236
S.Vurğun bu gəncin daxili aləmini duyur, istedadını qiymətləndirir, onu yazıb-
yaratmağa, ana yurdu tərənnüm etməyə, hər otun, çiçəyin öz adını yazmağa, torpağı
danışdırmağa, daşa, torpağa qanad verməyə ruhlandırır:
Vaxtdır! Bu eşq ilə bir dastan başla,
Min ürək dil açsın hər varağında.
Babalar yurdunu sən də alqışla
Bizim Vaqif kimi Kür qırağında. (132, 203-204)
«Mənim arzum» Səməd Vurğunun yüksək vətənpərvərlik hissləri ilə birlikdə
həm də onun öz dövrünün gənc ədəbi qüvvələrinə diqqət və qayğısını, inamını əks
etdirir.
Vətən torpağına əbədi bağlılıq, torpağa övlad məhəbbəti «Mənim rübabım»
(1946) şerinin də mövzusudur. Şairin tərlan təbi havalanıb uçsa da, şimşək kimi
buludları keçsə də yenə torpağa, doğma yurda bağlıdır, «Vətən» adlı öz yuvası var
onun!
Həm də şair və Vətən məhəbbəti qarşılıqlıdır, ananın övlada, övladın anaya
məhəbbəti kimi:
Odlar yurdu, əhdimiz var əzəldən,
Bu ilqardan nə mən döndüm, nə də sən.
Ana qəlbin bir ümmandır, ey vətən,
Vurğun kimi bir qəvvası var onun! (132, 207)
Vətən və xalq məhəbbəti, ulu kökə bağlılıq Səməd Vurğunun bütün əsərlərində
qırmızı bir xətlə keçir. Şair mənsub olduğu xalqın keçmişi və bu günü ilə fəxr edir,
onun qəlbində Azərbaycan məhəbbəti çağlayır. «Bu mənada onun bütün əsərlərindən
Azərbaycan ətri gəlir, Azərbaycan torpağının, mədəniyyətinin, tarixinin, dilinin, adət
və ənənələrinin bir vəhdət təşkil edən bədii mənzərəsi görünürdü». (9, 112)
Şairin «Alqış» şeri təlim keçən əsgərlərə həsr olunmuşdur.
237
Əsgərlər «Budyonnı marşı» oxuyurlar. Lakin burada da Azərbaycan ön plandadır.
Şair əsgərlərə müraciətini bu sözlərlə bitirir:
Gəlir sorağınız manevralardan,
Alqış ananıza – Azərbaycana! (132, 192)
Səməd Vurğunun poeziyasında «Vətən» anlayışı müqəddəsləşdirilir, «ana»,
«namus», «vicdan», «qeyrət» anlayışları ilə birləşdirilir, öz balalarına süd verən
ananın timsalında təqdim olunur. Bu yüksək vətənpərvərlik hissləri, vətəndaş
mövqeyi konkret olaraq şairin mənsub olduğu xalqa, el-obaya məhəbbətinə çevrilir.
Bu baxımdan müəllifin «Dörd söz» (1944), «Sözün şöhrəti» (1944), «İyirmi beş
bahar» (1945), «Qərinədən qərinəyə» (1945) şerləri diqqəti xüsusi cəlb edir.
«Dörd söz» şerində şair sözlər məclisinin qonağıdır. O, dil adlanan bu möhtəşəm
kitabdan dörd sözü seçib onların barəsində mülahizələrini söyləyir. Şairin seçdiyi
sözlər bunlardır: «Məhəbbət», «Səadət», «Vətən», «Zəfər». Əlbəttə, bu anlayışların
hər biri insanla bağlıdır. Məhz insan məhəbbətlə yaşayır, öz səadətinə can atır, zəfər
yolunda mübarizə aparır. Lakin bütün bunlardan əvvəl:
Bir də dilimizdə - «Vətən» sözü var,
Ana qucağıdır bu ilahi söz...
Onun nəfəsidir böyük arzular,
Nə könül doymuşdur ondan, nə də göz. (132, 168)
Bəli, çox şeydən doymaq olar, Vətəndən başqa. Vətən həm də həyatın
mövcudluğu üçün zəruri şərtdir.
Vətən doğma ana kimi öz övladlarına süd əmizdirir, qəhrəman oğullarına xeyir-
dua verir. Lazım olanda şəhid balalarını bağrına basıb matəm saxlayır. Bütün bunlarla
birlikdə Vətənin öz övladlarına tövsiyəsi budur: «Şərəflə, vicdanla yaşayın ancaq!»
238
Şair «Sözün şöhrəti» şerində sözlərin siyahısını bir qədər genişləndirmişdir.
Onun poetik yozumu belədir:
Ədalət! İxtiyarın var can alsan haqqa hörmətlə!
Həqiqət! İncədir qəlbin, fəqət dönməz iradən var!
Kamal! Sən bir günəşsən ki, camalından şəfəq parlar!
Məhəbbət! Ömrü sevdasız yaşamaq bir cinayətdir!
Gözəllik! Canlı bir sənət, əzəldən ömrə zinətdir!
Səadət! Sirrlər yurdu, müqəddəs bir pərisən sən!
Vətən! Namus da, vicdan da yaranmış şanlı hüsnündən! (132, 179)
Şairə görə, Vətənə öz namusu və vicdanı kimi baxmayanlar məsləksiz
adamlardır. Vətən özü isə mənalı bahar, güllü-çiçəkli laləzar qoynunda arzular,
əməllər bəslənən gülşəndir. İnsan dünyasını dəyişəndən sonra da onun Vətən eşqi
Vətən mülkündə qalır:
Yaz ey Vurğun ki, hər şerin, sözün bir yadigar olsun!
Mən ölsəm də, vətən eşqim vətən mülkündə var olsun! (132, 179)
«İyirmi beş bahar» şerində şair Vətən obrazı yaratmışdır. Bu Vətən adı
çəkilməsə də şerin hər misrasından aydın olur ki, məhz Azərbaycandır. Dağın
döşündə atın kişnəməsi, kənd evində yanan çıraq, aşığın qəlbində çalınan saz, su
kənarındakı çiçəklik, xınalı kəklik, baharın mücdəçisi bənövşə, ceyranlı düzlər,
buludlara dəyən dağlar məhz Azərbaycanı canlandırır. Mərd oğulların xatırlanması
həm də milli xarakter üçün səçiyyəvi xüsusiyyətləri üzə çıxarır. Vətən torpağı öz
sakinləri ilə gözəldir, əzəmətlidir.
Şair üzünü bir daha Vətənə tutur:
239
Bu Vətən mülkünü – bu laləzarı
Bağrına basırsan öz anam deyə.
Ah, vətən torpağı, insan nəfəsi!
Ömrümdə bu qədər sevməmişəm mən.
Hələ dil açmamış bir cocuq səsi
Mənə xəbər verir qərinələrdən!.. (132, 194)
«Qərinədən qərinəyə» şerində gələcəkdən gəlmiş nurani bir insanın obrazı
yaradılmışdır. Bu İxtiyar obrazı Vətənin taleyi, Vətənin rəmzi, həm də Vətən
övladıdır:
Mən Vətən oğluyam! Hər axşam-səhər
Gəzib dolaşdıqca Azərbaycanı,
Açır qollarını mənə üfüqlər,
Hər daşda oxunur hünər dastanı. (132, 197)
Bu da şairi öz keçmişinə boylanmağa vadar edir:
Baxıb şəhidlərin məzarına mən
Deyirəm: qəhrəman babalarım var!
Əbədi səs gəlir o türbələrdən:
«Var olsun azadlıq! Var olsun bahar!» (132, 197)
Şairin müharibənin son illərində qələmə alınmış «Dörd söz», «Sözün şöhrəti»,
«İyirmi beş bahar», «Qərinədən qərinəyə», habelə onlarla eyni vaxtda yazılmış
«Həyat fəlsəfəsi», «Ürək», «İstiqbal təranəsi» şerləri ilk əvvəllər ədəbi tənqidin
hücumlarına məruz qalmış, müəllif mücərrəd fəlsəfəçilikdə təqsirləndirilmiş, bu
şerlər isə mücərrədçiliyin səciyyəvi nümunələri hesab olunmuşdur. Yalnız 1970-ci
illərdə aparılmış tədqiqatlarda bu əsərlərə daha obyektiv qiymət verildi. Bu sahədə
akademik Bəkir Nəbiyev və professor Cəlal Abdullayevin mülahizələri
diqqətəlayiqdir. (119, 86-93; 3, 61-67)
Dostları ilə paylaş: |