216
əhəmiyyətlidir. Memuarın kitab halında nəşri Azərbaycan oxucuları üçün faydalı
olardı.
Ə.Yurdsevər publisistikasının səciyyəvi cəhətlərindən biri tutarlı və çoxsaylı
faktlardan məharətlə istifadə etmək, oxucunu inandırmaq, düşündürmək və
müəyyən məsələ ilə bağlı onda qəti rəy yaratmaqdır.
«Əsir millətlərin dirənişi» adlı məqaləni müəllif «Milli Azərbaycan
dövlətinin imperialist qızıl Rusiya tərəfindən istilasının 54-cü ildönümü» ilə
əlaqədar qələmə almışdır. Azərbaycan da daxil olmaqla rus boyunduruğunun
altında əzilən əsir millətlərin iqtisadi, siyasi və mədəni sahələrdə apardığı şanlı
savaşlara nəzər salan müəllif qeyd edir ki, 20 və 30-cu illərdə bu mübarizə daha
çox silahlı formalarda həyata keçirilmiş, düşmən ağır itkilər vermişdir, bununla
belə, əsir millətlərə də böyük zərbələr dəymişdir: etirazlar bolşeviklərə xas
vəhşiliklə qəddarcasına yatırılır, yüz minlərlə insan Çeka məhbusxanalarında
sorğu-sualsız güllələnir, ölüm düşərgələrində və zindanlarda çürüyürdü.
Publisistə görə, əsir millətlərin müqavimət hərəkatı daha sonra – İkinci
Dünya müharibəsi zamanı özünü Sovet Ordusunu arxadan vurma, kütləvi şəkildə
almanlar tərəfinə keçmə və milli legionların təşkili formasında təzahür etdi.
Müharibə bitdikdən sonra mücadilə qısa bir müddət ərzində nisbətən passiv
xarakter daşısa da, milli mühacirət quruluşları sovet rejiminin gerçək üzü, niyyət
və planları haqqında müəyyən ictimai rəy yaratmağa nail olmuşlar.
Ə.Yurdsevərin publisistikası mübariz ruhludur, döyüşkənliyi, cəsarəti ilə
diqqəti çəkir. Sovet dövlətinin bütün dünyaya meydan oxuduğu bir dövrdə o
yazırdı: «Əsir millətlər deyib keçməyək. Bu müəzzəm insan kütləsi Sovetlər Birliyi
deyilən millətlər zindanı əhalisinin yarıdan çoxunu təşkil etməkdədir». Publisist
böyük uzaqgörənliklə və inamla bu çoxluğun sovet rejiminin «taleyinin təyinində»
rolu olacağını yazırdı. Sovetlər Birliyindəki «müttəfiq» respublikaların öz ordusu
yoxdur, deməli, sovetlər öz «müttəfiqlərinə» güvənmirlər. Müəllif Polşa,
Macarıstan, Çexoslovakiya, Rumıniya kimi ölkələri «kommunist peyk dövlətlər»
adlandırır və yazır ki, onlar da özlərini rus əsarəti altında hiss edirlər. «Və sıyrılıb
qurtulmaq üçün dişləri və dırnaqları ilə çırpışıb dururlar. Bəziləri açıqca, bəziləri
gizli-gizli». Ə.Yurdsevər 1956-cı il Polşa və Macarıstan hadisələrini xatırlayır. O
yazır ki, Sovet Rusiyası xarici düşmənlərə qarşı raket və nüvə silahlarından istifadə
edə bilər. Lakin «ayaqlanan əsir millətlərə qarşı yox», əks təqdirdə özü də məhv
olar.
Məqalədə Ə.Yurdsevər «məmləkətlərinin hürriyyət və müstəqilliyi uğrunda
uzun illərdən bəri yoğun fəaliyyət içində bulunan» mühacirlərin rolunu yüksək
dəyərləndirir və əminliklə bildirir ki, əsir millətlərin fəal yardımı və dəstəyi
olmadan sovetlərə qarşı mücadilədə uğur qazanmaq olmaz. Müəllif məqaləni
heyrətediləcək uzaqgörənliklə bitirir. «Bu dinamit qüvvə, peyk məmləkətlər
xalqları ilə birlikdə raketlər və ya klassik silahlardan çox daha üstün dəyərə sahib
olduğunu bir gün isbat edəcəkdir!» Tarix Ə.Yurdsevərin dediklərini 15-20 ildən
sonra təsdiq etdi. «İnsanlıq üçün utanc qaynağı olan bir problem» (515) adlı yazı
nəinki Ə.V.Yurdsevərin yaradıcılığında, eləcə də bütün mühacirət irsində nəzəri
çəkən nümunədir: artıq «Azərbaycan istiqlal savaşından səhnələr» kimi möhtəşəm
memuar yaradan Ə.Yurdsevər öz qələminin gücünə və istedadına güvənərək, son
217
dərəcə ciddi, cəsarətli və analitik bir yazı ortaya qoymuşdur. Burada insan haqları,
bununla bağlı beynəlxalq təşkilatların fəaliyyəti, «nüvə silahlarından daha güclü
olan propaqanda silahı», onun rolu, Sovetlər Birliyindəki əsir millətlərin iqtisadi,
mədəni, mənəvi-milli təzyiqlərə məruz qalması və s. kimi məsələlər tarixi-hüquqi
baxımdan qiymətləndirilir, düzgün, aydın elmi-nəzəri nəticələr çıxarılır, «bütün
insanlıq üçün daimi utanc qaynağı əsir millətlərin» bugünkü faciəvi durumunun
aradan qaldırılması üçün təkliflər dilə gətirilir. Müəllif yazır ki, Sovetlər Birliyində
insanın azad danışmaq, yazmaq, oxumaq, yer dəyişmək, iş tapmaq, ibadət etmək,
fikir və tənqid söyləmək, siyasi, iqtisadi, ictimai, mədəni sahələrdə təşkilatlanmaq,
biznes fəaliyyəti işlə məşğul olmaq və s. kimi hüquqları yoxdur. Yerli xalqların öz
tarixi, ədəbiyyat, dil, adət və ənənələrindən uzaqlaşdırılmasına, «tək dövlət, tək
dil» düsturunun gerçəkləşdirilməsinə səy göstərilir.
Afrikada müstəmləkəçiliyə son qoyulduğu halda, «qızıl Rusiyada və
kommunist Çində daha da sərtləşmiş və qatılaşmışdır» yazan Ə.Yurdsevərin bu
məqaləsi bütün bəşəriyyətə, beynəlxalq təşkilatlara bir səsləniş, çağırışdır: «onların
qarşısı alınmazsa… dünyada barış və güvənlik qurulmayacaqdır».
Jurnalın həmin nömrəsində Ə.Yurdsevərin bu mövzuya dair daha iki
məqaləsi verilmişdir. «Əsir millətlərin həftəsi», «Gelenekləşən həftə». Həmin
yazılar «Azərbaycan»ın 1959-cu il nömrələrində də – ABŞ Konqresi və
prezidentinin «Əsir millətlər həftəsi» elan etdiyi zaman dərc edilmişdir.
Ə.Yurdsevər əsir millətlərin adından yazır: «Biz azadlığa qovuşsaq, bütün
bəşəriyyət rahat nəfəs ala biləcəkdir. Əksinə olsa, bizim fəlakətimiz bütün
dünyanın fəlakətinə səbəb ola bilər. «İnsan haqları baxımından millətlər arasında
fərq qoyula bilməz. Hər millət üçün hürriyyət və istiqlal müqəddəs bir haqdır.
Düşmənimiz (Sovetlər Birliyi nəzərdə tutulur – A.T.) müştərək olduğu kimi,
mücadiləmiz də müştərəkdir».
Yeri gəlmişkən qeyd edək ki, ABŞ prezidenti D.D.Eyzenhauen 1959-cu ilin
17 iyulunda imzaladığı «Əsir millətlər həftəsi» bəyannaməsində Sovet İttifaqının
dünyanın hər tərəfində bir çox millətləri əsarətdə saxladığı, SSRİ-dəki millətləri
milli istiqlal haqlarından və fərdi hürriyyətlərindən məhrum etdiyi göstərilir, bütün
dünya millətlərinin hürriyyət və istiqlal qazanacaqları günə qədər hər il bu həftənin
qeyd olunacağı bildirilir. Azərbaycan mühacirləri bəyannamə elan olunduğu
vaxtdan onu alqışlamış, sənədin onların da iradəsini ifadə etdiklərini bəyan
etmişlər. Ə.Yurdsevər acı təəssüflə yazırdı ki, biz bu sənəddən də əvvəl bütün
insanlığı «bu vəhşət sisteminə qarşı mücadiləyə dəvət edirdik. Bu həqiqətləri İkinci
Dünya müharibəsindən sonra da yazdıq və hayqıra-hayqıra söylədik. Duyan və
ibrət alan olmadı. Bunun üçündür ki, Avropanın önəmli bir qismi də dəmir pərdə
arxasında qaldı. Yenə gerçəkləri gözlər önünə gətiririk. Mədəni və demokratik
məmləkətlər yenə qəflət yuxusuna qalacaq olsalar, bu səfər Avropanın qalan qismi
də günün birində Sovet tələsinə düşə bilər!.. Sovetlər Birliyinin dünyaya meydan
oxuduğu dövrdə – 70-ci illərdə Azərbaycan mühacirinin-publisistinin bu cəsarətli
harayını, çağırışını fədakarlıq nümunəsi hesab etmək olar.
Ə.Yurdsevər publisistikası ilə tanış olduqca, elə təsəvvür yaranır ki, bu
qələm sahibinin toxunmadığı mövzu, müraciət etmədiyi taleyüklü məsələ yoxdur.
Təsadüfi deyil ki, onun yaradıcılığında sovet din siyasətinin tənqidi də mühüm yer
Dostları ilə paylaş: |