Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə37/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   33   34   35   36   37   38   39   40   ...   84

 
72
zövqünü, bunun gözəlliyini ruhunu şərə, şeytana satmışlar heç vaxt anlamayacaq. Amma sənin anlayacağına inanıram, 
ayüzlüm, çox inanıram! 
İndi məni həyatda sevindirən tək şey var, o da sənsən, Ceylancım! Ancaq indi məni həyatda kədərləndirən tək şey varsa, 
o da sənsən. Bilirsənmi, niyə? Çünki mənəviyyatsızlığın,  əclaflığın, riyakarlığın həyat normasına çevrildiyi bir ölkədə 
dünyaya çocuq gətirməkdən, o məsum çocuğu bu bitib-tükənməz mənəviyyatsızlıqların,  əclaflıqların, riyakarlıqların 
qurbanına çevirməkdən böyük cinayət yoxdur. Amma əgər o cinayətə qol qoyduqsa, bunun bədəlini də ödəyəcəyik. Bu 
ölkədən hər cür yalanın, yaltaqlığın, simasızlığın,  şərəfsizliyin kökünü qazıyacağıq.  Ən azı bunun üçün döyüşəcəyik, 
çarpışacağıq, çırpınacağıq. Sənin və sənin kimi yüzminlərcə günahsız çocuğa azad və abad, ədalətli və əxlaqlı bir ölkə 
buraxmaq üçün qollarımızı  sıvayacağıq, yorulmadan, usanmadan savaşmağa davam edəcəyik. Bu yolun artıq geriyə 
dönüşü yoxdur, gözəl qızım, əgər ortada çocuqların gələcəyi məsələsi varsa, heç bir yolun geriyə dönüşü olmamalıdır! 
Bax, Ceylancım, mən indi sənə azad və xoşbəxt yaşayacağın ölkə buraxa biləcəyimə yüzdəyüz söz vermirəm. Amma 
elə bir ölkə  uğrunda sonadək savaşacağıma yüzdəyüz söz verirəm. Bir də buna yüzdəyüz söz verirəm: sən heç vaxt 
saxtakar, rüşvətxor, yaltaq, riyakar, simasız, şərəfsiz bir atanın qızı olmayacaqsan. 
Bir atanın övladına buraxa biləcəyi ikinci ən böyük, ən dəyərli miras da elə budur, qızım! 
Gözlərindən öpürəm”. 
- Bu il də  həmin hadisələr təkrar oluna bilməz. Olunsa da artıq Bakı yox, bütün rayon və  şəhərlər ayağa qalxacaq – 
Sənan siqareti pəncərədən tullayıb üzünü mənə çevirdi. - Artıq səbri qalmayıb xalqın. Bu murdar rejim getməlidir. Xalq 
Qənirə Millini Çauşesku cütlüyünün gününə salacaq. Nurik, burdan sola dön, qabaqdakı zibil qutularının yanında saxla. 
İqtidarın bu dəfə xalqa güllə  sıxmayacağına inanmağı çox istərdim. Amma çətinlik çəkirəm.  İllər boyu İslam Milli 
hakimiyyətinin, indi isə hakimiyyətdə qalmaq naminə hər vasitəyə əl atmağa hazır Qənirə Millinin xalqla bircə danışıq dili 
var - silah! Öldürmək, güllələmək, divan tutmaq, beşiyində boğmaq – bu Milli hökumətinin üslubudur. Çünki bu rejimin 
opponentləri yoxdur, ancaq düşmənləri var. Bu düşmənlər konkret adı olan siyasətçilər, partiyalar deyil. Düşmən - bütün 
xalqdır. 
Nurəddin Sənanın göstərdiyi yerdə maşını saxladı. 
- Buyurun Murad bəy. - Sonra da tərəddüdlə dedi, - Sizə bir işim düşüb. Klinikanıza gələ bilərəm? 
- Əlbəttə - dedim. - Bu nə sözdür. Sənandan nömrəmi götürün, istədiyiniz vaxt zəng edin. Bir gün təyin edək, görüşək. 
Nəsə baş verib? 
- Yox, elə-belə. Bir-iki dişimdə çürümə var. 
- Karies varsa, bu “elə-belə” deyil. Mütləq gəlməlisiniz. Zənginizi gözləyəcəm. 
Nurəddin minnətdarlıqla gülümsədi: 
- Çox sağ olun Murad bəy. 
- Dəyməz qardaş. Sən sağ ol. Sənan, salamat qal. 
Sənan yüz səksən dərəcə çevrilib əlini mənə uzatdı: 
- Oldu qardaş, görüşərik. Özünə yaxşı bax. İnamını da itirmə. 
- Baş üstə - deyib, maşından düşdüm. 
Nə qədər taqətsiz olduğumu indi daha aydın hiss edirdim. Elə bil bir saat qaçmış, ya da futbol oynamışdım. Ayaqlarım 
sözümə qulaq asmırdı, əzələlərim ağrıyırdı. Gərək idmana gedim, siqareti də azaldım. Liftə minib mərtəbəmə qalxana 
qədər nəfəsim daraldı. Qapını açıb özümü hövlnak atdım mənzilə. Cəld soyunub qaçdım vanna otağına. Üzümə su 
vurdum.  
Niyə inad edirəm? Nə üçün mənimlə olmasına icazə vermirəm? Bu qədər eqoist olmamalıyam axı. Rəna hər gün, hər an 
mənimlə olmaq istəyir, mən isə onu ancaq sevişmək istəyəndə axtarıb tapıram. Bunu başa düşürmü görəsən? Əlbəttə 
başa düşür. Amma yenə də mənimlədir. Nə tapıb məndə? 
Otağa qayıdıb pəncərəyə yaxınlaşdım, siqaret yandırdım. Yol boyu düzülmüş fənərlərin, zülmət küçəni işıqlandırmağa 
gücü çatmırdı. Gecələr buralar təhlükəli, narahat olur. İtlərin ulaması fahişələrin çığırtısına, avaraların bağırışması 
polislərin sirenalarına qarışır. Normal adamı vahimə basmalıdır bu evdə. Amma mən öyrəşmişəm. Hətta o qədər 
öyrəşmişəm ki, çox vaxt gecənin çökəcəyi, tənha evimə qapanacağım anı səbirsizliklə gözləyirəm. Gözləyirəm ki, günəş 
öz qovurucu şüaları ilə yer üzünü yandırmağı dayandırsın, təbiətin qürubla fısıldaşması başlasın, bizi işıqdan qoruyan 
kölgələr, ayın və ulduzların yumşaq sayrışmasında öz valehedici rəqslərinə başlasın. Mən də bax beləcə  pəncərəmin 
qarşısında dayanıb, gecənin simfoniyasını eşidim. Yalnız bu sədalar məni xaosun küt uğultusundan qorumağa qadirdir. 
Həm də qaranlığa deyilən pıçıltılar mənə cavab olaraq qayıdır. Duyuram bu cavabları. Eşidirəm. 
 
*** 
 
Gündüzlər hamı eynidir – hərə öz proqramına uyğun rolunu icra edir - gülümsəyir, deyib-gülür, savaşır, sevişir. Gecələr 
isə maskalar düşür sifətlərdən. Mənim də rollarım var. Sevdiyim və sevmədiyim rollarım. Bu barədə düşünmək üçün ən 
münbit zamandır gecə. Həyatı  dərk etməyə, bilinməyəni bilməyə,  əhatə olunmayanı  əhatə etməyə çalışanların 


 
73
zamanıdır. Dünyanın bütün gözəllikləri tamamilə yeni, çox fərqli bir qiyafədə qarşımızda durur. Gecə - vərdiş etdiyimiz 
obrazları dağıdır, onlara yeni çalarlar qatır. Bəs nə üçün gecə ölüm rəmzidir görəsən? Mənim üçün əksinə - 
gerçəkləşməsi mümkün olmayan ideya və arzuların rəmzdir. Yaradıcılıq və dağıdıcılıq zamanıdır.  
Yaradıcılıq haqda çox düşünürəm, amma heç nə yaratmamışam hələ. Özgürü, oğlumu yaratmışam bircə, o da yanımda 
deyil. Bax belə. Hə, hə. Ağlamağı sevirəm. Gündüzlər, sentimental olana lağ etmək lazımdır – bunu proqram tələb edir. 
Gecələr isə, özüm ola bilərəm. Ağlaya bilərəm, kədərlənə bilərəm, qəhərlənə bilərəm. Hər  şeyə - övladımın yanımda 
olmamasına, Qənirə Millinin iyrənc rejiminə, dişlərini müalicə etməyə məcbur olduğum qəhbə Şeylanın nazlı gülüşünə - 
dözməliyəm. Dözürəm. Çünki, ümidlərimə bağlı olan intizar, bu müvəqqəti varolmanın dəhşətinə dözməyə kömək edir.  
Özgür. Adı kimi özgür olmasını istəyirəm oğlumun. Onun üçün gələcək qurmalıyam, ölkə qurmalıyam. Həm valideyn 
instinktim, həm də ağlım, şüurum tələb edir bunu.  
Ah Sevil. Sənsiz necə  mənasızdır hər  şey. Adamın ailəsi yanında olar, övladı yanında olar. Oğlumu həftədə bir dəfə 
görməli deyiləm. Mən atayam!  
“İndi düşdü yadına?” deyərdi mənə Sevil burda olsaydı. Deyəydi, amma yanımda olaydı kaş. 
Onunla birlikdə qurduğumuz dünyanı yerlə bir edib getdi. Mən yalnız aşiq deyildim ona, həm də yaxın dost bilirdim. Hər 
məsələdə  məsləhətləşirdim onunla, birlikdə  gələcək barədə planlar qururduq. Ağlamaqdan da qorxmurdum onun 
yanında. Bilirdim ki, ağlayanda yanımda olacaq, göz yaşlarımı siləcək. İndi isə, bütün zəif nöqtələrimi bilən bir insanın 
məndən uzaqda, başqası ilə olmasını  həzm edə bilmirəm. Yox, əlbəttə bu barədə ona danışmayacaq, sirlərimi 
açmayacaq. Elə qadın deyil. Harda nəyi danışacağını yaxşı bilir. Amma yenə də narahatam. Axmaq fikirlər girir beynimə. 
Elə bilirəm  ən məhrəm sirlərimin daşıyıcısı, başqa bir kişinin qoynunda, mənim sevimli seksual pozalarımı onunla 
bölüşür. Mən yataqda dahi, sehrbaz deyildim. Sadəcə, bəyəndiyim bəzi şeylər varıydı ki, o da bəyənirdi. Görəsən eyni 
şeyləri o əclaf kişidən də görürmü?  
Sevilə dair hər xatirə yandırır məni. O gün marketdə onun ən sevdiyi şokolada əl atdım, almaq istədim. Evdə olmadığını 
yada salanda tutulub qaldım. Onun bişirdiyi xörəklər üçün, sevdiyi mahnılar üçün darıxmışam. Sevil gedəndən sonra, elə 
bil xəyallarımı da itirmişəm. Gözəl evimizin planlarını kiminlə quracağam indi? Atamdan qalan iki otaqlı  mənzilin 
darısqallığı söhbətləri də aktuallığını itirib artıq. Bu ev indi həddən artıq genişdir mənim üçün. 
Romanlarda, kinolarda ayrılan sevgililərin bir-birlərinə xoşbəxtlik arzulamasından  əttökən heç nə yoxdur. Yalandır! Ağ 
yalandır! Ayrıldığı sevgilisinə başqası ilə səadət arzulayan adam ya saxtakardır, ya da debil. Əslində ikisi də eyni poxdur. 
O, indi başqasının qoynundadır və  mən bunu bilirəm. Yumruqlarımı  sıxıb, zırıldamaqdan başqa  əlacım qalmayıb. 
Qürurum və tərbiyəm onun seçiminə müdaxilə etməyə icazə vermir. Amma istəyirəm əzab çəksin, necə ki, mən çəkirəm. 
İstəyirəm bədbəxt olsun! 
Boşanmış, özü də uşaqlı bir qadını alan ərinə nə deyim bəs? Qəhrəmandır, yoxsa necə? 
İş yoldaşıydılar. Sonra boşandığını  eşidib, evlənmək təklif elədi Sevilə. Deməli onu həmişə arzulayıb, istəyib. Sevil də 
boşanmış qadın statusuna ancaq yarım il dözə bildi. Niyə belə tez ərə getdi? Mənə acıq vermək üçün? Yoxsa Rasimi 
sevirdi? Necə sevə bilər? Bəlkə  də  cəsarətinə heyran qalıb, razılıq verib. Doğrusu, mən onun kimi cəsur addım ata 
bilməzdim. Boşanmış, uşaqlı qadınla evlənə bilməzdim. Bəlkə də evlənərdim. Rasimə bu mənada hörmət edirəm, amma 
nifrətim daha böyükdür. 
Bəs oğlum? Anasını bağışlayacaqmı? Oğluma “anana nifrət et” deyəcək qədər  əxlaqsız deyiləm, amma Özgürün onu 
bağışlamasını istəməzdim.  İstəməzdim ki, atalığına da ata desin. Xeyr, Özgür heç vaxt ona ata deməyəcək. Rasimə 
nifrət etməsini, onunla yola getməməsini, hər gün acılamasını istəyirəm. İstəyirəm o da bir gün oğluma əl qaldırsın ki, 
oğraşı döyməyə, sifətinə yumruq vurmağa, ağzını-burnunu əzməyə bəhanəm olsun.  
Amma Rasim çox sakitdir. Oğlumu da çox istəyir. Aşiq olduğu qadının övladını öz övladı kimi sevir. Çox nəzakətli və 
təmkinli adamdır. Dava etməyə imkan vermir mənə. Bəli, onu döymək üçün mənə fürsət vermir deyə, Rasimə daha çox 
nifrət edirəm. Nə vaxt baxsan sırtıq kimi gülür. Yumşaq xasiyyəti var. Mənim kimi zəhmli deyil. Qaşqabağım yerlə gedən, 
Sevili acıladığım günlər olurdu. O da mənə “İtə dönürsən bu evə ayaq basanda. Məni görəndə elə bil ilan görürsən. Bir 
gün məni itirəndə  qədrimi biləcəksən” deyirdi. Elə bilirdim uzaq, çox uzaq perspektiv olan, üfüqdə görünməyən ölümə 
eyham vurur. Hardan biləydim ki, çıxıb gedə bilər? 
O isə getdi. İndi onun yoxluğu buz kimi soyuqdur. Onun əlindən, səsindən, qəzəbindən başqası yalandır. O, mənim üçün 
vərdişə çevrilmişdi. Vərdiş sevgidən daha şiddətlidir. 
Çıxıb getdi. Hər  şeyi darmadağın etdi. İndi mənim evim, evdən başqa hər  şeyə oxşayır. Mətbəxdə, iç-içə qoyulmuş 
stəkanların çətinliklə bir-birlərindən qopmasından bəlli olur ki, bu evə çoxdandı qonaq gəlmir. Belə  də olmalıydı. Axı 
qadınlar çıxıb gedəndə, arxada nə  qədər adamı  və  əşyanı yetim qoyub gedirlər. Mətbəx  şkafı, pərdələr, dəmir qabın 
içindəki köhnə düymələr, küncdə duran süpürgə,  şifonerin dibindəki  əski-üskülər, komodun üstündəki daraq da tənha 
qalıb. Sübhün qaranlığında mətbəxdən gələn taqqırtılar da susub, boşqablar yetim qalıb. Bir qadın gedəndə, saxsıdakı 
çiçəklərin suyu da unudulur, evi toz basır, hörümçəklər gündə bir tor qurur. Balkon artıq səssiz-səmirsiz, dəhliz 
kimsəsizdir. Bir qadın gedəndə nə çox adam gedir əslində. Nə çox adamı itiririk. Bir fəhləni, xadiməni, dayəni, fahişəni, 
mühasibi. Bir ana gedir. Bir dost. Bir sevgili.  
Sevgili... 
Bax bu dəqiqə telefonu götürüb sənə zəng vursam, səni bütün hüceyrələrimlə, selikli gişam və əzələlərimlə sevirəm deyə 
hayqırsam inanarsan? Qayıdarsan? Mən axı doğrudan da sevirəm səni. 
İnan ki, sən yanımda olmayanda, elə bil bütün dünya hönkür-hönkür ağlayır. Ona görə ki, bütün dünya əlvan rənglərə 
boyanmaq, mahnı oxumaq və rəqs etmək üçün sənə möhtacdır.  


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə