Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə45/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   41   42   43   44   45   46   47   48   ...   84

 
88
Əfqanıstanda,  İranda, nə bilim, Səudiyyədə olan islamdır.  Əsl islam elə Budda heykəllərinin partladılmasıdır, baş 
kəsməkdir, qadınları daşlamaqdır. Özü də ki, bizimlə əl-ələ verib islamı xilas etmək fikri sizin ağlınıza hardan gəldi, başa 
düşmədim! 
Mövsüm alnındakı tər damcılarını salfetlə sildi. Hamımızın üzünə bir-bir baxdı. 
- Yəni sizin üçün müqəddəs heç nə yoxdur? Belə çıxır? Siz hər şeyi inkar edirsiniz? 
- Nə üçün yoxdur? – dedim. – Əlbəttə var. Sevdiklərimiz, azadlığımız, insansevərliyimiz, təbiətə vurğunluğumuz, 
övladlarımız... Bunlar bizim üçün çox müqəddəs dəyərlərdir. Amma sizin inandığınız  şeyləri inkar edirik, bəli. Özü də 
inkardan bu qədər qorxmayın. İnkar təzələnməkdir, təmizlənməkdir. Oğuznamədə yazıldığı kimi – “inkar mübarəkdir”.  
- Mən daha sizə nə deyim qardaşlarım?! Allah sizə hidayət versin. – dərin köks ötürən Mövsüm dedi. - Sizin üçün ancaq 
hidayət diləyə bilərəm. Mən, islamı xürafatdan təmizləyək deyəndə, sizin bir demokrat kimi, bu işdə bizə kömək edə 
biləcəyinizi nəzərdə tuturdum. Biz də sizin qədər bu rejimə nifrət edirik. 
Son cümləni ehtiyatla, sağa-sola nəzər yetirdikdən sonra dedi. 
Sənan güldü. 
- Hacı, özünüzü bizə tay tutursunuz? Siz sekulyar, dünyəvi dövlətin əleyhinəsiniz. Ona görə də sizinlə demokratiyadan 
danışmağa dəyməz. Sizin rejimə nifrət etməyinizlə, bizim nifrət etməyimizin səbəbləri fərqlidir. 
Mövsüm Sənanın sözünü kəsdi: 
- Mənim, müsəlmanların nə dərəcədə demokrat olmağımıza siz qərar verəcəksiniz Sənan qardaş? Demokratiyanı sizdən 
öyrənməliyik? 
- Xeyr, məndən öyrənmək lazım deyil. Sadəcə olaraq islam və demokratiya anlayışlarının bir-biri ilə barışmaz olduğunu 
deyirəm. Cəhalətin, zülmün, ədalətsizliyin, qaranlığın hökm sürdüyü islam ölkələrinə baxın. Nə üçün bu ölkələr Qərbdəki 
sosial ədalətlə idarə olunan, inkişaf etmiş ölkələr kimi ola bilmirlər? Nə üçün 100 minlərlə, milyonlarla ziyalı, ya da azad 
yaşamaq istəyən adam müsəlman ölkələrindən Qərbə qaçır? Elə qalsınlar öz vətənlərində də. 
Mövsüm həyəcanla qabağa atıldı. 
- Düz deyirsiniz qardaş. Mən bəyəm dedim ki, belə deyil? İslam ölkələrində sosial sistemi bərqərar etmək lazımdır. 
Dinimiz də bunu buyurur. İslam ölkələrində vəziyyət acınacaqlıdır. Bilirəm.  
- Nəyi bilirsiniz Hacı? – Sənan gözlərini qıyıb soruşdu. – Nəyi bilirsiniz? İslam ölkələrinin problemi Mercedes istehsal edə 
bilməmələri deyil. Mən bunu demək istəmirəm.  İslam ölkələrində, daha doğrusu sizin dininizdə başqa cür düşünmək 
olmaz, başqa cür yaşamaq olmaz, hərəkət etmək olmaz! Dünyanın belə sürətli tərəqqisi qarşısında islam dünyası öz 
cəhalətində, öz qaranlığında qalmaqda davam edir. Siz də deyirsiniz ki, problem müsəlmanlardadır. Problem sizin 
dininizdədir. Ona görə də siz demokrat ola bilməzsiniz Hacı. Heç vaxt! 
Hacı Rənaya, sonra mənə baxıb dedi: 
- Nəinki bizim dinimiz, ümumiyyətlə bütün dinlər dəyərlər üstündə qurulub. Demokratiya isə metodlar üzərində dayanıb. 
Yəni demokratiya bir dəyər deyil. Dəyərlərin tətbiq edilməsi üçün metoddur. Düz demirəm? 
Sənan özündən arxayın əda ilə: 
- Düz deyirsiniz. Amma siz müsəlmanlar demokratiyadan istifadə edib iqtidara gəldiyinizdə, metod adlandırdığınız həmin 
bu demokratiyanın məzmun dəyərini dinlə doldurursunuz. Hər cür plüralizmə qapıları bağlayırsınız. Modern dünyanın 
dəyərləri isə liberalizm, düşüncə azadlığıdır. Demokratiya yolu ilə bu dəyərlər özünü gerçəkləşdirir. Ona görə  Qərbin 
siyasi fəlsəfəsində liberalizm və demokratiya bir yerdə  işlədilir.  İslam aləmi isə liberalizm sözündən qorxur, ancaq 
demokratiya sözündən bərk yapışır, yəni siz demişkən metoddan danışır.  
Mövsüm cibindən siqaret qutusunu çıxarıb, bir siqaret yandırdı. Onun çəkməsi mənə  təəccüblü göründü. Nədənsə, 
çəkən olmadığını fikirləşmişdim. Ondan “cəsarətlənib” mən də birini yandırdım. Mövsüm tüstünü burnundan və ağzından 
buraxıb, çəkməyə təzəcə başlayan yeniyetmələr kimi yüngülcə öskürdü.  
- Sənan qardaş, müsəlmanların öz dinləri, öz dəyərləri var – sulanmış gözləri ilə  Sənana baxaraq dedi. – Liberalizm 
ideologiyadır. Bizimsə islamdan başqa ideologiyamız ola bilməz.  
Sənan başını qaşıyaraq gülümsündü. 
- Səmimi sözləriniz üçün sağ olun. Özü də islam dinində reform qətiyyən mümkün deyil. Siz islah olunmazsınız. Liberal 
dəyərlərin xristian dünyasında yayılması, insanlara azadlıq gətirməsi xristianlığın kilsəyə  həbsi ilə mümkün oldu. Sizin 
dininizi isə məscidə həbs etmək mümkün deyil. 
- Razıyam – Mövsüm dedi. - İslam dini xristianlıqdan xeyli fərqlənir. Xristianlıqda vəhy yalnız iman məsələləri ilə bağlıdır. 
İslam isə həm də siyasi bir sistem gətirib. Peyğəmbərimiz dövlət qurub.  
Sənan dodaqlarını büzüb, heyranlıqla Mövsümə baxa-baxa başını yırğaladı. 
- Ay sağ ol Hacı! Bəs mən də bunu deyirəm də səhərdən. İslam dəyərləri pluralizmə qapalıdır, İslam özünü mütləq haqq 
bilir. Ona görə də islam demokratiyası, əslində dini diktatorluğun metodudur. Necə ki, bu gün İranda məclis var, seçkilər 
var ancaq azadlıq yoxdur. Nə üçün yoxdur? Çünki azadlıq demokratiyanın mövzusu deyil. Azadlıq liberalizmin 
mövzusudur. Çünki dinlər Allah mərkəzlidir, liberalizm isə insan mərkəzlidir.  


 
89
- Amma şəriət dövləti min dəfə bu murdar rejimdən yaxşıdır. 
- Hacı, İranda da belə düşünürdülər – şəriət Şahın rejimindən yaxşıdır. Axırı nə oldu?  
Mövsüm inadla: 
- Nə oldu? Doğrudan da şahlıqdan yaxşı deyil?  
- Siz müqayisə olunmaz şeyləri müqayisə edirsiniz. Adamı yastıqla boğub öldürsələr yaxşıdır, yoxsa suda batırsalar 
yaxşıdır?  
Mövsüm, mübahisədə uduzmaqda olduğunu başa düşən, öz məğlubiyyəti ilə barışan, amma inadkarlığından 
məğlubiyyətini etiraf edə bilməyən adamın laqeyd ədası ilə həvəssiz dilləndi: 
- Bəs sizin demokratlığınız, liberallığınız hara qədərdir Sənan qardaş? 
- Nə mənada? 
- O mənada ki, sabah Azərbaycanda müsəlmanlar güclənsələr, çoxalsalar və demokratik üsulla hakimiyyətə  gəlsələr
bununla razılaşarsınızmı? 
Sənan heç tərəddüd etmədən: 
- Yox! – dedi. – Çünki demokratiya, onu məhv etmək istəyən qüvvələrin ondan yararlanaraq iqtidara gəlmələrinin 
qabağını almaq, özünü qorumaq haqqına malikdir. İranda gördük də, sizinkilər iqtidara gələndən sonra öz müttəfiqlərinin, 
məsələn solçuların başına nə oyun açdılar.  
Məsələyə aidiyyəti olmasa da Mövsüm: 
- Siz solçusunuz? – soruşdu və bir-bir hamımızın üzünə baxdı.  
Məni gülmək tutdu. Rəna da dodaqlarında donub qalmış təbəssümlə, başını mütəkkəyə atıb gözlərini yumdu.  
- Xeyr – Sənan dedi. – Solçu deyilik. Elə belə insanıq.  
- Bəs islam haqqında bu qədər şeyi hardan bilirsiniz? 
- Heç dəxli var? Mən Türkiyədə təhsil almışam. Ali təhsildən qabaq, İmam-Hatibdə oxumuşam. – Sənan dedi və məni 
göstərdi. – Murad da kitab oxuyan adamdır. Bir ara meyl salmışdı din mövzusuna. İslam haqqında xeyli ədəbiyyat, 
məqalə oxudu. Özü də bizim dahi Axundovumuza nə gəlib? Kişi hər şeyi yazıb qoyub da. 
Mövsüm: 
- Aydındır – dedi və susdu. Siqaretini söndürdü.  
- Hacı, bəlkə bizim stola keçəsiniz? – təklif etdim. 
Misvaqlanmış dişlərini göstərib: 
- Çox sağ olun qardaş – dedi. – Onsuzda bir azdan gedirəm. 
Sənan da bizə baxıb: 
- Elə mən də qalxmalıyam – dedi və birdən Mövsümə çönüb soruşdu, - Etiraz etmirsinizsə bir yerdə çıxaq?  
Mövsüm Sənandan belə bir təklif gözləmirdi. Ruhlandı.  
- Əlbəttə Sənan qardaş, şad olaram. Siz hansı tərəfə gedirsiniz? 
- Memar Əcəmi metrosuna. 
Mövsüm sevincək olub:  
- Təsadüfə bax! – dedi. - Elə mən də o tərəfə gedirəm.  
- Çox gözəl. Onda metroyla gedərik. 
- Hə. Bu dəqiqə gəlirəm. 
Hacı Mövsüm ayağa qalxıb kassaya tərəf getdi. Bayaqdan səsi çıxmayan, maraqla söhbətə qulaq asan Toğrul, sifətini 
turşudub: 
- Hara gedirsən? – soruşdu. – Özü də onunla. Bir az otur, səni maşınla apararam da. 
Sənan gülə-gülə əlini Toğrulun çiyninə qoydu. 
- Redaksiyaya getməliyəm. Sabaha məqaləni yazıb bitirməliyəm. Həcini də ki, gördünüz də. Bir az söhbət elədik, təsir 
elədi ona. Bir az yol yoldaşı olsaq, beynini təmiz dəyişdirəcəm. Necə deyərlər virus salacam ona.  
Rəna nırç-nırç edib başını buladı: 
- Nə qorxulu adamsan sən!  
Mövsümün yaxınlaşdığını görüb, hamımız susduq. 
- Sənan qardaş mən çıxıram. Gəlirsiniz?  


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə