280
qarı birgə üşütdü, qızmar yayında birgə isindik. Eyni məktəbdə eyni müəllimlərdən
dərs aldıq, eyni insanların əhatəsində boya-başa çatdıq. Bütün bu amillər həyat və
düşüncə tərzimizdə yaxınlığın, doğmalığın əsasını qoydu. Bu təbii təməl görünən
və görünməyən milyon tellərlə bizi bir-birimizə bağladı. Yaşımızın və həyatımızın
müəyyən mərhələsində daha tez-tez təmasda olmağa, tez-tez ünsiyyətə ehtiyac
yarandı. Bu cür təşəbbüslərin kim tərəfindən gəlməsindən asılı olmayaraq, tədbirlər
Rafiq Mirzəyevsiz keçmirdi. Dostların hər biri – Ağalar İbrahimov, Mirzəbala
Əmrahov, Vahid Babayev, bu sətirlərin müəllifi onun məsləhətləri ilə dərhal
hesablaşırdı. Belə görüşlərin birində Ağalar müəllim «tərifləyin bir-birinizi,
özümüzü tanıyandan, dərk edəndən bu günə kimi tərifləmişik, bir-birimizin şəninə
xoş sözlər demişik, yenə də deyək!» - deyə yarızarafat, yarıgerçək bildirdi.
Məclisdə biz Rafiqin də ünvanına, o ki var, layiq olduğu sözləri qəlbimizdən
dilimizə gətirdik. O, etiraz edib, başını aşağı salıb, «bəsdir, bəsdir» - deyib, biz isə
davam etmişik. Yaxşı ki, belə olub…
Ot kökü üstə bitər
Rafiq nəinki Nohurqışlaqda, bütün bölgədə tanınan, hörməti, nüfuzu olan,
böyük nəslin layiqli davamçısı idi. Doğrudur, ulu babası Hacınəzirin, babası
Əhməd kişinin nəslinə çox təlatümlü bir həyat nəsib olmuşdur. Ötən əsrin 30-cu
illərində Əhməd kişi qolçomaq nəslindən olan əksinqilabçı, düşmən kimi həbs
edilib Sibirə göndərilmişdi. Lakin gec də olsa, haqq öz yerini tapmış, o bəraət
almışdı. Bu nəsildən pərvazlanan bütün övladlar tərbiyəsi, təhsili, yüksək
mədəniyyəti, əməli ilə çox böyük hörmət sahibi olmuşlar. Rafiq də öz nəslinə,
nəcabətinə xas həyat tərzi sürürdü. Kimi onu «zadəgan», kimi «bəy» kimi
xarakterizə edirdi.
Rafiq öz kökünə layiq 2 övlad böyüdürdü: Vüsal və Tural. Əminəm, Rafiqin
tərbiyəsini görən bu iki gənc, heç şübhəsiz, atalarının xoş məramlı, xoş niyyətli
əməllərinin davamçıları olacaqlar.
Son görüĢ
Ölümündən iki gün əvvəl Rafiqlə kəndə getmişdik. Yolda məlum oldu ki,
Rafiqin həmin gün kəndə getmək niyyəti yoxmuş. Səhər yuxudan durub və qərar
verib: kəndə gedirəm. Ertəsi gün Bakıya qayıtmağa hazırlaşırdıq ki, qəfildən Vahid
həkimə zəng vurdu, onunla görüş təyin etdi. Mənə isə dedi: Doktoru çoxdan
görmürəm, gedim görüşüm. Etibarsız dünyadır. Bəlkə, bir də görmədim.
Ata-anası, bacı-qardaşları, dost-tanışları ilə vidalaşmaq üçün yola çıxıbmış.
Doğma kəndə, elə-obaya, bizim dağlara «salamat qal» demək üçün tələsirmiş. Heç
demə, o kəndə son səfərə, son görüşə gedirmiş…
«525-ci qəzet»,
dekabr 2006.