A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə14/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   10   11   12   13   14   15   16   17   ...   61
id55880

Möminə xatın türbəsi. 
Əcəmi Əbubəkr oğlunun Naxçıvanda zəmanəmizə 
qədər qalmış ikinci bir əsəri olan Möminə xatın türbəsi orta əsr Naxçıvan şəhərinin 
əzəmətini əks etdirir, Naxçıvan memarlıq məktəbinin, bədii-memarlıq səviyyəsinin bir 
şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir. 
Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Atabəy Şəmsəddin 
Eldəgəzin oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatının şərəfinə tikildiyi 
məlum olur. Monumental, əzəmətli bir tikinti olan Möminə xatın türbəsi Naxçıvana 
gələn səyyah və alimlərin diqqətini çoxdan bəri özünə cəlb etmiş və abidə bir çox 
əsərlərdə öz əksini tapmışdır. Hələ XIX əsrin əvvəllərində Naxçıvana gələn 
Dübua-de Monpere abidəyə diqqət yetirmiş və onun kitabələrini Peterburqda 
akademik Frenə göndərmişdi. O zamandan bəri müxtəlif alim və şərqşünaslar (şərq-
şünas Xanıkov, səyyah Dyelafua və başqaları) türbənin özü və kitabələri haqqında 
öz qeydlərini dərc etdirmişlər. 
Möminə xatın türbəsi bürcvari Azərbaycan türbələrinin ən görkəmli bir 
nümunəsidir. Zəmanəmizə qədər qalmış hissəsinin hündürlüyü 26 m olan Möminə 
xatın türbəsinin xarici örtüyü hazırda dağılmışdır. Onun da səkkiz metr 
hündürlükdə olduğu nəzərə alındıqda Möminə xatın türbəsinin keçmişdə 34 m 
hündürlüyü olan abidəvi bir tikinti olduğu aydınlaşır. 
Abidə yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yeraltı sərdabə 
hissəsi planda onbucaqlıdır. Sərdabənin quruluşu burada olduqca maraqlı bir şəkildə 
həll edilmişdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə doğru bir 
tağ atılmışdır. 
Möminə xatın türbəsinin əsas hissəsini təşkil edən yerüstü abidə xaricdən 
onguşəli, daxildən isə dairəvidir. Kərpicdən tikilmiş Möminə xatın türbəsinin 
quruluşu Yusif Küseyir oğlu türbəsinə oxşardır. Yəni burada da türbənin bucaqları 
çıxıntı şəklində həll edilmiş, səthlər isə batıq vəziyyət almışdır. Lakin Möminə 
xatın türbəsində bu memarlıq sxemi olduqca zəngin bir surətdə işlənmiş və 
türbənin bütün səthləri rəssamlıqla memarlığın sintezi şəklində təzahür edir. 
Möminə xatın türbəsi səthlərinin və bucaqlarının kitabə və həndəsi ornamentdən 
ibarət olan bəzəyi, gəc üzərindəki nəbati təsvirləri özü-özlüyündə monoqrafik bir 
əsərin mövzusunu təşkil edə bilər. Lakin biz burada bu ornament bəzəyindən və 
kitabələrdən ümumi şəkildə bəhs edəcəyik. Türbənin bucaqlarındakı çıxıntılar əsas 
etibarilə kufi xətlə işlənmiş kitabə ilə örtülmüşdür. Bu kitabələrin türbənin ümumi 


47 
quruluşunda nə dərəcə əhəmiyyətli mövqe tutduğunu göstərmək üçün təkcə onu 
qeyd etmək kifayətdir ki, bu kitabələrin ümumi uzunluğu 500 m-ə çatır. 
Möminə xatın türbəsinin üzərindəki ornament bəzəyi sənətkarın tükənməz 
fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir. Sənətkar 
təkrara yol verməmişdir. Lakin onun məharəti orasındadır ki, müxtəlifliklə bərabər 
bütün ornamentləri eyni səciyyədə yaratmış və beləliklə, abidənin ümumi vəhdətini 
saxlaya bilmişdir. 
Səthlərin həndəsi ornamentinin əsasını çoxuclu ulduz və ondan gedən 
süvari xətlər təşkil edir. Burada 5, 6, 8 uclu ulduzlara və 6,8 bucaqlı quruluşlara 
təsadüf edirik. 
Türbənin ancaq qərb səthi başqa şəkildə həll edilmişdir. Burada səth iki yerə 
bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində, 
başqa səthlərdə olduğu kimi, ornamental bəzək verilmişdir. Memarın adını və 
abidənin inşaat tarixini göstərən kitabələr türbənin qərb səthində, portaldan yuxarıda 
göstərilmişdir. Möminə xatın türbəsinin yuxarı hissəsindəki qurşaq bütün səthləri 
əlaqələndirir və orada yerləşdirilmiş kufi xəttin firuzəyi kaşı yerli üzərində olması 
bu kitabə qurşağını binanın əhəmiyyətli bir kompozisiya elementinə çevirir. 
Möminə xatın türbəsinin daxilində yeganə bəzək ünsürü türbənin 
günbəzinin iç tərəfində yerləşdirilmiş dörd böyük qönçədir. Dairəvi şəkildə olan bu 
qönçələrin içərisində nəbati naxışlı rəsmlər və son zamanlar aydınlaşdırılmış 
yazılar ornament şəklində yerləşdirilmişdir. Burada Allah, Ömər, Osman, Əli 
sözlərinin yazılmış olduğunu ehtimal etməyə imkan verir. Görünür ki, memar öz 
adını da bu dini şəxsiyyətlərin adı ilə birləşdirmişdir. Onu da xüsusilə qeyd etmək 
lazımdır ki, birinci xəlifə Əbubəkrin adının memarın atasının adı ilə eyni olması 
sənətkarı belə mürəkkəb kompozisiya yaratmağa sövq etmişdir. 
Məlumdur ki, XII əsrdən çox sonra da Əcəminin Naxçıvandakı abidələri 
müxtəlif sənətkarlara nəinki ölkə daxilində və hətta Azərbaycanın sərhədlərindən 
uzaqlarda da bir nümunə olaraq qalırdı. Əcəmi Əbubəkrin əsərlərinin Yaxın Şərq 


48 
ölkələrindəki təsir qüvvəsini göstərməyə məşhur alman şərqşünası Ernist Ditsin 
"Türk sənəti tarixi" əsərində irəli sürdüyü mülahizə çox yaxşı misal ola bilər. O, 
məşhur türk memarı Sinanın yaradıcılığından bəhs edərkən deyir ki, Sinanın 
İstanbulda tikdiyi bəzi türbələr, şübhəsiz ki, Naxçıvan türbələrinin təsiri nəticəsində 
əmələ gəlmişdir. Sinanın Naxçıvan abidələri ilə necə tanış olduğunu izah edərkən 
Dits qeyd edirdi ki, Sinan ordu mühəndisi sifəti ilə XVI əsrdə yeniçərilərin 
səfərlərində iştirak etmiş və Naxçıvanda olmuşdur. 
Türk tədqiqatçıları da bunu qəbul edirlər. Memar Vədat Dalokay "Toplumçu 
Sinan" adlı məqaləsində Sinanın İstanbuldakı Xosrov Paşa türbəsindən bəhs edərkən 
"Atabəylərdən qalma günbəzlərdən bir nəfəs gəlir" - deyə yazır. Əlbəttə, Əcəminin 
banisi olduğu Naxçıvan memarlıq məktəbi Naxçıvanın ətrafında olan və bu 
məktəbin təsir dairəsinə daxil olan sahədə özünü daha çox göstərir. Bu təsir bəzən 
birbaşa eyni formaların və kompozisiya üsullarının tətbiqi şəklində, bəzən isə bu və 
ya başqa memarlıq üsulunun dəyişdirilmiş şəkildə işlədilməsi halında təzahür edir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə