169
problemə mövcud ictimai-siyasi-tarixi şərait kontekstində yanaşmaq lazımdır.
Buradan digər sual öz cavabını tapmış olur. «Molla Nəsrəddin» 1907-ci ildə
Tiflisdə nəşrə başlayanda, nə Azərbaycan hökuməti, nə də Gürcüstan hökuməti
vardı. Bakı kimi Tiflis də eyni imperiyanın – dövlətin sərhədləri daxilində yerləşən
şəhərlər idi. Odur ki, «Molla Nəsrəddin»in Tiflis dövründə buraxılan nömrələrini
qətiyyən mühacirət nəşrləri saymaq olmaz. Elmi mənbələrdə «mühacirət»in ərəb
sözü olduğu, peyğəmbərimizin Məkkədən Mədinəyə hicrəti hadisəsini
mənalandırmağa xidmət etdiyi yazılır. Bu gün dilimizdə «mühacirət» sözü hər
hansı siyasi, iqtisadi, hərbi səbəbdən, zorla, yaxud könüllü şəkildə ölkənin
sərhədini aşaraq başqa bir ölkədə məskunlaşmaq anlamını verir. Latın mənşəli
«emigare» sözü ingilislərdə «emiqration», ruslarda «emiqrasiya» sözü hansı
mənanı daşıyırsa, bizdə də «mühacirət» sözü həmin yükü çəkir. Bəzən xaricdə
yaşayan həmvətənimizin ünvanına «mühacir» söyləməkdən ehtiyatlanaraq ona
«diaspor üzvü» deyirlər. Bu, anlaşılandır, bu münasibət sovet dövründən bir
mirasdır. Çünki, Sovet hakimiyyəti illərində mühacirlərə münasibət birmənalı idi –
onlar «Vətən satqını», «dönük», «xain» adlandırılırdılar. Amma bu sözlərlə kimlər
hədəfə alınırdı: Azərbaycan istiqlalçıları, yaxud Sovet həyat, düşüncə tərzini,
kommunist-bolşevik ideologiyasını qəbul etməyənlər, Sibirə sürgün edilməkdən,
təqibdən, terrordan, təhdiddən ehtiyat edib II Dünya Müharibəsi bitdikdən sonra
Vətənə qayıda bilməyən, qəlbi qürbətdə Vətən eşqi ilə çırpınan on minlərlə
həmvətən…
Bu gün Azərbaycan Respublikasından kənarda milyonlarla həmvətənimiz
yaşayır. Rusiya, Ukrayna, Orta Asiya Respublikaları, Almaniya, Fransa,
Skandinaviya ölkələri, ABŞ… - bu siyahını istənilən qədər artırmaq olar – kimi
ölkələrdə ən müxtəlif səbəblərdən istər Azərbaycan Respublikasından, istər Cənubi
Azərbaycandan yüz minlərlə həmvətənimiz məskunlaşmışdır. Çox vaxt, xüsusi ilə
son illərdə onlara «diaspor üzvü» deyirlər, sanki bununla həmvətənlərin statusu,
yaxud cəmiyyətdəki yeri, mövqeyi dəyişir. Belə deyil. Həmin ölkələrdəki
həmvətənlərimizin problemləri ilə yerli mühacir təşkilatlar məşğul olur. «Diaspor
üzvü» deməklə, sanki nəyi isə yumşalmış, «mühacir» söyləməklə nəyi isə
şiddətləndirmiş oluruq. Qətiyyən. «Diaspor» sözünün etimologiyasını araşdırdıqda,
bu ifadənin arxasında daha irimiqyaslı və daha dəhşətli hadisənin şahidi olursan.
Yunan mənşəli «diaspor» sözünün mənşəyində də «mühacirət» sözündəki
zorakılıq, təqib, təzyiq mənaları durur. Üstəgəl, «diaspor» həm də genosid
təhlükəsini və kütləvi zorakılıq anlayışını özündə ehtiva edir. «Diaspor» sözü
eramızdan əvvəl VI əsrdə torpaqlarından çıxarılan yəhudilərin məruz qaldığı
zorakılıq hadisəsini əks etdirir. Beləliklə, hər iki söz ilkin mənasından uzaqlaşmış,
yeni məna çalarları kəsb etmişlər. Fikrimizcə, bu sözlərin hər hansı bir səbəbdən
xarici ölkədə məskunlaşan həmvətənimizin ünvanına rahatlıqla sinonim kimi
işlədilməsi heç bir problem yaratmamalıdır.
Mühacirət mövzusundan danışarkən hökmən problemə mühacirliyin
haradan, hansı səbəbdən qaynaqlandığına aydınlıq gətirilməlidir. Belə olduğu
təqdirdə mühacirətşünaslar arasında yaranmış bir sıra mübahisəli məqamlar həllini
tapmış olacaqdır. Bəzən «mühacirət» dedikdə, sırf siyasi xadimlərin, yaxud siyasi
baxışlarına görə ölkəni tərk etmək məcburiyyətində qalan insanların başqa ölkədə
170
məskunlaşması nəzərdə tutulur. Bu, yanlış yanaşmadır. Doğrudur, bu qisim
insanlar mühacirətin başlıca göstəricisidir, onun əsas kütləsini, gücünü təşkil edir.
Onlar təşkilatlanmağa, fəallığa meyllidir, ölkədə baş verən ictimai-siyasi-iqtisadi
proseslərə daha çevik reaksiya verirlər. Bu da təbiidir. Çünki onlar siyasi
baxışlarına görə, iqtidara, yaxud ictimai formasiyaya münasibətdə barışmaz mövqe
tutduqları üçün qürbət həyatına üstünlük vermişlər. Eyni zamanda, heç bir təqibə,
siyasi təzyiqə məruz qalmayan yüzlərlə, minlərlə insan da var ki, sadəcə həyat
tərzini dəyişərək Avropada, Amerikada yaşamaq, yaxud dünyanın hər hansı digər
ölkəsində daha firavan, daha zəngin bir həyat qurmaq niyyətilə, yaxud daha
hansısa başqa səbəbdənsə ölkəni tərk etmişdir. Xaricdə məskunlaşan bu qəbildən
olan insanlar da mühacirdir. Öz qayğı, problemləri ilə məşğul olan belə
həmvətənləri siyasi fəaliyyətləri olmadığı üçün mühacir hesab etməmək düzgün
deyil.
O ki, qaldı Mirzə Cəlilin mühacirət dövründəki fəaliyyətinə, ümumiyyətlə,
mühacirin xaricdə yaratdığı nə varsa, o mühacirət məhsuludur. Yazıçıdırsa, onun
ədəbi irsi mühacirət ədəbiyyatı, publisistdirsə yazdıqları, mühacirət publisistikası,
naşir, redaktordursa rəhbərlik etdiyi, buraxdığı mühacir nəşrdir. Deməli, M.Cəlilin
«Molla Nəsrəddin» jurnalının İranda - mühacirət dövründə nəşr etdiyi nömrələri
mühacirət mətbuatı nümunələridir. Bir çoxları elə hesab edir ki, həmvətənlərin
xaricdə nəşr etdikləri yalnız siyasi məzmunlu qəzet, yaxud jurnallar mühacir
nəşrlərdir. Halbuki, belə deyildir. Bu gün xarici ölkələrdə (o cümlədən, Rusiya
Federasiyasında, Ukraynada) onlarca qəzet, jurnal buraxılır ki, onlar Vətənimizdə
olan mövcud milli, demokratik hakimiyyəti bütün varlığı ilə dəstəkləyir,
respublikanın nailiyyətlərini təqdir edir, ölkəmizin tarixi-memarlıq abidələrini,
xalqımızın milli-mənəvi dəyərlərini təbliğ edirlər. «Molla Nəsrəddin» jurnalına
gəldikdə isə, onun mövzularını ətalət, cəhalət və mövhumata qarşı mübarizə ilə,
qadın azadlığı, hüquq bərabərliyi, digər insani və demokratik dəyərlər, eləcə də dil,
məktəb, maarif istiqamətində aparılan mübarizə ilə məhdudlandırmaq olmaz.
«Molla Nəsrəddin» çar mütləqiyyətini, Osmanlı sultanlığını, İranın şahlıq üsul-
idarəsini də qamçılayır, siyasi mövzularda son dərəcə kəskin materiallar dərc
edirdi.
«Molla Nəsrəddin» jurnalının Təbrizdə – mühacirətdə buraxılan 8 nömrəsi
mətbuat tariximizdə bir çox cəhətdən silinməz iz buraxmışdır. Jurnal mövzu, dil,
tərtibat baxımından özündən əvvəlki nəşrlərindən ciddi fərqlənməsə də, yeni
mühit, yeni şərait «Molla Nəsrəddin»in təsir gücünü bir qədər də artırmış, əhatə
dairəsini genişləndirmiş, bunun nəticəsi kimi Cənubi Azərbaycanda «Molla
Nəsrəddin» ənənələrini davam etdirən satirik nəşrlər intişar etmiş, «mənəvi
dirçəlişə və ictimai tərəqqiyə ciddi təkan vermişdir» (İ.Həbibbəyli, göstərilən əsəri,
səh.347).
Əməkdar jurnalist, mətbuat tariximizin fədakar tədqiqatçılarından olan Tahir
Aydınoğlu «Şərqin mürgüsünü qaçıran, güldürərək düşündürən, düşündürərək
güldürən, «millətin kitabına çevrilmiş» «Molla Nəsrəddin»in Təbrizdəki
fəaliyyətini jurnalın tarixinə yazılan daha bir əlamətdar səhifə kimi dəyərləndirir.
(«Molla Nəsrəddin» - Təbriz 1921. Transliterasiya edən və çapa hazırlayan, f.e.n.
Elmira Qasımova, «Ön söz»ün müəllifi Tahir Aydınoğlu, redaktor Məmməd
Dostları ilə paylaş: |