244
Üstünü toz-torpaq almış
Bu pas tutmuş qılınca bax!
Neçə min il bundan qabaq
At belində qılınc çalmış
Sənin şanlı babaların.
Öz ellərin, obaların
Bu torpaqda şəhər salmış. (133, 400-401)
Alim bu tapıntılara istinadən deyir ki, qəhrəmanlar bir vaxtlar bu yerlərdə qurşaq
tutub at oynatmış, ox atmışlar. Nizələr, qalxanlar, şeypurlar əfsanə deyil, qəhrəman
babalarımızın yadigarlarıdır. Babalarımız məhz bu torpaqda Pompey ordusuna sinə
gərmişdir...
Bu əşyaları-tarixin yaddaşlarını böyük zəhmətlə üzə çıxaran, inadkarlıqla
öyrənən mütəxəssislər-arxeoloqlar şairin sevdiyi, hörmət etdiyi adamlardır. S.Vurğun
öz əsərlərində şair, bəstəkar, müğənni, rəssam, qəhrəman... obrazları yaratdığı kimi,
arxeoloq obrazı da yaratmışdır. Haqqında danışdığımız qoca alim Azərbaycanın
görkəmli arxeoloqu Saleh Qazıyevin obrazıdır.
Şair onu iş prosesində təsvir etmişdir. Ekskavatorların qazdığı çalalarda həyatını
təhlükəyə qoyub yorulmadan çalışan elm fədaisini tər basır, o, hərdən büdrəyib
yıxılır, darısqal qazmalarda tozlu hava udur. Lakin qədim saxsı parçalarını
yığmaqdan yorulmur.
«Saxsı yığıb yer altından tarix yazan» alim öz ekskavatoru ilə yeri lay-lay qazan
Sarvana həyəcanla, fərəh və sevinclə belə deyir:
Oğul, Sarvan! Dərinə get, heç çəkinmə, qorxma məndən,
Yol aç, oğlum, yol aç elmin, düşüncənin gözünə sən,
Keçir məni yer altına iyirminci təbəqədən,
Yuxarıdan işıq da sal! İşıq da sal günəş kimi,
Babaların taleyi tək qaranlıqdır yerin dibi... (133, 402)
245
Şair bu misralar vasitəsilə həm də xalqımızın tarixini öyrənmək üçün hələ
qarşımızda böyük vəzifələr durduğuna işarə etmişdir.
Səməd Vurğun xalq həyatını dərindən bilən sənətkar kimi öz əsərlərində bu
həyatın özünəməxsus cəhətlərinin təsvirinə geniş yer ayırmış, adət-ənənələri, el
mərasimlərini, xalq məişəti və mədəniyyətini milli çalarları ilə göstərmişdir. Şair
əməli fəaliyyətində də xalq həyatının mütəxəssislər tərəfindən elmi şəkildə
öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu işə kömək etmişdir. O yazmışdır: «Yadelli
qəsbkarların saysız basqınlarına baxmayaraq, Azərbaycan xalqı öz dilini, adət-
ənənələrini və mədəniyyətini qoruyub saxlamışdır. Azərbaycanın maddi-mədəniyyət
abidələri və bizim minillik yazılı ədəbiyyatımız buna parlaq sübutdur». (135, 151)
Buna görə də şair tarixçilərin, o cümlədən etnoqraf və arxeoloq alimlərin qarşısında
böyük vəzifələr qoyur, etnoqrafik və arxeoloci abidələri öyrənməyə çağırırdı.
Səməd Vurğunun 1955-ci ilin aprelində respublika Elmlər Akademiyasının 10
illik yubileyi münasibətilə keçirilmiş elmi sessiyadakı çıxışı bu baxımdan maraqlıdır
və indi də öz əhəmiyyətini saxlayır. Şair həmin çıxışında xüsusilə orta əsrlərə aid
abidələrin lazımi səviyyədə üzə çıxarılmadığını təəssüflə bildirir və deyirdi ki,
arxeoloq və etnoqraflarımız «hərbi cəldliklə» işləməlidirlər. Çünki zaman keçdikçə
nəinki qədim yazılar silinir, həm də sərt daşlar köhnəlir və aşılanır, yeni məişət
əşyaları köhnələrini sürətlə əvəz edir, insanların həyat tərzi tanınmaz dərəcədə
dəyişir. S.Vurğun maddi-mədəniyyət abidələrinin məhv edilməsinin qarşısını almağa
çağırırdı: «Qətiyyən belə yolverilməz hallar da baş verir ki, bizim bəzi inşaatçılarımız
üzərində əsrlərdən bəri qədim yazıları, məişət səhnələrinin bədii təsvirini, uzaq
əcdadlarımızın həyatı və tarixini qoruyub saxlayan, onların adət, mərasim ənənələrini,
bir çox nəsillərin və müxtəlif zamanların əmək həyatının rəngarəngliyi və
xüsusiyyətlərini əks etdirən qaya və daşları qırıb-dağıdırlar». (136, 385)
Şairin «Bizim dağların» (1927), «Dağlar» (1927), «Anamın dərdi»
246
(1934), «A köhlən atım» (1935), «Yadıma düşdü» (1936), «İlk bahar və mən»
(1944), «Düşüncələr» (1949) və bir çox başqa şerlərində, «Komsomol poeması»,
«Aslan qayası», «Acı xatirələr», «Hürmüz və Əhrimən», «Bakının dastanı»,
«Muğan» poemalarında, «Vaqif» pyesində xalq həyatının canlı lövhələri
yaradılmışdır.
Onun yaradıcılığının ilk illərinə məxsus «Bizim dağların» qoşmasında yaylağın
təsviri verilir. Doğma yurdun gözəl guşələrindən olan bu yerlərin əlvan çiçəkləri heç
vaxt solmur, çeşmələr başından zurna-balabanın səsi kəsilmir. Bu yerlərin meşəsi,
talası, ceyranı, sərin havası, diş göynədən buz bulaqları insana zövq verir, onun
ömrünü uzadır. Ancaq bu yerləri daha da gözəlləşdirən adamlardır.
Biz şairin təsvirində dağların təbii gözəllikləri ilə yanaşı yaylağa çıxan adamların
məişətinin özünəməxsus cəhətləri – qonaqpərvərliyi, məşğuliyyəti ilə də tanış oluruq.
Şerdə təbiətin və xalq məişətinin əlaqəli təsviri ilə canlı etnoqrafik lövhələr yaradılır:
Şeh düşər otların üstə kecədən,
Doymaq olmaz orda xoruz-beçədən.
Dəyəsi qurular qalın keçədən
Dərdlərin dərmanı bizim dağların.
Qoyun-quzu bir-birinə qarışar,
Qulplu qazanlardan qatıqlar daşar... (131, 32)
Şairin yaradıcılığının ilk illərinə təsadüf edən «Dağlar»
∗
qoşmasında da bu yerlər
insanlarla, çeşmə başındakı qız-gəlinlərlə birlikdə gözəldir:
Çox gözəl olursan ellər köçəndə,
Suyundan gəlinlər, qızlar içəndə.
Qıy vurub tərlanın yel tək keçəndə,
Bir vəlvələ düşür hər yana, dağlar! (131, 28)
∗
С.Вурьунун «Даьлар» адлы бир нечя шери вардыр.
Dostları ilə paylaş: |