173
jurnalın bağlanması xəbəri sadə şəhər əhlini bərk qəzəbləndirmiş və onlar
bildirmişlər ki, əgər Molla əmi doğru danışdığı üçün bağlanırsa, biz də dükanları
bağlayacağıq.
Birinci nömrədəki «Fahişəxana» felyetonunun təsiri daha güclü olmuşdur.
«Dəli» imzası ilə dərc olunmuş «Fahişəxana» həm problem baxımından aktualdır,
həm də sənətkarlıq nöqteyi-nəzərdən diqqəti çəkir. Mövzu Təbrizin gündəlik
həyatından götürülmüşdür və söhbət hər kəsin hər gün gördüyü, rastlaşdığı, lakin
biganəliklə görməməzliyə vurduğu fahişəxanalardan gedir. Müəllif «təəccüblə»
yazır ki, Təbrizə gələnədək elə bilirmiş ki, fahişəxana çox pis şeydir, məsələn, o,
Tiflisdə görmüşdü ki, ermənilər, ruslar, gürcülər, yəhudilər öz məhəllələrində
fahişəxanaların fəaliyyətinə yol vermirlər. Təbrizdə – müsəlman məhəllələrində
fahişəxanaları görən «Dəli» lap çaşır: «İndi mən də, doğrusu, çaşmışam, bilmirəm
fahişəxana yaxşı şeydir, yoxsa pis şeydir? Əgər deyim yaxşı şeydir, axı öz
aramızdır, insafən danışsan görərik ki, yaxşı deyil: o səbəbə ki, əvvələn, fahişəxana
millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar
və əlacı olmayan dərdlərə düşürlər. Salisən, bizim şəriətimiz də belə-belə qəbil
işləri günahi-kəbir cərgəsinə yazıb». Gördüklərindən heyrətlənən müəllif onu
düşündürən suallara cavab tapmaq istəyir: fahişəxana yaxşıdırsa, niyə hətta digər
dindən olan millətlər onu qadağan edirlər? Pisdirsə, zinakarlığı günah hesab edən
müsəlmanlar onu niyə açırlar? Digər tərəfdən, fahişəxana pisdirsə «niyə məndən
savayı bunu bir kəs danışmır? Məgər məndən savayı bu şəhərdə ağıllı, həyalı və
ismətli adam yoxdur?». Niyə «mömin və abırlı müsəlman bəndələr» etiraz etmir?
Bütün bu suallar içində boğulan felyeton müəllifi dəli olacağından ehtiyatlanır və
sonda oxucusuna müraciət edir: «Qurban olum, sən bir məni başa sal, yoxsa dəli
olaram».
Həmidə xanım xatirələrində yazır ki, felyeton xüsusi ilə şəhərin ağalarını
həyəcana gətirmişdi. Qadınlar dəstə-dəstə Həmidə xanımın yanına gəlir, yazı üçün
Molla əmiyə təşəkkürlərini çatdırmağı xahiş edirdilər. «Evimiz arı pətəyinə
bənzəyirdi» - deyə yazan Həmidə xanım Məmmədquluzadə minnətdarlığa,
şəhərdəki həyəcanlı vəziyyətdən xəbərlər gətirməyə gələn adamların kəskin
etirazının şahidi olurdu. İş o həddə çatmışdı ki, şəhərdəki qoşunların komandanı
valiyə teleqram vurmuşdu ki, jurnalın nəşrinə icazə vermək lazımdır. Qısa
müddətdə – 2-3 gün ərzində 600 fahişə qatarla Təbrizdən çıxarılmış, fahişəxanalar
bağlanmışdı.
«Qız tərbiyəsi» adlı felyetonu təsvir vasitələrinə, komik üslubuna görə
təbəssümlə, faciəyə bənzər problemə görə isə acı göz yaşları ilə oxunur. Yetkinlik
yaşına çatmış, təhsilli oğlan ailə qurmaq üçün özünə tay qız axtarır. «Tərbiyə və
elm görmüş» oğlan münasib qız tapmayıb əcnəbi millətlərin oxumuş qızları ilə
evlənirlər. Başqa çarə yoxdur. Gənc oğlan təhsil və tərbiyə görməyən qızla ailə
həyatı qursa, «kişi kitabdan və elmdən danışanda övrət saatda bir asqırıb deyəcək:
«Kişi, tək səbir gəldi, qoy kitabı yerə». Kişi övrətdən bir burun dəsmalı istəyəndə,
övrət deyəcək: «Sən Allah, kişi, özündən iş çıxartma, ətəyinnən burnuvu sil».
Felyetonçu bu işin çarəsini axtarır: bəlkə qızlara təhsil verək? Yox, bu məsləhət
deyil. Çünki qız dərs oxusa, yazmaq bilsə, «kefi istədi, götürdü bir yad kişiyə bir
kağız yazdı». Xeyli götür-qoydan sonra çarə tapılır. «…oğlan uşaqlarını da dərsə
174
qoymuyaq. Əgər belə olsa, nə şiş yanar, nə kabab. Onda, məsələn, səbir gələndə
kişi də işini yarımçıq qoyar ki, səbir keçsin…». «Dəli» imzası ilə verilmiş bu
felyetonda yumor, acı gülüş də var, qəzəb, yanğı, istehza da. Felyeton müəllifi
C.Məmmədquluzadə mövcud cəmiyyət həyatının xarakterik, lakin tragik səhnəsini
çox ustalıqla qələmə almışdır.
Ballı Badımcan xala ilə Nurcahan bacı 9 yaşlı qızı baqqala, yoxsa çaqqala
(əbasız Həsən xana), teatrda oyunbazlıq edən Süleymana, ya da ki, qırmızısaqqal
Hacıxana ərə vermək barədə qızğın müzakirə aparanda («Ballı Badımcan», № 4),
müsəlmanlar Təbrizdə – Aramyan teatrında erməni xanımlarını («Elan», № 1),
yaxud Fitilbörk şəhərində kilsədə, Odessada gül mağazasında rus xanımlarını,
Xorasanda – ziyarət yerində, Təbriz bazarlarında… arvad çimdikləməklə
məşğuldurlar («Çimdik», № 7).
«Bikarlar məhəlləsi» də «Molla Nəsrəddin»in Təbriz nömrələrinin
materialları arasında diqqəti çəkən felyetonlardandır. Təbrizin küçələri dilənən,
bitlənən və mürgüləyən arvad-uşaqlarla doludur. Bu bir yana, dövlətin «bir yekə
və ali imarəti»ndə yerləşən kargüzarxanada da «kimi qəlyan çəkir, kimi elə
bikarçılıqdan mürgüləyir». Molla əmini təəccübləndirən, təəssüfləndirən və
təsirləndirən də odur ki, kargüzarxanadakı heç bir işlə məşğul olmayan bikar-
məmurlara pul-maaş verilir. Molla əmi bu suala cavab axtarır: xub, əgər məqsəd
pulu bikarlara paylamaqdır, bəs küçədə bikar adam çoxdur, səbəb nədir ki, bu
pullar kargüzarxana bikarlarına halal olub, küçə saillərinə haram olub?» Bu
felyetonla müəllif idarələrdə baş girləyən dövlət məmurlarını kəskin satira atəşinə
tutmuşdur. «Tüstü» felyetonunu (7) elmə, maarifə, mədəniyyətə həqarətlə baxan,
mövhumatın, cəhalətin içində boğulan cəmiyyətin harayına yetişmək istəyən Mirzə
Cəlilin fəryadı, naləsi də adlandırmaq olar: «Hər yan tüstüdür, məclislərdə və
evlərdə düxaniyyət (tütün – T.A.), məşrubat (içki, şərab – T.A.) tüstüsü, küçələrdə
hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət
(natəmizlik, çirkinlik – T.A.) tüstüsü… Xülasə, millət tüstü içində
boğulmaqdadır». Mirzə Cəlil boğulan, batan cəmiyyətin dərdini göstərməklə,
tənqid etməklə kifayətlənmir, onun dərdinə dərman, əlac da axtarır. Kimdən? «Hər
bir vicdan sahibindən, hər bir həqiqi Vətən dostundan, hər bir bəşər övladına rəhmi
gələndən». İranda gördüklərini, cəhalətin törətdiyi «vəhşilik və bədbəxtlikləri»
unuda bilməyən M.Cəlil bu tüstünü dağıtmağın çarəsini Bakıya qayıtdıqdan sonra
da axtarmışdır: «Zülmət çox dərindir, qaranlıq nəyahət qalındır. Burada çox-çox
top-tüfəng lazımdır. Bilmirəm – barıt atəşimi, bilmirəm – maarif topumu, bilmirəm
– mədəniyyət təkamülü, ya inqilabı, ya bəlkə də ikisi də lazımdır…» (İnqilab
lazımdır. «Molla Nəsrəddin», № 3, 1922).
Beləliklə, Cəlil Məmmədquluzadənin 1920-ci ildə Azərbaycanın bolşeviklər
tərəfindən istila edilməsindən sonra İrana köçü bir mühacirət hadisəsi kimi tam
təfərrüatı ilə xarakterizə edildi və böyük ədibin 3 aylıq müddətdəki mühacirət
həyatı və fəaliyyəti mötəbər məxəzlərə istinad edilərək işıqlandırıldı.
C.Məmmədquluzadənin mühacirət dövründəki fəaliyyətinin zirvəsi və şah əsəri isə
«Molla Nəsrəddin»in Təbriz nəşrləri oldu. Həmin nəşrlər cəmiyyət həyatında bir
hadisə, mətbuat tarixində unikal təzahürat olmaqla yanaşı, eyni zamanda
Azərbaycan mühacirət mətbuatının başlanğıc nöqtəsidir.
Dostları ilə paylaş: |