182
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin mayın 23-də
«Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında» Sərəncamı
mühacirət mövzunu yenidən aktuallaşdırmışdır. Kütləvi informasiya vasitələrində
(KİV) cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri bu problemlə, xüsusilə
qurultayın keçirilməsi ilə bağlı öz fikir və mülahizələrini söyləyir, istək və
arzularını bildirirlər.
Bütövlükdə cəmiyyətdə, o cümlədən KİV-də mühacirətə münasibət
birmənalı deyildir: kimi Azərbaycan diasporunun təsir gücünü tamamilə inkar edir,
ondan ümidini üzür, kimi bu qüvvəni həddən artıq şişirdir, hətta lobbiçilikdən bəhs
edir.
Fikrimizcə, Azərbaycan mühacirəti haqqında onun tarixini, formalaşma
mərhələlərini və səbəblərini, sosial tərkibini, sayını, maliyyə imkanlarını,
coğrafiyasını, həyat və düşüncə tərzini, mətbuat və mədəniyyət mərkəzlərinin
Proqramını öyrənmədən, araşdırmadan doğru-dürüst, dolğun, sanballı mülahizə
yürütmək problemə qeyri-ciddi münasibətdən başqa bir şey deyildir.
Azərbaycan mühacirəti ümummilli mənafe ətrafında təşkilatlanmalıdır.
Təşkilatlanmaq 10-15, lap elə 100-150 nəfər azərbaycanlının güc-bəla ilə bir yerə
toplanması, ocaq, əncümən, mədəniyyət mərkəzi, yaxud kültür evi təsis etməsi
demək deyildir. Belə təşkilatlar demək olar ki, azərbaycanlılar yaşayan bütün
ölkələrdə, şəhərlərdə var. Lakin onların Proqramı bir qayda olaraq məhdud, yalnız
mədəni-kütləvi tədbirlər keçirməyə yönəldilən və ona xidmət edən bir səviyyədə
olur.
Həmvətənləri birləşdirən nə qədər cəmiyyət varsa, o qədər də Proqram və
Əsasnamə var. Mövcud Mədəniyyət cəmiyyətlərinin fasiləsiz, inadlı, qətiyyətli,
məhsuldar və ümummilli mənafeyə yönəlmiş ardıcıl fəaliyyətindən, vahid
Proqramından danışmaq hələ tezdir. Aydın və perspektivli, milli ideologiya və
milli dövlətçilik prinsiplərini əsas tutan Proqramı, böyük təbliğat maşını - KİV
şəbəkəsi, geniş maliyyə imkanları, həmvətənlərin siyasi baxış və partiya
mənsubiyyətindən, düşüncə və həyat tərzindən asılı olmayaraq Azərbaycan ideyası
ətrafında birləşdirməyə qadir bir təşkilatın yaranması və fəaliyyətindən sonra
mühacirət təsirli, güclü qüvvəyə çevrilə bilər.
Mühacirət tariximizdə belə dövr olmuşdur. Həmin dövrü öyrənmək vacibdir.
Əvvəla, «hələ çox zəif öyrənilən mühacirət irsinə, mühacirlərin həyat və
fəaliyyətinə aid aparılan hər bir araşdırma Azərbaycan tarixinin, mədəniyyətinin
milli ideologiyasının dolğunlaşması yolunda atılan addımdır. Mühacirət irsi
Azərbaycan tarixinin, mədəniyyətinin, bütövlükdə milli-mənəvi sərvətimizin tərkib
hissəsidir» (Xaləddin İbrahimli, Azərbaycan siyasi mühacirəti, Bakı, «Elm»
nəşriyyatı, 1996-cı il, səh.6) . Digər tərəfdən «milli idealın nəsildən-nəslə keçməsi
və Azərbaycan milli istiqlalının qurulub dünya durduqca yaşaması üçün yeni nəslin
möhtac olduğu tərbiyə baxımından da» (M.B.Məmmədzadə, Azərbaycan Milli
hərəkatı, 1937-ci il) bu irsin öyrənilməsi zəruridir. Mühacirətin görkəmli
simalarından sayılan Nağı Şeyxzamanlı özünün «Azərbaycan istiqlal mücadiləsi
xatirələri» adlı əsərində yazırdı ki, xalqımız dastan dolu şanlı keçmişi öyrənəcək və
183
yurdun
istiqlalı uğrunda fədakarca çalışmış babalarını minnətdarlıqla
xatırlayacaqlar. Mühacirətin fəallarından hesab olunan Hüseyn Baykara bu
məsələnin – istiqlal mücadiləsi tarixinin öyrənilməsinin vacibliyini dərk edərək
qələmə aldığı «Azərbaycan istiqlal mücadiləsi tarixi» və «Azərbaycanda yeniləşmə
hərəkatı» adlı əsərlərinə işarə vuraraq uzaqgörənliklə yazırdı: «Azərbaycan
xalqının keçmişini və mücadiləsini bilənləri və yaradanları zaman əritməkdədir. O
halda gələcək nəsil bu davaları necə və haradan öyrənəcəkdir? Bax, bu kitabları
mənə yazdıran səbəblər bunlardır» (H.Baykara, Azərbaycan istiqlal mücadiləsi
tarixi, İstanbul, 1975-ci il).
1920-ci il aprelin 27-28-də baş verən məlum hadisələrdən sonra
M.B.Məmmədzadənin təbirincə desək, «Azərbaycandan yeni mühacirlər seli
axırdı» (M.B.Məmmədzadə, Milli Azərbaycan hərəkatı, Bakı, «Nicat», 1992-ci il,
səh.175). Lakin onları birləşdirən, fəaliyyətə sövq edən təşkilat olmadığından
«mühacirət başsız və intizamsız, pərişan bir mənzərə ərz edirdi» (Yenə orada).
Yalnız M.Ə.Rəsulzadə Türkiyəyə mühacirət etdikdən və 1923-cü ildə orada güclü
təşkilat yaratdıqdan, «Yeni Qafqasya» adlı «millətçi, radikal, demokrat, türkçü»
(«Azərbaycan» jurnalı, Ankara, sentyabr, 1952-ci il) qəzetin nəşrə başlanmasından
sonra Azərbaycan mühacirəti özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Məhz
bu təşkilat və qəzetin fəaliyyəti SSRİ kimi bir dövləti silkələyirdi. Təsadüfi deyil
ki, SSRİ-nin Xarici İşlər Komissarlığı bu təşkilatın və qəzetin fəaliyyətinin
dayandırılması üçün dəfələrlə Türkiyə Hökumətinə müraciət etmiş və yalnız 1932-
ci ildə istəyinə nail olmuşdur.
Həmin dövrdə istiqlal aşiqləri Sovet imperiyası kimi bir dövlətə qarşı
ideoloji mübarizə aparırdılar. Bu gün mühacirlərin arzusu çin olmuşdur:
Azərbaycan istiqlala qovuşmuşdur. Lakin 10 yaşlı milli dövlətimizin qarşısında
çox ciddi problemlər var: ölkənin ərazi bütövlüyünün təmin edilməsi dövlətin və
millətin qarşısında duran əsas məsələdir. Bu və digər problemlərin həlli üçün
mühacirətdəki həmvətənlərimiz də fəal, faydalı, ardıcıl iş aparmalıdır. Bunun üçün
isə ilk növbədə yuxarıda qeyd etdiyimiz kimi milli ideologiya və milli dövlətçilik
prinsiplərini rəhbər tutan Proqram hazırlanmalı, təşkilat yaradılmalıdır.
Həmin Proqramın və onun əsasında fəaliyyət göstərən təşkilatın başlıca
vəzifəsi, məqsədi mühacirəti müstəqil Azərbaycan naminə səfərbər etmək,
birləşdirmək olmalıdır.
Həmvətənlərin fəaliyyətində yaşadıqları ölkə, yaxud şəhərə uyğun müəyyən
taktiki dəyişikliklər isə yolveriləndir. Lakin bütün həmvətənlər, onları birləşdirən
cəmiyyətlər mərkəzi təşkilatın tövsiyyə və tapşırığı ilə çevik və intizamlı fəaliyyət
göstərməlidir. Bunu hər şeydən əvvəl ali, müqəddəs məram – Azərbaycan
mənafeyinə xidmət tələb edir.
Tutaq ki, hər hansı bir hökumətin, yaxud beynəlxalq təşkilatın Azərbaycanın
mənafeyinə zidd hərəkətinə etiraz etmək, bu hadisə ətrafında beynəlxalq aləmdə
rəy yaratmaq lazımdır. Mərkəzi Təşkilatın işarəsi ilə həmvətənlər dünyanın
müxtəlif yerlərində eyni forma və məzmunda etiraz aksiyası təşkil edirlər.
Müxtəlif informasiya kanalları və mənbələrinin çoxaldığına, internet kimi
məlumat mübadiləsi vasitəsinin mövcudluğuna baxmayaraq, həmvətənləri
birləşdirərək səfərbər və təşkil edəcək KİV-ə, xüsusilə qəzetə böyük ehtiyac var.
Dostları ilə paylaş: |