47
lir. Bu xətlərin hər ikisində tarixi təfərrüatla yanaşı müasir, fərdi-avtobioqrafik
məqamlara da aşkar işarələr var. Nəzərə alsaq ki, «Vaqif» 1937-ci ildə yazılıb və
1938-ci ilin 5 oktyabrında tamaşaya qoyulub, onda burada təsvir olunan XVIII əsr
hadisələrində 1937-ci ilin «podtekstini» tapmaq çətin olmaz».(100, 311).
«Hökmdarın hüzurunda» olmuş görüşlərdən birini xalq şairi Süleyman Rüstəm
əlli ildən sonra belə xatırlamışdır: «1938-ci ildə Səmədlə məni yanına çağırtdırmışdı.
(M.C.Bağırov nəzərdə tutulur – A.B.). Getdik ki, Topuridze - NKVD-nin o vaxtkı
rəisi də yanındadır. Səməd irəli yeriyib əl uzatdı:
-
Salam, yoldaş Bağırov...
-
Çək qanlı əlini! Mənə uzatma! Oturun görüm!
Çaş-baş halda oturduq.
- Stolun üstündəki papkaları görürsünüz? Bunlar sizin «delo»larınızdır. Sizi
aparmaq istəyirlər. Dedim: əvvəl çağırım, özüm dindirim, sonra aparsınlar».(70).
Həmin dövrdə S.Vurğunla bağlı hadisələrə aid maraqlı tədqiqatlar aparmış
filologiya elmləri namizədi Bədirxan Əhmədov bildirir ki, M.C.Bağırovun şairin
salamını almaması faktı S.Rüstəmin xatirəsi ilə yanaşı, tarixin yaddaşında da yaşayır,
özü də fərqli şəkildə. Tədqiqatçının üzə çıxardığı «tarixin yaddaşı» şairin «qələm
dostlarından» birinin S.Vurğun haqqında verdiyi danosdur. Şairin «millətçi» olmasını
sübuta çalışan danosçu M.C.Bağırovun ona əl verməməsi faktını da özünə
söykənəcək, dayaq edərək yazmışdır: «...təsadüfi deyil ki, AK/b/P MK-da Bağırov
yoldaş bir çox yazıçılarla vidalaşarkən S.Vurğuna əl verməmiş və bildirmişdir ki,
Səməd buna layiq deyil...»(68). Tədqiqatçı onu da sübut edir ki, bu hadisə 1938-ci
ildə yox, məhz 1937-ci ildə baş vermişdir.(68).
Ömrünün ahıl çağında S.Rüstəmin, yaxud «tarixin yaddaşında» necə
yaşamasından asılı olmayaraq söhbət «hökmdarın hüzurunda» şairin bərkə-boşa
çəkilməsindən, «olum-ölüm» məsələlərindən gedir. Yəqin ki, bu görüş «Vaqif»in o
zaman yaran-
48
maqda olan səhnələrindən birinə köçmüşdür:
«Vaqifi gətirirlər.
Qacar
(heyrətlə)
Aha, baş əyməyir hüzurumda bu!
Şeyx
Yoxdur vicdanında qanun qorxusu.
Qacar
(Vaqifə )
Şair, hökmdarın hüzurundasan! (134, 85).
S.Vurğun bu son misranı qələmə alanda heç şübhəsiz, M.P.Vaqif və 1797-ci illə
yanaşı, özünü və qələm dostlarını, habelə yaşadığı 1937-ci ili də düşünmüşdü.
M.Vəkilov həmin günləri belə xatırlamışdır: «...qələm dostlarının taleyi onu narahat
edirdi. Səməd Vurğun ziddiyyətli düşüncələr içində hər gün, hər gecə qocalırdı. Məhz
belə bir zamanda, od kimi yandıran iztirablar, daxili ürək çırpıntıları və tərəddüdlər
içində o, «Vaqif»i yazdı. S.Vurğun öz taleyinə əvvəlcədən acıyaraq Vidadinin dili ilə
deyirdi:
Şairdir, qəlbi var, şirin sözü var,
Böyük bir ölkənin onda gözü var.
O ölsə... dağlar da dil deyib ağlar,
Əfv edin, yaxşılıq qalır yadigar».(173, 135-136).
1937-1938-ci illərin məlum hadisələri Səməd Vurğuna da ciddi təsir göstərmişdi
və onun həbsinə hazırlıq görülürdü. Azərbaycan yazıçılarının 1937-ci il iyunun 10-
12-də keçirilmiş ümumi yığıncağı barədə mətbuatda oxuyuruq: «M.K.Ələkbərlinin
çıxışı qənaətbəxş olmamışdır... ASYİ katibi Səməd Vurğun «Kommunist»də dərc
olunan «Averbaxçılığın kökünü kəsməli» adlı məqa-
49
lənin əhəmiyyətini anlamamış, partiya qrupuna verdiyi bəyanatında bu məqaləni
partiya orqanı tərəfindən ittifaq əleyhinə çevrilmiş bir böhtan kimi qiymətləndirmiş
və ancaq kəskin tənqiddən sonra səhvini etiraf etməyə məcbur olmuşdur».(90).
İclasda belə bir ittiham da irəli sürülür ki, məhz S.Şamilovun və S.Vurğunun
«sinfi sayıqlığını itirməsi, siyasi korluğu, çürük liberalizmi sayəsində xalq
düşmənləri, yapon-alman faşist agentləri, trotskiçi, nasional-uklonist, müsavatçı,
pantürkist ünsürlər (Əli Nazim, Əhməd Cavad, Hüseyn Cavid, Sanılı, Yusif Vəzir,
Seyid Hüseyn, Musaxanlı, Müşfiq, Salman Mümtaz...) Azərbaycan Sovet Yazıçıları
İttifaqına soxulmuşlar».(90).
Adı çəkilənlərdən bir çoxunun taleyi artıq məlum idi. Bu yığıncaqdan bir az
sonra S.Şamilov da həbs edilmişdir. S.Vurğunun həbsi barədə isə yazılı qərar
çıxarılmışdı...
Onu da qeyd etməliyik ki, həmin dövrdə şair eyni zamanda maddi sıxıntı
içərisində olmuşdur. O, qızı dünyaya gələndə doğum evinin qapıçısına bağışlamağa
bir manat tapmır, qardaşının sonuncu «üçlüyünə» papiros alırdı.(173, 135)
S.Vurğunun həyat yoldaşı Xavər xanım həmin vaxtlar şairin təqib olunması barədə
ürək ağrıdan faktlar söyləmiş və belə bir hadisə danışmışdır: «Şamaxı yolunda cəmi
bir neçə çarpayılıq doğum evi vardı. 1937-ci il sentyabrın 9-da həmin doğum evində
Aybəniz (şairin qızı – A.B.) dünyaya gəldi. Yusifdən (şairin böyük oğlu – A.B.) sonra
qızımız olduğundan çox sevindik. Səmədin uçmağa bircə qanadı yoxdu. Bir neçə
gündən sonra Səmədlə birlikdə Mehdi qağa (yazıçı Mehdi Hüseyn – A.B.) bizi
xəstəxanadan çıxarmağa gəlmişdi. Mən qapıçıya vermək üçün Səməddən bir manat
istədim. Səməd ciblərini yoxladı, bir şey çıxmadı. Mehdiyə: Əlini cibinə sal, gör bir
manatın varmı? - dedi.
- Yoxdu, hamısını yığıb fayton tutduq».(35).
O vaxtlar həbs olunanlar işgəncələrə dözməyərək istənilən adamı, o cümlədən
S.Vurğunu da öz ifadələrində çox asanlıqla «xalq düşməni» edirdilər. Ruhulla
Axundov 1937-ci il aprelin 9-
Dostları ilə paylaş: |