−Алимләрин кәрамәтләри−



Yüklə 1,06 Mb.
səhifə16/33
tarix23.08.2018
ölçüsü1,06 Mb.
#63942
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

«Eşidən qulaqlar»


Elm əhli arasında təqvası, zahidliyi ilə tanınan, “Səfinətül-bihar” və digər məşhur kitabların müəllifi olan rəhmətlik Mühəddis Qumidən birbaşa nəql edərək deyirlər:

Bir gün Nəcəfin Vadiüs-Səlam qəbristanlığına möminlərin qəbirlərinin ziyarətinə getmişdim. Bu arada, mən olduğum yerdən bir az uzaqda qulağıma dəvə nəriltisi dəydi. Sanki dəvəni dağlayırmışlar, dəvədən elə nərilti, elə bağırtı qopurdu ki, bütün qəbristanlığı lərzəyə salmışdı.

Mən tez qalxıb dəvənin harayına yetişmək üçün o səmtə yollandım. Yaxınlaşanda gördüm dəvə yoxdur, nərilti, gurultu basdırılmaq üçün gətirilmiş bir cənazədən qopur. Cənazəni basdırmağa gəlmiş adamların bu qəziyyədən əsla xəbərləri yox idi. Sakitcə hərə öz işini görürdü.

Yəqin etdim ki, bu zalım bir adamın cənazəsidir ki, ölümünün ilk mərhələsində bu aqibətə düçar olmuşdur. Yəni dəfndən və qəbir əzabından qabaq öz bərzəxdəki surətini görüb qorxuya düşmüş, fəryad qopartmışdır.4


«Barmağın təsiri»


Şeyx Mehdi Qumi hədsiz məqam və kəramət sahibi olmuşdur. O cümlədən, əgər barmağını və ya üzüyünü ilan və əqrəb çalan yerə qoysaydı, o saat zəhərin təsiri gedər, sancı kəsərdi və beləliklə xəstə şəfa tapardı.

Bu kəraməti Qumun alimləri və ağsaqqallarının dəfələrlə müşahidə edib, yaxından öz gözləri ilə gördüyünü nəql edirlər.

Bir gün İsfahana səfər etmiş Şeyx Mehdi Qumi Quma qayıtmaq üçün avtobusa minəndə sürücü deyir:

Mən maşına axund mindirmirəm. (Rzaxan Pəhləvinin zamanı olduğu üçün ruhanilərə münasibət mənfi idi.) Nəhayət avtoparkın müdirinin xahişi ilə sürücünü yola gətirirlər və şeyx avtobusa oturur.

Təsadüfən yolda “Murçe-xort” deyilən məntəqədə maşının təkəri deşilir. Əvvəldən şeyxin avtobusa minməsindən narahat olan sürücü qışqır-bağır salıb deyir:

Mən demədim ki, şeyxi avtobusa buraxmayın? Gördünüz, mənim sözüm düz çıxdı... Bunun ayağı bizə düşmədi, təkər də partladı.

Nə isə... Sürücü camaatın gözünün önündə şeyxə ağzından çıxanı deyir. Camaat təkər dəyişənə qədər, hərəsi bir tərəfə dağılır. Şeyx də öz müridləri ilə bir tərəfdə əyləşib işin axırını gözləyir. Sürücü ayaq yoluna çıxmaq üçün bir təpənin arxasına getmişdi, elə bu dəmdə qışqırtısı göyə qalxır:

Vay öldüm, kömək... Camaat, dadıma yetişin...

Camaat ona tərəf qaçır, görürlər ilan ayağını sancıb. Deyəsən sürücü başa düşür ki, bu bəla şeyxə hörmətsizlik etdiyi üçün onun başına gəlmişdir və bu bəla ilə də ölməlidir; çünki burada nə həkim tapılacaqdı, nə də dərman. Ölümünü yəqin edib dedi:

Şeyxə deyin qələt eləmişəm, məni halal etsin. Vəziyyəti gedib şeyxə danışırlar, buyurur:

Eybi yox, mən onu halal etdim, gedin onu mənim yanıma gətirin. Sürücünü şeyxin yanına gətirirlər. Ağrının şiddətindən iki qat olmuş sürücü tez-tez üzürxahlıq edirdi. Şeyx əlini ilan sancan yerin üstünə qoydu. O saat zəhər çölə axdı və ağrı sakitləşdi.

Sanki sürücü yenidən dünyaya gəldi və o zamandan öz fasid əqidəsindən tövbə edib şeyxin yaxın müridlərindən birinə çevrildi.1


«Rəhlin sədası»


Seyyid Yəhya Müdərris Yəzdidən nəql olunur:

Ustadımız Ayətullah Ziyaüddin İraqi 1361-ci (h.q.) ildə həyatla vidalaşandan sonra Nəcəfin elmi hövzəsi üç gün tətil oldu və yas mərasimləri təşkil edilib o cənabın əziz xatirəsi yad olundu.

