A z ə r b a y c a n diLİ VƏ t a r I x I


  QƏDİM DÖVRDƏ İNCƏSƏNƏT



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə2/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   2   3   4   5   6   7   8   9   ...   61
id55880

 



QƏDİM DÖVRDƏ İNCƏSƏNƏT
Azərbaycan dünyanın ən qədim və zəngin tarixə malik olan guşələrindən 
biridir. 
Füzuli bölgəsi yaxınlığındakı ilk insan məskəni sayılan Azıx mağarası, 
Naxçıvandakı Kültəpə, Qazaxdakı Baba-Dərviş abidələri, Bakı şəhəri yaxınlığındakı 
Qobustan qaya təsvirləri və s. Azərbaycanın ərazisində yurd salmış insanların hələ 
uzaq keçmişlərdə coşqun həyat və yaradıcılıq prosesi keçirdiyini göstərir. Azərbaycan 
xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin 
zənginliyi də böyük təsir göstərmişdir. Onun incəsənəti təbiəti kimi rəngarəng, dolğun 
və zəngindir. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən sənət növləri 
xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı, bəzəyi və memarlığına 
qədər böyük sahəni əhatə edir. 
Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə desək, 
milli siması, mənliyi sənət növlərində özünü parlaq şəkildə büruzə verəcəkdi. 
Əbəs deyildir ki, indi dünyanın ən zəngin muzeylərində Azərbaycan bədii 
sənətinin bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. 
Parisin Luvr, Londonun Viktoriya və Albert, Nyu-Yorkun Metropoliten, 
Sankt-Peterburqun Dövlət Ermitajında, İstanbulun Topqapı, Türk və islam əsərləri 
muzeyində və başqa yerlərdə beş yüz, min il və ondan da əvvəl Azərbaycan 
torpağında yaradılmış sənət nümunələri saxlanılır. 
Sənət nümunələrimizin Amerika, Avropa, Asiya və Afrika qitələrindəki 
ölkələrin məşhur muzeylərində belə layiqli yer tutması onun dünya əhəmiyyəti kəsb 
etdiyini bildirir. 
Azərbaycanda ən qədim sənət nümunələrinə biz daş və qayalar üzərində 
rast gəlirik. Bu da səbəbsiz deyil, çünki daş insanların məişətində ən qədim və təbii 
nemətlərdən biri sayılır. İbtidai insanlar daş aiətlər vasitəsilə özlərinə yemək əldə 
etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər. İbtidai insanların ilk yaşayış məskənləri 
də (mağaralar və s.) daşdan tikilmişdir. Qadınların ilk bəzəyi, ilk qələm və lövhə də 
daşdan hazırlanmışdır. İnsanların estetik zövqünün inkişaf etdirilməsində daş böyük 
rol oynamışdır. 
Əbəs deyildir ki, alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar 
üzərində rast gəlirlər. 
Elə buna görə də xalqımız uzaq keçmişlərdən tutmuş bu günədək daşı 
həmişə müqəddəs saymışdır. 
Alimlərimizin fikrincə, Azərbaycan ərazisində ilahiləşdirilmiş təbii 
obyektlərdən ən qədimi daş olmuşdur. 
Elmi araşdırmalar göstərmişdir ki, uzaq keçmişdə ölkəmizdə daşdan insan, 
heyvan fiqurları düzəltmək, onların üzərini bəzəmək məhz bu məqsədlə edilmişdir. 
Keçmişin yadigarı sayılan daş abidələrimiz bu gün bizi daha çox bədii və 
estetik xüsusiyyətləri ilə maraqlandırır. 
Daş abidələrimiz xalqımızın müxtəlif dövrlərdə əl qabiliyyəti, 



dünyagörüşü və zövqü haqqında geniş məlumat verir. 
Yurdumuzda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi 
uzaq keçmişlərə təsadüf edir. 
Alimlərimiz oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş 
təsvirlərin ən qədim nümunələrinə hələlik Ordubad (Gəmi qayası), Abşeron 
(Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda, Xəzər 
dənizinin sahilindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər. 
Məzmunu, bədiiliyi və çoxluğuna görə Qobustan qayaları üzərindəki təsvirlər 
diqqəti daha çox cəlb edir. 
Alimlərimiz burada ibtidai daş və metal alətlər vasitəsilə təsvir edilmiş üç 
mindən artıq insan, heyvan, məişət əşyaları, damğa xarakterli rəsmlər aşkara 
çıxarmışlar. 
Araşdırmalar göstərir ki, Qobustan qayaları üzərindəki təsvirlər icra 
olunduqları dövrdən asılı olaraq ölçü, kompozisiya və çəkilmə texnikasına görə bir-
birindən fərqlənir. Arxeoloqların fikrincə, bu təsvirlərin ən qədimləri daş dövrünün 
axırlarından başlayaraq tunc alətlərin və silahların meydana çıxdığı dövr ərzində 
həkk olunmuşdur. Bu dövrə aid edilən rəsmlər həcminin böyüklüyü, sxematikliyi, 
real proporsiyalardan kənar vəziyyətdə icrası ilə fərqlənir. 
Təsvirlər arasında ov səhnələri ilə əlaqədar rəsmlər, xüsusilə vəhşi öküz, 
maral, keçi şəkilləri çoxdur. Bu da təsadüfi deyildir, çünki Azərbaycanın ərazisində 
yaşayan ibtidai insanların həyatında ovçuluq mühüm yer tuturdu. 
Qədim insanların həyatında ov əsas yaşayış mənbəyi olduğu üçün təsvir 
olunan kompozisiyalarda da daim diqqət mərkəzində idi. Elə buna görə də ibtidai 
rəssam ovçu fiqurunu o biri fiqurlara nisbətən xeyli böyük, nəhəng qüvvəyə malik 
olan bir şəxs kimi həkk edirdi. 
Aydındır ki, bu baxımdan rəssamın təsvir etdiyi hər bir ovçu ilk növbədə 
adi insanı yox, yaşayış üçün yemək əldə edə bilən bir qüvvəni təmsil etməli idi. 



Məhz buna görə də, Qobustan qayaları üzərindəki bu dövrə aid ovçu 
təsvirləri estetik normalardan xeyli kənar, sxematik bir tərzdə verilirdi. 
Araşdırmalar göstərir ki, Qobustan qayaları üzərində təsvir olunmuş 
heyvan fiqurları insan fiqurlarına nisbətən daha real və həyati təsvir edilirdi. 
Bəlkə də bu ondan irəli gəlirdi ki, ibtidai insanlar hələ ova getməzdən 
əvvəl ovlayacağı heyvanın dəqiq rəsmini çəkir, xarakterini öyrənir, sonra isə rəsmi 
hədəfə çevirib ona qalib gələrək ova çıxırdı. Deməli, vəhşi heyvanın obrazı başqa 
təsvirlərə nisbətən ibtidai rəssamın daha çox diqqət mərkəzində olurdu. 
Ola bilsin ki, elə buna görə də qədim dövrlərə aid edilən heyvan 
rəsmlərinin əksəriyyəti natural şəkildə təsvir edilirdi. 
Qobustan qayaları üzərindəki vəhşi heyvan təsvirlərinin ən orijinal 
nümunələrinə Cingirdağ ətəyindəki Yazılıtəpə adlanan yerdə rast gəlinir. 
Yazılıtəpədə yerləşən qayaüstü
 
rəsmlər içərisində biri diqqəti daha çox 
cəlb edir. 
Bu rəsmlər təpənin cənubunda hündür bir yerdə yerləşən nəhəng qaya 
üzərindədir. 
Burada 23 təsvir vardır. Onlar 9 heyvan, 3 süvari, ilan, 3 üçbucaq, 3 dişli
nizə, 5 müxtəlif niaan rəsmi və ərəb əlifbası ilə yazılmış yazıdan ibarətdir. Təsvirlər 
içərisində təxminən natural ölçüdə olan maral rəsmi xüsusilə diqqəti cəlb edir. 
Uzunluğu 110 sm, hündürlüyü 88 sm ölçüdə, 3 sm dərinliyində oyulmuş bu maral 
rəsmi, alimlərin fikrincə, qaya üzərindəki təsvirlərin ən qədimidir. Dinamik bir 
hərəkətdə verilmiş bu maral rəsmi Qobustan qayalarındakı təsvirlərin ən bədii və 



orijinalıdır. 
Maral sanki irəli atılaraq, sürətlə qaçan bir vəziyyətdə təsvir edilmişdir. 
İbtidai sənətkar bu vəziyyəti maralın döşünü gərmiş, şaxəli buynuzlarını geri atmış, 
bədənini, ayaqlarını yığmış, quyruğunu isə dik qaldırmış şəkildə verməklə əldə edə 
bilmişdir. 
Təxminən e.ə. IV-III minilliyə aid edilən bu maral rəsmindən xeyli aralı 
qaya üzərində mövzu etibarilə onunla bağlı olan bir neçə təsvir də vardır. Onlar 
marala nizə atan atlılar və s. rəsmlərdən ibarətdir. Bunlar maralla mövzu etibarilə 
müəyyən qədər bağlı olsa da bəsit və başqa bədii üslubda yaradılması ilə fərqlənir. 
Biz qaya üzərində müxtəlif bədii üslublarda yaradılmış təsvirlərlə rastlaşırıq. 
Qədim dövrlərə aid təsvirlər daha dolğun, daha plastik, sonralar yaradılmış 
qayaüstü rəsmlər isə bəsit şəkildə icra edilmişdir. 
Araşdırmalar göstərir ki, tunc dövrünün axırlarından başlayaraq Qobustan 
qayalarındakı təsvirlər get-gedə həcmcə kiçilir və sənətkarlıq cəhətcə xeyli 
dəqiqləşir. 
Bu dövrlərdə metaldan hazırlanmış mükəmməl formalı əmək alətlərinin və
silahların meydana çıxması, heyvandarlıqla əkinçiliyin inkişafı ovçuluq peşəsinə 
olan marağı xeyli azaltmağa 
başlamışdır. 
Bu zaman insanların 
yaşayışı üçün əsas mənbə 
ovçuluq yox, kənd təsərrüfatı 
və başqa sənətkarlıq sahələri 
hesab edilirdi. 
Aydındır ki, bu dövrə 
aid təsvirlər içərisində həyat və 
yaşayış tərzi ilə əlaqədar olan 
səhnəciklərə daha çox rast 
gəlinir. 
Əvvəlki 
dövrlərin 
təsvir vasitələrindən fərqli 
olaraq bu dövrdə Qobustan 
qayaları üzərindəki fiqurların, 
bəsit 
şəkildə 
də 
olsa, 
qabaqcadan 
düşünülmüş 
kompozisiyalar 
əsasında 
qurulduğu hiss olunur. 
Bu dövrdə rəsmlər də 
xeyli dəqiqləşmişdir. İlk dəfə 
olaraq təsvir olunan insan fiqurlarının ağzı, gözü, heyvanların buynuzu, quyruğu və 
s. detallar dəqiq surətdə çəkilmişdir. 
Qobustan qayaları üzərində bu dövrə aid edilən rəsmlərin qazılma və 


10 
oyulmasında dəmir alətlərdən geniş istifadə edildiyi hiss olunur. 
Təsvir vasitələrinin, texniki üsulların mükəmməlləşməsinə baxmayaraq, 
bu dövr qayaüstü təsvirlərinin bəzi qüsurları da vardır. 
Əgər daş dövrünün axırlarında yaşayan rəssamı təsvir etdiyi obyekt canlı 
bir məxluq kimi maraqlandırırdısa və bununla əlaqədar olaraq onu sərbəst 
kompozisiyada, canlı və hərəkətdə verməyə cəhd edirdisə, tunc dövründə çəkilmiş 
oyma rəsmlər haqqında bunu demək olmur. Bu dövrün rəssamını, əsasən, 
kompozisiyanın quruluşu, təsvir olunan obyektlərin fərdi xüsusiyyəti və digər şərtlər 
maraqlandırır. Bu zaman sənətdə ilk dəfə olaraq simmetriyaya da müraciət edilir. 
Simmetrik şəkildə qarşı-qarşıya durmuş insan, heyvan fiqurlarına bu dövrdə 
çəkilmiş rəsmlərdə tez-tez rast gəlmək olur. 
Sənətşünaslar haqlı olaraq tunc dövrünün axırlarına aid edilən təsvirlərin 
yaranmasında insan şüurunun inkişafı ilə əlaqədar olan ilk dini etiqadların da rolu 
olduğunu qeyd edirlər. 
İbtidai xarakter daşıyan din, aydındır ki, o vaxtlar insanların həyat 
qavrayışına uyğun gəlirdi. 
Təbiət hadisələri qarşısında aciz qalan ibtidai insanlar tunc dövründə bu 
hadisələri real şəkildə deyil, qabaqcadan düşünülmüş bir cadu və ya tilsim kimi başa 
düşürdülər. Elə ona görə də tunc dövrünə aid edilən oyma təsvirlər üzərində 
əvvəlki dövrlərdə rast gəlmədiyimiz simvolik mahiyyətli xətləri də görmək olur. 
Tunc dövrünə aid edilən oyma rəsmlər içərisində kollektiv şəkildə təsvir 
edilmiş insan fiqurlarına xüsusilə tez-tez rast gəlmək olur. 


11 
Bu tipli rəsmlər sırasına ilk növbədə əl-ələ verib elə bil ki, "yallıyabənzər" 
rəqs edən bir qrup insan fiqurunu əks edən təsvirləri aid etmək olar. 
Böyükdaş "Ovçular zağası" adlanan mağaranın üstündə oyulmuş bu 
kompozisiyada arxeoloqlarımızın fikrincə, tonqal ətrafında dini mərasim xarakteri 
daşıyan kollektiv ritual təsvir edilmişdir. 
Araşdırmalar göstərir ki, hətta indinin özündə də Afrika və Avstraliyanın ən 
ucqar yerlərində ibtidai həyat tərzi keçirən insanlar ovlarının səmərəli olması üçün 
əvvəlcədən kollektiv şəkildə dini mərasimlər keçirirlər. Bu kollektiv mərasimlər, 
əsasən, tonqalın və ya öldürüləcək heyvanın şəkli ətrafında olur. 
Mənbələr göstərir ki, Sibirin və Orta Asiyanın qədim ovçuları da ovdan 
əvvəl qaya təsvirləri üzərində belə məşqlər etmişlər. Bu təsvirlərin üzərindəki nizə 
zərbəsinin izləri də qayadakı şəkillərin praktiki əhəmiyyətini təsdiq edir. Bu rəqslər 
dini-sehrkar mahiyyəti etibarilə, bəlkə də Azərbaycanda ilk ayin rəqslərindən hesab 
edilməlidir. Belə qrup şəklində icra edilən rəqslərin mənşəyi yeni daş dövrünün 
ictimai həyatı ilə bağlı olmuşdur. Belə ki, ilk neolit maldarları heyvanları 
əhliləşdirərkən 
əl-ələ 
verərək 
kollektiv bir şəkildə işləyirdilər. 
Maldarların belə birgə kollektiv 
fəaliyyəti, müvəffəqiyyətli əmək 
prosesindən sonra, istirahət zamanı 
oyun keçirmək məqsədilə təkrar 
edilirdi. Belə oyunlar tez-tez təkrar 
edildikcə onların ayrı-ayrı hissələri 
rəqs şəklini alırdı. 
Totemizm əqidələrinin mis-
daş dövründə geniş şəkildə yayılması 
maldarlığın tərəqqisi ilə əlaqədar 
olmuşdur. Totemizm ilə əlaqədar olan 
dini təsəvvürlər qədim və ibtidai 
xalqların 
hamısında 
özünü 
göstərmişdir. 
Bu dövr rəssamı belə 
ovqabağı 
məşqlərdən 
birini 
Böyükdaşın yuxarı mərtəbəsindəki 
daşda yaxşı təsvir etmişdir. Burada 
çiyinlərində kaman olan beş ovçu 
sıraya düzülüb vəhşi öküz rəsmi qarşısında məşq edir, yəni öküz təsvirinə ox atırlar. 
Aşağıdakı, ikinci cərgədəki ovçular isə növbə gözləyirlər. Üzləri öküz təsvirinə tərəf 
olan ovçuların kaman tutan qolları görünmür. Hündürboylu, enlikü-rəkli ovçular 
enli şalvarda olduqlarından onların qıçları bitişik tərzdə göstərildiyi üçün 
tədqiqatçılar səhvən onları qadın təsvirləri kimi qələmə vermişlər. Bu petroqlifdə 
ovçuların ov şalvarlarını bellərinə sarıdığı aşkar görünür. Bellərindən sallanmış 


12 
iplərə isə ov zamanı heyvan quyruqları bağlanarmış. Məşq zamanı həmin 
quyruqlardan istifadə edilmədiyindən onlar təsvirdə öz əksini tapmamışdır. Bu 
petroqlif, çox güman ki, inisiasiya ayininin -gənclərin ov sənətinə yiyələnməsi 
ayininin keçirilməsinə həsr edilmişdir. 
Böyükdaşın yuxarı və aşağı mərtəbələrində aypara şəklində cızılmış, ucu 
günəş təsvirli qayıqlar da xüsusi maraq doğurur. Qayıqların içindəki adamlar düz 
xətlərlə göstərilmişdir. Belə petroqliflərin balıq ovuna çıxan balıqçılara həsr 
edildiyinə inanmaq olar. Lakin günəş təsvirlərinin bu qayıqlar üçün mühüm əlamət 
olması imkan verir ki, onları günəşə pərəstiş dini əqidəsilə əlaqələndirək. 
Tunc dövründə Azərbaycanda dini əqidələrdən biri də günəşə pərəstiş idi. 
Bu dövrün dulusçuluq məmulatlarında günəşin müxtəlif rəmzi və sxematik 
təsvirlərinə tez-tez rast gəlmək olur. Bu əqidə Qobustan petroqliflərində də öz 
əksini tapmışdır. 
O dövrdə əcdadlara və bununla əlaqədar olaraq ölülərə də pərəstiş edilirdi. 
Bu əqidənin də özünə aid ciddi və toxunulmaz atributları - əlamətləri, işarələri, 
qayda və qanunları var idi. Maraqlı burasıdır ki, əcdadlara - ölülərə pərəstiş əqidəsi 
üzərində günəşə sitayişin böyük təsiri olmuşdur. Misal üçün bu dövrün 
kurqanlarına müraciət edək. Arxeoloq Y.İ.Hummel sübut etmişdir ki, Xanlar bölgəsi 
kurqanlarının - dəfn abidələrinin tikilməsi vahid günəş "şəfəq sistemi" ideyasına tabe 
edilmişdir. Tunc dövrünün qəbirlərində dulusçuluq və metal məmulatları üzərində 
günəşin təsvirlərinə tez-tez rast gəlirik. Bəzən qəbirlərdə çıraqlara, ocaq qalıqlarına, 
oxra ilə boyanmış qırmızı daşlara və oxra boyalarına təsadüf edilir. Belə fikir oyanır 
ki, bəlkə də əcdadlarımız qəbirlərin, axirət dünyasının işıqlandırılması qayğısına 
qalmış və bu məqsədlə günəşi andıran müxtəlif vasitələrdən istifadə etmişlər. 
Maraqlıdır ki, indi də adam vəfat edərkən "qəbri nurla dolsun" deyirik, görünür 
qəbrin işıqlı olması ideyası tunc dövrünün, ən qədim "atəşpərəstlərin" dini 
mirasıdır. Beləliklə, ölülərə pərəstişin günəşə sitayişdən asılı, ona tabe olduğunu 
nəzərə alaraq, mülahizə şəklində demək olar ki, Qobustanın qayıq təsvirlərindəki 
adamlar bəlkə də balıqçılar yox, axirət dünyasına günəş təsvirlərinin müşayiəti 
altında yola salınan ölülərdir, onların ruhlarıdır. 
Qədim dünya mədəniyyətinin görkəmli araşdırıcısı Tur Xeyerdal 
Qobustanın qayıq təsvirlərilə şumerlərin qayıq təsvirləri arasında yaxınlıq olduğunu 
göstərmişdir. Bu yaxınlıq onların qamışdan toxunması, ayparayabənzər formada 
olması, ilahi məqsədlərə xidmət etməsi ilə əsaslandırılır. O bu cür ayparaşəkilli 
qamış gəmilərin ilahi mənşəyi və onların günəş allahı ilə bağlılığı haqqında belə 
yazır: "Uzun illərdir ki, Ay tarixdən əvvəlki sənətin ən mühüm motivi kimi məni 
məşğul edirdi. İndi fikrim məni o günlərə aparıb ki, onda qamış gəmilərin böyük 
qurğuları Şumerdə, inklərdən əvvəlki Peruda və tənha Paska adasında ayparaya 
(hilala) allahın gəmisi kimi baxırdılar: bu gəmidə günəş allahı və ən qədim 
padşahların əcdadları gecə vaxtı göydə səyahət edirdilər. Bu etiqad qədim 
şumerlərin və peruluların həm rəvayətlərində, həm də təsviri sənətlərində öz əksini 
tapmışdır". 


13 
Şumerlərin ayşəkilli qədim gəmilərinin günəş allahı Utu ilə bağlılığı, 
Qobustanın günəş təsvirli qamış gəmilərinin də günəş allahı ilə əlaqədar olmasını 
deməyə haqq qazandırır. 
Qədim Misirdə papirusdan toxunmuş "günəş gəmiləri"ndən fironların 
dəfn ayinini keçirmək üçün istifadə edilməsi də maraqlıdır. Qədim Misir 
sənətindən yaxşı məlumdur ki, günəş allahı ikincidərəcəli allahlarla birlikdə, papirus 
qayığında vəfat etmiş fironu son dəfə üzmək üçün axirət dünyasına müşayiət 
edirmiş. 
Qobustan qayaları üzərində aparılmış elmi araşdırmalar göstərmişdir ki, 
sonrakı dövrlərə aid edilən rəsmlərdə daha heç bir yenilik və orijinallıq olmamışdır. 
Onlar əsas etibarilə qədim təsvirlərin kor-koranə təqlidi və təkrarından başqa bir 
şey deyildir. 
Qədim dövr Azərbaycan sənətkarlığını dulusçuluq sənəti ətraflı təmsil 
edir. 
Bu günədək əldə edilmiş gil qablar ölçüləri, formaları, üzərindəki naxışları, 
materialı və bişirilmə texnologiyası etibarilə bir-birindən xeyli fərqlənirlər. 
Elə bu baxımdan da alimlər qədim dövr Azərbaycan dulusçuluğunu iki 
böyük hissəyə bölürlər. 
Bunlardan birincisi, qırmızı gil 
keramika, ikincisi, cilalanmış qara rəngli 
keramikadır. 
Qədim dulusçuluq məmulatlarının 
qırmızı və qara rəngdə olmasının sirrini ilk 
dəfə Türkiyənin dulusçuluq sənəti üzrə 
araşdırıcısı Nuru paşa açdı. İndi artıq 
məlumdur ki, gil qablar kürədə bişərkən, 
gilin tərkibində olan dəmir duzları istiliyin 
təsiri nəticəsində dəmir oksidinə çevrilir. 
Dəmir oksidləri isə bişmiş qablara qırmızı, 
çəhrayı, qəhvəyi, sarımtıl qırmızı rənglər 
verir. Qədim dulusçular gil qabları bu 
rənglərdən azad edib, onlara qara və boz 
rənglər vermək üçün texnoloji üsul axtarıb 
tapmışlar. Onlar bu üsulu kəşf edərkən fiziki 
qanuna, maddələrin istidən genişlənib
soyuqdan sıxılması qanununa əsaslanmışlar. 
Mingəçevirdən tapılmış dulusçuluq kürələri göstərir ki, onlar aşağı (ocaq) 
və yuxarı (bişirici) hissələrdən ibarət olmuşdur. Bu iki hissə çoxlu deşikləri olan 
arakəsmə vasitəsilə bir-birindən ayrılır. Gil qablar dulusçuluq dəzgahında 
hazırlandıqdan sonra açıq havada qurudulub dulusçu kürəsinin yuxarı hissəsinə 
yığılırmış. Bundan sonra istiliyi yaxşı saxlamaq üçün həmin hissəsinin qapısı kip 
bağlanırmış. Ocaqda əldə edilən istilik arakəsmənin deşiklərindən keçib gil qabları 


14 
bişirirmiş. İstilik 800-900 dərəcəyə çatanda gil qablar tam bişib qırmızı rəng alırmış. 
Bundan sonra ocaq söndürülür və kürə tamamilə soyuyandan sonra bişmiş qırmızı 
məmulatlar sobadan çıxarılırmış. 
Qədim dulusçular gil məmulatlara qara rəng vermək istədikdə, ocaq 
söndürüləndən sonra kürənin yuxarı, bişirici kamerasında istiliyin 400 dərəcəyə 
enməsini gözləyirmişlər. Ancaq bundan sonra ocaqda yaş odun yandırmaq vasitəsilə 
yuxarı kameraya his (duda) buraxılırmış. Bu vaxt gil qabların xarici və daxili 
səthində, istilikdən genişlənmə nəticəsində külli miqdarda boşluqlar əmələ gəldiyi 
üçün his həmin boşluqlara dolur, kürə soyuduqca qabların xarici səthləri getdikcə 
sıxılır və beləliklə də məmulatların kütləsinə hopmuş his, qabları qara rəngə boyayırdı. 
Bu prosesdən sonra sobadan çıxarılmış qabları əvvəlcə sümük və yaxud hamar bərk 
cisimlə, sonra isə yumşaq parça, xəz və mum ilə sürtərək cilalayırdılar. Bu cür üsulla 
hazırlanan qara rəngli qabların səthi parlaq olurdu. 
Naxçıvan rayonu ərazisi (Kültəpə, Şahtaxtı, Şortəpə və s.) e.ə. II 
minillikdə qırmızı keramikanın əsas mərkəzi olmuşdur. 
Bu tip keramika nümunələri, əlvan rəngli olduğu üçün ona boyalı keramika 
adı verilmişdir. Alimlər sübut etmişlər ki, bu mədəniyyət Qədim İran qəbilələri ilə 
iqtisadi-mədəni əlaqə nəticəsində meydana çıxmışdır. Boyalı keramika həm əl, həm də 
dulusçuluq dəzgahında hazırlanırdı. Öz inkişafını tunc dövründə başlayan bu tip boyalı 
qablar istehsalı dəmir dövrünə qədər inkişaf edərək bir neçə mərhələ keçmişdir. 
Bu tip keramika məmulatları üzərində dalğavari, sınıq və mürəkkəb şəkilli 
düzxətlər, romb, üçbucaq formalı naxışlarla yanaşı quş, heyvan, hətta stilizə edilmiş 
insan fiqurlarına da rast gəlinir. Bunlar qablar üzərinə bir qayda olaraq qara, göy, 
sarı, qəhvəyi boyalarla çəkilərdi. 
Şahtaxtıdan tapılmış irihəcmli qab (e.ə. XVIII-XVII əsrlər) bu tip boyalı 
keramika sənəti haqqında gözəl təsəvvür yaradır. 
Hazırda Bakıda Azərbaycan tarixi muzeyində nümayiş etdirilən bu qabın 
gövdəsi üzərində ardıcıl təkrar olunan quş, heyvan təsvirləri verilmişdir. Rəsmlərə 
diqqətlə nəzər yetirsək, orada tovuz quşu, keçi və at fiqurlarının olduğunu görərik. 
Dulusçu böyük məharətlə nəinki burada təsvir olunan canlıların növ və tiplərini, hətta 
onların duruş və hərəkətlərini belə verməyə cəhd etmişdir. 
Təsvirlərdə realist əlamətlərlə yanaşı, dekorativliyə də geniş yer
verilmişdir. 


15 
Cilalanmış qara rəngli keramikanın yayılma ərazisi daha geniş olmuşdur. 
Bu tip keramikanın inkişafı eneolit dövründə başlayıb tunc dövründə ən yüksək 
zirvəsinə çatmışdır. 
Bu cür keramikaya Xanlar, Mingəçevir, Daşkəsən, Qazax və s. bölgələrin 
ərazisində tez-tez təsadüf edilir. 
Bu keramikadan düzəldilmiş qab-qacaqlar öz formalarından daha çox 
üzərindəki bəzəkləri ilə diqqəti cəlb edir. Arxeoloqlarımız bu tip keramika 
nümunələri üzərində rast gəlinən naxış elementlərinin adi bəzək deyil, qədim yazı 
növləri (piktoqram) olduğu fikrini də irəli sürmüşlər. Qazax bölgəsinin Babadərviş 
adlı qədim yaşayış məskənindən bu tip yazılı qablar xüsusi ilə çox tapılmışdır. 
Qara keramika üzərində rast gəlinən müxtəlif mahiyyətli şəkil, naxış 
nümunələri o dövrdə əsasən iki üsulda icra olunurdu. Bunlardan biri cızma, o birisi 
isə inkrustasiya idi. 
Xanlar bölgəsi ərazisində aparılan arxeoloji qazıntı işləri zamanı tapılmış 
ağzı gen qablar üzərində bu iki texniki üsulun hər birindən məharətlə istifadə 
edilmişdir. Bu qablar üzərində təsadüf edilən stilizə edilmiş insan, heyvan təsvirləri 
öz üslubu ilə Qobustan qaya rəsmlərini yada salır. 
Xanlar bölgəsində tapılmış, hazırda Bakıda Azərbaycan tarixi muzeyində 
nümayiş etdirilən bu tipli qablardan birini nəzərdən keçirək. E.ə. II minilliyə aid bu 
ağzı gen qara qabın yan tərəfindən ağ maddə ilə inkrustasiya texnikasında işlənmiş 
iki ovçu və iki keçi təsviri verilmişdir. İnsan təsvirləri keçi fiqurlarına nisbətən daha 
sxematik şəkildə verilərək öndən göstərilmişdir. Ovçunun sol əlində oxa-bənzər 
silah vardır. Fiqurlar yuxarıda qoşa əyri xətlər arasında verilmişdir. İnsan və heyvan 
fiqurlarının üzərində çoxlu nöqtələr vardır. Alimlərin fikrincə, bu onların sayca 
çoxalmasını, artmasını, günəş allahından təmənna etməsini göstərir. Cilalanmış qara 
rəngli keramika sənəti üzərində elmi araşdırmalar aparmış alimlər sübut etmişlər ki, 
qədim keramik məmulatı qara rəngə boyamaq üçün dulusçular adi hisdən bacarıqla 
istifadə etmişlər. Bu məqsədlə onlar açıq havada qurudulmuş gil qabları əvvəlcə 
hamar sümük və yaxud bərk cisim ilə yaxşıca sürtərək onun üzərindəki məsamələri 
doldurub bərkidirdilər. Bunu ona görə edirdilər ki, qab kürədə bişəndən və qara rəng 
alandan sonra, həm də cilalanmış və parıltılı olsun. Bu qayda ilə hazırlanan mallar 
tamamilə qara rəngli və cilalanmış olurdu. 
Onu da qeyd etmək lazımdır ki, qara keramika mədəniyyəti bu dövrdə tək 
Şimali Azərbaycanda yox, Cənubi Azərbaycan ərazisində də öz yüksək inkişaf 
mərhələsini keçirmişdir. 
Qədim dövr dulusçuluq sənətinin maraqlı səhifələrindən birini də fiqurlu 
keramikalar təşkil edir. Fiqurlu keramika nümunələri bu dövrdə məlum 
texnologiyaya əsasən cilalanmış qara və boz rənglərdə olurdu. 


16 
Bunlar əsasən müxtəlif mahiyyətlər daşıyan qab şəklində və kiçik 
heykəllər formasında düzəldilirdi. 
Araşdırmalar göstərir ki, dulusçular fiqurlu qabların düzəldilməsində daha 
yüksək nailiyyətlər əldə etmişlər. 
Bu dövrdə fiqurlu qablar, əsasən, yaxşı yoğurulmuş və bəzən də 
üyüdülmüş gildən hazırlanırdı. Onların üzəri hamar və bəzəkli olurdu. 
Tunc dövrünə aid olan fiqurlu keramikalar içərisində quş, heyvan, ev və 
araba modellərinə xüsusilə tez-tez təsadüf edilir. 
1947-ci ildə Mingəçevirdə Kür çayının sol və sağ sahilində aparılan qazıntı 
işləri zamanı aşkar edilmiş 2-4 təkərli evə oxşar araba modelləri xüsusilə diqqəti 
cəlb edir. 
Bu modellərin uzunluğu 18-20 sm, hündürlüyü isə 10-18 sm-dir. Araba 
modellərinin içəriyə doğru girinti-çıxıntısı, üzərində isə dalğavari xətt və nöqtələri 
vardır. Oturacaqlarının hər iki tərəfində ox verilmişdir. Onlara da təkərlər bənd 
olunmuşdur. Bu gildən düzəldilmiş araba modelləri Azərbaycanda həm nəqliyyat 
vasitələrinin tarixini öyrənmək üçün, həm də eyni zamanda yanmköçəri həyat 
formasının meydana gəlməsini aydınlaşdırmaq üçün qiymətli tarixi materialdır. 
Güzəranları alaçıqları xatırladan bu tip arabalarda keçən köçəri tayfalar 
haqqında sonralar (XIII-XIV əsrlər) Orta Asiya və Azərbaycanda olmuş əcnəbi 
səyyahlar qiymətli məlumatlar vermişlər. 
Fiqurlu keramikalar e.ə. I minillikdə də öz inkişafını davam etdirmişdir. Bu 
dövrdə fiqurlu keramikalar daha çox zoomorf qablar formasında olmuşdur. Bu 
dövrün fiqurlu keramikaları əvvəlki dövrlərə nisbətən daha mürəkkəb olmuşdur. 


17 
Maral, keçi, xoruz, tovuz quşu formalı qablarla yanaşı, bu dövrdə qorelyef 
şəkilli quş, heyvan təsvirlərinə də rast gəlinir. 
Bu hallarda quşun və ya heyvanın qabarıq təsviri qabların gövdə, qulp və 
ağız hissələrində olurdu. 
Alimlərin fikrincə, qablardakı bu təsvirlər bədii yox, daha çox simvolik 
mənalar kəsb etmişdir. 
Onlar qablara bədxah ruhların daxil olmaması üçün əhali arasında 
yayılmış totem xarakteri daşıyan quş, heyvanların təsviri ilə bəzədilirdi. 
Tunc dovründə çoxfiqurlu cilalı qara keramik kompozisiyalar da 
hazırlanmışdır. Onların ən qədim nümunəsini Mingəçevir dulusçuları yaratmışlar. Bu 
qapaqlı qabın çiyinlərini sağ və soldakı iki quş qabartması bəzəyir. Onlar bir-birinə 
paralel vəziyyətdə görünür. Quş fiqurlarının hər iki tərəfindəki boşluqda isə iki quş 
başı verilir. Bu qabın boğazı günəş təsviri, gövdəsi isə şaquli düzülmüş dilimlərlə 
bəzənmişdir. Dairəvi kompozisiyada bu girinti kannelyurlar gövdəni dilimlərə 
parçalayaraq ona yeni plastik gözəllik verir. Qabın oturacağı sxematik şəkilli üç quş 
başından ibarətdir. Qabın diş-diş naxışlarla bəzənmiş qapağı isə bir-birinə əks 
istiqamətli iki quş fiqurunun birləşməsindən yaradılmışdır. Qabın ağzı və qapağı 
oval şəklindədir. Dekorativ planda həll edilmiş bu kompozisiya dinamik səciyyə 
daşıyır və təsvir motivlərinin zənginliyi və plastik kompozisiya orijinallığı etibarilə 
dövrün nadir nümunəsidir. Bu qabın göyü təmsil edən quş fiqurları ilə bəzənməsi 
onun bolluq, xeyir və bərəkət, yağıntı etiqadı və ayinlərilə əlaqədar olduğunu 
aydınlaşdırır. 


18 
Azərbaycanın müxtəlif bölgələrindən tapılmış, üzərində ilanın cızma, yaxud 
da qabarıq təsviri olan qara və boz gil qablar da tunc dövründə geniş yayılmış ölülərə 
pərəstiş və axirət dünyası təsəvvürlərilə bağlı olmuşdur. İlan ölülərin, əcdadların 
ruhunu təmsil etmişdir. Həmin qablarda qəbrə qoyulmuş yeməli və içməli şeylər 
ölülərin ruhlarına xidmət etməli imiş. Ona görə də bu qablarda ilan təsvirləri qabın 
ağzına doğru istiqamətlənmiş bir şəkildə təsvir edilirdi. 
Naxçıvan, Xanlar, Sarıtəpə (Qazax bölgəsi), Mingəçevir kimi qədim 
yaşayış yerlərinin qəbiristanlıqlarından ilan təsvirli çoxlu gil qab tapılmışdır. 
Xanlardan tapılan bir qabın üstündə onun ağzına tərəf sürünən ilan təsviri 
cızılmışdır. Digər qabın gövdəsinə qabarıq ilan təsviri yapılmış, onun göz və 
bədənində ağ maddə həkk edilmişdir. Bir-birinə birləşdirilmiş qoşa Sarıtəpə qabının 
qulpunda da qabın ağzına tərəf sürünən qabarıq ilan təsviri vardır. Qədim 
əcdadlarımız ölülərin ruhunu ilan şəklində təsəvvür edirdilər. Onlar elə güman 
edirdilər ki, ölülərin ruhları ilan cildində qabların gövdəsinə sarılaraq, onların 
ağzından içəri girib qabın içindəki şeyləri yeyəcək. Məhz belə dini təsəvvürə uyğun 
olaraq qabların üzərində ilan təsvirləri yaradılırdı. 
Qədim Azərbaycanda dulusçuluqla yanaşı ən çox inkişaf etmiş sənətlərdən 
biri də metalişləmə sənəti idi. 
Azərbaycanda eneolit dövründə mis kəşf edildikdən sonra metal ibtidai icma 
cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa 
başlayır. Bu zaman başqa metallar da tapılıb müəyyənləşdirilir. Misal üçün, qurğuşun, 
qalay, marqanes metallarının 
kəşfi Azərbaycan tarixində yeni 
və mütərəqqi bir dövrün, tunc 
dövrünün 
başlanması 
ilə 
bağlıdır. 
Azərbaycan 
ərazisində qazıntılar zamanı 
tapılmış 
maddi-mədəniyyət 
nümunələri 
göstərir 
ki, 
əcdadlarımız hələ e.ə. II 
minillikdə tuncdan zərif formalı 
qablar, 
xəncərlər, 
baltalar, 
kəmərlər və s. zinət şeyləri 
düzəldib 
öz 
həyat 
və 
məişətlərində 
istifadə 
edirlərmiş. 
Bəşəriyyət tarixində 
"tunc dövrü" adlanan bu dövr 
Azərbaycana, 4 min il bundan 
əvvəl olduğuna baxmayaraq çox zəngin maddi mədəniyyət nümunələri vermişdir. 
Məhz buna görə də məşhur rus alimi, akademik İ.İ.Meşşaninov Azərbaycanın 


19 
ərazisini zəngin və təbii muzey adlandırmışdır. 
Bu 
dövrdə 
tuncdan 
düzəldilmiş məmulatlar öz dəqiq 
işlənməsi və bəzən çox orijinal 
formalarda 
olmalarına 
baxmayaraq, əsasən bəzəksiz idi. 
Düzdür, nadir hallarda da olsa, 
bu dövrə aid şeylərin üzərində 
biz müxtəlif həndəsi xətlərə, 
bəzən günü, ulduzu, ayı, hətta 
heyvan təsvirini andıran rəsmlərə 
də rast gəlirik. Lakin bunlar 
dulusçuluq sənəti nümunələri 
üzərində rast gəlinən rəsmlərdəki 
bəzək rolu deyil, daha çox 
simvolik mahiyyət daşıyırdı. 
Bu dövrə aid abidələr 
içərisində öz orijinal forması və 
dəqiq işlənməsi ilə 1930-cu ildə 
Qarabağın Dolanlar kəndindən 
tapılmış ikibaşlı tunc maral 
fiqurunu göstərmək olar. Maral 
stilizə edilmiş səpkidə - boynu 
nazik, 
ayaqları 
yoğun 
düzəldilməsinə 
baxmayaraq, 
kompozisiyasının 
orijinal 
quruluşuna görə güclü təsir bağışlayır. Maral hər iki tərəfdən çənəsindən tutmuş 
qarnının altınadək uzun zəncirlərlə bənd edilmişdir. Zəncirlərin aşağı hissəsini zərif 
formalı zınqırovu andıran hissəciklər təşkil edir ki, bu da maralın haradansa 
asılaraq istifadə edildiyini göstərir. 
Qeyd etmək lazımdır ki, bu dövrdə metal çox çətin şəraitlərdə və az 
miqdarda icra edildiyindən ondan çox nadir hallarda adi məişət məmulatları 
düzəldirdilər. Qədimlərdə metalı əsas etibarilə dini xarakter daşıyan bədii sənət 
əsərlərinin düzəldilməsində istifadə edirdilər. Məhz elə buna görə yuxarıda qeyd 
etdiyimiz əsərin həyatda daha çox dini xarakter daşıyan predmet olduğu inandırıcıdır. 
Çox güman ki, maral bu dövrdə bu ərazidə yaşayanların pərəstiş etdikləri totem 
imiş. 
Tuncdan düzəldilmiş qədim dövr sənət abidələrimiz içərisində öz bədiiliyi 
və sənətkarlığı baxımdan diqqəti cəlb edən əsərlərdən biri də kəmərlərdir. Qarabağ, 
Qazax, Gədəbəy və s. yerlərdən əldə edilmiş bu tunc kəmərlər üzərindəki rəsm və 
naxışları ilə insanı valeh edir. 


20 
Qarabağın Xocalı kəndindən tapılmış kəmərin qiymətli cəhəti ondan 
ibarətdir ki, burada zərgərliyin bir 
neçə üsulundan böyük məharətlə 
istifadə edilmişdir. Kəmərin bəzək 
kompozisiyası əsas etibarilə üç 
hissəyə bölünür: orta, yuxarı və aşağı 
kənar hissələri. Kəmərin yuxarı və 
aşağı kənarları eyni şəkildə təkrar 
edilir və hərəsi üç naxışdan ibarətdir. 
Beləliklə, kəməri spiralı andıran böyük 
orta zolaq və onu hər iki tərəfdən örtən 
dalğavari 
naxışlar 
tamamlayır. 
Kəmərin ən maraqlı hissəsi 
onun ortasında yerləşən rəsmləridir. 
Burada bir öküz, yeddi guşəli ulduz 
və bəzi həndəsi fiqurlar təsvir 
olunmuşdur. Plastik bir ritmlə yeriyən 
bu heyvan fiquru bütün kəmərə 
dairəvi hərəkət verir və bəzək 
kompozisiyasını canlandırır. 
Qazax bölgəsindən tapılmış 
e.ə. I minilliyə aid edilən tunc kəmər 
də üzərindəki rəsmlərilə diqqəti cəlb 
edir. Kompozisiya etibarilə kəmər 
üzərində 
nisbətən 
sərbəst 
yerləşdirilmiş təsvirlərdə qurda bənzər 
vəhşi heyvan və balıq şəkilləri verilmişdir. 
Təsvirlərinin çoxluğu və məzmunu baxımından Gədəbəydən tapılmış 
kəmər daha çox diqqəti cəlb edir. 
Tunc kəmərlərimizin tarixi, bədii xüsusiyyət və məzmunu ilə məşğul 
olmuş alimlərimiz C.Xəlilov, N.Rzayev və başqaları Gədəbəydən tapılmış kəməri 
indiyədək Azərbaycan ərazisindən tapılmış tunc kəmərlərin ən gözəl 
nümunələrindən sayırlar. 
Cızma üsulu ilə bəzədilmiş Gədəbəy kəmərinin üz hissəsində elə bil ki, 
bir-birini izləyən beş heyvan təsviri verilmişdir. Sol tərəfdən birinci, üçüncü və 
beşinci yerdə üstündə günəşin, svastika şəklində rəmzi təsviri verilmiş aslan 
fiqurları cızılmışdır. 
Araşdırmalar göstərir ki, uzaq keçmişlərdə Azərbaycanda, başqa Şərq 
ölkələrində olduğu kimi aslan rəsmi günəş və odun rəmzi kimi təsvir olunurdu. 
Aslan üzərində ucları düzbucaq şəklində əyilmiş xaçşəkilli dini nişanın 
verilməsi də buna işarədir. 
Tunc kəmər üzərində bundan əlavə iki naməlum tək-buynuzlu heyvan 


21 
təsvirləri də vardır. Bu heyvanı hər yerdə ilan rəsmi müşayiət edir. İlan rəsmi 
özlüyündə axirət dünyasının simvolu olduğu üçün bu heyvan da yeraltı ölülər 
dünyasının rəmzi kimi qəbul edilir. Beləliklə, biz kəmər üzərində iki heyvanın: 
günəşi, işığı təmsil edən aslanla, qaranlıq dünyanın rəmzi olan təkbuynuzlu heyvanın 
mübarizəsi səhnəsini görürük. 
Kəmər üzərində bundan əlavə suyun, bolluğun keçmişdə rəmzi sayılan qoşa 
spiraldan ibarət rəsmlər də 
vardır. 
Həmin 
işarələr 
məhsuldarlığı, xoşbəxt həyatı 
təmsil edir və onu, kəməri 
bəd nəzərlərdən də hifz 
edirmiş. Bu işarələr ikiqat 
şəkildə kəməri haşiyələyir. 
Təbii belə kəməri 
uzaq 
keçmişlərdə 
qəbilə 
başçıları və ya ölüm-dirim 
döyüşlərində qalib gələn, 
fərqlənən igidlər qoşayardı. 
Metaldan 
düzəldilmiş sənət nümunələri 
içərisində elələri vardır ki, 
onların üzərində olan bəzək və 
təsvirlərlə biz o dövrdəki 
insanların adət-ənənələri, dini 
görüşləri və geyimləri ilə 
yaxından tanış ola bilirik. Belə 
sənət nümunələri içərisində 
Mingəçevirdən tapılmış e.ə. 
VIII-VII 
əsrlərə aid başı 
möhürlü tunc üzüklər xüsusilə 
diqqəti 
cəlb 
edir. 
Bu 
möhürlərin üzərindəki şirlə 
vuruşan adam, nizə və qalxanlı döyüşçü və oda sitayiş edən şəxsin təsvirləri hər 
şeydən əvvəl, o zamankı dövrün geyimləri və insanların adətləri haqqında bizdə 
təsəvvür yaradır. Maraqlı burasıdır ki, burada təsvir olunan geyim, silah və məişət 
əşyalarının eynisinə yunan alimi Strabonun (e.ə. 63-19) Qafqaz əhli haqqında 
verdiyi məlumatlarında da rast gəlirik. 
Həmin dövrdə İran Azərbaycanında bədii metal emalı daha yüksək 
səviyyəyə çatmışdır. 
Bu inkişaf İran Azərbaycanında axır 30-40 il ərzində aparılan arxeoloji 
qazıntılar zamanı aşkar edilmiş zərgərlik sənəti nümunələrində özünü göstərə 
bilmişdir. 


22 
Təbriz şəhərindən təqribən 70 km aralı Urmiya gölü ətrafında yerləşən 
Həsənli, Qaratəpə, Ziviyə və s. yerlərdən tapılmış bu nadir sənət əsərləri dünya 
sənətşünaslıq elmində böyük bir elmi mübahisəyə səbəb olmuşdur. 
Qazıntı işləri zamanı əldə edilmiş bu abidələr göstərir ki, onlar nəinki 
qədim dövr Azərbaycan tarixini və incəsənətini işıqlandıra bilən mühüm əhəmiyyətə 
malik olan materiallardır, həm də qədim Yaxın və Orta Şərq mədəniyyətinin inkişafı 
probleminin bəzi məsələlərini aydınlaşdıra biləcək çox qiymətli sənətlərdir. 
Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən sənət abidələrimiz 
içərisində Həsənli təpəsindən tapılmış bədii metal məmulatları xüsusilə diqqəti 
cəlb edir. 
Həsənli təpəsi İran Azərbaycanın Sulduz mahalında yerləşir. Gözəl təbii 
şəraitə malik olan bu məntəqə hələ eramızdan min il əvvəl Yaxın Şərqdə zəngin 
mədəniyyət mərkəzlərindən biri olmuşdur. Mənbələr göstərir ki, Böyük Midiya 
dövlətinin tərkibinə daxil olan Manna tayfası vaxtilə bu ərazidə yaşamışdır. 1956-
1957-ci illərdə Həsənli təpəsindən tapılmış sənət abidələri içərisində hazırda Tehran 
Arxeoloji muzeyində nümayiş etdirilən qızıl cam dünya alimlərinin diqqətini 
xüsusilə özünə cəlb etmişdir. 
Hündürlüyü 21 sm, ağzının diametri 16 sm və ağırlığı 950 qr olan bu bədii 
qızıl cam öz üzərindəki təsvirləri ilə insanı heyran edir. 
Camın üzərindəki rəsmlər bəzi yerlərdə iki cərgə, bəzi yerlərdə isə üç 
cərgə şəklində yerləşdirilərək, bütün əşyanı başdan-ayağa qədər örtmüşdür. 
Yuxarıda birinci cərgədə 3 araba rəsmi diqqət mərkəzini təşkil edir. 
İnək bağlanmış birinci arabanı qanadlı insan, qatır bağ-lanmış iki başqasım isə 
birincinin başında qanad, o birisinin başında buynuz olan şəxslər idarə edir. Birinci 
arabanın qarşısında başını daramış və əyninə haşiyəli paltar geymiş kişi durmuşdur. 


23 
Onun əlində hündür bir qab vardır. Arxasında həmin libasdan geymiş başqa iki 
nəfər bir cüt qoçu irəli sürürlər. Belə görünür ki, arabanı qarşılamağa gedirlər. 
Aşağıdakı cərgələrdə də diqqəti cəlb edən bir çox səhnəciklər vardır. 
Burada başına ilan dolanmış ovçu, onun yanında iki qoç üzərində dayanmış çılpaq 
qadın, üçbaşlı əjdahanın caynağından xilas olunmaq üçün əllərini kənarda dayanmış 
pəhləvana uzadan bir kişi təsvir edilmişdir. Bu səhnəciklər camın orta hissəsində 
yerləşmişdir. Camın nisbətən aşağı hissələrində kiçik səndəldə oturmuş qoca bir kişi 
təsvir olunmuşdur. 
Bir qadın onun qarşısında duraraq, kiçik yaşlı uşağı ona tərəf uzadır. Bu 
səhnənin üstündə üzü səndələ tərəf olan kişi əlində naməlum qab tutaraq 
dayanmışdır. Yuxarıda bəhs etdiyimiz şəkillərdə başına ilan dolanmış ovçu təsviri 
arasında üç başqa rəsm də vardır. 
Həmin təsvirlərin birində iki kişinin surəti əks edilmişdir. Onlar üçüncü 
bir kişinin əl və saçından tutaraq, sanki onu cəzalandırmağa aparırlar. Bu səhnənin 
üstündə məharətlə çəkilmiş aslan və onu yəhərləyib minmək üçün hazırlaşan gənc 
təsvir edilmişdir. Həmin səhnədən sonra burada böyük quşun belinə minib uçan bir 
şəxsin də şəkli nəzəri cəlb edir. Camın altı çoxlu xanalara bölünmüş, ətrafında isə 4 
dağ keçisi surəti təsvir edilmişdir.Camın üzərindəki təsvirlərin coğrafi mövqeyi də 
süjetlər kimi çox geniş bir sahəni əhatə edir. Məsələn, birinci arabanın qarşısında 
duraraq başını darayan kişi saç və geyim tərzi nöqteyi-nəzərindən skifləri, günəş 
allahını təmsil edən qanadlı tac qoymuş şəxs isə assurilərin allahlarını xatırladır. 
Bundan əlavə, burada təsvir edilən aslana-bənzər şəkillər hit və hunların ilahələrini 
də yada salır. Süjetlərin birində qədim hun əfsanəsindən götürülmüş səhnəciklər 
vardır. Bu öz uşağını səndəldə oturmuş qoca ilahi kişiyə verən qadın obrazında əks 
olunmuşdur. Həmin əfsanəyə görə uşaq vəhşiləşir. Cam üzərindəki təsvirlərin belə 
geniş mövzulara həsr edilməsi, təbii ki, əbəs yerə deyildir. Çünki təqribən bu 
dövrdə Azərbaycanın şimal hissəsində yerləşən Skif çarlığının, eləcə də qərbindəki 
qədim Hit və Şumer dövlətlərinin Azərbaycanın siyasi və mədəni həyatında az rolu 
olmamışdır. 
Qızıl camı Həsənli təpəsindən tapan İran arxeoloqu Tağı Asəf və 
Pensilvaniya muzeyinin əməkdaşı Robert Dayson qabın üzərindəki təsvirlərə 
arxalanaraq onun təxminən e.ə. IX əsrdə yarandığını bildirir. 
Azərbaycan mədəniyyətinin bu dövrlərdə qonşu dövlətlərlə qarşılıqlı 
əlaqəsini Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII-VII əsrlərə 
aid olan qızıl döşlük də əyani şəkildə təsdiq edir. 
Döşlük rəsmlərlə bəzənmişdir. Burada aslan, qoç, it, dovşan başı, insan 
bədəni, qanadlı aslan fiqurları həkk olunmuşdur. 
Təsvir etdiyimiz qızıl döşlük enli və bəzəkli, vertikal istiqamətdə yan-
yana düzülmüş uzunsov formalı nəbati ünsürlərlə əhatə edilmişdir. Onlar 
yarımdairə şəklində olan şaxənin üzərində çəkilmişdir. Həmin şaxə iki paralel xətlə 
təsvir edilmiş nalı xatırladır. Şaxənin üzərindəki salxım müqəddəs ağacın 
meyvəsini təsvir edir. Döşlüyün bəzəkləri arasında onun üst səthini iki hissəyə bölən 


24 
nazik haşiyə də diqqəti cəlb edir. 
Azərbaycanda sonralar, xüsusilə orta əsrlərdə dekorativ-tətbiqi sənətin bütün 
sahələrində geniş istifadə olunan bu motiv "eşmə" və "buruq" adı ilə məşhur olmuşdur. 
Ziviyədə əldə edilmiş döşlüyün üzərində bu motivin belə bitkin işlənməsi, onun qədim 
naxışlardan biri olduğunu təsdiq edir. 
Qızıl döşlüyün üzərindəki canlı təsvirlər içərisində insan başlı, aslan bədənli 
fiqurlar xüsusilə diqqəti cəlb edir. 
Bunlar öz ümumi görünüşü, kompozisiyası və işləmə üslubu ilə Qədim 
Assuriyada II Sarqonun sarayının girişində qoyulmuş, tarixdə "Şedu" adı ilə məşhur 
olan heyvanları xatırladır. Qeyd etmək lazımdır ki, elə bu heykəllər də e.ə. VIII-VII 
əsrlərdə yaradılmışdır. Bütün bunlar Azərbaycan mədəniyyətinin qədim Şərq 
ölkələri ilə bu dövrdə sıx əlaqədə inkişaf etdiyini bir daha göstərir. 
Tehranın arxeoloji muzeyində elə həmin vaxtlar bu ərazidən tapılmış 
gümüşdən düzəldilmiş bir neçə sənət nümunələri də vardır. Bu tipli sənət nümunələri 
içərisində biri xüsusilə diqqəti cəlb edir. Haqqında bəhs etdiyimiz gümüş qab hündür 
güldan formasındadır. Onun üzərində qabarıq səpkidə piyada və atlı döyüşçülərin 
vuruşma səhnəsi, at, öküz və aslana oxşar heyvanların və onları qovan insanın qızıla 
tutulmuş qabarıq təsvirləri vardır. Bütün bu təsvirlər "heyvan üslubu"na xas olan bir 
səpkidə, yəni dinamik hərəkətdə verilmişdir. 
Mərkəzi Asiyadan Qara dənizin şimal sahillərinədək yayılmış bu sənət 
üslubu çoxdandır ki, sənətşünaslıq elminin qarşısında duran maraqlı problemlərdən 


25 
biri sayılır. Skif, Hun, Avar, Xəzər, türk tayfalarının qərbə doğru axını nəticəsində 
yayılmış yüksək ekspressiyaya malik olan bu üslubun Azərbaycan ərazisinin ən 
ucqar yerlərində belə qədim sənət əsərlərimiz üzərində əksi xüsusi maraq doğurur.
Ziviyə dəfinəsinə daxil olan Manna sənətinin nadir inciləri 1947-ci ildə 
Ziviyə təpəsində gizlədilmiş tunc qabın içində yerli əhali tərəfindən tapılaraq taraş 
edilmişdir. Urmiya gölünün cənub-şərqində, Saqqızın 40 km-liyində yerləşən 
Ziviyənin qədim sənət abidələrinin bir hissəsini toplaya bilmiş fransız alimi A.Qodar 
1950-ci ildə "Ziviyə dəfinəsi" adlı əsər nəşr etdirmişdir. A.Qodar e.ə. VIII əsrə aid 
olan bu zərgərlik əsərlərinə əsasən hesab edir ki, Midiya "heyvan stilinin" vətənidir 
və bu stil e.ə. VI əsrdən başlayaraq skif çöllərinə yayılmağa başlamışdır. 
A.Qodarın bu fikrini əsaslandıran rus şərqşünası İ.M.Dyakonov "Heyvan stilinə" 
misal olaraq yuxarıda yad edilən qızıl sinəbəndin təsvirlərini göstərib qeyd edir ki, 
Ziviyə dəfinəsinin əsas əsərləri "yaradılanda skiflər və hətta kimmerlər də Yaxın 
Asiyada görünməmişdilər". 
Bütün bu qeyd olunan faktlar onu göstərir ki, e.ə. I minillikdən başlayaraq 
Azərbaycan sənəti dar, yerli çərçivədə yox başqa ölkələrin mədəniyyəti ilə sıx 
əlaqədə inkişaf etmişdir. 
Bu cəhətləri biz xüsusilə bundan sonra yaradılan sənət əsərlərimizin bədii 
və texnoloji xüsusiyyətlərində açıq-aydın görə bilirik. 
Bu dövrdə yerli ustalar nəinki başqa ölkələrin yüksək sənət praktikası, 
hətta estetik norma və qanunları ilə də qarşılaşırlar. 
E.ə. I minillikdə kamilləşmiş sənət üslubumuz tək bu dövr üçün xarakterik 
olmayaraq, sonralar da inkişaf etmiş, feodalizm dövründə öz yüksək mərhələsinə 
çatmışdır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə