185
Çoxdur...Rus...Ukrayna...Özbək və tatar,
…Belorus...azərbaycanlı...
Gürcülər...türkmənlər...kürdlər...qazaxlar–
Hamısının məsləki, məqsədi şanlı,
Hamısı bir məhəbbət yolçularıydı,
Hamısının öz eşqi, qəlbi varıydı. (134, 237)
Valentinin söhbətindən məlum olur ki, 30 il qabaq müxtəlif millətlərin
nümayəndələri burada faşist ordusu ilə ölüm-dirim mübarizəsinə girişmiş, bəşəriyyəti
faşist taunundan xilas etmək naminə qan tökmüşlər. Həmin döyüşlərin iştirakçısı
memar Valentinin yaratdığı abidə isə «o qanlı günlərdən bir yadigardır», şəhidlərin
xatirəsinə gözəl hədiyyədir:
Yüz dildə, min dildə dastan deyilsə,
Bu qardaş qəbrinin tarixi vardır. (134, 237)
Əsərdə ayrı-ayrı millətləri təmsil edən adamların mənəvi birliyi və bir-birinə
səmimi münasibəti qabarıq verilmişdir. Məhz bu birliyin bəhrəsi kimi «Qardaşlıq
şəhəri» meydana çıxmışdır.
Şahbazla Valentinin dostluğu od-alov içində, ağır sınaq günlərində yaranır.
Onlar tanış olarkən filosof Şahbaz memar Valentinə belə deyir:
Gəlin, yoldaş deyil, bir qardaş olaq.
Pis gündə, xoş gündə bir sirdaş olaq.
Bu sözlərlə Valentinin cavabı da səmimi təsir bağışlayır:
Göydən buz töksə də ömrün rüzgarı
Sönməz cəbhələrdə yaranan ülfət
Bu böyük dostluğa and içirəm mən. (134, 279)
186
Bu dostluq, məslək və əqidə eyniliyi ümumi düşmənə qarşı aparılan qanlı
döyüşlərdə xalqların sarsılmaz birliyini əks etdirir. Ağır illərdə yaranan bu ülfət
nəsildən-nəslə keçir, Kiçik Şahbazla Valentinin qızı Tatyana ailə qururlar. Bu
talelərin birləşməsi dostluq, birlik ideyasını daha da dərinləşdirir.
Əsərin əsas məziyyətlərindən biri başqa xalqlara, o cümlədən rus xalqına səmimi
münasibətin təsviridir. Faşist təbliğat naziri Albert Qafqaz xalqlarını ələ gətirmək
üçün məlum üsuldan istifadə etməyə çağırır. O belə hesab edir ki, bu xalqların
ruslarla köhnə ədavəti var. Məhz bu yolla hərbi əsirləri, o cümlədən filosof Şahbazı
faşistlərin tərəfinə çəkmək olar. Lakin faşist generalı Fon Hols təəssüflə etiraf etməli
olur:
Lakin...təəssüf ki, dəyişmiş onlar...
Onlarda duz-çörək, bir də etibar,
Yoldaşlıq hissi də çox möhkəm olur. (IV, 298)
S.Vurğun bu misralarda eyni zamanda Azərbaycan xalqının dostluğa, duz-çörəyə
sədaqətini ifadə etmiş olur.
Alman zabiti Hans Albertə belə «məlumat verir»:
Əcəb, çox inadmış, inadmış ruslar,
Nə ölüm, nə aclıq, nə soyuq, nə qar
Qırmayır onların iradəsini. (134, 295)
Düşmən zabitinin bu etirafı rus xalqının qələbəyə inamını və iradəsini əks etdirir.
Valentinin anası, sadə rus qadını Mariya faşistlərin əsiri olsa da, əzablar və
məhrumiyyətlər onun mənliyini sındıra bilmir. Gəlini Nataşanın faşistlərə satılması,
əxlaqsızlığı ona çox əzab verir. Onun Mariyanın hərəkətləri ilə əlaqədar dedikləri əsir
və köməksiz bir qadının dilindən deyilsə də, əzəmətlə səslənir:
187
Böyük tanrım, yerdə qoyma bu zilləti,
Xar eləmə sən qocaman bir milləti! (134, 272)
Bu sözlərdə sadə rus qadınının vüqarını, öz xalqına məhəbbətini və inamını
görürük.
Şair əsərdə maraqlı və rəngarəng obrazlar yaratmışdır. Şahbaz, Səhər, Valentin,
Mariya, Dildar, İslam, Cəlal, Güloğlan, Kiçik Şahbaz, Tatyana obrazları humanist
duyğularla aşılandığı kimi, Albert, Fon Hols, Amaliya, Hans və b. simasında
faşistlərə və faşizmə məxsus cəhətlər göstərilmişdir.
Artıq şairin əlavəsindən gördüyümüz kimi, Şahbaz, «xəyallar dünyasına daha
çox mayil, adi həyat qaydalarına çox da riayət etməyən gənc bir filosofdur. İdealizm
dünyagörüşünün hələ də onda bir çox izləri vardır. Lakin o, insanlardan küsdüyü
vaxtları belə yenə insanlara bağlıdır». (157) «Əsgəri olduğu müharibə» isə onda yeni
keyfiyyətlərin meydana gəlməsinə səbəb olur. O, bütün dünyanı azad və xoşbəxt
görmək istəyir, «...insanların səadəti haqqında düşünür, faşizmin irqçilik siyasətini
ifşa edir, insanların xoşbəxt gələcəyinə inanır, hətta öləndə də «Yaşasın həyat!» -
deyir». (111, 183)
Bütün bunlarla birlikdə o, «...təpədən dırnağa qədər azərbaycanlı idi, doğma
Odlar diyarını təmsil edirdi. Həm də təklikdə, ayrılıqda yox, bütün ətrafdakılarla,
ünsiyyətdə olduğu həmvətənlərilə birlikdə». (179, 230)
Şahbazın möhkəm xarakteri onun faşist təbliğat naziri, filosof Albertlə
qarşılaşdığı səhnədə meydana çıxır.
Albert bildirir ki, o, kitab yazmışdır. Onun fikrincə, düzlük, dostluq və ülfət
yalnız insanın zəifliyi nəticəsində baş verir. «Süngüsü və bombası çox» olanın
vicdana ehtiyacı yoxdur.
Lakin öz əqidəsini hər şeydən üstün tutan Şahbaz Nitsşeni qəbul etmir. Faşizmin
törətdiyi ağır cinayətlər, zorakılıq və vəhşiliklər Şahbazın həyatdan gələn doğru
fikirlər söyləməsinə səbəb olmuşdur:
188
...başqadır fikirlərimiz...
Çünki Nitsşedəki sönük bir məna
Gülür insanlığın arzularına.
Fəlakət hər yerdə qələbə çalır,
İnsan qüdrətiysə kölgədə qalır. (157)
Şahbaz xeyirlə şərin - Hürmüzlə Əhrimənin indi də vuruşduğunu xatırladır və
deyir ki, «Əhrimən sevsə də yalnız zülməti, Hürmüzün eşqidir insan qüdrəti».
O, həyatı hər şeydən uca tutsa da faşist ideoloqu olub şərəfsiz yaşamağı qəbul
etmir.
Tədqiqatçılar çox doğru olaraq Şahbazla Albertin qarşılaşdığı səhnəni Vaqifin
Qacarla qarşılaşdığı səhnə ilə müqayisə edirlər. (170, 304; 179, 230) Doğrudan da
vicdanın varlığı barədə burada da söhbət gedir. Qacar Vaqifin böyüklüyünü,
şəxsiyyətini qəbul etdiyi kimi, Albert də Şahbazın kamil bir insan olduğunu etiraf
etməli olur:
Qabaqda Şərq vardır... bunu bir təhər
Tovlasaq, şübhəsiz, çox xeyri dəyər.
Görürsən, kamildir. (134, 303)
Bir şey də qeyd olunmalıdır ki, Vaqif məhz Azərbaycan şairinin obrazı olduğu
kimi, Şahbaz da məhz Azərbaycan filosofunun obrazıdır.
Şahbazı əhatə edən azərbaycanlılar da məhz azərbaycanlı kimi düşünür,
azərbaycanlı kimi hərəkət edirlər.
Əsərin ən canlı obrazlarından biri də Səhərdir. O, hər şeydən əvvəl, sədaqətli
ömür-gün yoldaşıdır. Şahbazdan sonra 30 il ömür sürsə də həyat yoldaşının
yoxluğuna alışa bilmir. Bu müddətdə mənən özünü ərinin yanında hiss edir,
bəstələdiyi «Hicran nəğməsi» ilə nəfəs alır. Oğlu Şahbazın toyunda, «Hicran
nəğməsi»nin sədaları altında dünyasını dəyişir.
Dostları ilə paylaş: |