167
Köçmüşdü Tiflisdən birbaş Təbrizə.
Təbrizdə qaldı da Mirzə bir müddət,
«Molla»nı nəşrə də tapdı o fürsət.
Halbuki, Şuramız sevir jurnalı,
Hətta təxəttürdən qalmadı xali.
Hökumət axtarıb tapdı da sonu,
Təbrizdən cəlb etdi Bakıya onu.
Sətirlərin arxasında əsərin ruhunu dirijor çubuğu kimi idarə edən «sovetin
barmaqları» görünsə də, şeir dövrün mənzərəsini əks etdirmək, Mirzə Cəlilin
tərcümeyi-halında dərin iz buraxmış hadisələri qiymətləndirmək baxımından
əhəmiyyətlidir. Azərbaycanda Sovet hakimiyyəti yarandığı ilk gündən yeni
cəmiyyətin tərəfdarı kimi fəaliyyət göstərən Əli Nəzminin keçmiş əqidə və məslək
dostu Mirzə Cəlili varlılara qoşulub qaçmaqda qınamaqdan başqa çarəsi
qalmamışdı.
Şeirdəki mübahisəli və maraqlı məqamlardan biri də budur ki, Ə.Nəzmi
Mirzə Cəlilin Tiflisdən yox, Kəhrizlidən Təbrizə yola düşdüyünü bilməmiş
olmazdı, ən azı ona görə ki, şair Mirzənin Qarabağa gəldiyindən, xeyli müddət də
orada qaldığından yəqin ki, xəbərdar imiş. Görünür, Ə.Nəzmi Qarabağın,
Kəhrizlinin adını çəkməklə, vurğulamaqla Mirzə Cəlilin düşmənlərinin
dəyirmanına su tökəcəyindən ehtiyatlanmış, elə buna görə də Mirzə Cəlili Tiflisdən
Təbrizə «yola salmağa» üstünlük vermişdir. Hər halda bu əsərlə Əli Nəzmi, əslində
M.Cəlil mühacirətinin mahiyyətini, onu yaradan səbəbləri məharətlə açıqlamış,
digər tərəfdənsə, Şura hökumətinin M.Cəlilin keçmiş xidmətlərini «unutmadığını,
onu dəyərləndirdiyini» və mühacirətdən geri çağırdığını və «onu Təbrizdən Bakıya
cəlb etdiyini» xüsusi vurğulamışdır.
Bütün bunları təfərrüatı ilə saymaqda və sadalamaqda məqsəd «inadkar»
opponentlərə bir daha və dönə-dönə Mirzə Cəlilin İrana, Təbrizə köçünün kökündə
mühacirətə sürükləyən ciddi amillərin durduğunu xatırlatmaqdır. Yəni, Mirzə Cəlil
həyatı və fəaliyyəti üçün real təhlükəni hiss edərək Şura hökumətindən – Sovet
Azərbaycanından şahın idarə etdiyi İran dövlətinə mühacirət etmişdir. Bu qədər
sadə və anlaşılan məsələni mürəkkəbləşdirmək, «bu mühacirət deyil» - deməklə,
opponent rolu oynamaqdan əl çəkmək lazımdır. Təbrizin Azərbaycan şəhəri
olduğunu əsas gətirərək, M.Cəlilin mühacirətinə müxtəlif don geyindirilməsi, o
cümlədən guya onun könüllü olaraq Ş.M.Xiyabaniyə yardım üçün getdiyini
söyləmək sadəlövhlükdən daha çox Sovet təfəkkür tərzinin təzahüratıdır.
Bu, əgər belə demək mümkündürsə, «opponentlər»in öz problemidir, amma
əgər onlar nəyin bahasına olursa-olsun, fikirlərini yeritmək, yapışdıqlarından
buraxmamaq üçün müxtəlif məxəzlərə də əl atırsa, bax, bu zaman həqiqətən
məsələyə aydınlıq gətirilməsinə ciddi ehtiyac yaranır. Məsələ burasındadır, böyük
ideoloq, istiqlalçı-publisist, naşir, redaktor M.B.Məmmədzadə Berlində 1938-ci
ildə nəşr etdirdiyi «Milli Azərbaycan hərəkatı» adlı əsərində 1923-cü ildə
İstanbulda buraxılan «Yeni Qafqasiya» jurnalını «yalnız azərbaycanlıların deyil,
bütün rus əsiri türklərin xaricdə çıxardıqları ilk məcmuə» adlandırmışdı.
168
Azərbaycan tarixində, xüsusi ilə mətbuat və publisistikada silinməz iz
buraxmış, şəxsiyyətinə və irsinə böyük ehtiram bəslədiyimiz, nəsillərə örnək kimi
qəbul etdiyimiz M.B.Məmmədzadəni təftiş etmək, onun mülahizələrində qüsur
axtarmaq niyyətindən çox uzağıq. Bununla belə, bəzi məqamlara diqqət
yetirilməsinin, faktlara ehtiyatla yanaşılmasının tərəfdarıyıq. Yuxarıdakı iddianı
inkar etməklə heç kim heç nə itirmir, qazanılan isə tarixi həqiqət olur. Nəzərə alsaq
ki, M.B.Məmmədzadə kitaba yazdığı «Başlarkən» adlı ön sözdə səmimiyyətlə
etiraf etmişdir ki, «məhdud məxəz və vəsiqələrə dayanaraq meydana gətirilmiş bu
əsərin nöqsanlı olacağına müdrikiz» (müdrikiz – dərk edirik, dərindən anlayırıq –
T.A.). Bütün bunlardan sonra mühacirət mətbuatının tarixi ilə bağlı söylənilən fikrə
kor-koranə istinad etmək doğru deyil, yanlış yanaşmadır.
Mirzə Cəlilin Sovet Azərbaycanından İran Azərbaycanına köçü
mühacirətdir. Təbriz qədim Azərbaycan şəhəri olsa da, Mirzə Cəlil bir ölkədən
başqa bir ölkəyə – İrana getmişdir. Vətənin tarixi torpaqlarının bir hissəsi digər bir
dövlətin sərhədləri daxilindədirsə, biz ora gedəndə başqa bir dövlətin nəzarətində
olan əraziyə giririk. Tutaq ki, qədim Azərbaycan şəhəri Dərbəndə köçürüksə,
deməli biz Azərbaycan Respublikasını tərk edib Rusiya Federasiyasında
məskunlaşırıq. Buradan təbii sual yaranır. Belə hallarda ayrı-ayrı dövlətlərin
əsarətində qalmış tarixi torpaqların bir nöqtəsindən başqasına hərəkət etmək
mühacirət sayılırmı? Bu sual başqa bir sualı doğurur. Mühacirət özü nədir, bu söz
Azərbaycan dilində hansı yükü, məna çalarını daşıyır? Nəhayət, nəyə görə «Molla
Nəsrəddin»in nəşrə başladığı Gürcüstan-Tiflis nömrələri mühacir nəşr sayılmır,
Təbriz nömrələrini isə mühacirət dövrü hesab edirik? Birinci sualın cavabı.
Əvvəla, Təbriz Azərbaycanın tarixi ərazisi olsa da, həmin vaxt və bu gün də o, İran
dövlətinin sərhədləri daxilindədir. Deməli, M.Cəlil bir ölkənin sərhədini aşaraq
digər ölkədə məskunlaşmışdır. Buna əsaslanaraq Vətəndən Vətənə də mühacirət
olur – fikrini irəli sürən prof. Xaləddin İbrahimli tamamilə haqlıdır. Ölkələrin
tarixindən belə misallar gətirmək olar. Heç şübhəsizdir ki, Şimali Koreyadan
Cənubi Koreyaya qaçanlar mühacir hesab olurlar. Vaxtı ilə – 1946-cı ildə
Pişəvərinin rəhbərliyi ilə Təbrizdə qurulan Milli hökumət İran şahı tərəfindən qan
içində boğuldu. İrandan – Cənubi Azərbaycandan Sovet Azərbaycanına pənah
gətirənlər də özlərini mühacir adlandırırdılar və onların Bakıda mühacir təşkilatları
vardı: «İran mühacirləri Komitəsi».
Hələ bu hadisədən də xeyli əvvəl XX əsrin əvvəllərində İrandan, o cümlədən
Cənubi Azərbaycandan on minlərlə insan, o cümlədən azərbaycanlılar Çar
Rusiyasının tərkibində olan Şimali Azərbaycana mühacirət etmiş, burada
məskunlaşmış,
fəaliyyət
göstərmiş,
təşkilatlanmış,
özlərinin
mühacir
cəmiyyətlərini də yaratmışlar. Sabir Nəbioğlu «100 yaşlı cavan «Molla Nəsrəddin»
adlı məqaləsində («Kredo» qəzeti, 28 aprel, 2007) yazır: «Şahlıq rejiminin əhaliyə
bəxş etdiyi ən yüngül cəza bir də baş götürüb vətəndən didərgin düşmək olurdu.
Hesablamalar göstərir ki, XX əsrin əvvəllərində İrandan Rusiyaya gedənlərin sayı
300 min nəfərə qədər olmuşdur».
1979-cu ildə – İran şahı devriləndən, Xomeyni rejimi bərqərar olandan sonra
Azərbaycana gələn minlərlə həmvətənimiz də mühacir statusu aldı, onların böyük
bir qismi sonrakı illər həmin adla da Avropa ölkələrində məskunlaşdılar. Deməli,
Dostları ilə paylaş: |