196
fikri təkrar edir ki, hər millətin öz tarixi inkişaf yolu, məişət tərzi, əsrlər boyunca
yaranıb təkmilləşmiş ənənələri, dili, adətləri, vərdişləri, düşüncə tərzi və ruhi aləmi
vardır. Bunlar isə hər bir millətin təkraredilməz və xüsusi keyfiyyətini təşkil edir.
S.Vurğunun fikrincə, azərbaycanlı Süleyman Rüstəm və belarus Arkadi Kuleşov, rus
Mixail İsakovski və gürcü Georgi Leonidze kimi bir-birinə oxşamayan şairlərin
istedadları yalnız milli zəmində inkişaf edib ərsəyə çata bilmişdir.
Şair bu məqalədə milli formalar arasındakı fərqləri yalnız dil fərqləri ilə
məhdudlaşdıran ədəbiyyatşünas və tənqidçilərə qarşı daha kəskin mövqe tutmuşdur.
Milli formanın dildən başqa bütün ünsürlərini inkar edən tənqidçilər mahiyyət etibarı
ilə əslində hər bir millətin özünəməxsus oricinallığını, milli xarakterini, zəngin
xüsusiyyətlərini inkar edirdilər. Həmin «nəzəriyyənin» tərəfdarları təsdiq edirdilər ki,
bir halda ki, SSRİ-də yaşayan bütün xalqlar kommunizm qurucularıdır, kommunist
ideyalarını təcəssüm etdirirlər, bütün ölkə üçün ümumi olan fikir və arzularla
yaşayırlar, həmin xalqların arasında müəyyən fərqin olması haqqında danışmağa əsas
yoxdur. Azərbaycanlı da sovet adamıdır, ukraynalı da. Guya, onlar yalnız dillərinə
görə bir-birindən fərqlənirlər.
Əlbəttə, təpədən dırnağadək milli ruhda köklənmiş S.Vurğun kimi yaradıcı
şəxsiyyət bu fikirlə razılaşmazdı. Məhz buna görə də o yazırdı: «...bu doğrudur: biz
hamımız kommunizm qururuq. Lakin kommunizm ideyalarından ruhlanan hər hansı
bir rus məgər öz rusluğundan çıxırmı?.. Gələcəyin yolu millətlərin, milli dillərin və
milli mədəniyyətlərin çiçəklənməsi yoludur». (136, 262)
Bununla birlikdə Səməd Vurğun onu da qeyd edirdi ki, bu günkü milli forma öz
dünənki şəklində deyildir. Milli forma arasıkəsilməz dialektik inkişafdadır; milli
formaya dəyişməyən, donmuş, həmişəlik və əbədi kateqoriya kimi baxmaq olmaz.
Onun müəyyən keyfiyyətləri ölüb aradan çıxır, müəyyən yeni
197
keyfiyyətləri isə yaranır; beləliklə, milli formanın bütün keyfiyyətləri arasıkəsilməz
bir halda, xüsusilə indi daha çoşğun zənginləşmə prosesi keçirir.
Şairin fikrincə, milli formaların zənginləşməsinin mənbəyi həyatın özündədir,
müxtəlif xalqların ədəbiyyatları arasındakı sıx və möhkəm qarşılıqlı yaradıcılıq
əlaqəsində və təsirindədir. S.Vurğun ədəbiyyatlar arasındakı qarşılıqlı əlaqə və təsiri
nəzərə almamağı açıq-aşkar olan faktlara göz yummaq kimi qiymətləndirirdi. Eyni
zamanda o, belə hesab edirdi ki, hər hansı bir milli ədəbiyyatın ənənələrinin başqa bir
milli ədəbiyyatda özünəməxsus şəkildə inikası haqqında sükut edənlər də,
ədəbiyyatlar arasındakı qarşılıqlı əlaqəni və təsiri əsas götürərək, milli formaların
özünəməxsus bütün xüsusiyyətlərini və zənginliyini inkar etməyə təşəbbüs göstrənlər
də səhvə yol verirlər. Şair yazırdı: «Sosializm realizmi metodu bizim üçün vahid
metoddur, lakin sosializm realizminin dünyada hər şeyi əhatə edən, hamı üçün vahid
və məcburi olan yeganə «forması» yoxdur». (136, 264)
Qeyd etdiyimiz kimi, S. Vurğunun hər iki məqalədə irəli sürdüyü fikir və
mülahizələr bir çoxlarının xoşuna gəlməmiş, şairin söylədiklərinə qarşı çıxan, hətta
onu ittiham edən məqalələr yazılmışdır.
S.Vurğunun 1953-cü ildə «Oktyabr» curnalının 2-ci sayında dərc olunmuş üç
səhifəlik «Böyük sənət məsələləri» adlı məqaləsinə qarşı Y.Qorbunovanın on iki
səhifədən ibarət «Sosializm realizminin bəzi nəzəri məsələləri haqqında» adlı
məqaləsi elə həmin curnalın 4-cü sayında dərc edilmişdir.
Y.Qorbunova yazının əvvəlində etiraf etmişdir ki, S.Vurğunun məqaləsində bir
sıra düzgün fikir və mülahizələr vardır. Şairin zəif, «xaltura»lı əsərlərə qarşı çıxması,
müasirlərimizin parlaq obrazlarının yaradılması, dərin və çoxcəhətli
ümmiləşdirmələrin aparılması barədə fikirləri də təqdir olunur. Bununla yanaşı,
Y.Qorbunova S.Vurğunun müsbət qəhrəman problemi ilə bağlı fikirləri ilə razılaşmır,
şairin mülahizələrini sosializm realizmi
198
metodundan uzaqlaşmaq kimi izah edirdi.
Tənqidçinin fikrincə, şair ədəbiyyatda müsbət qəhrəman obrazını yaratmaq üçün
adi adamlara, adi görünən hadisələrə deyil, sənətdə yalnız müstəsna sücet və
motivlərə, qüvvətli, ehtiraslı təbiətlərə müraciət etməyi təbliğ edir. Beləliklə də
Y.Qorbanovanın dediklərindən belə çıxırdı ki, S.Vurğun sosializm metodunun
mahiyyətini düzgün dərk etməmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, S.Vurğun sosializm realizmini inkar etmirdi.
Lakin şair bu realizmə bir ehkam, donuq bir metod kimi baxmır, onu daim inkişafda
və geniş planda başa duşür, bu metodun ehkam halında qəbul edilməsini həyat
həqiqəti ilə ziddiyyətə girmək hesab edirdi. O, fikrini belə əsaslandırırdı ki, həyat özü
müxtəlif şəkillərdə təzahür edir, bu isə incəsənətdə formaların, o cümlədən milli
formanın rəngarəng və müxtəlif olmasını şərtləndirir. Həmin dövrdə isə bu cür
mülahizələr əslində qəbul edilmir, «qeyri marksist-leninçi təlim» kimi
qiymətləndirilirdi. Məhz məsələyə dövrün tələblərinə uyğun yanaşan Y.Qorbunova
şairin digər mülahizələri ilə də razılaşmırdı.
Müəllif S.Vurğunun milli xarakter problemi ilə bağlı mülahizələrinə də öz
münasibətini bildirmişdir. O göstərir ki, S.Vurğun ədəbiyyatda xəlqilik problemini
milli xarakter problemi ilə əlaqələndirdiyi zaman düzgün hərəkət edir, çünki tipik
bədii obraz milli olmaya bilməz. O, mənsub olduğu xalqın bir milləti digərindən
ayıran milli xüsusiyyətlərini, xarakterinin özünəməxsusluğunu əks etdirməlidir. Bu,
bədii obrazın həqiqi mənada tipik və eyni zamanda fərdi olmasına səbəb olur.
S.Vurğunun bu mülahizələri söyləyərkən haqlı olduğunu bildirən Y.Qorbunova
bununla yanaşı onu da qeyd edir ki, bu zaman şairin gətirdiyi dəlillər anlaşılmaz və
birtərəflidir. Tənqidçi yazır: «Böyük sənət məsələləri» məqaləsinin müəllifi belə
hesab edir ki, bizim ədəbiyyatımızda milli xarakter problemi tipiklik məsələsi ilə
əlaqədar olaraq yeni şəkildə qoyulmalıdır. S.Vurğun məsələnin mövcud marksist
həllinin onu nə üçün qane etmədiyini lazımi şəkildə izah etmir».
Dostları ilə paylaş: |