189
Valentin əsərdə iki dəfə onun haqqında bu sözləri işlədir:
Qoca Şərq, qoca Şərq, qadın vəfası!..
Bu sözləri həyat yoldaşı faşistlərə satılmış bir şəxs, başqa xalqın nümayəndəsi
deyir. Bununla da o, azərbaycanlı qadının xarakterindəki milli xüsusiyyəti, bu xalqa
məxsus cəhəti etiraf edir.
Əsərdəki digər surətlər – İslam, Cəlal, Dildar, Güloğlan da öz milli
xüsusiyyətləri ilə yadda qalırlar.
Şair Cəlal öz şerləri ilə döyüş dostlarını Vətəni ləyaqətlə qorumağa çağırır, bu
zaman «toy duvağı açılmamış gəlinlərin naləsi», «dağ döşündə yaz çiçəyi», «son
baharın laləsi» ifadələrini işlətməklə Azərbaycan mühiti yaradır. «Vətən» deyəndə
həm də Azərbaycanı nəzərdə tutur. S.Vurğun bu adamların simasında Azərbaycanın
və azərbaycanlıların faşizmə qarşı mübarizəsini göstərmişdir.
Şair yeri gəldikcə Azərbaycanın var-dövlətinə faşistlərin göz dikdiyini
xatırlatmaqla vətənpərvərlik hisslərini coşdurur. Fon Holsun dediyi sözlərdə bu
torpağın var-dövlətinə sahib olmaq ehtirası hakimdirsə, Azərbaycan tamaşaçısının
gözündə doğma yurdun sərvətini, gözəl guşələrini canlandırır:
Dərbənd...Mahaçqala, Bakı, of, Bakı!
O böyük şəhərin qucağındakı
Tükənməz xəzinə... neft buruqları,
Muğan çöllərinin gözəl baharı... (134, 265)
«İnsan» bu günümüzlə səsləşən bir əsərdir, çünki ağılın qələbəsi məsələsi heç
vaxt öz aktuallığını itirmir. Bu gün yenə hər şeyi zor gücünə həll etmək istəyənlər,
başqasının torpağına göz dikənlər, xalqların azadlıq hərəkatını boğmağa cəhd etmək
istəyənlər var. Vətənin müdafiəsi zamanı itirdiyi əzizinin xatirəsinə «Hicran
nəğməsi» qoşanlar var...
190
1931-ci ildə «Biz hərb istəmirik, hərbə hazırıq», 1941-ci il iyunun 22-də
«Müsəlləh əsgərəm mən də bu gündən» deyən S.Vurğun 1945-ci ildə mayın 9-da
ümumxalq sevincini «Zəfər bayramı» şerində bu cür ifadə etdi:
Qoy çalıb-oynasın Vətən torpağı,
Göylər səcdə qılsın bu ülviyyətə.
Ölümün, zülmətin qara bayrağı
Bu gün təslim oldu bizim qüdrətə! (132, 199)
191
IV FƏSİL
BƏDİİ OBRAZ YARADICILIĞINDA
MİLLİLİK VƏ ÜMUMBƏŞƏRİLİYİN
VƏHDƏTİ MƏSƏLƏSİ
Problemə şairin elmi-nəzəri baxışı
Səməd Vurğun bütün həyatı boyu mənsub olduğu xalqın təəssübünü çəkmiş, onu
hər hansı bir hücumdan cəsarətlə qorumuş, sözün həqiqi mənasında alovlu bir
vətənpərvər olmuşdur. Şair özünün müxtəlif çıxış və məqalələrində, məruzələrində
yurdsevərliyi təbliğ etmiş, öz soydaşlarını bu müqəddəs hissi yüksək tutmağa
çağırmışdır. Onun fikrincə, vətənpərvərlik insan hissləri içərisində ən müqəddəs,
əbədi, tərəqqi və inkişafa təkan verən amillərdən bəlkə də ən mühümüdür. Şair belə
hesab edir ki, xalq eşqi, Vətən məhəbbəti insanın həyat nəfəsidir desək, biz ömrün
məqsəd üçün yarandığını bir daha dərk edərik. «Öz arxasında xalqın, vətən torpağının
qüdrətini, onun həyat və mübarizə qabiliyyətlərini dərk edən bir qəhrəman döyüş
meydanında yorulmaz, odlar, alovlar içində yansa belə, vətən torpağının gələcəyi,
şərəf və şöhrəti ona böyük təsəlli olar, o, həyatın da, ölümün də mənasından razı
qalar». (135, 317)
S.Vurğun bu baxımdan sənət adamı qarşısında konkret vəzifələr olduğunu
xatırladır, Vətən eşqindən ilham alan şairi bəxtiyar adlandırırdı. Şairə görə, Vətən
torpağı, xalqımızın mənəvi həyatı tükənməz xəzinədir ki, onun bir çox inciləri hələ də
kəşf edilməmişdir. Məhz buna görə də «hər hansı bir qələm sahibi
192
kim üçün yazıram? - deyə özünə sual verdiyi zaman qarşısında kamala yetmiş, öz
tarixinin, öz varlığının qədrini bilən bir xalq gördükdə qartal qanadları ilə uçar, onun
vətəndaşlıq vüqarı şer və sənət ilhamına yelkən taxar, içindən əbədi olaraq «Yarat!
Yarat!» - deyə bir səs gələr». (135, 317)
Səməd Vurğun vətənpərvərlik deyərkən onun əsas ruhunu milli vüqar hissinin
təşkil etdiyini xüsusi qeyd edirdi. Şairin fikrincə, mənsub olduğu xalqın varlığı ilə
fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir
insan, öz vətəndaşlıq haqqını dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar.
Danteni, Şekspiri yaradan xalqlar dünya mədəniyyəti bağçasında vüqarlı gəzdiyi
kimi, Nizamini, Füzulini yaradan bir xalq da dünya mədəniyyəti xəzinəsinə verdiyi
bu solmaz incilərlə, öz dühası və istedadı ilə fəxr etməyə haqlıdır. Buna görə də şair
belə hesab edirdi ki, bizim tarix və ədəbiyyat dərslərimiz, bütün təlim və tərbiyəmiz
xalqımızın varlığını sadəcə ardıcıl bir şəkildə keçmək deyil, onun mənəvi həyatını
böyük vüqar və iftixar hissi ilə tərənnüm etməlidir. S.Vurğuna görə, bu o deməkdir
ki, orta, yaxud ali təhsilli bir gənc Vaqifi böyük bir şair, Cavanşiri böyük bir
qəhrəman kimi öyrəndiyi zaman onlarla bir azərbaycanlı kimi fəxr etməlidir. Şair
gənclərimizə bu müqəddəs hissi, idrak və mərifəti aşılamaq işində müəlliflərimizin
rolunu, təşəbbüs və qayğısını xüsusi qeyd edirdi.
S.Vurğun deyirdi ki, «Yaşasın azadlıq, yaşasın vətən, məhv olsun zalımlar və
qəsbkarlar!» kimi şüarlarla uşaqlarımızda vətənpərvərlik və qəhrəmanlıq hissləri
yaratmaq olmaz, bu üsulla yazılmış əsərlər uşaq təbiətini zorlamış olar, ona vətəni və
xalqı sevdirə bilməz. Şairin fikrincə, bunların əvəzində vətən torpağının gözəl
səhnələrini, onun günəşli səhərlərini, ulduzlu axşamlarını, gözəl insanlarını həqiqi şer
dili ilə təsvir etsək, uşaq vətənpərvərlik sözünü eşitməsə də, öz vətəninə məftun
olacaqdır.
S.Vurğunun 1953-cü ildə o zamanlar «Mərkəzi mətbuat» adlandırılan Moskva
mətbuatında «Böyük sənət məsələləri» (210,
Dostları ilə paylaş: |