Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
52
Necə deyərlər, “soldat spit, slujba idyot”. Hə, bir də uşaqlar
qayıdıb gəlirlər ki, bəs, keçilər yoxdu. Ora keçi, bura keçi…
uzaqdan görürlər ki, keçilər bir kahanın ağzına yığışıblar.
Yaxınlaşanda görürlər ki, keçilər yenə yoxa çıxdı. Lap sehrli
nağıllardakı kimi. Sən demə, keçilər kahaya giriblər.
Qardaşlardan Bəşir tayı ağıllı çıxır, ayağındakı qaloşunu kəsib
ağaca keçirir və yandırır. Onlar düzəltdikləri bu məşəllə
kahanın içinə doğru xeyli irəliləyirlər… Bax, Azıx mağarası
belə kəşf olunur. Mətnin axırlarında belə bir ürəkparçalayan
epizod yazılıb: “…Azıx sakinlərinin yeməyi qurtarmışdı. Iki
gün idi ki, ovçular əliboş qayıdırdılar. Budur, bu gün də ovçu
dəstəsi mağaradan çıxıb ova yollandı. Kahada qalanların isə
hərəsi bir işlə məşğul idi. Kimi ocağın közünü qoruyur, kimisi
ocaq üçün odun, çör-çöp yığır, kimisi də ətrafdan meyvə və s.
yem toplayıb gətirirdi. Azıx adamlarının həyatı yem
toplayanlardan və ovçulardan asılı idi”. Bu abzas bitdikdən
sonra, ovçuları iki gün əliboş qayıdan Azıx sakinlərinin taleyi
haqda heç bir məlumat verilmir. Başa düşülmür, əməkdar elm
xadimi 5-ci sinif şagirdlərini nə üçün bilə-bilə belə nigaran
qoyub? Hər halda arxeoloji qazıntılar nəticəsində “ata yurdu”
elminə məlum olmuşdur ki, ulu xalqımızın ulu ovçuları ovdan
düz iki gün əliboş qayıdıblarmış.
Novruz, Novruz bahari… Üçüncü paraqrafın adı nə olsa
yaxşıdır? “Xalqımızın novruzu”. Bəli, sentyabr ayıdır, dərslər
təzəcə başlayıb. Qəfil Novruz bayramı haqda gurultulu bir mətn
gəlir. Müəllim də, şagirdlər də çaş-baş qalırlar. Dördüncü dərs
“Azərbaycan dövləti Manna” adlanır. Dərhal qara hərfli bir
pafos: “Dünyada ən qədim dövlətlər diyarıdır Azərbaycanım
mənim!” Mətn başlayır: “Biz indi sizinlə çox uzaq bir keçmişə
- üç min il bundan əvvəlki keçmişə - üç min il bundan əvvəlki
dövrə səyahətə çıxırıq”. Sanki uşaqları avtobusa doldurub
harasa aparırlar. Sonra nağıl başlayır. Manna dövləti haqda
dəqiq tarixi bilgilər vermək əvəzinə, düz beş səhifə hansısa,
xəyali iki tacirin söhbəti verilir. Maraqlananlar kitabı əldə edib
oxuya bilərlər.
Can Yaqub Mahmudlu!
Nə isə, onsuz da, bundan tarix kitabı düzəltmək mümkün
deyil. Keçək kitabın lap arxa səhifələrinə. Əlbəttə, bunsuz
kitabmı olar? Heydər Əliyevin hakimiyyətə gəlməsi haqda
“Yeni Azərbaycan qurucusu” adlı mətn 252-ci səhifədən 283-
cü səhifəyə qədər uzanır. Mətndə Heydər Əliyevin düz 12 ədəd
şəkli verilib. Insanı bu qədər bayağılaşdırmaqmı olar?. Axı bu
fotoalbom yox, tarix kitabıdır. Şəkil demiş, kitabın 215-ci
səhifəsində maraqlı bir şəkil də var. Yaqub Mahmudlu və Abel
Məhərrəmov yan-yana qurulmuş kürsülərə sinə gəriblər. Misir
Mərdanov isə onların arasında məğrur dayanıb. Görünür kitaba
bu qədər əziyyət çəkmiş Yaqub Mahmudlu özünü də
əbədiləşdirməkdən geri qalmır. Can Yaqub Mahmudlu!
Nərmin  Kamal
Bala pişik
Bala pişik,
gün gələr böyük pişik olarsan,
titrəyən vergül quyruğun da böyüyər,
böyük ağacların kölgəsində uzanarsan...
küçələrdə gəzib donanda,
quru çörəklər, şəndir tikələr
ağzı düyünlü sellofan torbalardan çıxmayanda,
səliqəli ev sahibələri 
süfrə artıqlarını iç-içə torbalara qoyanda,
onları gəmirib açmaq işin ağırlaşanda
gedəcəyin bir ev olar,
qapını üzünə açıb bir qab şorba verənin olar,
“sən nə qəşəng pış-pışsan” deyənin olar,
yeyib ağzını yalayarsan,
yenə küçələrə qayıdarsan...
böyük maşınların böyük sürücüləri olar,
sən keçəndə saxlayarlar maşını,
basmazlar canını
sən yolu uzun qatar kimi keçərsən,
gözlərini yumub-açarsan
həyatın acı günləri də keçər
gözlərinin titələrinə toplanan qumlar
şəfqətli əllərlə silinər
arın-arxayın davam edərsən yoluna
yeni oyuna, yeni oyuna...
yavru pişik
gün gələr
böyük pişik olarsan
23 May 2009


АЛАТОРАН № 15, YANVAR 2010
53
Ev
İstərdim elə bir evim olsun ki
altından dostlarımın evlərinə tunellər olsun
istərdim elə bir evim olsun ki
çox yekə olsun
bir neçə mərtəbəli
onlarla otaqlı
səliqəli sahmanlı
etnik üslubda dizaynlı
ancaq mən
çıxıb onun dar çardağında yaşayım
damım konusvari
istərdim elə bir evim olsun ki
hər yeri göy rəngdə olsun 
üstündə qırmızı – qırmızı nöqtələri
23 may, 2009
Mikki
Yataq dəstimin
mələfəmin, yorğanımın və yastığımın parçası elədir ki,
üstündə rəngbərəng Mikki Maus rəsmləri var
gecəyarı oyanıb
yarıyuxulu
Mikkinin qara papağını
yekə bir dozanqurdu sanıb
qorxuram
barmağımın ucunu qaraya vurub yoxlayıram
ya da
hövlnak sıçrayıb TAP başına çırpıram,
parçadır, - görüncə arxayınlaşıb yatıram
Mikki də yatır.
17 iyul, 2009
Pişik və qulaq
Bir ağ pişik tanıyıram,
dümağ, ağappaq, quyruğu bir şələ,
ah qovaqlar,
qulaqlarını ülgüclə kəsib uşaqlar.
mən onu Moskva prospektində 
Antalya pərdə dükanının önündə tapdım
artıq uşaqlar çoxdan qaçmış,
qan qulaqları aparmış,
ümid qurtarmışdı...
onu həkimlərə apardım,
Qarayev metrosu yanında zoomama Rena,
Rus dram teatrı yanında zoopapa Saşa,
levomikol,
streptasit tozu,
antikleyş mayelər...
rejimə riayət etdim,
hər səhər, hər günorta, hər gecə
yaranı perekislə silib
tozlar çəkdim,
damcılar tökdüm...
beyninə rişə atıb – dedilər,
qalmaz, ölər – dedilər,
qalsa da, dörd yaşı var, kar olacaq,
kim baxacaq,
maşın səsi duymayacaq  – dedilər,
şişi var, xərçəngdir – dedilər, 
qədər söz varsa
hamısını dedilər...
indi
mən
bu gözəl pişik yatmışkən
o qədər ağ ki,
yatdığı yerə sanki duman çökmüşkən
hələ ümid var ikən yarasının qurumasına
günorta mazının vaxtına 20 dəqiqə qalmışkən
düşünürəm
nə olacaq,
necə olacaq,
necə...
17 iyul, 2009


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə