252
mədəniyyət, ədəbiyyat fədailərinə həsr olunacaq. Özü haqqında həmişəki kimi
yenə susacaq. Heç olmazsa, bir cümləni, kitabın adını özünə həsr et, İntiqam. Üz
qabığında böyük, qara şriftlərlə yaz ki, «Mən də yaşamaq istəyirəm».
“525-ci qəzet”, 24 dekabr 2009
Sevgi və fədakarlıq örnəyi
«Məmləkətim olan Qars, təbii mühiti ilə məndə hələ uşaqlıq illərindən Şərq
sərhədlərimizdən o tərəflərdəki türklər haqqında bilgi əldə etmək arzusu oyatmışdı.
Ailə mühitimiz və daha sonra Ərzurum Atatürk Universitetindəki təhsil həyatım
məni bu mövzu ətrafında hər gün bir az daha çox düşünməyə, məlumat toplamağa
sövq etmişdir.
Beləcə, hələ Universitetdəki tələbəlik illərindən etibarən Qafqazın, xüsusilə
Azərbaycanın və ətrafının tarixini, ədəbiyyatını öyrənməyə, bu zəngin türk kültür
diyarını araşdırmağa başladım». Bu sətirlər 40 ildən də çox bir müddətdə
Azərbaycan şair və yazıçılarının irsini, ədəbiyyat tarixini böyük sevgi, tükənməz
enerji və sözün həqiqi mənasında fədakarlıqla tədqiq, tədris və təbliğ edən Əli
Yavuz Akpinarın «Azəri ədəbiyyat araşdırmaları» (İstanbul, «Dərgah yayınları».
Birinci nəşr, 1994, 512 səh.) adlı kitabına yazdığı «Ön söz»dən götürülmüşdür.
Sovet rejimi, dəmir pərdə, senzura illərində, Kommunist ideologiyasının
hakim olduğu dövrdə – 1970-ci ildə Ə.Akpinar ilk dəfə Azərbaycana gəlməyə
müvəffəq olur və «çalışması üçün çox ehtiyac duyduğu kitabları» əldə etməyə
başlayır. Taleyin xoş qismətindən Bakıda onu unudulmaz Abbas Zamanov
qarşılayır. Bu görüş də Ə.Y.Akpinarın həyat və fəaliyyətində silinməz iz buraxır.
Azərbaycan ədəbi xəzinəsinin zənginliyi, rəngarəngliyi istedadlı gənc alimdə bu
irsə meyli, marağı daha da artırır. O, tədqiqat dairəsini bir qədər də genişləndirir.
Şah üsul-idarəsinin, fars şovinizminin bütün yasaqlarına rəğmən Cənubi
Azərbaycanda ana dilində nadir incilər yaradan Şəhriyar, Səhənd və Sahir
poeziyasını araşdırmaqla yanaşı Ə.Akpinar onların əsərlərini Türkiyədəki
dərgilərdə də nəşr etdirir. İstər Cənubda, istər Şimali Azərbaycanda apardığı geniş
miqyaslı araşdırmalarının nəticəsi kimi, Ə.Akpinar bir-birinin ardınca maraqlı
məqalələr yazır, bununla da, Sovet hakimiyyətinin ilk 20 ilindən sonra qırılmış
Türkiyə – Şimali Azərbaycan ədəbi, mədəni əlaqələrinin bərpa olunmasında,
Türkiyə – Cənubi Azərbaycan ədəbi əlaqələrinin yaranmasında əvəzsiz rol oynayır.
Tədqiqat sərhədlərini Azərbaycan ədəbiyyatı ilə məhdudlaşdırmayan Ə.Akpinar
Krım, İdil-Ural və Türkistan ədəbiyyatının araşdırılmasına və qardaş Türkiyədə
tanıdılmasına da ciddi səy göstərmişdir. Tədqiqatçının təbiri ilə desək, «başda
Azərbaycan olmaqla Krım, Kazan, Türkistan türkləri ilə Türkiyə türkləri arasındakı
ədəbi və mədəni əlaqələri araşdırmaq» onun fəaliyyət meydanına çevrilmişdir.
253
Yuxarıda adını çəkdiyimiz «Azəri ədəbiyyatı araşdırmaları» kitabında
müəllif müxtəlif tarixlərdə, ayrı-ayrı nəşrlərdə, fərqli məqsədlərlə qələmə aldığı
əsərləri mövzu və mahiyyətinə görə bir ad altında toplamış, təqdim etmişdir. Dörd
hissədən ibarət kitabda Azərbaycan ədəbiyyat tarixi, onun inkişaf mərhələləri
geniş işıqlandırılır, ayrı-ayrı yazıçı və şairlərin irsi tədqiq edilir, əsərlərindən
nümunələr verilir. Azərbaycan nəsri, poeziyası, dramaturgiyası, publisistikası,
ədəbi tənqidi və şifahi söz yaradıcılığını, xüsusilə aşıq ədəbiyyatını Ə.Akpinar
müxtəlif dövrlərin ictimai-siyasi proseslərini diqqətə çatdırmaqla təhlil və təqdim
edir. Maraqlı və təqdirəlayiqdir ki, Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi, elmi-
fəlsəfi fikir tariximizdə müstəsna rol oynamış Azərbaycan mətbuatı da
Ə.Akpinarın diqqət mərkəzində olmuşdur. O, Azərbaycan mətbuat tarixində iz
qoymuş bir sıra nəşrlər barədə yeri gəldikcə bəhs etmişdir. Prof.dr. Ə.Akpinar
Azərbaycanın ədəbi həyatının tam mənzərəsi barədə oxucuda geniş təəssürat
yaratmaq üçün ayrı-ayrı dövrlərin ədəbi icmalını verməklə yanaşı, bir sıra şair və
yazıçılar barədə ayrıca ədəbi-tənqidi oçerkləri də kitaba daxil etmişdir.
Bu kitabla türk oxucusu Azərbaycan klassik və çağdaş ədəbiyyatının Nizami
Gəncəvi, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Molla Pənah Vaqif, Xurşidbanu
Natəvan, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvanzadə, Nəriman Nərimanov,
Sultan Məcid Qənizadə, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Mirzə Ələkbər
Sabir, Mikayıl Müşfiq, İlyas Əfəndiyev, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Elçin,
Anar, Əkrəm Əylisli kimi nümayəndələrinin, milli ədəbiyyatşünaslığın, mətbuat və
çap tarixinin Firudin bəy Köçərli, Məmməd Arif Dadaşzadə, Abbas Zamanov,
Qulam Məmmədli kimi simalarının həyat və fəaliyyəti barədə geniş məlumat
almaq imkanı əldə etmişdir.
Türkiyə-Azərbaycan mədəni əlaqələrinin genişlənməsini, xüsusilə
Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasını axtarışlarının və yaradıcılıq
fəaliyyətinin əsas kredosuna çevirən Ə.Y.Akpinar uğurları ilə öyünməyən, eyni
zamanda onlarla kifayətlənməyən tədqiqatçılardandır. Hələ ötən əsrin 90-cı ilində
məsləkdaşları İrfan Murad Yıldırım və Sabahatdin Çağanla birlikdə hazırladıqları
Məmməd Əmin Rəsulzadənin «Azerbaycan Cumhuriyeti (keyfiyyeti, teşekkülü və
şimdiki vaziyeti». İstanbul, 1990) kitabına «Ön söz»də yazırdılar: «Azərbaycanla
yaxın əlaqələr qurmaq istəyiriksə, öncə bu qardaş ölkəni bütün yönləri ilə
tanımağımız gərəkdir. Bunun üçün də Azərbaycanın yaxın tarixini, problemlərini
çox yaxşı öyrənməliyik». Bu, əslində Ə.Y.Akpinarın hələ tələbəlikdən
müəyyənləşdirdiyi böyük amalın, proqramın bəyanı idi. Öz məsləyinə sadiq olan
azərbaycanşünas alim bu gün də inamla, israrla öz yolunu davam etdirməkdədir.
Fikrimcə, bütün türk dünyasında dilin inkişafında, qorunmasında Mahmud
Kaşğarlı, islam dininin yayılmasında Xoca Əhməd Yasəvi hansı rolu oynayıbsa,
türkçülük ideologiyasının meydana gəlməsində, intişarında da İsmayıl Qaspiralı
həmin xidməti göstərmişdir. Hələ sağlığında «millətin atası» adlandırılan
İ.Qaspiralının həyatı və irsinin tədqiqi, dəyərləndirilməsi bu gün xüsusi ilə aktual
və əhəmiyyətli olsa da, çox təəssüf ki, qənaətbəxş deyildir. Prof.dr. Ə.Y.Akpinar
bu boşluğu görmüş və təqdirəlayiqdir ki, fundamental araşdırmaları ilə
qaspiralışünaslığa əvəzsiz töhfə vermişdir. Bu yaxınlarda onun tərtib etdiyi
«İsmayıl Qaspiralı. Seçilmiş əsərləri»nin 3 cildliyinin sonuncu cildi İstanbulda
Dostları ilə paylaş: |