Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə51/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   47   48   49   50   51   52   53   54   ...   75

Murad utana-utana:
– Mən Əlicanın oğluyam, – dedi.
Altay bəy diqqətlə ona baxdı, sonra çiynindən qucaqlayıb özünə doğru çəkdi:
– İndi tələsirəm, Sahin, bir arxayın vaxtda bizi görüş​dürmək qaldı sənin boynunda.
Lakin faciə faciə dalınca gəldi. Ermənistandan türkazər əhalisinin köçürülməsi,
Qarabağ müha​ribəsi, Bakıda föv​qə​ladə vəziyyətlər, Sovet ordusunun Azərbaycana
qanlı basqını, 20 Yanvar, ardı-arası kəsilməyən qan və qırğınlar, Altay bəyin
günlərlə davam edən xarici səfərləri göz açmağa imkan vermədi.
1990-cı ilin payızında Əhmədlidə onun seçicilərlə gö​rüşündə dostları ilə birgə
iştirak etdi, ancaq yenə söhbət edə bilmədilər.
Bir də aspiranturaya daxil olandan sonra, Ziyad bəyin yanında rastlaşdılar.
Ziyad bəyə işarə edən Altay:
– Belə elmi rəhbər hər adamın qismətinə düşməz! Bir dəfə bizi apararsan dağlara,
qoy repressiyanın ordakı izlərini görsün! – dedi.
Bu boyda qırğınlar görmüş və bu qədər dəyərli insanlar itirmiş şəhərdə bir
soyqırım muzeyinin olmaması ona qəribə gəlir. Bakı, sanki burda axan qanlardan,
itirdiyi dəyərli insanların faciələrindən xəbərsiz yaşayır. Gedənlər unudulur. Nə
haqlarında yazan var, nə yaşadıqları evlərin divarından bir lövhə asan. Təkcə bir
dərnək varmış, repressiya qurbanlarının hüquqlarını müdafiə adına. Onun da
yerini tapa bilmədi, lakin günlərin birində təsadüfən ona yardımçı olan bir adamla
rastlaşdı.
Çayxanada oturub ətrafdakı binaları tək-tək gös​​​​tə​rərək onların hansı milyonçuya
aid olduğu, sonra kim​lərin, hansı təşkilatların əlinə keçdiyini izah edir, binaların
tikilmə tarixindən, sahibinin taleyindən maraqlı əhvalatlar danışırdı. Çılğın,
danışdıqca əsəbiləşən, tez-tez yanındakı çantaya əl atıb ordan müxtəlif kağızlar
çıxararaq başının üstündə silkələyən, yanındakılara göstərən birisiydi.
Danışığından belə bəlli olur ki, hökumətdən narazılığının əsas səbəbi illərlə
müraciət etməsinə, yazmasına baxmayaraq, babasının mülklərindən heç olmasa, ən
balacasının vərəsə haqqının ona verilməməsidir.
Yaxındakı masalardan birinin arxasında oturdu və imkan düşən kimi Vasiflə tanış
oldu. Nə qədər əsəbi danışsa da, Vasifin üzündəki əsilzadəliyi seç​məmək mümkün
deyildi. Muradı maraqlandıran suallara o da cavab verə bilmədi, çünki dərnəyin
üzvləri o qədər də çox deyildi. Repressiya qurbanlarının övladları hələ də üzə
çıxmağa ehtiyat edirdilər. Bəlkə də dərnəyin onlara bir şey verəcəyinə inanmır və
burda vaxt itirmək istəmirdilər. Onsuz da buz qırılmış, otuz illik qurbanların
siyahısı çıxardılmış və ailələrin müraciətləri nəticəsində öldürülənlərin çoxuna
bəraət verilmişdi. Uzun illər “xalq düşməni” damğasının ağırlığını daşımış


adamlar üçün bu, böyük sevincdir, hər şeyi əvəz edirdi. Sanki uzun illərin ölüm
cəzasından sonra azadlığa çıxmışdılar və havanın, suyun, doğma şəhərdə sərbəst
gəzməyin ləzzəti yetərli idi...
Bu arada Murad ərəb əlifbasını öyrənməyə başlamışdı. Nə​dənsə, ziyarətgahda
tapdığı dəftəri başqasına etibar edə bilmirdi, sanki dünyanın bütün sirlərinin açarı
orda idi.
Əlifbanı öyrənmək çətin deyildi. İki ay sonra kitab yazılarını asta-asta
höccələyirdi. Di gəl, əlyazmasını oxumaq mümkün deyildi. Görünür, bu iş üçün
çeşidli xətlərə bələd olmaq və müəyyən təcrübə də lazımdır. Dəftər bəlkə də
qəsdən çətin oxunan bir xətlə yazılmışdı. Üstəlik, yarım əsrin isti-soyuğu, nəmi
onu soldurmuşdu və yalnız mütəxəssislər bu işin öhdəsindən gələ bilərdi. Dəftərdə
nə yazıldığını bilmədiyindən, hər adama göstərmək istəmirdi. Havanın
dəyişilməsinə baxmayaraq, rejim həmin köhnə rejimdir və ailəsinin taleyi onu hər
şeyə ehtiyatla yanaşmağa məcbur edir. Nəsildən nəslə ötürülmüş qədim kitablar
tapılmayandan sonra bu dəftər marağını itirmişdi onun üçün. Böyüklərindən
kiminsə xatirəsi və ya vəsiyyəti olacaqdı, vaxtı gələndə özü oxuyar... İndi əsas
arzusu ali məktəbi bitirib Bakıda qalmaq və gələcəkdə imkan olsa, ata-anasını da
köçürüb Vətənə qaytarmaq idi.
Bu arada repressiya qurbanları dərnəyində keçi​riləcək bir görüşün xəbərini
duydu, daha doğrusu, yenə elə həmin çayxananın yanından ötərkən, yenə elə həmin
masanın arxasında oturmuş Vasif əl edib onu çağırdı, sonra onu gözləmədən özü
durub yaxınlaşdı və “şənbə günü şəhər kitabxanasında bir görüşümüz var, sənin
üçün də maraqlı olar, gəl” – dedi.
Görüş 30-cu illərdə SSRİ rəhbərliyi tərəfindən Azər​baycanda aparılmış kütləvi
qırğına həsr edilmişdi və əsas məruzəçi artıq universitetdə bir dəfə gördüyü
məşhur akademik Ziyad Şıxlıydı. Qədim və orta yüzillər tarixinin araşdırıcısı indi
birdən-birə yaxın tariximizi mövzu seçmişdi və danışığından aydın olurdu ki,
burda da, ən uzaq tarixlərin incələnməsində üzləşdiyi çətinliklərə bənzər maneələr
çıxır qarşısına. Ölkədə nüfuzlu şəxslərdən biri olsa da, o acı taleləri qoruyan
arxivlərin üzünə necə zorla, məcburiyyətlə, candərdi açıldığından danışırdı. Üzə
çıxartdığı, bildiyi həqiqətləri çəkinmədən, cəsarətlə deyirdi:
– 30-cu illərin arxivləri məni qədim tarixdən ayırdı. Bu gün baş verənlər keçmişi
və hətta qan töküb faşistləri udduğumuz müharibəni də unutdurur. Müharibədən
sonra özümüzü xoşbəxt sayırdıq. Yeni bir həyat başlanmışdı. Sən demə, qatilləri
qorumaq üçün qurban getmişik. Mənim millətimin düşmənləri Stalin, Beriya,
Mikoyan oturmuşdular Kremldə, mən də onlar üçün sinəmi sipər eləmişdim.
Özümü vermişdim güllə qabağına. Gəncliyim Avropa xarabasında səngərdən-


səngərə sürünürdü. Ya ix mat...
Söyüşü tamamlamadı. Rusların ana söyüşünün akademikin dilindən düşmədiyini
hamı bilirdi. Onu da bilirdilər ki, hirslənəndə böyük rəsmi məclislərdə də bu
yolla ürəyini soyutmaqdan çəkinməz. Mil​lətinin böyük itkilərini sonadək
araşdırmaq və üzə çıxarmaqda israrlı olduğundan, bu yolda heç kimin onun
qarşısını kəsə bilməyəcəyindən danışırdı. Bilincli şəkildə, daha doğrusu, qəsdən
onun mil​lətini başsız qoymaq siyasəti aparılmışdı və bu siyasət otuzuncu illərlə
məhdudlaşmırdı. “Almanlarla müha​ribədə üzləşdiyimiz bir çox hadisə və sonrakı
müşa​hidələrimiz bu repressiyanın hələ də dayanmadığını göstərir.
Azərbaycanlıların indi Ermənistan adlanan ərazidən ara vermədən çıxarılması,
Axısxa türklərinin deportasiyası iki əsrə yaxın Qafqazda gedən qanlı cinayətin, bir
milləti yox etmək cinayətinin ayrı-ayrı epizodlarıdır. Bu gün belə otuzuncu illər
repressiyasının arxivlərini açmaq, sənədləri üzə çıxarmaq müşkül bir məsələdir.
Millətə öz tarixini və faciələrini unutdurmaq dövlət siyasətinə çevrilib. Bunu hər
kəs bilməlidir.”
Uca boylu, şux qamətli, ala gözləri ilə Atatürkü xatırladan bu adam ilk baxışdan
Muradın ürəyinə yatmışdı. Bakıya gələndən sonra ilk dəfəydi ki, xalqın bəxtinə
düşmüş cəhənnəm əzabları barədə bu qədər aydın və cəsarətli danışıq eşidirdi və
bu danışığın bir hissəsi də Rusiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın çeşidli
guşələrinə səpələnmiş sürgün camaatına, onun öz ailəsinə aid idi. Buna görə
müzakirədə özünü saxlaya bilmədi, tarix fakültəsinin tələbəsi kimi söz alıb,
Qazaxıstandakı kəndlərindən və ora sürülmüş ailələrdən danışdı; onların taleyinin
tədqiqat üçün maraqlı olacağını nəzərə alıb alimi doğulub, boya-başa çatdığı
kəndə dəvət etdi.
Yığıncağın sonunda akademik salona göz gəz​dirib onu yanına çağırdı:
– Akademiyaya gəl, söhbət edək. Universiteti yaxşı qurtarsan, səni öz yanıma
aspiranturaya götü​rərəm!
Murad qulaqlarına inanmırdı, həyəcandan dili tutulmuşdu. Görkəmli alim onun
cavabını gözləmədən: “Elmi işini də elə deportasiya tarixinə həsr edərsən!” –
dedi.
Növbəti həftə Murad unuda bilmədiyi bu söh​bətin təsiri altında, ancaq çəkinə-
çəkinə, daha doğrusu, neçə gündən bəri xəyalında qurduğu planların, ümidlərinin
dağılacağından qorxa-qorxa Akademiyaya getdi. Qəbul otağında gözləyəndə Ziyad
Şıxlının qonaqlarını və yanına girib-çıxan işçilərini görəndə görüşməkdən ümidini
üzdü və gəldiyinə peşman oldu. Onsuz da tərəddüdlə gəlmişdi, qayıdıb getmək
istəyirdi. Lakin qəfildən akademikin özü otaqdan çıxdı, onu diqqətlə gözdən
keçirib yorğun təbəssümlə: “Gəlmisən?” – dedi və geri qayıdıb onu otağa çağırdı.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə