Albaniya tarixi ilə bağlı tədqiqatlar apararkən ən çətin problemlərdən biri də mənbə məsələsidir



Yüklə 43,03 Kb.
səhifə4/4
tarix11.12.2023
ölçüsü43,03 Kb.
#145218
növüYazı
1   2   3   4
albaniya mənbəşünaslıq

.
25. səh 155
Şəhər mədəniyyətinin yaranması ictimai bərabərsizliyin, sinifli cəmiyyətin və dövlətin yaranması ilə birbaşa bağlıdır.Qədim şəhərlər əvvəlcə oturaq əkinçilik cəmiyyətlərində yaranırdı.Onlar adətən iri yaşayış məskənlərinin ətrafında, həmçinin siyasi-inzibati, mədəni-iqtisadi, ideoloji mərkəzlər ətrafında da yaranırdı. Albaniya ərazisində şəhərlərin yaranmasında bu amillərin hər birinin ayrıca rolu oldu. Həmçinin, Yaxın və Orta Şərqin inkişaf etmiş ölkələri, antik dünya ilə yaranan əlaqələr də bu prosesi sürətləndirdi. İqtisadiyyat və ticarətin inkişafı ilə əlaqədar Albaniyada sənətkarlıqla ixtisaslaşmış yaşayış məntəqələri olan şəhərlər yaranmağa başladı. Antik mənbələrdə Albaniyanın iri vilayətləri ilə bərabər, albanlara məxsus olan şəhər və kənd tipli olmaqla xeyli yaşayış məntəqəsinin adları çəkilmişdir. Arxeoloji tədqiqatlar zamanı Qəbələ ərazisində, Şamaxıda, Qaxda, Qazaxda, Mingəçevir ərazisində və digər yerlərdə müxtəlif yerlərdə qədim şəhər tipli yaşayış məntəqələri aşkarlanmışdır. Hansı ki, bu yaşayış məntəqələrinin çox hissəsi artıq e.ə. I minilliyin II yarısından şəhərə və şəhər tipli yaşayış məskənlərinə çevrilmişdi. Müasir Azərbaycanın qərb ərazilərindən olan Qazax, Beyləqan, Qax, Füzuli rayonları ərazisindəki qədim yaşayış yerlərinə nəzər saldıqda e.ə. III-II əsrlərdə bu ərazilərdə inkişaf etmiş şəhər mədəniyyətinin izlərini görmək olar. Albanlar haqqında ən geniş məlumatlar verən antik müəllif Strabonun əsərində alban şəhərləri barədə çox az məlumat var.Qədim müəllif Albaniyanın bir neçə vilayətinin adını çəksə də, alban şəhərlərindən yalnız ikisi – Uti vilayətində yerləşən Ayniana və Anariaka şəhərləri barədə məlumat verir. Ayniana şəhəri barədə Strabon yazır: “...deyirlər... aynianlar Utiyada hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır, deyirlər burada yunan silahı, mis qablar və qəbirlər göstərirlər; burada Anariaka şəhəri də vardır, o şəhərdə, deyirlər, yatanlara qeybdən xəbər verilən məbəd var” (Strabo.XI.7.1).Ayniana şəhəri hasarlarla möhkəmləndirilmişdi və saxsı qablar hazırlayan ustaları ilə məşhur idi. Bundan əlavə, şəhərdə guya hansısa sərdabələr vardır və bunlar əcnəbilərin diqqətini cəlb edirdi.K.V.Treverin fikrinə görə aynianlar fessaliya tayfalarına aid olmuşlar və Strabona əsaslanmalı olsaq, Uti vilayətində olan Ayniana şəhərində yunan kolonistləri məskunlaşmış olurlar.Anariaka şəhərinin adını isə daha çox eyni adlı tayfa ilə bağlayırlar. Lakin bu adın “araniak” (Aranın nəslindən olanlar) etnonimindən yarana biləcəyini düşünənlər də var.Maraqlıdır ki, bu şəhərin adını daha sonar Bizanslı Stefan “Tayfaların təsviri” əsərində Kaspi dənizi yaxınlığında yerləşən şəhər olaraq qeyd etmişdir.Antik müəlliflərin bizə məlum olan əsərlərində Albaniyanın Kürdən cənubda olan qərb torpaqlarında yerləşən digər şəhərlər barədə məlumat yoxdur. Yalnız antik müəlliflərdən Klavdi Ptolemey Kür çayından cənubda yerləşən şəhərlərin koordinatlarını vermişdir.Lakin Ptolemey Albaniyanı Kürə qədər təsəvvür etdiyi üçün bu şəhərləri Armeniya dövlətinin əraziləri olaraq göstərmişdir. Təəssüf ki, bu şəhər adlarının etimologiyası ilə Azərbaycanda hələ heç kim məşğul olmamışdır. Sakalbina toponimini Sak-al-binə olaraq, yəni “Sak yeri” kimi etimologiya etmək olar. Kür çayından cənubdakı ərazilərdən Sakasena vilayətinin xatırlayaq. Bu toponimin də eyni ərazidə yerləşməsi mümkündür.Lala toponiminin isə Qazax rayonu ərazisində, Kürün sağ sahilində yerləşən alban çarlarının qış iqamətgahı – Xalxal ilə eyniləşdirirlər.Dizaqa toponimini isə Kürdən cənubda yerləşən Dizaqla eyniləşdirmək olar. Azata toponimi isə türk dilindəki “azad” sözünə yaxındır, “azadə”, “müstəqil” ərazi mənasını verə bilər. Mənbələrdə adı çəkilən digər alban şəhəri Kabalaka, yaxud Xabaladır. Antik Albaniyanın paytaxt şəhəri olan Kabalakanın adını ilk dəfə Böyük Plini çəkmişdir: “Albaniyada baş şəhər Kabalakadır”. Xarabalıqları müasir Qəbələ şəhərinin yaxınlığında, Çuxur-Qəbələ adlanan yerdə aşkarlanan bu şəhər antik dövrdə ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Bəzi tədqiqatçılar sonralar Klavdi Ptolemeyin qeyd elədiyi Xabala şəhərini də antik Kabalaka ilə eyniləşdirirlər. Antik müəllif Xabalanı 80°-40° coğrafi koordinatları üzərində göstərmişdir
26.
Kür çayının sol sahilində, Tiflisdən 48 km şimal-qərbə doğru Kaspi adlanan şəhər qalmaqdadır. Bu ola bilsin ki, alban tayfalarından biri olan kaspilərə aid şəhər olmuşdur.Bu tayfaların Qara dəniz sahillərinədək geniş bir əraziyə yayıldıqlarıbarədə antik mənbələrdə məlumatlar var.Bəzi tədqiqatçıların fikrinə görə e.ə. V əsrə aid arxeoloji materiallara əsaslansaq, ərazidə kaspilərin çoxluğunu düşünmək imkanımız var. Ə.Ələkbərovun fikrinə görə bu alban-kaspilər əslində sonrakı türk-xəzərlərdir.2Əslində,“Kaspi” və “Xəzər” coğrafi adlarının sinonim olması da təsadüf deyil. Ə.Ələkbərov kaspilərin və xəzərlərin balıqdan yapışqan hazırlaması haqqında antik və orta əsr müəlliflərinin məlumatlarına da diqqət çəkmiş və xəzərlərin tarix səhnəsində yalnız VII əsrdən etibarən peyda olmaları haqqında nəzəriyyəyə yenidən baxılmalı olduğunu vurğulamışdır.Beləliklə, Makedoniyalı İsgəndərin Qafqazda olub-olmaması məsələsi mübahisəli olsa belə, bu orta əsr gürcü mənbəsində diqqət çəkən cəhət müəllifin haqqında danışdığımız bölgədə gürcü deyil, buntürklərin – türk əsilli xalqın yaşadığının göstərilməsidir. belə nəticə çıxarmaq olar ki,alban tayfasının bilavasitə özünün bölgədə hegemon qüvvəyə çevrilməsinə qədər, bu ərazilərdə kaspilər hegemon olmuşlar. Sonralar isə,kaspilər midiyalılar, albanlar və Albaniya ərazisində yaşayan digər tayfalar arasında əriyib getdilər. Ehtimal etmək olar ki, orta əsrlər dövründə Qafqazda hegemon qüvvəyə çevrilən xəzərlər isə, elə həmin kaspilərin qalıqlarından törəmişdilər. Həmçinin, onu da qeyd etmək lazımdır ki, kaspi etnoniminin ümumiləşdirici xarakteri də var.Bəzi tədqiqatçıların fikrinə görə bəzən kaspi adı altında o dövrün mənbələrində bütün Xəzərətrafı tayfalar nəzərdə tutulur.Bu mənada albanların da nəzərdə tutulduğunu söyləmək olar. Hətta K.Trever bir az da irəli gedərək “alban-kaspilər” ifadəsini istifadə etmişdir.Beləliklə, alban-kaspilər antik dövrdə Albaniyanın qərb ərazilərinə də yayılmışdılar.
27.
Albanlar barədə məlumatlar olan digər bir mənbə İosif Flavinin “İudeya asari-ətiqələri” əsəridir. Roma imperatoru Qay Kaliqulanın hakimiyyətinin ilk illərində anadan olan bu müəllifin əsərində b.e. I əsrinin hadisələrindən danışılarkən Romanın Qafqaz siyasətinə toxunulub, burada albanlar barədə məlumatlar da verilib. Müəllifin məlumatlarına görə, bu dövrdə Kaspi qapılarına nəzarət albanların və iberlərin əlində olub. İosif Flavi yazır: “Tiberi (14-37-ci illər) Vitelliyə məktub göndərərək Parfiya çarı Artabanla sülh bağlamağı tapşırdı...Tiberi bunu Vitelliyə yazdıqda, o böyük məbləğdə pulla iber və alban çarlarını Artabanla vuruşmaqdan vaz keçməməyə razı saldı. Lakin onlar vuruşmağa razı olmadılar, Kaspi qapılarını açmaq və öz ərazilərindən keçməyə icazə verməklə skifləri Artabana qarşı göndərdilər. Beləliklə, Armeniya yenidən Artabandan alındı, Parfiya torpağı döyüş meydanına çevrildi”. Alanlar Albaniya, İberiya, Armeniya çarlığı və Atropatenaya da hücumlar edərək talanlar törətdilər. Bu yürüşlərdən biri də İosif Flavinin məlumatına görə eranın 72-ci ildə gerçəkləşdi. İosif Flavi yazırdı ki, “alanlar böyük bir qüvvə ilə gözlənilmədən midiyalılar üzərinə basqın etdilər, onlar hər cür qaramalla dolu, əhalisi sıx olan ölkəni talan etməyə başladılar. Belə ki, heç kəs onlara müqavimət göstərməyə cürət etmirdi...”.Müəllifin məlumatına görə hətta Midiya hakimi Pakor da qorxuya düşərək öz ölkəsini düşmənə buraxıb qaçdı, sonralar əsir düşən ailəsini 100 talant ödəmək müqabilində azad edə bildi. Çox güman ki, burada söhbət Atropatena hakimindən gedir.
28. ətraflı səh 174
Tapılan alban epiqrafik nümunələri Albaniyanın xristianlıq dövrünü əhatə edir. Albaniyanın antic dövrə aid epiqrafik nümunələr isə yunan və latın dillərində yazılmışdır. Bunu dövrün bir sıra dövlətlərində yayılan ellinizmin təsiri ilə də bağlamaq olar. Bizə məlum olan xristian dövrünə aid alban əlifbası erkən alban əlifbasının Mesrop Maştots tərəfindən yenilənmiş variantıdır. M.Kalankatlıya görə M.Maştots bu əlifbanı tərtib etməmiş, mövcud əlifbanı yeniləmişdir.Yuxarıda Portlu İppolitin verdiyi məlumat və M.Kalankatlının verdiyi məlumatı ümumiləşdirməli olsaq, ehtimal ki, alban əlifbasının yaranma tarixi doğrudan da daha qədimdir. Albaniya ərazisindən aşkarlanan epiqrafik nümunələrin bir hissəsi də Albaniyanın qərb ərazilərindən tapılmışdır. Bunlardan biri 1902-ci ildə indiki Şəki şəhəri ərazisində, Böyük Dəhnə kəndi ərazisində tapılan, b.e. I-II əsrlərinə aid olan yunan dilində yazılmış mətndir. Üzərində “Ayli Yason Evnonun xatirəsinə” yazılan bu daş lövhənin qəbir daşı olduğu ehtimal edilir. K.Əliyevin fikrinə görə Ayli Yason alban ola bilməzdi. Bizə məlum olan çox az saylı alban şəxs adları arasında yunan, yaxud latın dilində olana rast gəlinməmişdir. Yəqin ki, bu şəxslər gəlmə olmuşlar. Ola bilsin ki, onlar Albaniyaya ticarət məqsədi ilə gəlmiş əcnəbilərdən olmuşlar K.Treverin fikrinə görə bu qəbirüstü abidənin bir hissəsidir.Bu yazılı abidə haqqında danışarkən V.V.Latışev abidənin tapıldığı ərazinin Klavdi Ptolemeyin xəritəsində işarələnən alban şəhərlərindən biri olması fikrini irəli sürmüşdür.Müəllifin fikrinə görə bu Sioda (Σιόδα) şəhəri ola bilərdi.Bundan bir neçə il sonra, 1907-ci ildə Qəbələ ərazisində təsadüf nəticəsində üzərində yunan yazıları olan kərpiclər tapıldı. Bu haqda yalnız 1925-ci ildə Azərbaycan Arxeoloji komissiyasının iclasında açıqlama verildi. Bu kərpiclərdən 4-ü Tiflisə-ikisi Arxeologiya muzeyinə, ikisi Avlabar gimnaziyasına nümayiş etdirilmək məqsədilə göndərildi.Amma onların sonrakı taleyi məlum olmadı, itib getdi.Növbəti epiqrafik nümunə Xəzərsahili ərazidə, Qobustanda tapıldı. Bu yazı əvvəlkilərdən fərqli olaraq latın dilində idi və Roma imperatoru Domisianın dövrünə aid idi. K.Treverin qeyd etdiyinə görə Araz çayının sahilində, Fizuli rayonu ərazisində XII legionun xatırlandığı daha bir latınca mətn tapılmışdır, lakin ortalıqda itib batmışdır.Bu 3 tapıntı göstərir ki, danışılan dövrdə Albaniyada həqiqətə də ellinizm təsiri var idi və bu yazıların tapılması albanların öz əlifbalarının olmadığına dəlalət etmir.Bizə məlum olan alban əlifbası isə xristian dövrünə aiddir. Əslində bu əlifba erkən alban əlifbasının Mesrop Maştots tərəfindən yenilənmiş variantıdır. Uzun illərdir albanşünaslıqda kök salan fikrə görə alban əlifbası V əsrdə M.Maştots tərəfindən tərtib edilmişdir. Lakin T.Məmmədovun tədqiqatları nəticəsində məlum oldu ki, M.Maştots bu əlifbanı tərtib etməmiş, mövcud əlifbanı yeniləmişdir.Buna görə də tam əminliklə söyləyə bilərik ki, alban əlifbasının yaranma tarixi daha qədimdir. İndiyə qədər üzərində alban əlifbası ilə yazılmış mətn olan bir neçə epiqrafik nümunə tapılmışdır. Bunlar üzərində müxtəlif həcmdə işarələr olan şamdanlar, saxsı parçaları və bunların içərisində ən əhəmiyyətlisi olan iri daş lövhədir. 1948-ci ildən indiyə qədər aşkar olunan epiqrafik nümunələrin sayı səkkizdir. Əsasən saxsı məmu- latları üzərində olan yazılar aşkarlandığı vaxtdan albanlara aid abidələr olaraq qəbul olundu.Bunların içərisində bişmiş gildən hazırlanmış, piramida formalı şamdan diqqət cəlb edir. Şamdanın üzərində əvvəllər 52-53 işarə olmuş, onlardan 49-u yaxşı qalmışdır. Yazı soldan sağa doğru yazılmışdır. Bundan əlavə 6 xırda ölçülü yazı nümunələri tapılmışdır ki, üzərində müxtəlif sayda alban yazı işarələri cızılmışdır. Lakin bu epiqrafik nümunələr içərisində ən əhəmiyyətli tapıntı 1948-ci ildə S.M.Qazıyev tərəfindən Mingəçevir ərazisində, V-VII əsrlərə aid olan xristian abidəsi içərisində aşkarlandı. Buna qədər alban əlifbası haqqında məlumatlar var idi, hətta 1937-ci ildə İ.V.Abuladze Üçkilsə əlyazmaları içərisində XV əsrə aid bir dərsliyin içərisində alban əlifbası da tapmışdı.
29. səh 13 ətraflı
Antik Albaniya barədə olan mənbələrin ikinci qrupunu arxeoloji materiallar təşkil edir. Hələ XIX əsrdən aparılmağa başlanan bu tədqiqatlar qədim Albaniya haqqında çoxsaylı yeni məlumat bazası yaratdı. Albaniya barədə antik müəlliflərin verdiyi məlumatlarda şəhər olaraq daha çox Qəbələnin adı çəkildiyindən Albaniya tarixinə dair arxeoloji tədqiqatlara Qəbələdən başlanıldı. Müasir Qəbələ ilə Mingəçevir arasında yerləşən, ərazi cəhətdən daha çox Qəbələyə yaxın olan Yaloyluq təpələri adlanan ərazidə yeni bir mədəniyyətin,elmi ədəbiyyatlara Yaloylutəpə mədəniyyəti kimi daxil olmuş mədəniyyət aşkara çıxdı, hansı ki, bu mədəniyyətin izlərinə bütün Albaniya ərazisində rast gəlinir. Hələ 1829-cu ildə A.Yanovski Qəbələ yaxınlığında kəşfiyyat xarakterli işlər apardı.1903-cü ildə yerli sakin R.Əfəndiyev tərəfindən Qəbələ xarabalıqlarının təsviri çap olundu.1915-ci ildə E.A.Lalayan əraziyə baxdı, yaxın ərazi olan Nicdə qazıntı işləri apararaq 9 torpaq kurqan aşkarladı.Eyni zamanda indiki Oğuz rayonu ərazisində də çoxsaylı kurqan qəbirləri aşkarlandı.Lakin, E.A.Lalayan qazıntı işləri apararkən qəbirlər aşkarlandıqda şəkillər çəkmir, qəbir avadanlıqlarının hamısını qeyd etmirdi. Buna görə də ərazidə tapılan əşyalar barədə təəssüf ki, tam təsəvvür formalaşdırmaq olmur. Qəbələdə ilk arxeoloji qazıntılar 1926-cı ildə D.Şərifovun rəhbərliyi, İ.M.Cəfərzadə, K.A.Klementiyev, M.Şıxməmmədov, R.Əfəndiyevin iştirakı ilə aparıldı.Nəticələr 1927-ci ildə D.Şərifov tərəfindən nəşr olundu. Buradakı mədə-niyyəti tədqiq edən digər arxeoloq A.A.İessen oldu. O, burada aşkarlanan mədəniyyəti e.ə. I minilliyin ikinci yarısına aid edərək onu digər yerlərdəki mədəniyyətlərlə müqayisə etdi və ilk olaraq belə bir nəticəyə gəldi ki, Kaxetiya ərazisi də Albaniyaya daxil olmuşdur.1944-45-ci illərdə ərazini S.M.Qazıyev də araşdırdı. 1949-50-ci illərdə Yaloylutəpə mədəniyyətini tədqiq etmək üçün əraziyə daha bir tədqiqat qrupu göndərildi.5 İ.M.Cəfərzadənin rəhbərlik, Ö.Ş.İsmizadə, O.A.Həbibullayev, S.K.Əhmədovanın iştirak etdiyi tədqiqat qrupu bir çox qəbir abidələri aşkarladı.Qəbələdə planlı qazıntılara 1959-cu ildə S.M.Qazıyevin rəhbərliyi ilə başlanıldı. Həmin qazıntılar nəticəsində məlum oldu ki, antik Qəbələ güman olunduğu kimi eyni ərazidə yerləşməyib. Çünki, ərazidən tapılan maddi-mədəniyyət nümunələrindən ən qədimi b.e. I əsrə aid olmuşdur. Uzun aradan sonra 2000-ci ilin əvvəllərindən yeni arxeoloji qazıntılar sırasına Qəbələ ərazisi də aid oldu. 2009-cu ilin iyun-iyul aylarında ilk birgə Azərbaycan-Koreya ekspedisiyasının 10 Koreya və 13 Azərbaycan mütəxəssisləri Qəbələdə üç tarixi sahədə qazıntı işləri aparmışdır. Antik şəhər ərazisində e.ə. III-II əsrlərə aid 3-cü (daha əvvəl tapılmış eyni tipli iki binanın yaxınlığında) oval tipli ictimai binanın bünövrəsi aşkar edilmişdir. Albaniya tarixi ilə bağlı geniş arxeoloji materiallara həm də Mingəçevir ərazisində rast gəlinir. Bu ərazi antik müəlliflərin Kambisena olaraq qeyd etdikləri əraziyə uyğun gəlir. Ərazi hələ XIX əsrdən tədqiqatçıların diqqətini çəkməyə başladı. Hələ 1875-ci ildə “Qafqaz Arxeologiyası həvəskarları cəmiyyəti” açıldıqda onun yaradıcılarından olan A.Berje Mingəçevirdəki arxeoloji mədəniyyət,qədim abidələr barədə məlumat vermişdi.1935-39-cu illərdə E.A.Paxomov Mingəçevirdə arxeoloji qazıntı işləri apardı, bir neçə küp qəbri aşkarlandı.1941-ci ildə S.M.Qazıyevin başçılığı ilə yenidən işlər başladı. Mingəçevir ərazisindən alban dövrünə aid çoxlu sayda maddi mədəniyyət nümunələri tapıldı.
30.
1966-cı ildə aşkarlanan Qəbələ dəfinəsindən 500-dən çox Makedoniyalı İsgəndər drahma və tetradrahmalarına oxşadılaraq zərb edilən yerli alban pulları tapılmışdır ki, bunlar e.ə. III əsrin birinci yarısına aiddir. Bu pullardan bütün Qafqazda cəmi bir ədəd Artaşatda tapılıb.Bu, danışılan dövrdə Albaniyanın Makedoniya ilə əlaqələrinin göstəricisidir, eyni zamanda qısa zaman kəsiyinə aid bu qədər pul nümunələrinin tapılması Albaniyada dövlətçiliyin mövcud olduğunun sübutudur. Eyni zamanda çoxlu sayda dövlətçiliyin atributlarından olan möhürlər tapılmış, şəhər mədəniyyəti inkişaf etmişdi.Albaniyada ticarətin yüksək səviyyədə olmasını göstərən əsas amil isə ölkə ərazisinin müxtəlif yerlərindən aşkarlanan pul nümunələridir. Böyük dəfinələrdən biri 1958-ci ildə Şamaxı şəhəri yaxınlığında Xinıslı yaşayış məntəqəsində aşkarlandı. Dəfinədə Roma,Selevki, Arşaki, Afina pulları ilə bərabər 72 ədəd yerli pul da var idi.1963-cü ildə isə Qəbələnin Çuxur-Qəbələ adlanan hissəsində təsərrüfat işləri aparılarkən 200-dən çox puldan ibarət dəfinə aşkarlandı.Pul nümunələri arasında orta əsrlər dövrünə aid nümunələrlə yanaşı antik dövrə aid pullar da tapılmışdır. Bunlardan Roma imperatorları Ottonun (b.e. 69), Vespasianın (b.e. 69-79), Trayanın (b.e.98-117), Adrianın (b.e.117-138) denarilərini xüsusilə qeyd etmək lazımdır.1966-cı ildə isə S.M.Qazıyevin rəhbərliyi ilə Qəbələdə aparılan növbəti qazıntılarda ərazidən daha bir dəfinə aşkarlandı.Dəfinədən Makedoniyalı İsgəndərin, Yunan-Baktriya, Frakiya, Arşaki, Selevki, Parfiya pulları tapılmışdır. Makedoniyalı İsgəndərin adından kəsilən sikkələr Albaniya ərazisində tapılan ən qədim pul nümunələridir.Gətirilmə pullar tələbatı tam ödəmədiyinə görə e.ə. III əsrdən gec olmayaraq Makedoniyalı İsgəndərin pullarına bənzədilərək yerli pullar kəsilməyə başlandı. Bu cür pullara Albaniya ərazisinin müxtəlif yerlərində tək-tək, həm də dəfinələr halında aşkar edilmişdir. Öz sayına görə Parfiya pulları da üstünlük təşkil edir. 1913-cü ildən başlayaraq Azərbaycanın müxtəlif ərazilərindən, o cümlədən qərb ərazilərindən də Parfiya pulları aşkar olunmağa başladı. Artabandan başlamış III Vologezə qədər taxtda olmuş.Parfiya çarından 16-sının hakimiyyət illərində kəsilən sikkələrə Albaniya ərazisində rast gəlinmişdir.Xüsusilə də II Mitridat (e.ə.123-87) və III Artabanın (b.e.12-38-ci illəri) dövrünə aid sik-kələr üstünlük təşkil edir. Bu isə həmin dövrdə Parfiya ilə Albaniya arasındakı mütəmadi iqtisadi əlaqələrin nəticəsi idi. Qeyd edək ki, antik pullar Azərbaycanın Mingəçevir, Bərdə, Şamaxı və digər rayonlarından da tapılmışdır. Albaniya ərazisindən tapılan pul nümunələrinin çoxluğu Strabonun albanlar barədə verdiyi “Onlar (albanlar) zərb olunmuş puldan istifadə etmirlər. 100-ə qədər saya bilirlər. Ticarəti sadə mübadilə üsulu ilə aparırlar” məlumatının yanlış olmasını ortaya çıxardı (Strabo. XI.4.4).Dövlət yaranana qədər bütün tayfa birliklərinin mübadilə ticarətindən istifadə etdikləri məlumdur. Bu məlumatı Strabon yəqin ki, əvvəlki dövr müəlliflərinə istinadən vermişdir. Alban tayfaları vahid şəkildə birləşdikdən,Albaniya dövləti formalaşdıqdan sonra ticarətdə puldan geniş şəkildə istifadə olunmağa başlandı. Albanların 100-dən artıq saya bilməmələri barədə məlumata gəldikdə isə, bu o dövrdə Albaniyanın digər qonşuları olan erməni və iberlərdə də bu cür idi.A.S.Sumbatzadəyə görə bu xalqlarda 1000 rəqəmi daha sonralar, fars dilinin təsiri nəticəsində yaranıb.Buna qədər isə onlar dillərində olan say zənginliklərindən istifadə edərək istənilən rəqəmi düzəldə bilirdilər.Məhz bu səbəbdən Strabon albanların yüzdən artıq say bilmədiklərini qeyd etmişdir.
Yüklə 43,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə