Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə38/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   34   35   36   37   38   39   40   41   ...   84

 
74
Bax, indi otağı arşınlayıram özümə bir məşğuliyyət tapmaq, azacıq fikrimi dağıtmaq üçün. Gəzirəm, amma yer tapa 
bilmirəm özümə. Hər  şey sürüşüb gedir əlimdən və fikirlərimi yalnız sən işğal edirsən. Fikirlər o qədər qorxunc, 
dəhşətlidir ki, dünyanın  ən uzaq nöqtəsinə qaçıb çarəsizliyimdən zarımaq istəyirəm. Bilməyini istəyirəm ki, mən sənin 
səsindən, sənin səsinəcən yaşayıram. Sən qayıtsan, söz verirəm ki, sənin öpüşündən, sənin öpüşünəcən yaşayacam. 
Sənə nə qədər möhtac olduğumu soruş, mən də deyim ki, “jaləsində yuyunmaq və gecənin ayazında qızışmaq üçün yaz 
sübhündə şəfəqi gözləyən çəmənlər tək möhtacam sənə”. Sən də bu lirik etirafa doyunca gül. 
Düzdür, indi qadınsız deyiləm - Rəna var yanımda. Amma Rənanın mənə heyran olmasında sənin də xidmətlərin var. 
Axı  sən mənə  rənglərin və hisslərin yeni dünyasını açmışdın Sevil. Sən mənə sevməyi öyrətmişdin. Sən mənimlə 
evlənmədən qabaq mənimlə yatağa girmişdin. Qorxmamışdın bundan, narahat olmamışdın. Sən sevirdin və sevginə 
arxayın idin. Bilirdin ki, sənə xəyanət etməyəcəm, səni atmayacam. Toyumuzda artıq üç həftəlik hamilə idin. Biz qeyri-adi 
cütlükdük. Bizi qısqanırdılar, paxıllıq edirdilər. Çünki biz ənənəvi ailə deyildik. Sırf uşaq doğmaq xətrinə evlənməmişdik. 
Hətta bir-birimizə olan sevgimiz, Özgürə olan sevgimizdən də artıq olub həmişə. 
Özü də, nə deyirsən de, mən fədakar ər olmuşam sənə qarşı. Hətta başqa qadınların yanından qayıtdığım gecələrdə, 
məndən şübhələnməyəsən deyə, taqətim, gücüm olmadığı halda daha ehtiraslı, daha çılğın sevişmişəm səninlə. Bu da 
mənim verdiyim qurban idi. Bu sözlər həyasızlıqdır? Sənə elə  gəlir. Mənimlə yatmaq istəyən qadınları geri çevirə 
bilməzdim. Sadəcə olaraq bilməlisən ki, mən heç vaxt sənə  qəlbimlə, ruhumla xəyanət etməmişəm, aldatmamışam. 
Yalnız bədənimlə. Bilirəm, küflənmiş  bəhanədir, inandırıcılıqdan yoxsundur. Amma bu mənim bəhanəmdir. Bu 
bəhanəmi, sənə ağır da olsa, qəbul eləməlisən.  
Nə isə. Mən nə sənin nömrəni yığanam, nə də sənə bu sözləri deyən. Saat da iki olub. Yatmaq vaxtıdı. 
 
*** 
 
Şimşək çaxdı. Səma, iri damcılarla ağlamağa başladı. Bağlı pəncərəmə hücum çəkərək, çərçivə aralarından evə sızmaq 
istəyən külək, vahiməli uğultu ilə payız simfoniyasını ifa edirdi. Çılpaq ağacların olan-qalan yarpaqları da qopub, vəhşi 
küləyin qanadlarında məchula sürüklənirdi. 
Nazik, parlaq oraqlı ay, qapqara buludları yarıb, sönük nəzərlərini şəhərə çevirdi.  
Bakı can verirdi. 
 


 
75
Ehtiras 
 
 
 
Şeyla astaca qapını döyüb içəri girəndə,  əllərimi təzəcə yuyub qurulamışdım. Dəsmalı asıb qapıya çöndüm. Bu gün 
gələcəyi tamam çıxmışdı yadımdan. Pis bir iş üstündə qəfil yaxalanan nadinc uşaqlar kimi, bir neçə saniyə suçlu-suçlu 
onun gülümsəyən üzünə baxdım. Bu gün əynində buz mavisi dar cins və  çəhrayı köynək vardı. Sükut uzandıqca, 
gəlişindən narazı olduğumu fikirləşə bilərdi. Gözlərimi üzündən ayırıb, əlimlə bormaşını göstərdim: 
- Buyurun Şeyla xanım. 
Qapını bağladı. Çəkinərək: 
- Yenə həmin sualı verəcəm. – dedi. - Birbaşa kresloya oturum? 
Görəsən nə cavab verim?  
- Özünüz bilərsiniz. İstəyirsinizsə bir az gözləyək, sonra başlayarıq.  
Dodaqlarını büzüb, təbəssüm etdi. Başını buladı: 
- Yox, yox. Vaxt itirməyin mənası nədir?  
Çantasını stolun üstünə qoydu və kresloya oturub, bic-bic gülən gözlərini üzümə dikdi.  
- Özünüzü necə hiss edirsiniz? – yanına yaxınlaşıb soruşdum. 
Bugünkü ətri tamam başqaydı, sanki geyiminə uyğun seçilmişdi – xəfif, şirin və bahar təravətli. 
- Yaxşıyam, sağ olun. Dünən, ağrılarım bir az azalmışdı elə bil. Amma təmizləyəndə yenə də ağrıdır. 
- Əlbəttə ağrıdacaq. Biz hələ nə eləmişik ki? - əlcəkləri taxa-taxa dedim və projektoru yandırıb üzünə çevirdim.  
- Bağışlayın Murad, dünənki sözlərimdən incimədiniz? Sonra fikirləşdim, bəlkə xətrinizə dəyən nəsə demişəm. 
Nə üçünsə təzədən projektoru söndürüb kresloya oturdum. Şeyla bu ani hərəkətimdən xeyli təəccüblənmiş görünürdü. 
Elə bil onu verəcəyim cavabdan çox, nə üçün oturub yerimi rahlamağım düşündürmüşdü. 
- Şeyla xanım – dedim. – Mən inciyən adam deyiləm. Sadəcə olaraq dünən sizi başa düşmədim.  
Çeynədiyi saqqızı qaba tüpürdü. 
- Niyə? – gözləri parıldadı. Onunla dialoqa girməyim xoşuna gəlmişdi.  
- Çünki, yaltaqlıq söhbətini açacağınızı gözləmirdim. 
- Burda qeyri-adi heç nə yoxdur. Yaltaqlıqdan və yaltaqlardan doğrudan da xoşum gəlmir. Azərbaycanda isə  hər kəs 
yaltaqdır. 
- Maraqlıdır – dedim. - Bu xalqı yaltaq edən, elə sizin hakimiyyətiniz olmayıbmı? 
Şeylanın cavabını gözləmədən qalxıb siyirtməyə yaxınlaşdım. Metrogil Denta gelini, ampulu və  şprisi çıxartdım. Son 
sözlərimə mütləq reaksiya göstərəcəyini bilirdim. Amma Şeyla susurdu. Otaqdakı sükut narahatedici həddə çatanda:  
- Mənimlə razı deyilsiniz? – soruşdum və ampulanın içindəki mayeni şprisə çəkərək ona yaxınlaşdım.  
O isə, cavab vermək yerinə  ağzını açıb gözlərini yumdu. Gülə-gülə projektoru yandırdım, ağzına doğru  əyildim. Ağız 
qoxusu dünənkinə nisbətən azalmışdı.  İynəni vurandan sonra, geli gətirib qatı mayeni diş aralarına doldurmağa 
başladım. Şpateli diş ətinə basdıqca, Şeyla yüngülcə zarıyırdı. Proseduranı bitirib projektoru söndürdüm.  
- Bu günlük işimiz bitdi. Bir az oturub gözləməlisiniz.  
Çətinliklə dilləndi: 
- Da.. danısmaq olağ? 
- Bir az gözləyin sonra danışarsınız. Mən heç yerə tələsmirəm.  
Keçib masanın arxasındakı yerimə oturdum, fincandakı soyumuş çaydan bir qurtum içdim. Şeyla məni görmürdü deyə 
deyəsən diskomfort keçirirdi. Mənsə arxadan üzünün sol tərəfini, arada bir başını çevirəndə isə burnunun ucunu 
görürdüm.  
O bir qadındır. Səyavuş Orucun qızı olmaqdan savayı heç bir günahı, qəbahəti olmayan qadın. Səyavuşun qızı olmaq 
qəbahətdirmi? Əlbəttə. Özü də böyük qəbahətdir. Belə bir adamın qızı olmaq, xəcalət çəkmək üçün kifayətdir. Bəlkə də 
daxilən xəcalət çəkir. Əks təqdirdə mənimlə bu söhbətləri niyə aparsın? 
Səyavuş Oruc bu ölkənin Ghebbelsidir. Üçüncü reyxin Almaniyasında bir yəhudi həkimi Ghebbelsin qızının dişlərini 
müalicə etsəydi hansı hissləri keçirərdisə, mən də indi həmin hissləri keçirirəm. Gözəl qadındır  Şeyla. Amma 
intellektualizmə çox böyük iddiasının olduğu hiss olunur. Maraqlıdır, nə üçün tiranlar, diktatorlar, hətta onların 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə