165
güc-bəla ilə hərəkət edirdilər». «Bütün bu həyəcan və təlaş Mirzə Cəlili sıxırdı.
Onun rəngi ağarmışdı, az danışır, tez-tez kənara çəkilib fikrə gedirdi. Əlbəttə, o,
ailəsinin taleyindən nigaran idi». H.Məmmədquluzadə xatirələrində əslində
M.Cəlilin timsalında tipik, klassik mühacir obrazı yaratmışdır. M.Cəlili səfər
ərəfəsində bürüyən hiss-həyəcan, təlaş, onun yolboyu narahatlığı, əziyyətləri,
məskunlaşdığı məntəqədə fəaliyyəti zamanı maddi-mənəvi sıxıntıları mühacir
həyatının göstəriciləridir. Həmidə xanım M.Cəlili necə görmüşdüsə, eləcə də
qələmə almışdır.
Həmidə xanımın qeydlərini oxuduqca, Mirzə Cəlilin mühacirət həyatının
bütün çalarları qabarıq şəkildə özünü göstərir. «…aprelin 25-də mənim əmimoğlu
Təbrizə gəlib xəbər verdi ki, yerli hökumət bizi öz Vətənimizə qayıtmağa dəvət
edir. Bundan əlavə, doktor Kərimbəy Mehmandarovdan da məktub almışdım. O da
bizi Vətənə qayıtmağa tələsdirirdi». (səh.137). «Mirzə Cəlil Vətənə qayıtdığı üçün
sevinirdi» (səh.143). Şübhəsiz ki, Həmidə xanımdan yuxarıda və indi gətirdiyimiz
bu sitatlardakı «öz Vətənimizə», «Vətənə» sözlərini təsadüfi işlətmirdi. O, İranda,
mühacirətdə olduğunu hiss edir, oxucuya da hiss etdirirdi.
Azərbaycan istiqlal mücadiləsi tarixində parlaq iz qoymuş Mirzə Bala
Məmmədzadə 1937-ci ildə qələmə aldığı və 1938-ci ildə Berlində – «Qurtuluş»
jurnalının mətbəəsində nəşr etdirdiyi «Milli Azərbaycan hərəkatı» adlı əsərində
ölkənin bolşeviklər tərəfindən istila edilməsindən sonra başlanan terror, sürgün və
edamların «hüdud xaricinə bir çox münəvvərin atdığını qeyd edir və yazırdı:
«İranın Xorasan, Mazandaran, Gilan, Azərbaycan, Tehran və Qəzzin məntəqələri
ilə Türkiyənin Qars, Ərzurum, İstanbul, Trabzon və s. qismlərində əski
Azərbaycan mühacirəti yaşamaqda idi» (M.B.Məmmədzadə. Milli Azərbaycan
hərəkatı. Ankara, 1991, 239 səh., səh.163). Müəllif sovet istilasından sonra Tehran,
Gilan, Təbriz, Astara, Ərdəbil, Trabzon, İstanbul kimi şəhərlərdə mühacir həyatı
sürməyə məcbur olan həmvətənlərimizin müxtəlif cəmiyyətlər qurduğunu və
imkanları daxilində çalışdıqlarını da qeyd edir (yenə orada, səh.165).
Məsələ burasındadır ki, Mirzə Cəlilin özü də hələ İranda ikən istər
felyetonlarında, istər məqalələrində Sovet istilasından sonra Təbrizdə
məskunlaşmağa məcbur olanları öz adı ilə – «mühacir» - adlandırmış və qələmə
almışdır. «Dövlətli xanım» (№ 8) adlı felyetonda M.Cəlil «Hərdəmxəyal» imzası
ilə yazır ki, şəhərdəki bir dövlətli xanım bir-birinin içində olan çoxsaylı imarətlərin
birini mədrəsə açmaq niyyəti ilə yetim uşaqların istifadəsinə vermək istəyir. Lakin
təqvimdəki gün münasib olmadığından bu fikrindən vaz keçir. Bayramqabağı
uşağa paltar tikdirmək xəyalından da təqvimin xoş olmadığından daşınır. «Sora bir
belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər
xərclik paylasın. Genə təqvimə baxdı, gördü ki, yazılıb «nə şayəd». Əlbəttə, burada
müəllifin məramı aydındır: o, cəhaləti, vasvasılığı tənqid atəşinə tutur. Biz burada
diqqəti ona yönəltmək istədik ki, M.Cəlil özü bolşevik inqilabından sonra Təbrizə
köçən qafqazlıları, o cümlədən azərbaycanlıları «mühacir» adlandırmışdı. Jurnalın
elə həmin nömrəsindəki «Təşəkkür» adlı yazını Ələkbər Abbaszadə Naxçıvani,
Həbibbəy Firudin bəy oğlu İrəvani və Seyidov Ordubadi imzalamışlar. Orada
oxuyuruq: «…1920-ci ildə Qafqazdan fərar edən (qaçan – T.A.) 150 min mühacir
İrana pənah gətirib bir qədəri Xoy, Mərəndi və Təbriz havalisində (ətrafında –
166
T.A.) sükna oldular (məskunlaşdılar – T.A.). «…Qışın şiddətli soyuğundan balaca
uşaqları hifz etmək üçün Təbrizdə sakin olan mühacirlər özlərinə məxsus
libaslarını da satıb öz ailələrinə kəfil (zamin, sahib – T.A.) olmaqdan aciz qalıb
Amerika nümayəndəsi mister Fetman həzrətlərinə öz əhvallarını ərizə ilə izhar
etdilər». «Təbrizdə sakin olan yanıqlı və pərişan mühacirlərin» adından
«Təşəkkür»ü imzalayanlar mister Fetmana minnətdarlıqlarını bildirirlər. «Molla
Nəsrəddin»
jurnalındakı bu materialları oxuduqdan sonra hər halda
C.Məmmədquluzadənin də, digər azərbaycanlılar kimi, Şimali Azərbaycandan
İrana mühacirət etdiyinə heç kəsdə şübhə yeri qalmayacaq.
Akademik İ.Həbibbəyli «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» adlı
monoqrafiyasında Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan və
bolşeviklərin hakimiyyəti mənimsəməsindən sonra «əsas ziyalı kütləsinin xarici
ölkələrə mühacirət etməyə məcbur olduğunu, həbsə və təqibə məruz qaldığını»
xüsusi vurğulayır (bax: səh.386).
Azərbaycan mətbuat tarixinin araşdırılmasında xüsusi əməyi olan prof.
Əziz Mirəhmədov on cildlik «Molla Nəsrəddin» faksimilinin birinci cildinə (Bakı,
1987) yazdığı «Molla Nəsrəddin»: dünən, bu gün, sabah» adlı ön sözdə Mirzə
Cəlilin İrana mühacirət etməsinin səbəbini belə açıqlayır: «…fevral və oktyabr
inqilabları adı ilə məşhurlaşan hadisələrin imperiya xalqlarına, o cümlədən
azərbaycanlılara xoşbəxtlik gətirə bilməyəcəyini dərk edirdi: arvadı Həmidə
xanımın malikanə, torpaq, məktəb sahibi, «mülkədar-xeyriyyəçi qadın» olması,
qardaşı Ələkbərin isə İran inqilabı fədailərindən və Səttarxanın yaxın
silahdaşlarından biri kimi tanınması, erməni-daşnak canilərinin Qarabağdakı
vəhşilikləri zamanı, silah götürüb Xankəndindəki vuruşlarda iştirak etməsi və s.
kimi səbəblər əlindən Təbrizə mühacirətini labüd etmişdir». Bu mövzuya – Mirzə
Cəlilin Təbrizə mühacirət etməsinə onun yaxın silahdaşı, «Kefsiz», «Bikəs»,
«Məşədi Sijimqulu» təxəllüsləri ilə tanınan məşhur «Molla Nəsrəddinçi» Əli
Nəzmi də biganə qalmamış və qələm dostunun ağır günlərini «Mirzə Cəlilin
Tiflisdən Təbrizə köçməsi» şeirində təsvir etmişdir:
Şuralaşan gündən Azərbaycan
Tiflis, İrəvanda qalxmışdır həyəcan.
Varlılar titrəşir apreldən bəri,
Sarmışdı inqilab menşevikləri.
Qurtarmaqçın onlar öz canlarını,
Xalqın tökürdülər al qanlarını.
Daşnaklar qan tökmək istəyir yenə,
Edirlər xəyanət xəlqə, Vətənə.
Qızıl Ordu ilə vuruşmaq üçün
Hazırlıq görürdü İrəvan hər gün.
Tiflis hazır ikən döyüşə, hərbə,
Varlılar qaçırdı durmadan Qərbə.
Qərbə qaçanlardan alaraq təsir,
Bilərək bu işi münasib tədbir,
Mirzə xudahafiz etmədən bizə,
Dostları ilə paylaş: |