Bir neçə gündən sonra biz Məhəmmədhüseyn İsfəhaninin (Kompani ləqəbi ilə məşhurdur) evinə gedib ondan xahiş etdik ki, dərsləri başlasın.

O dedi:

Ağa Yəhya! Açığı mən bu gün dərsləri başlamaq istəyirdim, amma həqiqət budur ki, sübh namazından sonra duaya və Allahın zikrinə məşğul idim ki, yarı yuxulu, yarı oyaq halda rəhmətlik Ziyaüddin İraqi gəlib durdu qapının ağzında və dedi:

Şeyx Məhəmmədhüseyn! Hazırlaş gələn cümə axşamı bizim yanımızda olacaqsan. Mən yəqin etdim ki, ömrümün son günlərini yaşayıram.

O deyən kimi də oldu. Həftənin axırı Ayətullah İsfəhani heç bir xəstəliyi olmadığına baxmayaraq, gözlənilmədən dünyadan köçdü.

...Həmçinin Seyyid Mustafa Səfayi Ayətullah Məhəmməd Haşimi Gülpayqaninin dilindən nəql edirdi ki, buyurdu:

Məhəmmədhüseyn İsfəhaninin vəfat etdiyi gecə atam seyyid Cəmaləddin Gülpayqani məni çağırıb dedi:

İndicə Ziyaüddin İraqi gəlmişdi. Dedi ki, Ayətullah İsfəhani bizim yanımıza gəldi. Mən dedim:

Ağacan! Şeyx Məhəmmədhüseyn sap-sağlamdır, neçə saat bundan qabaq onu görmüşəm. Dedi:

Oğlum! Bu dəqiqələrdə ağa Ziyaüddin gəldi və bu xəbəri gətirdi. Sən get, öyrən gör, nə xəbər var.

Mən qalxıb Ayətullah İsfəhaninin halını öyrənməyə gedirdim ki, gördüm rəhmətliyin evindən şivən səsi qalxdı. Tez evinə gedib yatağına yaxınlaşdım. Gördüm dünyadan köçüb.1

«Xalis incilər silsiləsindən»


İmam Əli (ə) buyurur:

Arif şəxs dünyadan köçəndə, nə rəhbərlər, nə də şəhidlər onu nə qiyamətdə, nə də Rizvan cənnətdə axtararlar tapa bilməzlər. Həmçinin Cəhənnəmin maliki atəşdə tapa bilməz.

Bir nəfər sual edir:

Bəs arif harada olar?

İmam cavabında buyurur:

“Qüdrətli padşahın yanında, ləyaqətli bir yerdə olar (Quran ayəsi).” (Yəni ariflərin yeri “cənnəti-zat”dır.)2


«Su ilə dolu quyu»


Tehranın tanınmış vaizlərindən olan Şeyx Məhəmməd Mehdi Tac nəql edirdi ki, Tehranın hörmət sahibi olan tacirlərindən biri deyirdi:

Tehranın Şimiran adlı səfalı yerində bağ almışdım, amma su cəhətdən korluq çəkirdik. O zaman həmin yerə su borusu çəkilməmişdi. Ona görə də naçar qalıb qərara gəldik ki, bağın bir yerində dərin quyu qazdırıb nasos vasitəsilə su çəkib, bağı suvaraq. Amma bağın hansı yerini qazdıqsa su çıxmadı. Çoxlu xərcim çıxmasına baxmayaraq bir nəticə hasil olmadı.

Bağı o vəziyyətdə qoyub bir gün İmam Rizanın ziyarəti üçün Məşhədə yollandıq. Orada olanda mənəvi məqam sahibi şeyx Həsənəli Noxudəki ilə köhnədən tanışlığımız olduğu üçün onun da ziyarətinə getdim. Hal-əhvaldan sonra söhbət əsnasında bağın əhvalatını − çoxlu xərc çəkdiyimi, zərərə düşdüyümü də ona danışdım və ondan kömək istədim. Buyurdu:

Bir göstəriş verəcəm, əgər o göstərişə uyğun əməl etsəniz, bağın hansı yerini qazsanız su çıxacaq və heç vaxt da qurtarmayacaq. Həmin su sizin bütün ehtiyaclarınızı ödəyəcək, bu şərtlə ki, bağın xaricində bir dənə də gedib-gələnlər, qonşular üçün bulaq yeri düzəldəsiniz.

Deyilən şərti qəbul etdim. Sonra şeyx Həsənəli bir kağız parçası götürüb üstünə bir-iki cümlə dua yazdı və mənə verib buyurdu:

Hansı tərəfi istəsən qazdırarsan, amma əvvəl bu kağızı qazdıracağın yerə qoyarsan sonra qazarlar. Elə ki, suya çatdınız bu kağızı quyuya tullayarsınız.

Onun dediyi kimi də elədik. Birinci qazmada suya yetişdik. İndiyə qədər o quyudan istifadə edirik, amma qurumaq bilmir. Bir dənə də bulaq gözü çöl tərəfdə düzəltmişik ki, ümumi camaat istifadə etsin.1


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə