247
Etnoqrafik lövhələr yaradılması baxımından «Yadıma düşdü» şeri də maraqlıdır.
Şair burada ömrünün ilk çağlarında gördüklərini, şahidi olduqlarını xatırlayır. Onun
xatırladıqları yurdun gözəllikləri, adamların qonaqpərvərliyi, elin toy və bayramları,
müxtəlif mərasimlərdir. Şerdə «Bizim gəlinlərin bayram qabağı Fəsəli yaymağı
yadıma düşdü», «Nişanlı qızların görüşdən qabaq Telini saymağı yadıma düşdü»,
«Qışın buz qatığı, yayın ayranı, Payızın qaymağı yadıma düşdü» kimi misralar
xalqımızın həyatında yüz illər ərzində özünə möhkəm yer tutan adət-ənənələrə, toy və
bayramlar ərəfəsində həyata keçirilən mərasimlərə, xalqımızın qədim məşğuliyyətinə
söykənir.
«İlk bahar və mən» şerində elat binələrinin təsviri, «ilxı», «kişnəyən boz at»,
«əmlik», «ala çəpiş», «yelinli inək», «kotan», «dəryaz», «biçənək», «nehrə», «şiş
taya», «xotma» söz və ifadələri də bu baxımdan maraq doğurur. Yurdun gözəllik və
nemətlərini, adamların məşğuliyyətini təbii lövhələrlə canlandıran şair Vətənə
bağlılığını bu misralarla ifadə etmişdir:
Vətən yurdu, doğma ocaq! Bəxtiyar insan!
Sənin qartal qanadınla mən uçacağam.
Həyat üçün doğulmuşam yaranışımdan,
Şer, sənət aləminə nur saçacağam! (131, 172)
Şairin «Düşüncələr» şerində aşağıdakı misralar əkinçiliklə bağlıdır:
Yaz günəşi saçlarını düzə yayanda,
Yer şumlayıb, toxum səpib, taxıl əkəydim.
Təpəl öküz bürkülənib diz qatlayanda
Bir kotana qayış olub özüm çəkəydim. (132, 237)
Məlumdur ki, yaz fəslində torpağı şumlayır, toxum səpirlər. Bu işlər uzun illər
qoşqu heyvanları, o cümlədən öküzlər vasitəsilə
248
görülmüşdür. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində kotana qoşulmuş
üç cüt öküzün ikinci cütü «qaraqayış» adlanır. (11, 113) Yer şumlayan vaxt əsas güc
də ikinci cütün – «qaraqayış»ın üzərinə düşür. Deməli, şair bu sözləri təsadüfi
işlətməmişdir; o, insana kömək üçün hər şeyə hazırdır. Şerdə verilmiş «təpəl öküz»
və «diz qatlamaq» ifadələri də əkinçiliklə bağlı xalq deyimləridir.
«Bakının dastanı» poemasının «İçərişəhər» adlanan hissəsində şair səyyaha
Azərbaycan toyu barədə məlumat verir. O, bir-iki misrada sanki toy zamanı icra
olunan mərasimlərin rəsmini çəkir. Gəlinin üzündəki lalə rəngli duvaq, şabaş, tirmə
şallı gözəllər, xınalı əllər, qara zurna, cavanların güləşməsi, cıdırda qalib gələn atın
yalmanına ağ kəlağay bağlanılması və s. bu toyun komponentləridir. Bu barədə şairin
özünün qənaətləri də maraqlıdır:
Doğmalıq var hər torpağın adətində,
Səyyah dalır, mən baxıram o gözlərə...
Bir təbəssüm işığı var sifətində,
Xoşmu gəlir danışdığım bu mənzərə? (133, 317)
Məlumdur ki, toyda cavanların qurşaq tutması, yəni güləşmə adəti bu gün də
qalmaqdadır. Cavanların bu yarışında bəzən ehtiraslar qızışmış, incikliklər olmuş,
dava düşmüşdür. Bəzi hallarda bu, nəsillər arasında qan davasına çevrilmişdir. Şair
səyyaha bu barədə danışarkən məsləhət görür ki, buna bir vəhşilik kimi baxmasın.
Çünki «hər məhlənin, hər nəslin o meydanda öz qeyrətini, öz adı var». Və bir də:
Hər zamanın bir hökmü var öz oğluna:
Baş əyməmək, basılmamaq fitrətdəndir. (133, 319)
Müxtəlif mərasimlərin təsvirinə «Komsomol poeması» ilə yanaşı şairin başqa
əsərlərində, o cümlədən «Acı xatirələr» poema-
249
sında da rast gəlirik. Şair poemanın əvvəllində yazır:
Bu dünya sonsuzdur, insanlar da çox,
Hər elin, hər günün öz adəti var.
S.Vurğun poemada Azərbaycan xalqının həyatında möhkəm yer tutan iki
müqəddəs mərasimi - Qurban bayramı və Novruz bayramını da xatırlamışdır.
Novruz bayramında kənd uşaqlarının başına keçə papaq qoyub «hər tüstü çıxan
yerdən» pay yığması, çantalarını yer-yemişlə doldurması şairin uşaqlıq xatirələrində
əbədi yaşayır.
Şairin yaddaşında Qurban bayramı da qalmışdır. Bu xatirə onun üçün acı olsa da
xalqımızın qədim bayramlarından biri ilə bağlı olduğu üçün xüsusi maraq doğurur:
Qurban bayramıydı, gülürdü dağlar,
Qonşumuz xınalı bir erkək kəsdi.
O bayram günündə anamı ağlar
Görəndə üstümdən bir çovğun əsdi. (133, 146)
Qurban bayramının qaydalarına görə, həmin gün imkanı olan adamlar qurban
(erkək, iri mal) kəsməlidirlər. Elə buna görə də imkanlı qonşu «xınalı bir erkək»
kəsmiş, şair isə ailəsinin imkansız olduğu üçün mütəəssir olmuşdur. Ana isə bu əziz
bayram günündə uşağın qəlbini ovundurmaq üçün başqa tədbir görmüşdür:
«Uşaq əziz gündə sınmasın» - deyə
Anam cehizliyi yorğan üzündən
Mənə üst köynəyi tikdi hədiyyə.
Mən də iki dəfə öpdüm üzündən... (133, 147)
Bu mərasimlə bağlı belə bir adət də vardır: ən əziz qonağı qarşılayarkən onun
ayağı altında qurban kəsirlər. Bu, şairin
250
aşağıdakı misralarında öz əksini tapmışdır:
Qoyunlar, quzular düzdə, böləndə,
Səs-səsə verişib mər-mər mələrmiş.
Qapıya bir əziz qonaq gələndə,
Xınalı erkəklər qurban gələrmiş. (141, 76)
S.Vurğunun əsərlərində Azərbaycan xalqının ən qədim adətlərindən olan
qonaqpərvərliklə bağlı təsvirlərə də təsadüf olunur. Bu baxımdan «Muğan»
poemasında şairlə çobanın görüşü səhnəsi maraqlıdır.
Şair Muğan düzündə bir çobanla görüşür. Çoban şairi görərkən yaşına uyğun
olmayan bir cəldliklə ayağa qalxır, təbii bir qonaqpərvərliklə onu qarşılayır, südə
qonaq edir:
Çıxır qarşımıza qoca bir çoban,
Çiyni yapıncılı, boyu çinar tək.
Azacıq çal düşmüş qaşlar altından
Qırğı baxışlarla gülümsəyərək,
Yerindən quş kimi qalxır ayağa…
Açıq bir alınla gəlir qabağa. (133, 376)
Qonağın hörmətlə qarşılanıb yola salınması, ona xüsusi qayğı göstərilməsi, son
tikənin belə qonağın qabağına qoyulması kimi xalqımıza məxsus xüsusiyyətlər də
Vurğunun əsərlərində öz əksini tapmışdır.
«Ayın əfsanəsi» poemasında Cütçü bir parça pendir-çörək çıxardıb Ayın
qarşısına qoyur və təklif edir ki, yesin. Ay bunun nə olduğunu soruşur.
Soruşdum - bu nədir?
Dedi - çörəkdir!
Qonaqsız boğazdan ötməyəcəkdir! (133, 146)
Dostları ilə paylaş: |