208
duyğularına tərcüman olunduğu üçün eynən çap edirik». Yeri gəlmişkən qeyd edim
ki, jurnalın 50 il bundan əvvəl buraxılan həmin nömrəsi xüsusi mövzuya –
Azərbaycan Xalq Cümhuriyyəti qurulmasının 40 illiyinə həsr olunmuşdu və nəşrin
baş məqaləsi bu sözlərlə başlayır: «Bir millətin həyatında hürriyyətə, istiqlala və
milli azadlığa yetişdiyi gün ən əziz, ən xoşbəxt və ən müqəddəs bir gündür. Bu gün
günlərin əfəndisidir. Ən ülvi qayələrin, yüksək idealların gerçəkləşdiyi bir gündür.
İstibdad zəncirinin, köləlik bağlarının çözüldüyü gündür».
Jurnalda «Azərbaycan» qəzetinin 1918-1919-cu il nömrələrində dərc
olunmuş Azərbaycanın istiqlala qovuşması ilə bağlı tarixi sənədlər,
M.Ə.Rəsulzadənin «Nə böyük bayram», N.Yusifbəylərin «Azərbaycan Milli
Hökumətinin bəyannaməsi» («Azərbaycan» qəzeti, 28 may 1919), eləcə də Mirzə
Balanın irihəcmli «Qafqaz ölkələrində istiqlal elanının 40-cı ildönümü
münasibətilə», Süleyman Təkinərin «İdeallar, ideologiyalar, ideoloqlar», Əhəd
Uralın, şair Gültəkinin «Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa,
yaşa, ey şanlı Azərbaycan» misraları ilə başlayan «Şanlı bir bayram», Nağı
Keykurun (Şeyxzamanlı) «Xatirə dəftərindən bir yarpaq», Əli Volkanın «İstiqlal
həyatımızdan bir xatirə» adlı məqalələr, 28 May münasibətilə Ankarada,
Münhendə, Vaşinqton və Nyu-Yorkda keçirilən tədbirlərdən xəbərlər, Türkiyədə
və İngiltərədə nəşr edilən qəzet və kitablardakı Azərbaycanla bağlı materialların
icmalı və s. verilmişdir. Jurnal Teymur Atəşlinin istiqlal bayramı münasibətilə
«Bizim bağçamız» və «Üsyan» adlı şeirlərini də dərc etmişdir.
Sonda İslam Səfərlinin vaxtilə iki «Azərbaycan» jurnalında dərc olunmuş və
heç vaxt aktuallığını itirməyəcək «Ana dili» şeirindən bir bəndi verməklə fevralın
12-də anadan olmasının 85 illiyini qeyd edəcəyimiz şairin əziz xatirəsini hörmətlə
yad edirik:
Dilim – bir dağ çeşməsidir,
Ürəyimdən dodağıma süzülür…
O çeşmənin gözünü gözüm qədər sevirəm,
Onun hər damlasını, özüm qədər sevirəm.
Əlbəttə, şair-dramaturq İ.Səfərlinin bu gözəl əsərinin «dəmir pərdə»dən –
SSRİ-dən sızaraq Türkiyəyə çatdırılması və orada mühacirlər tərəfindən sevə-sevə
dərc edilməsi faktı da bir daha Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan
mücahidlərin fədakarlığına parlaq nümunədir.
«Ədəbiyyat qəzeti», 8 fevral 2008.
Gözləri dolu buludlar…
Azərbaycan mühacirət mətbuatı xarici ölkələrdə məskunlaşan həmvətənlərin
təkcə istiqlal uğrundakı mübarizəsini işıqlandırmaqla kifayətlənmir, eyni zamanda
Azərbaycan mədəniyyətini, ədəbiyyat və incəsənətini geniş təbliğ edir, bu yolla da
209
yurddaşlarımızın qəlbindəki Vətən sevgisini qoruyur, artırır, onların öz dilini,
tarixini unutmaması üçün faydalı iş görürdü. Digər tərəfdən isə, yaradıcı ziyalılar
mühacirətdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı xəzinəsinə diqqətçəkən töhfələr
də bəxş edirdilər ki, həmin materiallara da mühacirət mətbuatı öz səhifələrində
geniş yer verirdi.
Bu mənada Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin
orqanı olan «Azərbaycan» jurnalının xidmətləri xüsusilə təqdirəlayiqdir. Jurnal
Azərbaycanın klassik yazıçı, şair və incəsənət xadimlərinin həyat və
yaradıcılığından bəhs edən maraqlı əsərlər çap etməklə yanaşı, qürbətdə yaşayan
həmvətənlərin yaradıcılığını da geniş işıqlandırmışdır.
Almaz İldırım, Kərim Yaycılı, Gültəkin, Həlim Narlıdərəli, Əhməd Qaraca,
Murad Baha, Sənubər Qaryağdı, Əli Usta Vulkan, Teymur Atəşli, Əhməd Təkin və
onlarca digər qələm sahiblərinin şeir və hekayələri «Azərbaycan» jurnalında dərc
edilmişdir.
Doğma yurd-yuva nisgili, Vətən həsrətli həmin şeirlərin oxucular tərəfindən
maraqla qarşılanacağını nəzərə alıb jurnalın ilk nömrəsində (1 aprel 1952-ci il)
dərc olunmuş bir neçə şeiri təqdim edirəm.
Dağlar
Öpərkən alnından füsunlu bir yaz,
Axıyor döşündən sellər, a dağlar,
Yaşıl, zümrüd gözlü yamaclarında
Açılır lalələr, güllər, a dağlar…
Tarixdə namının silinməz şanı,
Karvanlar boynunun qızıl mərcanı,
Sinəndə kəsər ellər qurbanı,
Keçirirkən ağır illər, a dağlar.
Torpağın cəvahir, daşların almaz,
Çamlıqlar geyinmiş ipəkdən libas,
Bəzən bilməm, neyçün saxlıyorsan yas,
«Quzğun»dan əsərkən yellər, a dağlar.
Çəkilmiş qəlbinə əskidən min dağ,
Titriyor eşqini anan hər dodaq,
İllər şikəstə səsləri dağ-dağ;
Nə söylər bu qərib dillər, a dağlar...?
Boynunda qızlardan rəngin bir dəstə,
210
Lalələr dağılmış yolların üstə,
Sən gəl bu ölkədən min qurban istə,
Səndən əsirgəməz yollar a dağlar.
Almaz İldırım
Buludlar
Gözləri dolu buludlar,
Salam söyləyin, söyləyin…
Nerelərə yolçuluq var,
Salam söyləyin, söyləyin…
Ayrı düşmüşəm bunca,
Heç gülmədim, mən doyunca.
Araz nehrinin boyunca,
Salam söyləyin, söyləyin…
Könül baxmaz yoxa, vara,
Düşünməsin qara-qara.
Gözü yolda qalan yara,
Salam söyləyin, söyləyin.
Əhməd M.Qaraca
Gözəlim Gəncə!
Yaşılmıdır bağların əskisi kimi?
Səndən ayrıldım öz elim Gəncə!
Gözümdə həsrətin incisi kimi,
Damlar tahassürün gözəlim, Gəncə!
Dünyayı dolaşdım heç yoxdur eşin,
Yaparkən ruhumda həsrət atəşin,
Vəfasız! Deyərək, sitəm edişin:
Mənə sevinc deyil, bir ölüm Gəncə!
Duydum ki, yazların qışa çevrilmiş,
Dostları ilə paylaş: |