A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə33/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   29   30   31   32   33   34   35   36   ...   116

86 
 
Əvvəlki  dövrlərdə  olduğu  kimi,  monqollar  Azərbaycanı  işğal  etdikdən 
sonra  da  (XIII  yüzillik)  parça  sənayesi  burada  yüksək  səviyyədə  idi.  Hələ  XIII 
yüzilliyin ikinci yarısında Azərbaycanda olmuş Venesiya səyyahı Marko Polonun 
Təbriz şəhərində istehsal olunan, qızıl, gümüş saplarla toxunmuş parçalar haqqında 
maraqlı  qeydləri  vardır.  Yazıların  birində  o,  Azərbaycan  ipəyi  haqqında  belə 
demişdir:  "Burada  ipək  parçalar  o  qədər  çoxdur  ki,  hətta  yol  üstündə  olan  kiçik 
mehmanxanalardakı çarpayılar belə ipək yorğanlarla döşənib". 
Bir  qədər  sonra  Azərbaycana,  Ağqoyunlu  şahı  Uzun  Həsənin  hüzuruna 
gəlmiş Venesiya diplomatları İosif Barbara və Katerino Zeno da buna bənzər başqa 
bir faktı belə təsdiq edirlər: "Bu ölkədə hətta atların çulları ipəkdəndir". Onlar buna 
məəttəl  qaldıqlarını  bildirirdilər.  Azərbaycanın  qədim  şəhərlərindən  olan  Şamaxı 
XIV yüzillikdən başlayaraq ipəkçilik sənəti mərkəzlərindən birinə çevrilir. 
1403-cü  ildə  Səmərqənddə  Teymurun  yanına  gedən  Kastiliya  elçisi  Ryu 
Qonzales de Klavixo yolüstü Azərbaycanda olarkən Şamaxı ipəyi haqqında maraqlı 
qeydlər etmişdir. Onun dediyinə görə, hələ o illərdə Şamaxı ipəyi  bir çox Qərb və 
Şərq  ölkəsində  məşhur  olmuş,  hətta  Venesiya  və  Genuya  tacirləri  buraya  ipək 
almağa gəlmişlər. 
Bu dövrdə  Şirvanda  ipəkçiliyin  yüksək dərəcədə  inkişaf  etməsi  haqqında 
səyyah  Ancmolello  və  yerli  müəlliflərdən  Azərbaycanın  məşhur  alimi,  bakılı 
Əbdürrəşid  ibn  Saleh  Bakuvi  (XV  yüzilliyin  əvvəlləri)  də  məlumat  verirlər. 
Zəmanəmizə qədər gəlib çatmış o dövrün parça tikələri göstərir ki, onların toxunma 
üsulu və bədii tərtibatı öz dövrünə görə çox yüksək səviyyədə olmuşdur. Parça üzərində 
stilizə olunmuş gül-çiçək təsvirləri, quş, heyvan rəsmləri  və bəzi fantastik  heyvan 
fiqurları daha çox yayılmışdı. 
Dekorativ-tətbiqi  sənətimizin  başqa  örnəklərində  olduğu  kimi,  bu  dövrün 
parçalarında  da  Uzaq  Şərq  mədəniyyətinə  xas  bir  çox  bəzək  nümunəsinin  üstün 
tutulduğunu görürük. Məşhur Amerika sənətşünası Artur Poup o dövrdəki Azərbaycan 
şəhərlərində istehsal olunan parçaları və onların tərtibatını belə təsvir edir: "...Əgər 
monqol haki-miyyəti illərində, XIII  yüzillikdən tutmuş XIV  yüzilliyin  axırlarınadək 
Uzaq  Şərq  sənəti  mədəniyyətinin  təsiri  keramikada,  bədii  metal  məmulatında  hələ 
nisbətən  az  görünürdüsə  də  bu,  yerli  parçaların  bədii  simasını,  demək  olar  ki, 
bütünlüklə  dəyişmişdi.  Bu  dövr  parçalarının  ən  tipik  bəzəkləri  Çin  mədəniyyətinə 
xas olan fantastik quş və heyvan rəsmləri idi". 
Həmin  dövrdə  Azərbaycanda  Şərq  mədəniyyətinə  xas  bəzək  ünsürlü 
parçaların  istehsal  olunduğunu  dövrün  miniatür  sənəti  də  təsdiq  edir.  Hələ  XIV 
yüzilliyin əvvəl-lərində Təbrizdə Qazan xanın vəziri Rəşidəddinin "Cami ət-təvarix" 
("Salnamələr  məcmuəsi")  əsərinin  əlyazmalarına  çəkilmiş  miniatürlərə  və  XIV 
yüzillikdə  yaşamış  bakılı  rəssam  Əbdülbaqinin  rəsmlərinə  diqqət  yetirsək,  burada 
təsvir olunmuş geyim nümunələrində də həmin tipli bəzəklərə rast gələrik. 
Hazırda  dünyanın  bir  çox  məşhur  muzeyində,  eləcə  də  ölkəmizdə  XIV 
yüzillikdə Azərbaycanda toxunmuş belə orijinal parça nümunələri saxlanmaqdadır. 
Bu  parçalar  içərisində  Brunşveyq  şəhərindəki  Hersoq  Anton  Ulrix  adına 


87 
 
muzeydə,  İtaliyanın  Verona  şəhərində  Qastello  Vekkionun  şəxsi  kolleksiyasında, 
eləcə  də  Bakıda  "Azərbaycan  tarixi"  muzeyində  nümayiş  etdirilən  parçalar  diqqəti 
cəlb edir. Bu parçalar yüksək texniki üsulla toxunaraq quş, heyvan və stilizə edilmiş 
gül-çiçək rəsmləri ilə bəzədilmişdir. 
Birinci  parça  üzərində  qızılı,  gümüşü  saplarla  toxunmuş,  bir-birinin  ardınca 
təkrar  olunan  tovuz  quşu  rəsmləri  təsvir  edilmişdir.  Tovuz  quşu  rəsmləri  horizontal 
vəziyyətdə, yəni bir cərgə yandan (profil), bir cərgə üzdən (anfas) qanadları açılmış bir 
tərzdə  təsvir  olunaraq,  parça  üzərində  yeknəsəqliyi  pozaraq  çox  gözəl  ritmik 
hərəkət yaradır. 
Qeyd  etmək  lazımdır  ki,  tovuz  quşu  rəsmləri  keçmişdə  Azərbaycanda  ən 
geniş yayılmış rəsm ünsürlərindəndir. O dövrdə həmin quşun təsvirinə nəinki parça 
üzərində,  hətta  daş,  metal  və  keramikada  da  tez-tez  rast  gəlirik.  Məlum  olduğu 
kimi,  tovuz  quşu  hələ  uzaq  keçmişlərdə  günəş və od tanrısı kimi ilahi və rəmzi bir 
məna daşımışdır. 
Araşdırmalar  göstərir  ki,  əsrlər  keçdikcə  tovuz  quşu  rəsmləri  öz  keçmiş 
mənasını  itirmiş  və  nəhayət,  sadələşərək  Şərq  aləmində  ən  geniş  yayılmış  "buta" 
ornamentinə çevrilmişdir. Tovuz quşu rəsmlərinin türkdilli xalqlarda başlıca ornament 
motivi olduğunu hələ XII yüzilliyin böyük Azərbaycan şairi Nizami Gəncəvi də qeyd 
etmişdir.  Şair  "İskəndərnamə"  poemasında  Nüşabənin  Bərdədəki  sarayını  təsvir 
edərkən  bir  neçə  dəfə  ipək  parçalar  üzərində  salınmış  tovuz  quşu  rəsmlərindən  və 
onların sırf türk xalqlarına xas olduğundan bəhs açır. 
Eyni kompozisiya üsulu Qastello Vekkionun şəxsi kolleksiyasında saxlanılan 
ipək  parçada  da  vardır.  Burada  da  bəzəklər  ardıcıl  təkrar  olunmuş,  lakin  yeknəsəq 
görünməmək  üçün  rəsmlər  müxtəlif  vəziyyətlərdə  və  ayrı-ayrı  rəsmlərlə  əvəz 
edilmişdir. 
Azərbaycan  tarixi  muzeyində  nümayiş  etdirilən  üçüncü  parça  bəzəkləri 
kompozisiya  quruluşu  etibarilə  o  birilərindən  fərqlənsə  də,  bu  bəzəklərin  toxunuşu, 
üslub xüsusiyyətləri eynidir. Keçmişdə əba tikməkdə istifadə olunan bu zərif ipək parça 
üzərində  stilizə  edilmiş  gül-çiçək  rəsmləri  toxunulmuşdur.  Gül-çiçək  rəsmləri  ucları 
itidilimli böyük qübbələr içərisində yerləşdirilərək, əbanın döş və ətək hissələrində 
istifadə edilmişdir. 
Yurdumuzun zəngin təbiəti,  yaşıl çəmənliklərin, bulaqların,  çayların  bolluğu 
burada  qədimdən  qoyunçuluq  üçün  şərait  yaratmışdır.  Ulu  babalarımızın  həyatında 
mühüm  əhəmiyyətli  qoyun  gözəl  yunu  ilə  el  sənətinin  ən  zəngin  növlərindən  olan 
xalçaçılığın yaranmasında mühüm rol oynamışdır. 
Əcdadlarımızın həyat və məişətində əvvəllər daha çox sırf əməli mahiyyət 
daşıyan  xalça,  sonralar  zaman  keçdikcə  bəzək  nümunəsi  kimi  işlənmiş  və  bir  çox 
ölkələrə  yayılaraq  geniş  şöhrət  qazanmışdır.  Azərbaycan  xalçalarının  uzaq  ölkələrdə 
geniş yayılmasına, şübhəsiz ki, onların əla keyfiyyəti səbəb olmuşdur. Tədqiqatlar 
göstərir  ki,  Azərbaycan  xalçaları  istehsal  olunduğu  yerin  bədii  ənənəsindən, 
xammalından  (yun,  ipək,  pambıq  və  s.)  asılı  olaraq  müxtəlif  kompozisiyalara, 
bəzəklərə malik olmuş, müxtəlif üsullarla toxunmuşdur. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə