə Bakıdakı layihələndirilən və həyata keçirilən ən 
əhəmiyyətli şəhərsalma tədbirlərindən biri də Hökumət Evinin yerləşdiyi Azadlıq 
meydanının yenidən qurulma layihəsinin tərtibi sahəsində görülən işlərdir. 
Bu dövrün ictimai binaları içərisində diqqəti cəlb edən bir neçə 
əhəmiyyətli tikinti vardır. Bunlardan ən başlıcası Azadlıq meydanında yüksələn 
"Azərbaycan" mehmanxanasıdır. Meydan tərəfdən 16 və Neftçilər prospekti tərə-
findən 11 mərtəbəli olan bu mehmanxana eyvanların geniş tətbiqi nəticəsində cənub 
iqliminə uyğun olan bir görkəm almışdır. 
Memarlıq həllinin əsas ünsürü olan həmin eyvanlar eyni zamanda 
mehmanxananın Azərbaycan xalq yaşayış binalarına uyğun şəkil almasına yardım 
edir. 
Bu dövrdə yaradılmış əhəmiyyətli tikintilərdən biri də Bakı sirkidir. 
Şəhərin Səməd Vurğun küçəsində, hündür bir mövqedə yerləşən Dövlət sirki son 
dərəcə gözəçarpan şəhərsalma mövqeyi ilə bərabər, eyni zamanda daxili təc-
hizatının müasir səviyyədə həll edilməsi və xarici fasadlarının düşünülmüş 
memarlıq bölgüləri ilə diqqəti cəlb edir. 2500 tamaşaçı tutan Dövlət sirki adı sirk 
manejindən əlavə, mexaniki vasitələrlə təchiz edilmiş daha iki manejə malikdir. Bu 
manejlər sirkin daxilində buz üzərində və suda tamaşalar verilməsinə imkan 
yaradır (memar Ənvər İsmayılov). 
Respublika memarlarının son illərdəki yaradıcılıq müvəffəqiyyətlərindən 


278 
biri də Bakı metrosunun xarici vestibülləri və yeraltı perronlarının memarlıq 
quruluşudur. İstər xarici pavilyonlarda, istərsə də metronun yeraltı qurğularında 
memarlıq vasitələrindən və bu vasitələrin başqa sənət növləri ilə sintezindən 
bacarıqla istifadə edilmişdir. 
Bakı metropoliteninin stansiyaları milli Azərbaycan memarlığı 
nümunələrindən bacarıqla istifadə olunması, tikintisinin yüksək keyfiyyəti və 
zövqlüyü ilə seçilirlər. 
"Nərimanov" metro stansiyasının (memar M.Hüseynov) yeraltı vestibülü 
tirsiz-sütunlu tiplidir. Yönəldilmiş işıqlar və genişlik yeraltı zala xüsusi əzəmət verir. 
Açılmış çiçəyə bənzər qəşəng biçimli sütunlar orta keçid yoluna "Ulduzlu" tavanı 
saxlayır. 
"Bakı Soveti" metro stansiyası (memarlar Ş.Zeynalova, H.Qədimov, T. 
Xanlarov) İçərişəhərə yaxın tarixi hissədə tikilmişdir. Stansiyanın pavilyonu nazik 
çərçivələrlə haşiyələnmiş şüşə vestibülü küçədən ayırır. Zərif portal və tava 
stansiyaya girişi qeyd edir. Metro stansiyası qarşısındakı meydança Bakının ən qədim 
ictimai bağı ilə həmsərhəddir. Tək-tək durmuş Eldar şamları və Vaşinqton palmaları 
həm bağın davamı, həm də stansiyanın baxılmasına gözəllik və təkraredilməzlik 
verir. 
"Nizami" metro stansiyası (memar M.Hüseynov) şəhərin köhnə 
hissəsində, üç-dörd mərtəbəli tikintilər əhatəsindədir. Yeraltı stansiyanın 
memarlığında milli memarlıq ənənələrindən geniş istifadə olunmuşdur. Stan-
siyanın yeraltı vestibülü dərindədir, pilon tiplidir. Onun memarlığında sıravi tağlar 
və sənətdə sintez üçün böyük imkan yaradan dekorativ tağlar, pilonlar aparıcı rol 
oynayır. 
Bakıda ilk dəfə olaraq, "Nizami" metro stansiyasında mozaikadan geniş 
istifadə olunmuşdur. 
Xalq rəssamı M.Abdullayev tərəfindən yaradılmış bu rəngarəng 
mozaikalar metroya xüsusi gözəllik bəxş edir. Böyük ideya və bədii estetik 
əhəmiyyət kəsb edən mozaik lövhələr stansiyanın geniş yeraltı vestibüllərini şəkil 
qalereyasına bənzətmiş, buraya muzey ab-havası vermişdir. Bu əsərlərdəki 
monumental divar boyakarlığı ilə memarlığın sintezi nəinki təkcə rəssamın, 
həmçinin memarın da qarşısında bir sıra mühüm tələblər qoymuşdur. Çünki layihə 
müəllifi binanın memarlıq tərtibatında rəssamlıq əsəri üçün hansı guşəni ayıracağı 
haqqında aydın təsəvvürə malik olmaqla yanaşı, bu əsərlərin nə kimi məziyyət 
daşıdığını da bilmişdir. 
M.Abdullayevin "Xəmsə" süjetli bu mozaikalarının məhz tarixi zəmin üzərində 
qurulduğu göz qabağındadır. Vestibülün baş divarında şairin portreti ətrafındakı 
çatma taxçalarda isə poemalardan müxtəlif süjetlər təsvir edilmişdir. 
Stansiyasının vestibülündəki süjetli mozaik lövhələrin üstün cəhətlərindən 
biri də onların müəyyən qisminin, məsələn, "Nəqqaş Mani", "Kərpickəsən kişinin 
dastanı", "Daranın ölümü", "Məcnun və atası" və s. kimi epizodların Azərbaycan 
təsviri sənətində ilk dəfə fırçaya alınmasıdır. 


279 
Əsrin axırlarında respublikamızda bir neçə yüksək mahiyyət kəsb edən 
xatirə abidələri də yaradılmışdır. Bunlardan Naxçıvandakı Hüseyn Cavid (memar 
R.Əliyev), Şuşadakı Molla Pənah Vaqifin abidələrini (memarlar Ə.Salamzadə, 
E.Xanıkov) göstərmək olar. 
Bu xatirə abidələrinin hər ikisini də memarlarımızın yeni nailiyyəti kimi 
qiymətləndirmək lazımdır. Onlar müasir memarlığın ən yaxşı nümunəsi olmaqla yanaşı, 
həm də Azərbaycan milli memarlığının ənənəvi xüsusiyyətlərindən yaradıcılıqla 
istifadə olunmasına parlaq misaldır. 
Şəhərimizin estetik simasının formalaşmasında sənaye tikintiləri də 
əhəmiyyətli rol oynamağa başlayıblar. Sənaye qurğularının yüksək texnologiya və 
təmizlik səviyyəsi onların yaşayış rayonlarında yerləşdirilməsinə imkan vermişdir. 
Bunlardan Bakı məişət kondisionerləri zavodunu, Şampan çaxırları zavodunu, 
Mərkəzi Şəhər telefon stansiyasını, Azərbaycan nəşriyyatını, Azərbaycan Milli 
Bankını, ən müasir tələblərə uyğun şəkildə qurulmuş Avropa zal kompleksini və s. 
göstərmək olar. 
Son illər memarlıq cəhətdən baxımlı yaşayış, ictimai binalar Naxçıvan, 
Quba, Lənkəran, Astara, Şəmkir və s. şəhər və rayonlarda tikilmişdir. 
Respublikamızda gedən mədəni quruculuq işləri ilə bərabər, tarix və 
mədəniyyət abidələrinin mühafizəsi, bərpası, təbliği və onlardan istifadə edilməsi 
də mühüm yerlərdən birini tutur. Abidələrin bərpasını yaxşılaşdırmaq məqsədilə 
Naxçıvanda, Gəncədə, Şamaxıda, Şəkidə, Qazaxda və s. bərpa-istehsalat 
emalatxanalarının təşkili buna əyani sübutdur. 


280 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə