58
İki od arasında qalmış Azərbaycana məhəbbət «Vaqif» pyesinin əsasını təşkil
edir. Hadisələrin gedişində və inkişafında, ayrı-ayrı obrazların monoloqlarında,
dialoqlarda Azərbaycan sevgisi hakimdir. Şair müxtəlif ədəbi üsullarla bu yurdun
keçmişi, xalqın tarixində baş vermiş hadisələr barədə tamaşaçıya məlumat verir. Bu
baxımdan Eldarın monoloqları səçiyyəvidir. Bu monoloqlar əsasən Azərbaycanın
yaşamış olduğu məhrumiyyətlərlə bağlıdır. Eldar ilk monoloqunda tarixin müxtəlif
mərhələlərində xalqın ağır güzəran keçirdiyinə işarə etmiş, öz sərvətinin sahibi
olmadığını göstərmişdir:
Bir ağ gün görmədi bizim sonalar,
Öldü diri gözlü yazıq analar.
Yeri şumlayan biz, onu əkən biz,
Böyük sarayları qurub tikən biz.
Qışın şaxtasında taxıl becərən,
Nə rahatlıq görən, nə yuxu görən
Bizik, biz! Yenə də öldük acından,
Asıldıq hər zaman dar ağacından. (134, 69)
Göründüyü kimi, yenə şairin narahatlığı insanın ağır güzəranı, maddi və mənəvi
sıxıntıları ilə bağlıdır. «Nə vaxt qurtaracaq pis gündən insan»? sualı isə bu və ya digər
dərəcədə bütün dövrlərə aiddir.
Eldarın ikinci monoloqu Azərbaycanın keçmişinə qısa bir səyahətdir. S.Vurğun
Eldarın dili ilə bir daha üzünü «Qız qayası» poemasından bizə tanış olan eyni adlı
qayaya tutur:
Budur Qız qayası-hicran yuvası!
Başından çox əsmiş ölüm havası.
Bağrını deşdikcə hər soyuq külək
Ah çəkib, of demiş, köks ötürərək...
Of, yazıq analar, of, igid vətən.
59
Nələr çəkməmişsən bu dünyada sən...
Sinəndə at çapan şahlar, xaqanlar
Səni parçaladı, diddi ətini,
Qəlbini, hissini, məhəbbətini... (134, 99)
Şair bu dəfə Qız qayasına Azərbaycanın rəmzi kimi müraciət etmişdir.
S.Vurğunun əsərdə təsvir etdiyi hadisələr əsasən Vaqiflə əlaqədar verilir.
Tədqiqatçılar Vaqif barədə danışarkən onu ümumiləşmiş surət hesab edirlər. «Vaqif
böyük Azərbaycan yazıçılarının ən başlıca xüsusiyyətlərini özündə toplayan surətdir.
Yəni müəllif bizə tarixdən məlum olan Molla Pənahın şəxsi xüsusiyyətlərini
verməklə bərabər, eyni zamanda xalqımızın yaratdığı böyük şairlərin ən gözəl
cəhətlərini də göstərməyə səy etmişdir. Gözəllərə şer deyən, yaşılbaşları tərifləyən,
təbiətin gözəlliklərindən nəşə duyan, özünün dediyi kimi, «dünyanın hər şərbətini
içməyə» çalışan rübabı şair Vaqif eyni zamanda ağıllı bir dövlət xadimidir,
diplomatdır, vətənpərvərdir, xalqının dərdini düşünən gözəl bir vətəndaşdır». (108,
20)
Vətənpərvər və vətəndaş olan qələm sahiblərimiz öz xalqını düşünməklə bərabər
başqa xalqlara da eyni gözlə baxmış, ümumbəşəri ideyaları təbliğ etmiş, xalqları
dostluğa, əməkdaşlığa səsləmişdir. S.Vurğun milli və ümumbəşəri xüsusiyyətləri
məhz Vaqif obrazı üzərində cəmləşdirmişdir. Vaqif, hər şeydən əvvəl, böyük
vətənpərvərdir, öz vətənini, xalqını və dilini müdafiə edir.
Vaqifin özünəməxsus xüsusiyyətləri onun Vidadi, Eldar və başqa adamlarla
söhbətlərində, İbrahim xan və Qacarla qarşılaşdığı səhnələrdə, habelə başına gələn bir
sıra hadisələr zamanı meydana çıxır. Əsərin əvvəlində Salahlıya-Vidadi ilə görüşə
gələrkən kənd ağsaqqallarından Qurban kişi onu ərklə məzəmmət edir. Qurban kişi
üzünü Vaqifə tutub deyir ki, sən gözümüzün işığı, məclislərin yaraşığı idin, gəlinə-
qıza şer deyərdin. «Onu da çox gördün axırda bizə?»
60
Vaqif bu ağsaqqala belə cavab verir:
Yox, yox, Qurban əmi, mənə dünyada
Bu ellər, obalar gülzar görünür.
Gözüm gözünüzdən uzaq olsa da,
Könüldən-könülə yollar görünür. (134, 17)
Qurban kişinin bu «məzəmmət»ində də Vaqifə el sevgisinin şahidi olur, ona
böyük ehtiram göstərildiyini hiss edirik. Göründüyü kimi, Qurban kişi ona birbaşa
demir ki, gözəl məclislərin yaraşığı olduğunu, gəlinə-qıza şer dediyini, yəni nikbin
hərəkətlərinlə camaatı şad etdiyini axırda bizə çox gördün. Qurban kişi bunu
Vaqifdən çox mülayimliklə soruşur: «Onu da çox gördün axırda bizə?»
Vaqif sarayda təqib olunanda, mənəvi sarsıntılara məruz qalanda yenə də bağlı
olduğu xalqı, eli-obanı düşünür:
O təmiz duyğular, o saf ürəklər,
Bənövşə qoxulu sərin küləklər,
Başına döndüyüm güllər, çiçəklər –
Tərlanlar oylağı yadıma düşdü... (134, 56).
Vaqif elə-obaya bağlı olmaqla bərabər, həm də demokratik ruhlu dövlət xadimi,
uzaqgörən diplomatdır. O, vəfalı dost, mehriban valideyn, möhkəm iradəli bir
insandır.
Vaqifin İbrahim xana dediyi sözlər Vətənin işıqlı gələcəyi barədə onun xoş
arzuları, istəkləridir. Bu insanın əməli fəaliyyətinin əsas qayəsi budur:
Kor kimi qalmasın insan.
Qalxsın cəhalətin qaranlığından!
Açılsın hər yerdə məktəb, mədrəsə,
Balalar quş kimi versin səs-səsə,
Dağların döşündən yollar çəkilsin,
61
Yollar kənarında güllər əkilsin,
Nəğmələr bəzəsin vətən mülkünü;
Mən də qoca vaxtı görüm o günü. (134, 36)
Bu arzuların reallaşması isə bir şeylə bağlıdır:
Məncə, nə olsa da, bu gündən belə,
Vicdan azadlığı lazımdır elə. (134, 35)
Məhz bütün bunların nəticəsidir ki, əsərdə İbrahim xan Vaqifi bu cür ittiham
edir:
Sən elin dostusan, elin yarısan. (134, 39)
Bu, doğrudan da belədir. Vaqif kimi böyük təbiətli adamlar məhz elin dostu,
sirdaşı olmalıdırlar. Özünün dediyi kimi:
Dünya yaranmamış ötərgi bir səs,
Günəş qaranlıqda yaşaya bilməz... (134, 39)
İbrahim xan pyesdə əlindən heç nə gəlməyən, fərsiz, qorxaq, hətta öz vəziri
Vaqifin həyat yoldaşına pis gözlə baxan bir şəxs kimi verilmişdir. Əslində isə tarixi
şəxsiyyət olan İbrahim xan uzun müddət Qarabağ xanlığına başçılıq etmişdir.
Əlbəttə, «Vaqif»in yazıldığı dövrdə və şəraitdə İbrahim xanı müsbət bir surət kimi
vermək mümkün deyildi və bunu şairdən tələb etmək də olmazdı. Bununla belə
S.Vurğun bu barədə o dövrün ədəbi tənqidinin fikri ilə razılaşmış və 1946-cı ildə belə
yazmışdır: «Mən çox sevdiyim «Vaqif» əsərinin gələcək taleyini düşündüyüm zaman
orada yol verdiyim bir çox təhriflər, xüsusən İbrahim xan surətinin təhrifi məni çox
yandırır, lakin əsər elə bir vəhdət təşkil edir ki, mən hələ də bu təh-rifi, əsərin bədii
təsirini azaltmamaq şərtilə, düzəltməyə çox çətinlik çəkirəm». (135, 375) Səməd
Vurğun
Dostları ilə paylaş: |