Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə29/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   25   26   27   28   29   30   31   32   ...   84

 
58
Şeyla 
 
 
 
- Bir-iki saat içində xəstən olacaq? 
Qapıdan içəri boylanan Azər, nadir hallarda həkimlərin otaqlarına baş  çəkir. Direktor kabinetindəki yumşaq, hündür 
kreslosundan ancaq tualetə getmək və arada-bir gimnastik hərəkətlər etmək üçün qalxır. Deyilənə görə, xoşagəlməz bir 
mənzərə ilə üzləşməkdən, öz ünvanına pis söz eşitməkdən qorxduğu üçün otaqları gəzmir. Ya da həkimlərlə arasındakı 
məsafəni açmaq istəmir. Çürükçü, həm də qorxaq olsa da, ona səmimi, istiqanlı adam demək olar. Qənirə Millinin 
divardan asdığı iri portreti azıymış kimi, masasının üstünə də, Qənirəni oğlu Elnurla birlikdə əksetdirən 10x15 ölçüsündə 
qızılı  çərçivəli fotosunu qoyub. Şərq dünyasının diktator uşaqlarının sevimli şəhəri olan Londonda oxuyan Elnur, 
yanağını boynundan qucaqladığı anasının yanağına yapışdırıb, debil gülümsəmə ilə obyektivə baxır. Balasını qoynunda 
əzizləyən Qənirənin gözləri isə  nədənsə buzlu, təbəssümü saxta, sifətindəki ifadə isə  əndişəlidir. Bu fotonu masanın 
üstündə gördüyümdə gözlərimi bərəldib Azərə baxmış, o da “hər ehtimala qarşı lazımdır” demişdi. Bir yandan onu da 
qınamalı deyil. Vergilərdən, fövqəladə hallardan, səhiyyədən, sanitariya və epidemiologiya stansiyasından, polisdən, 
sosial inkişaf nazirliyindən, dövlət təhlükəsizliyindən yoxlamaya gələn müfəttişlərə öz loyallığını isbatlamaq üçün, 
prezident və ailəsinin fotoları vacib atribut hesab olunur. 
Otağa girib-girməməkdə  tərəddüd edən Azərin bic-bic gülən gözlərindən sözlü adam olduğunu hiss etdim. Bayaqdan 
sahmana salmaq üçün qurdalandığım siyirtməni bağlayıb: 
- İki saat sonra bir xəstəm gəlməlidi. Necə bəyəm? – soruşdum.  
Əzilə-əzilə otağa keçdi. Sağa sola baxdı. Elə bil ömründə birinci dəfə stomatoloq kabineti gördüyündən, hər  şey ona 
maraqlı gəlirdi. Açıq yaşıl rəngli kresloya yaxınlaşıb dəri üzlüyə sığal çəkdi. 
- Bayaq, prezident aparatında işləyən tanışım zəng eləmişdi – bunu dedi və barmağı ilə tavana işarə elədi. “Prezident 
aparatındakı tanışım” hər şeyi artıqlaması ilə açıqladığından, tavana tuşlanmış barmağa ehtiyac yox idi. “Bu məsələnin 
mənə nə dəxli?” sualı oxunan gözlərlə ona baxdığımı görüb, bormaşının idarə pultunu sağa-sola çevirdi və tez-tələsik 
dedi: 
– Səyavuş Oruc qızını bizim klinikaya göndərmək istəyir. Tanışım xahiş elədi ki, ona yaxşı həkim məsləhət görüm. 
Prezident aparatının “Milli maraqlar” şöbəsinin başçısı, xalq arasında “milli Ghebbels” kimi ad çıxarmış Səyavuş Orucun 
qızının dişlərini qurdalamağın, həkim praktikamda üzləşə biləcəyim  ən böyük ədalətsizlik və  bəxtsizlik olduğunu 
düşündüm. Qanım qaraldı. Ovqatımdakı dəyişikliyi Azər də sezdi. 
- Sən allah problem çıxarma! 
- Başqa həkim tapa bilmədin? 
- Bu klinikada səndən yaxşısı var? 
- Niyə yoxdu? Toğrul, Samir. 
Azər əsəbi tərzdə əlini əsdirdi: 
- Dayan görüm e. Toğrulun fikri-zikri özün bilirsən də hardadı. Samir də çox danışır. Bu qız da elə pasientdir ki, ehtiyatlı 
olmaq lazımdır. Gic-gic danışmaq olmaz. 
Kresloma oturub ayaqlarımı uzatdım. 
- Belə adamların öz ailə həkimləri olur. Xeyir ola bizim klinikaya gəlir? 
- Düzdü, olur. Amma onların ailə həkimi bütün normal insanlar kimi Avropaya qaçıb, orda yaşayıb işləyir. Özü də ki, nə 
olub bizim klinikaya? Belə avadanlıq kimdə var? – deyib, gözləri ilə bormaşına işarə elədi. 
Asiadent klinikasında işləyən doqquz stomatoloqun heç biri, Azərin ötən il Almaniyadan gətirtdiyi yarım milyon dollar 
dəyərində avadanlığın hansı pulla alındığını bilməsə və “dəyirmanın suyu hardan gəlir” sualına cavab tapmasa da, Azər 
öz avadanlığı ilə  fəxr etməyə, hətta yas və toy məclislərində  də fürsət tapıb, klinikadakı “texnoloji möcüzəsi, analoqu 
olmayan aparatların” təbliği ilə məşğul olmağa davam edir. 
Əllərimi sinəmdə çarpaz birləşdirib həvəssiz maraqlandım: 
- Nə problemi var? 
- Doğuş sonrasıdı deyəsən. Paradontit zaddı yəqin. Mən belə başa düşdüm.  
- Aha. 
Azər bic-bic güldü. Aralı qalan qapını bağlayıb mənə yaxınlaşdı. 
- Mən bilən ərindən boşanıb. Daha doğrusu, eşitmişəm ki, heç ərə də getməyib. Sevdiyi oğlanı olub. Sonra ayrılıblar, o 
da tək doğub. 


 
59
- Bunların mənə nə dəxli? – tərs-tərs Azərə baxıb soruşdum. Qız haqqında verdiyi bu məlumat, doğrudan da məni zərrə 
qədər maraqlandırmırdı. 
- Necə yəni? Sən subay, o subay. Bəlkə bəyəndiniz bir-birinizi?  
Bunları deyib burnu ilə gülməyə başladı. Azər həmişə ağzı bağlı gülür. Burun pərələrinin açılıb-bağlanması nisbətində, 
ona qarşı nifrətim artırdı.  
- Aparatda işləyən tanışın, qızın şəxsi həyatı haqqında lazımından artıq danışır. Sənə elə gəlmir?  
Sözüm ox kimi hədəfə sancılmışdı. Azərin əyilən sifətini görüb, ləzzət aldım. Elə bil söhbətin nədən və kimdən getdiyini 
indi dərk etmişdi.  
- Yarım saata burda olar – soyuq tərzdə dedi.  
Sərsəm hərəkətləri ilə həyəcanlı olduğunu biruzə verirdi. Ona yazığım gəldi.  
- Narahat olma – dedim. – Əlimdən gələni eləyəcəm. 
Azər nigaran gözlərlə mənə baxdı və nə üçünsə baş əyib kabinetdən çıxdı.  
 
*** 
 
Balli ayaqqabıları və Birkin çantası, onun hansı təbəqəyə mənsub olduğunu açıq aşkar nümayiş etdirirdi. Firuzə rəngli 
ipək köynəyi ilə, ifadəli baldırlarını qabardan bəyaz şalvarı isə ahəng yaradırdı. Onu görən kimi, vəhşicə sevişmək üçün 
ideal qadın olduğunu anladım. Bir yetmiş beş boyunda, saçlarını sarıya boyatmış, uzun kirpikli bu qadına gözəl demək 
olardı, əgər dodaqlarının dolğunluğu sifətinə sünilik qatmasaydı. Gözlədiyimin əksinə, olduqca mehriban və gülərüz idi. 
Döşləri xırda olduğundan, yenicə doğmuş qadına bənzəmirdi. Otağa göz gəzdirib: 
- Gözəl kabinetiniz var – dedi. – Kresloya oturmalıyam? 
Öz-özümə “yox, başına oturmalısan” desəm də, qıza rasional cavab verdim: 
- Əlbəttə. Buyurun əyləşin. 
Ali təbəqənin qızı, kresloda yerini rahlamağa başlayanda, mən şirmanın arxasına keçərək əllərimi yudum. “Nə üçün ona 
qarşı bu qədər qərəzliyəm? Kimliyindən asılı olmayaraq, o, pasientdir. Düzdür, onun gəldiyi yerdə belə düşünmürlər. 
Onlar kimliyindən asılı olmayaraq, etiraz səsini ucaldan hər kəsi məhv edirlər. Amma mənim öz prinsiplərim var. Ən 
azından Hippokrat andı içmişəm”. Dodaqlarımın yüngülcə qaçması, mənə toxtaqlıq verdi. “Gülə bilirəmsə, deməli hər şey 
qaydasındadır”. 
Kreslonun yanına qayıdıb əlcəkləri taxa-taxa: 
- Gəlin əvvəl şikayətlərinizə qulaq asaq – dedim. 
- Bilirsiniz doktor. Bağışlayın, adınız necə oldu? 
Başını azacıq yana əyib, sağ döşümün üstündəki kartdan adımı oxudu. 
- Murad. Mənim də adım Şeyladır.  
- Çox şadam.  
Deyəsən, bir-birimizin adlarını öyrənməyimiz, Şeylanı bir balaca rahatlatmışdı.  
-  Əslində problemlər hamiləliyin yeddinci ayında başladı. Nə soyuq içə bilirdim, nə isti. Axırıncı bir həftədir dişlərim 
qanayır. 
Güzgünü  əlimə alıb ona tərəf  əyildim. Üzünə yaxınlaşdıqca, göründüyü qədər gənc olmadığını  fərq etdim. Yaşı otuzu 
keçmiş olmalıydı. 
- Açın ağzınızı zəhmət olmasa.  
Projektordan süzülən tutqun işıq,  Şeylanın üzünə düşərək, sifətindəki  şıltaq və istehzalı ifadəni yumşaldır, dodaqları 
ətrafındakı xırda qırışıqları daha artıq nəzərə çarpdırırdı.  
Şeyla gecikmişdi. Qabaq üst və alt dişləri bərbad vəziyyətdə idi. Dişəti qızarıb, yer-yer şişmişdi. Ağız qoxusunun bu 
qədər  şiddətli olacağını bilsəydim, bayaqdan boğazımda sallanan maskanı taxardım.  İndi taxsam, başa düşüb inciyə 
bilər.  
Güzgünü qabın içinə atıb kresloya oturdum. İki-üç saniyə Şeylanın dolğun dodaqlarında, xırda amma ifadəli döşlərində, 
şabalıdı gözlərində gəzişdi baxışlarım. Gözlərinin gözəl olduğunu etiraf etməliyəm. 
- Kompleks müalicə tələb olunur Şeyla xanım.  
- Nə olub axı mənə? – həyəcanla soruşdu. 
- Daha nə olacaq? Dişəti əməlli-başlı iltihablanıb. Bəs özünüz hiss eləmirsiniz ki, dişinizlə damağınız arasında boşluqlar, 
ciblər əmələ gəlib? Bu ciblər də mikrob yuvasıdır da. Nə üçün vaxtında getməmisiniz həkimə? 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə